Məhkəmə qərarları › İş №2(104)-805/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-805/2023

18.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-805/2023 18.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: alimentin artırılması tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-1122/2022 saylı iş üzrə 20 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 18 aprel 2023cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İşdə olan AZ-İ № 990918 seriyalı nikah haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahlarını xx.xx.2015-ci ildə Gədəbəy rayon Arıqdam kənd İƏD üzrə nümayəndəlikdə bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 01 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Qulizadə, arvada Qulizadə soyadı verilmişdir.

2. İşdə olan doğum haqqında şəhadətnamələrin lazımi qaydada təsdiq edilmiş surətlərindən görünür ki, X4 xx.xx.2015-ci il tarixdə, X5 isə xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonunda doğulmuşlar doğulmuş, ataları qrafasında Cavabdeh, anaları qrafasında İddiaçı qeyd edilmişdir.

3. İşdə olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-444/2021 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh 06 aprel 2021-ci il tarixdən başlayaraq, 02 oktyabr 2015-ci il təvəllüdlü X2 və 06 iyun 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşağa görə 140 manat olmaqla, iki uşaq üçün 280 manat aliment tutulub İddiaçı verilməsi qət edilmişdir.

4. İşdə olan mediator Leyla Əliyeva tərəfindən verilmiş 26 sentyabr 2022-ci il tarixli, “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı məhkəmədə iddia qaldıraraq, Gədəbəy Rayon Məhkəməsinin 2(042)- 444/2021 saylı, 17 may 2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh 06 aprel 2021-ci il tarixdən başlayaraq, 02 oktyabr 2015- ci il təvəllüdlü X2 və 06 fevral 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşağa görə 140 manat olmaqla iki uşaq üçün 280 manat təyin edilmiş alimentin artırılaraq 02 oktyabr 2015-ci il təvəllüdlü X2 və 06 fevral 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşağa görə 193 manat olmaqla ümumilikdə 386 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi nikahda olmuşdur. Gədəbəy rayon Məhkəməsinin 2(042)-444/2021 saylı, 17 may 2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh 06 aprel 2021-ci il tarixdən başlayaraq, 02 oktyabr 2015-ci il təvəllüdlü X2 və 06 fevral 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşağa görə 140 manat olmaqla iki uşaq üçün 280 manat aliment təyin olunmuşdur. O, heç bir yerdə işləmir. Oğlu orta məktəbin 2-ci sinifində oxuyur. Qızının isə 5 yaşı vardır. Cavabdeh yalandan deyir ki, guya ki, avtomobil təmiri ilə artıq məşğul olmur. Amma hal-hazırda təkər təmiri sexində işləyir. Təyin olunmuş alimenti vaxtı-vaxtında ödəmir. X1 psixoloji durumundan əziyyət çəkir. Oğlunda özgüvən əskikliyi, qorxu, çəgingənlik, həyəcan mövcuddur. X9 Psixologiya Mərkəzinə aparmışdır. Mərkəzdən bildirilmişdir ki, 24 seans müalicə kursu lazımdır. Hər seansında qiyməti 100 manatdır. Ümumi müalicə üçün isə 2400 manat lazımdır. Onun həmin müalicə pulun ödəməyə maddi imkanı çatmır. Eləcə də, ödənilən alimentin miqdarı ilə o, uşaqlarını saxlamaqda çətinlik çəkir. Məktəb ləvazimatları, pal-paltarları, məktəb hazırlıqları, uşağın gündəlik tələbatlarını hər bir valideyn ödəməlidir. Buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

7. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-1122/2022 saylı iş üzrə 20 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim M.Kazımov) iddia tələbi təmin edilmiş, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-444/2021 saylı qətnaməsi ilə 02 oktyabr 2015-ci il təvəllüdlü X2 və 06 fevral 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan 140 manat alimentin miqdarının artırılaraq, hər ay sabit pul məbləğində hər bir uşaq üçün 170 manat olmaqla, iki uşaq üçün cəmi 340 manat məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı verilməsi, ödənilmiş 50 manat mediasiya xərcinin əvəzinin Cavabdeh alınaraq, İddiaçı verilməsi, Cavabdeh 30 manat dövlət rüsumunun tutularaq, dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin 2(042)- 1122/2022 saylı iş üzrə 20 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuzdur. Belə ki, icarəyə təmir sexi götürüb avtomobil təmiri ilə məşğul olur. 3-4 aydır ki, icarə haqqını ödəyə bilmir. Maddi imzanı çox aşağıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. İddiaçı İmran qızı apellyasiya şikayətinə etiraz ünvanlayaraq, bildirmişdir ki, uşaqlar azyaşlı olduğundan heç bir yerdə işləyə bilmir. Cavabdeh isə fərdi əməklə və avtomobil alqı-satqısı ilə məşğul olur. Ona görə də şikayətin təmin edilməməsini xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətində göstərilənlərə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.

12. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Cavabdeh kollegiyaya ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

13. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

14. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

15. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

16. Maddi 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

Azərbaycan Respublikasında Yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu:

17. Ölkə üzrə 2023-cü ildə bir uşağın aylıq minimum dolanacaq xərcləri 220 manat müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

18. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 112. İddianın qiyməti aliment alınması haqqında iddilarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edilir.

22. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

24. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

25. MPM-in 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. MPM-in 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollеgiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və iddiaçını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar aliment təyini zamanı nəzərə alınmalı, uşaqların mənafeləri baxımından qiymətləndirilməlidir.

29. Apellyasiya şikayətinin dəlilərindən görünür ki, cavabdeh heç yerdə işləməməsi və maddi durumunun çətin olması ilə əlaqədar məhkəmənin qət etdiyi məbləğdə alimenti ödəyə bilməyəcəyini qeyd etmişdir. Lakin, cavabdehin işsiz statusunda olmaqla heç yerdə işləməməsi onu övladını saxlanılması üçün aliment ödəmək vəzifəsindən azad etmir.

30. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 март 2016cı il tarixli, 8 nömrəli qərarının 8.2-ci bəndində məhkəmə qərara almışdır ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

31. Kollegiya hesab eir ki, apellyatorun dəlilləri məhkəmənin müəyyən etdiyi aylıq aliment məbləğinin azaldılmasına əsas vermir. Çünki, artıq yuxarıda qeyd edildiyi kimi aliment ödəməyə borclu olan əmək qabiliyyətli valideyn özünün yetkinlik yaşına çatmayan uşağını saxlamaq və uşaq üçün qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsi daşıyır. Uşağın aylıq minimum tələbatı isə qeyd edildiyi kimi 220 manat müəyyən edilmişdir. Məhkəmə isə bu məbləğdən daha az, hər uşaq üçün 170 manat məbləğində aliment təyin etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi aliment ödəməyə borclu olan valideynin maddi və ailə vəziyyətini və uşağın aylıq minimum tələbatını nəzərə alaraq aliment təyin etmişdir.

32. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində müəyyən edilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan, cavabdehin apellyasiya şikayətinin dəlilləri iş üzrə qətnamə ilə müəyyən olunmuş alimentin məbləğinin azaldılmaqla dəyişdirilməsi üçün əsas hesab edilə bilməz.

33. Məhkəmə kollegiyası hesab edir ki, Gədəbəy Rayon Məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə və ya dəyişdirilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Kollegiya göstərir ki, мəhkəmənin təyin etdiyi hər uşaq üçün 170 manat, cəmi 340 manat aylıq alimentin bir illik məcmusu (340 х 12 ay)=4080 manat məbləğini təşkil edir. Göründüyü kimi, həmin məbləğ 5000 manatdan aşağı məbləğdir. Ona görə də məhkəmə kollegiyası qeyd edir ki, hazrki iş üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayəti verilə bilməz.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-1122/2022 saylı iş üzrə 20 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar