Məhkəmə qərarları › İş №2(104)-799/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-799/2023

10.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-799/2023 10.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit borcunun ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, Cavabdehlər Cavabdeh2 və Cavabdeh4 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli 2(125)-373/2022 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə 10 aprel 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 15 dekabr 2019-cu il tarixli, 13-xx-xx-103390 nömrəli kredit müqaviləsindən görünür ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq İddiaçı ASC tərəfindən X2 60 ay müddətinə, illik 1 faiz olmaqla 2220,15 manat verilmişdir.

2. 17 may 2022-ci il tarixli maliyyə arayışından görünür ki, X1 15 dekabr 2019-cu il tarixli, 13-xx-xx-103390 nömrəli kredit müqaviləsi üzrə 2210,09 manat əsas, 30,91 manat faiz olmaqla, cəmi 2241 manat ödənilməmiş borcu qalmışdır.

3. 01 oktyabr 2021-ci il tarixli, 2V-1494 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 02 dekabr 2020-ci il tarixdə vəfat etmiş X1 vərəsələri Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1dır və onların hər biri miras əmlakdan bərabər hissədə irs almışlar. Miras əmlak ünvan 1 ünvanında yerləşən 7 nömrəli mənzildən ibarətdir.

4. 06 oktyabr 2021-ci il tarixli, 2V-1512 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 02 dekabr 2020-ci il tarixdə vəfat etmiş X1 vərəsələri Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1dır və onların hər biri miras əmlakdan bərabər hissədə irs almışlar. Miras əmlak ünvan 2ən mənzildən ibarətdir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 oktyabr 2022-ci il tarixli, 9/6751 nömrəli rəyindən görünür ki, İddiaçı ASC ilə X3 arasında bağlanmış 15 dekabr 2019-cu il tarixli, 13-xx-xx-103390 nömrəli kredit müqaviləsinə əsasən X1 banka olan borcu 28 iyun 2022-ci il tarixə 2210,04 manat əsas, 43,22 manat faiz olmaqla, cəmi 2253,26 manatdır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı ASC cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 2210,09 manat əsas, 30,91 manat faiz olmaqla, cəmi 2241 manat borc və ödənilmiş 43 manat dövlət rüsumu alınaraq İddiaçı ASC-in xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə X3 arasında bağlanmış 15 dekabr 2019-cu il tarixli, 13-xx-xx-10339 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə 2220,15 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə ödənilməmiş 2210,09 manat əsas, 30,91 manat faiz olmaqla, cəmi 2241 manat borc yaranmışdır. 01 oktyabr 2021-ci il tarixli və 06 oktyabr 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən X1 vərəsələri Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1dır. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur.

8. Gəncə Şəhər Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli 2(125)-373/2022 nömrəli qətnaməsi ilə (hakim C.Tağıyev) iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 15 deakbr 2019-cu il tarixli, 13-xx-xx-103390 nömrəli kredit müqaviləsi üzrə 2210,09 manat əsas, 30,91 manat faiz olmaqla, cəmi 2241 (iki min iki yüz qırx bir) manat borc və ödənilmiş 43 (qırx üç) manat dövlət rüsumu alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi; Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada alınaraq Büdcə təsnifatının kodu142595,büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesaba ödənilməsi qət edilmişdir.

9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 448, 449, 739, 1306.1, 1309-cu maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217, 216-220, 227, 233, 358, 360-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərfəli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, mərhum anaları Roza Nağıyeva ilə kredit müqaviləsi bağlanan zaman Həyat sığortası olunmuşdur. Ona görə də kredit müqaviləsi üzrə borc sığorta şirkəti tərəfindən ödənilməlidir. Lakin iddiaçı sığorta müqaviləsini məhkəməyə təqdim etməmiş və vəsatətləri nəzərə alınmamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, mərhum anası bankdan kredit götürdüyü zaman 70 yaşı olmuş və bank riski nəzərə alaraq ona kredit vermişdir. Kredit borcu ABŞ dollarında olmuş, sonradan hazırkı müqavilə ilə resruktruzasiya olunmuşdur. Ev analarından miras qalmış və hər dörd vərəsə mirası qəbul etmişdir. Cavabdeh2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh4 da apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat vermiş və sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, İddiaçı ASC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Maddə 443 Öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

19. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

20. Maddə 448.1. Bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

21. Maddə 449 Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

22. Maddə 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər.

23. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

24. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır.

25. Maddə 1306.1 Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

26. Maddə 1309 Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

32. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

33. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 15 deakbr 2019-cu il tarixli, 13-xx-xx-103390 nömrəli kredit müqaviləsi üzrə ümumilikdə 2241 manat borcu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutmaqda düzgün nəticəyə gəlmişdir.

37. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. İşdən müəyyən olunur ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq İddiaçı ASC ilə X3 arasında 15 dekabr 2019-cu il tarixli, 13-xx-xx-103390 nömrəli kredit müqaviləsi bağlanmış və 60 ay müddətinə, illik 1 faiz olmaqla 2220,15 manat verilmişdir. 17 may 2022-ci il tarixə 2210,09 manat əsas, 30,91 manat faiz olmaqla, cəmi 2241 manat borc yaranmışdır. X4 02 dekabr 2020-ci il tarixdə vəfat etdiyinə görə, kreditor onun vərəsələri Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 qarşı hazırki tələblə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi də iddianı təmin etmişdir.

39. Bundan əvvəldə qeyd olunduğu kimi məhkəmə kollegiyası birinci insatnsiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, 01 oktyabr 2021-ci il tarixli, 2V-1494 reyestr nömrəli və 06 oktyabr 2021-ci il tarixli, 2V-1512 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətindən görünür ki, 02 dekabr 2020-ci il tarixdə vəfat etmiş X1 vərəsələri Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1dır və onların hər biri miras əmlakdan bərabər hissədə irs almışlar. Miras əmlaklar isə ünvan 1 ünvanında yerləşən 7 nömrəli mənzil və ünvan 2ən mənzildən ibarətdir. Belə olan halda 15 dekabr 2019-cu il tarixli, 13-xx-xx-103390 nömrəli kredit müqaviləsi üzrə Roza Nağıyevanın yaranmış borcunun ödənilməsində sonuncunun vərəsləri kreditor qarşısında məsuliyyət daşıyırlar. Belə ki, yuxarıda da qeyd olunduğu kimi mülki qanunvericliyə görə, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

40. Cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayətində mərhum anaları X3 ilə sığorta şirkəti arasında “Həyat sığortası” müqaviləsinin bağlanmasını və banka yaranmış borcun həmin sığorta şirkəti tərəfindən ödənilməli olduğunu qeyd etsələrdə, lakin sonuncular bu barədə məhkəməyə sübut təqdim etməmişlər. Halbu ki, mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. İşdən görünür ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli 2(125)-373/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar