Məhkəmə qərarları › İş №2(104)-809/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-809/2023

19.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-809/2023 19.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi vəkil X14, cavabdehlər Cavabdeh3 Göyçə qızı, X9 və X4 nümayəndələri Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3 Göyçə qızı, X9 və X6 qarşı «pul» tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(042)-773/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Cavabdeh3 Göyçə qızı, X9 və X6 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 71 baş xırdabuynuzlu heyvanların və ya onların dəyəri olan 14300 manat pulun və 133 manat ödənilmiş dövlət rüsumunun alınaraq, ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlər onun həmkəndliləridir, heç bir ədavətləri və düşmənçilikləri yoxdur, həmişə mehriban olmuşlar. 2007-ci ilin yayında yaşadığı Düzyurd kəndində eşitmişdir ki, cavabdehlər Gədəbəy rayonu Düzyurd kəndində yerləşən Gədəbəy rayonu Aqrar islahat Komissiyasının 1997-ci il 04 dekabr tarixli 13/1 nömrəlı qərarı ilə verilmiş, JN: 108 nömrə ilə qeydiyyata alınmış 50515018 kod nömrəli dövlət aktında göstərilən 0,88 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış pay torpaqlarını satırlar. 25 iyul 2007-ci il tarixdə razılaşaraq o cavabdehlərə hər birinin qiymətı 200 manat olan 70 ədəd 2 illik şişək (boğaz qoyun) qiyməti 14000 manat olan və 1 ədəd 2-lik erkək qoç (qoyun), qiyməti 300 manat olan xırdabuynuzlu heyvanları şahidləri X15, X10, X5 iştirakları ilə vermış və cavabdehlər isə bunun əvəzində özlərinə məxsus JN: 108 nömrə ilə qeydiyyata alınmış 50515018 kod nömrəli dövlət aktında göstərilən 0,88 na kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış pay torpaqlarını onun istifadəsinə vermişdirlər. İddia ərizəsinə əlavə etdiyi Gədəbəy rayonu "xxxx" MMC-nin 131 nömrəli 21 may 2022-ci il tarixli arayışından görünür ki, 71 baş xırdabuynuzlu heyvanın cəmı qiyməti 14300 manat təşkil edir. Hamısı birlikdə notariusa gəlmədikləri üçün bu günə kimi rəsmiləşdirə bilməmişlər. O qış mövsümündə heyvanlarını hər il Ceyrançöl qış yataqlarında saxlayır və bununla ailəsini dolandırır. Bu il Ceyrançöl qış yatağından Düzyurd kəndlərinə gələndə eşitmişdir ki, cavabdehlər onu məhkəməyə vermişlər. Yataqda tək heyvanlarına baxdığına görə və həyat yoldaşı koronavirus xəstəliyinə tutulduğundan vaxtında məhkəməyə gəlib qarşılıqlı iddia verə bilməmişdir. Belə hesab edir ki, cavabdehlər tərəfindən hüquqları kobud surətdə pozulmuşdur. Odur ki, məcbur olub cavabdehlərə qarş ayrıca iddia qaldırır. Gədəbəy Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(042)-773/2022 saylı qətnaməsi ilə (hakim F.Mrzəquliyev) iddia tələbinin təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İşdə olan sübutlar: Gədəbəy RPŞ-nin 30 avqust 2014-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Gədəbəy rayon Düzyürd sakini X15 şikayəti əsasında araşdırma aparılaraq, cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın təsviri hissəsindən görünür ki, Telman Qasımova məxsus torpaq sahəsi İddiaçı evinin yaxınlığında yerləşdiyindən həmin torpaq sahəsini ona satılması, əvəzində isə həmkəndliləri X11 və X3 pay torpaq sahəsini alaraq Telman Qasımova verilməsi razılaşdırılmış, lakin sonradan X17 Məsimovla razılaşmamış və torpaq sahəsini tələb etmişdir. Araşdırma zamanı bu faktı izahatları alınmış X15, İddiaçı və X12 bir daha öz izahatlarında təsdiq etmişlər. Apellyasiya şikayətinin dəlilləri. Gədəbəy Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(042)-773/2022 saylı qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(042)-773/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə hazırlıq iclasında İddiaçı iştirakını təmin etməmiş və onu sübutlar vermək hüququndan məhrum etmişdir. Belə ki, sübutlar yalnız məhkəmənin hazırlıq iclasına kimi verilməlidir. Məhkəməyə təqdim olunmuş Gədəbəy RPŞ-nin 30 avqust 2014-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.2014-cü il tarixdə Gədəbəy rayon Düzyürd sakini X2 RPŞ-nin İddiaçı ərizə vermiş və ərizə araşdırılarkən məlum olmuşdur ki, İddiaçı qohumu Telman Qasımova həmin torpaq sahəsinin ona satılmasını və ya başqa ərazidən alıb verilməsi ilə razılaşmış və buna görə İddiaçı həmkəndliləri X11 və X3 pay torpaq sahəsini alaraq Telman Qasımova vermişlər. Qərarda göstərilir ki, araşdırma zamanı bu faktı izahatları alınmış X15, İddiaçı və X12 bir daha öz izahatlarında təsdiq etmişlər. Məhkəmə iclasında cavabdehlər X12 və Cavabdeh3 Göyçə qızı məhkəmə iclasında iddianı etiraf etməmiş və belə halın olmadığını bildirmişlər. Məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktları, şahidlər X8 dindirməmiş və Gədəbəy Rayon Polis Şöbəsinin və Gədəbəy rayon prokurorluğunun məktubunda göstərilənləri nəzərə almamış və sübutları təşkil edən həqiqətə nail olmaq üçün Gədəbəy rayon prokurorluğundan və polis şöbəsindən materiallarının (sənədlərin əsillərinin) alınmasını xahiş etsələr də, bunun üçün heç bir qanuni tədbir görməmişdir. Bununla da iddiaçının hüquqlarını pozmuşdur. Hətta, iddiaçı məhkəməyə ərizə verərək iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir ki, müəyyən müddətədə həmin sübutları alıb məhkəməyə təqdim etsin, lakin məhkəmə ərizəni təmin etməmişdir. Bu halı da qanunsuz sayırlar. Həmçinin məhkəmədə cavabdehlər əvvəlcə bildirmişlər ki, guya torpağı İddiaçı icarəyə vermişlər, ancaq sonra da nədənsə fikirlərindən dönmüşlər. Birinci instansiya məhkəməsində Gədəbəy Rayon Polis Şöbəsinin cinayət işinin başlanmasını rədd edilməsi qərarında cavabdeh Surəddin Nağıyev özlərinə məxsus pay torpağını İddiaçı satdığını öz izahatı ilə etiraf etmişdir. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun deyildir. Belə ki, cavabdehlərin bu müddət ərzində torpaqlarını nəyə görə İddiaçı olmasını, müxtəlif instansiyalara ərizə verilməməsinə izah verə bilməmişlər. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil X18 apellyasiya şikayətinin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq isə bildirmişdir ki, məhkəmənin sorğusu əsasında polis orqanında olmuş, lakin polis orqanından bildirilmişdir ki, arxiv sənədləri hər 5 ildən bir məhv edildiyindən Gədəbəy RPŞ-nin 30 avqust 2014-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı üzrə toplanmış materiallar mövcud deyildir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh3 Göyçə qızı, X9 və X4 nümayəndələri Vəkil izahat verib bildirmişdir ki, cavabdehlər tərəfindən iddiaçıya hər hansı bir torpaq sayılmamışdır. İddiaçı onların torpaq sahəsinin bir hissəsini zəbt edərək istifadə etdiyindən və onlar da torpağın zəbtdən azad olunması ilə bağlı iddia qaldırdıqlarından iddiaçı qərəzli olaraq hazırkı iddianı qaldımış və iddiasını təsdiq edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, Gədəbəy Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(042)-773/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iddiaçı 2007-ci il tarixdə cavabdehlərdən Gədəbəy rayonu Düzyurd kəndində yerləşən Gədəbəy rayonu Aqrar islahat Komissiyasının 1997-ci il 04 dekabr tarixli 13/1 nömrəlı qərarı ilə onlara verilmiş 0,88 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış pay torpaq sahəsini şiafahi alqı-satqı müqaviləsi əsasında aldığını, bunun müqabilində cavabdehlərə 71 baş xırda buynuzlu heyvan verdiyini iddia etsə də bunu sübut edə bilməmişdir. Cavabdeh tərəf isə ümumiyyətlə iddiaçı ilə aralarında alqı-satqı müqaviləsinin bağlanmasını inkar etməklə, iddiaçının onların torpaq sahəsinin bir hissəsini zəbt edərək istifadə etdiyindən və onlar da torpağın zəbtdən azad olunması ilə bağlı iddia qaldırdıqlarından iddiaçının qərəzli olaraq hazırkı iddianı qaldırdırdığını iddia etmişlər. İddiaçı tərəfindən məhkəməyə yalnız Gədəbəy RPŞ-nin 30 avqust 2014-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətini təqdim etmişdir ki, həmin qərarda Qəzənfər X1 pay torpaq sahəsini alması qeyd olunmuşdur. Buna görə də iddiaçının vəkilinə məhkəmənin müvafiq sorğusu təqdim edilməklə cavabdehin polisdə aparılan araşdırma ilə əlaqədar vermiş olduğu izahatın sirətinin məhkəməyə təqdim edilməsi təklif edilmiş, lakin iddiaçı tərəf arxiv sənədləri məhv edilməsi əsası ilə Gədəbəy RPŞ-nin 30 avqust 2014-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı üzrə cavabdehin alınmış izahatının surətini məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa məhkəmə kollegiyası iddiaçının birinci instasniya məhkəməsində sübutları təqdim edə bilməməsini üzrlü sayaraq X16, X7, o cümlədən əhəmiyyətsiz alqı-satqı müqaviləsinin bağlanmasına iştirak etmiş digər şəxslərin şahid qismində dindirilməsi üçün məhkəməyə təqdim ediməsini təklif etsə də iddiaçı şahidləri məhkəməyə təqdim edə bilməmişdir. Belə olduğu təqdirdə isə tərəflər arasında həqiqətən də şifahi qaydada əhəmiyyətsiz alqı-satqı müqaviləsinin bağlanmasını və bunun müqabilində iddiaçı tərəfindən hər hansı məbləğdə pul və ya iddiaçının iddia etdiyi kimi 71 baş xırda buynuzlu heyvan verilməsini müəyyən etmək mümkün olmamışdır. Gədəbəy RPŞ-nin 30 avqust 2014-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında göstərilən məlumat isə iddianı təmin edə biləcək qədər mötəbər sübut olmamışdır. Hərçənd ki, həmin qərarda Telman Qasımova məxsus torpaq sahəsinin İddiaçı evinin yaxınlığında yerləşdiyindən həmin torpaq sahəsini ona satılması, əvəzində isə həmkəndliləri X11 və X3 pay torpaq sahəsini alaraq Telman Qasımova verilməsi ilə bağlı razılığın sonradan pozulması da qeyd olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 337.1 və 337.5-ci maddələrinin tələbi baxımından tərəflər arasında əhəmiyyətsiz aqlqı-satqı müqaviləsinin bağlanması və əhəmiyyətsiz əqd üzrə cavabdehin iddiaçı qarşısında öhdəliyinin yaranması sübut edilmədiyindən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Buna görə də Gədəbəy Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(042)-773/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Gədəbəy Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(042)-773/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(042)-773/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar