Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-806/2023 16.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, Gədəbəy Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2(042)-1078/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan övladları xx.xx.2008-ci doğum tarixli X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-841/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş 120 manat alimentin miqdarının artırılaraq hər ay sabit pul məbləğində 193 manat miqdarında müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-1078/2022 saylı qətnaməsi ilə (sədrlik edən M.Kazımov) iddia təmin edilmiş, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-841/2018 saylı qətnaməsi ilə 03 sentyabr 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan 120 manat alimentin miqdarının artırılaraq, hər ay sabit pul məbləğində 193 manat alimentin Cavabdeh alınaraq İddiaçı verilməsi, ödənilmiş 50 manat mediasiya xərcinin əvəzinin Cavabdeh alınaraq İddiaçı verilməsi, Cavabdeh 30 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-1078/2022 saylı qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-841/2018 saylı qətnaməsi ilə ondan 120 manat aliment tutulması müəyyən edildikdən sonra, onun maddi və ailə vəziyyətində dəyişikliklər olmuş və maddi vəziyyəti pisləşmişdir. Belə ki, o, 3 ildir yeni ailə həyatı qurmuş və hazırkı həyat yoldaşı işləmir. Bundan başqa, iddiaçı sosial pensiya alır və o, 2022-ci ildə övladının xərclərinin ödənilməsi üçün 2000 manat kredit götürmüş, iddiaçıya vermişdir. Hazırda həmin kredit borcunu ödəyir. Məhkəmə isə həmin halları nəzərə almamışdır. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi. Həmçinin göstərdi ki, o, Bakı Metallom zavodunda zavodda fəhlə işləyir və aylıq 500 manat əmək haqqı alır.Yenidən evlənmişdir və həyat yoldaşı ilə kirayədə yaşayırlar. Ona görə də, apellyasiya şikayətinin təmin olunmasını, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-1078/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, o, Cavabdeh ilə 2007-ci ildə faktiki ailə münasibətlərinə daxil olmuş və birgə yaşayışlarından 03 sentyabr 2008-ci ildə Əminə adlı uşaqları olmuşdur. 2013-cü ilin sentyabr ayından fakiki olaraq ayrılmışlar və uşaq onun himayəsində qalmışdır.Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-841/2018 saylı qətnaməsi ilə onun himayəsində olan 03 sentyabr 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 120 manat aliment tutulması müəyyən edilsə də, həmin məbləğ uşağın saxlanılmasına kifayət etmir. Belə ki, uşağın təhsil, qida, geyim və digər təlabatları artsa da, cavabdeh əlavə heç bir yardım etmir. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-1078/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-1078/2022 saylı qətnaməsi dəyişdirilmədən saxanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş: AZ-İİ № 175876 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2008-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, ata qrafasında X2, ana qrafasında isə İddiaçı qeyd edilmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-841/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı 03 sentyabr 2008-ci il tarixdə doğulmuş X1 atasının Cavabdeh olması faktının müəyyən edilməsi, 24 iyul 2018-ci il tarixdən başlayaraq, 03 sentyabr 2008-ci il doğum tarixli Əminə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay sabit pul məbləğində 120 manat aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin İİ bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh 2007-ci ildə faktiki ailə münasibətlərinə daxil olaraq evlənmiş və birgə yaşayışlarından 03 sentyabr 2008-ci ildə Əminə adlı uşaqları olmuşdur. 2013-cü ilin sentyabr ayından faktiki olaraq ayrılmışlar və uşaq onun himayəsində qalmışdır. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-841/2018 saylı qətnaməsi ilə 03 sentyabr 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay sabit pul məbləğində 120 manat aliment İddiaçınin xeyrinə tutulmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları, uşağın əvvəlki təminat səviyyəsini, onun hüquq və mənafelərini nəzərə alaraq, hesab etmişdir ki, xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay bir uşağa görə 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını, Əminənin azyaşlı olmaqla, xüsusi geyim, qida və tibbi xərcləri ilə bağlı gündəlik tələbatlarının çox olmasını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Həmin nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Məhkəmə kollegiyası cavabdehin maddi vəziyyətinin pisləşməsi, yeni ailə həyatı qurması barədə dəlillərini əsassız hesab edir və qeyd edir ki, həmin hallar onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin dəlillər alimentin məbləğinin azadılmasına əsas vermir. Belə ki, ailə qanunvericiliyinin yuxarıda qeyd edilən tələblərindən görünür ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Qanunverilicik aktlarında uşaqla bağlı bütün məsələlərdə bütün diqqət ilk növbədə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə yönəldilir. Üstün maraqlar termini uşağın rifahını izah edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-1078/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-1078/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-806/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-806/2023
16.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver