Məhkəmə qərarları › İş №2(104)-81/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-81/2025

06.01.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-81/2025 06.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: yolun açılması Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mustafayev Mustafa Əli oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yolun açılması tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli 2(021)-139/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 06 yanvar 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Torpağın Mülkiyyətə verilməsinə dair JN-376A KOD 61000078 nömrəli şəhadətnamənin surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 12 nömrəli qərarı ilə İddiaçı və ailə üvlərinə 0,50 ha torpaq sahəsi verilmişdir.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 20 noyabr 2023-cü il tarixli 3-21-3-46/2- 4990/2023 nömrəli mütəxəssis rəyindən görünür ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-376A KOD 61000078 nömrəli şəhadətnamə ilə İddiaçı, Musayeva Xavər İsax qızının, Məmmədli Təbriz Xosrov oğlunun və Məmmədli Rəhman Xosrov oğlunun mülkiyyətlərinə verilmiş 0,10 ha torpaq sahəsinə gediş-gəliş yolu, Cavabdeh tərəfindən pambıq bitkisi əkilərək bağlanılmışdır; Mübahisəli torpaq sahəsi, Cavabdeh tərəfindən bağlanılmışdır və həmin torpaq sahəsi 0,25 hektardır; Torpağın mülkiyyətə verilməsinə dair JN-376A KOD 61000078 nömrəli şəhadətnamə ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 0,10 ha torpaq sahəsinə gediş-gəliş yolu, Boyəhmədli təsərrüfatının Mustafaağalı kəndi ərazisində aparılmış ilkin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və TEKUİS məlumat bazasına əsasən Mustafağalı yaşayış məntəqəsinin sərhəddi ilə Torpağa mülkiyyət hüququna dair JN-727 nömrəli Dövlət Aktı ilə Cavabdeh mülkiyyətinə verilmiş 1,33 ha torpaq sahəsi arasında gediş-geliş yolu nəzərdə tutulmuşdur. Cavabdehin sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə yaşayış məntəqəsi arasında qalan və mülkiyyətində olan torpaq sahəsindən artıq istifadə etdiyi torpaq sahəsindən keçməklə açıla bilər.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin 28 dekabr 2023-cü il tarixli 3-21-3-46/2-5621/2023 nömrəli sorğuya cavabdan görünür ki, Bərdə rayonu Mustafaağalı kəndində İddiaçı və ailə üzvlərinin TEKUİS məlumat bazasına əsasən mülkiyyətlərinə verilmiş 0,10 ha torpaq sahəsinə nəzərdə tutulmuş uzunluğu 267 metr olan gediş-gəliş yolunu, Cavabdeh tərəfindən şimal hissədən 4,76 metr, cənubdan isə 8,59 metr enində pay torpağına əlavə edərək pambıq bitkisi əkərək bağlamışdır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Torpağın mülkiyyətə verilməsinə dair JN-376A, KOD 61000078 nömrəli şəhadətnamə əsasında mülkiyyətində olan Bərdə rayonu Mustafaağalı kəndində yerləşən 0,50 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun 6 metr enində 300 metr uzunluğunda olan hissəsinin Cavabdeh vəsaiti hesabına yol kimi bərpa edilməsi, yolun açılması və həmin mübahisəli yolun tutulmasına qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırlmışdır ki, ona və ailə üzvlərinə məxsus Bərdə rayonu Mustafaağalı kəndində yerləşən 0,50 ha həyətyanı torpaq sahəsinin gedən yolu Cavabdeh 6 metr enində, 300 metr uzunluğunda qanunsuz olaraq zəbt edildiyindən mülkiyyətlərində olan əmlakdan istifadə edə bilmirlər. Cavabdehdən həmin yolun açılmasını tələb etsədə, heç bir nəticə əldə olunmamışdır.

6. Bərdə Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli 2(021)-2456/2023 nömrəli qərardadı ilə Musayeva Xavər İsax qızı, Məmmədli Təbriz Xosrov oğlu və Məmmədli Rəhman Xosrov oğlu iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb olunmuşdur.

7. Bərdə Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli 2(021)-139/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Torpağın mülkiyyətə verilməsinə dair JN-376A, KOD 61000078 nömrəli şəhadətnamə əsasında İddiaçı və üçüncü şəxslər Musayeva Xavər İsax qızı, Məmmədli Təbriz Xosrov oğlu və Məmmədli Rəhman Xosrov oğlunun birgə mülkiyyətində olan Bərdə rayonu, Mustafaağalı kəndində yerləşən 0,50 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun 3 metr enində 267 metr uzunluğunda olan hissəsi Cavabdeh vəsaiti hesabına yol kimi bərpa edilməsi və həmin torpaq sahəsinə gediş-gəliş yolun açılması, Cavabdeh həmin mübahisəli yolun tutulmasının qadağan edilməsi; İddia üzrə ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı aid edilməsi; İddia qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, 560.1, 560.2 maddələri, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 18, 47, 49, 55, 66, 82, 111 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.2, 103, 107, 119.1, 216- 220, 227, 233, 357, 360-cı maddələrinə istinad etmişdir.

b) Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalrının tələblərini pozaraq, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 12 nömrəli qərarı ilə ona 1,33 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmiş və Torpağa mülkiyyət hüququna dair 06 may 1999-cu il tarixdə JN 737 KOD 61000078 nömrəli Dövlət Aktı tərtib olunmuşdur. Yaşayış evləri ilə pay torpağı arasında heç vaxt gediş-gəliş yolu olmamışdır. İddiaçı və digər kənd sakinlərinin evlərinə gediş-gəliş yolu yaşayış evlərinin qarşı tərəfində kəndin ümumi xəritəsinə uyğun olan yoldur və həmin ərazidə yaşayan bütün sakinlər həmin yoldan istifadə edirlər. Lakin İddiaçı çəkil ağaclarını məhv etmiş və qoruma zolağına keçərək özünə qeyri-qanuni yol açmışdır. İddiaçının qardaşı Musayev Elşən Bahadur oğlu qoruma zolağını 6 metr enində, 200 metr uzunluğunda, İddiaçı isə 10 metr enində,150 metr uzunluğunda qonşu pay torpaq mükiyyətçisi Osmanov İman Nadir oğlunun pay torpaq sahəsinə girmişdilər. Onun tərəfindən heç bir yolu zəbt edilməmişdir. Mütəxəssis düzgün ölçü aparmamış və verilmiş həmin rəy ziddiyyətlidir. Nə faktiki olaraq ümumi istifadədə olan yolu zəbt etməmiş, nə də mülkiyyətində olan 1,33 hektar pay torpaq sahəsinə tərtib edilmiş Torpaq sahəsinin planı sənədindəki koordinatlara əsasən torpaq sahəsi ümumi istifadədə olan yola düşmür. Əksinə iddiaçı öz yolundan istifadə etməyərək, yeni yol açmışdır. Birinci instansiya məhkəməsi isə ekspertiza təyin etməmiş, məhkəmə iclasında izahatı nəzərə alınmamış və sübut kimi qiymət verilməmişdir. Eləcədə yerində baxış keçirilməmiş və ümumi istifadədə olan yolu zəbt edib-etmədiyi, pay torpaq sahəsinin ümumi istifadədə olan yola düşübdüşməməsini müəyyən etməmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, cavabdeh zəbt etdiyi yolda pambıq əkmişdir. Mülkiyyətlərində olan torpağa əlavə keçid üçün başqa yol yoxdur. Apellyasiya icraatı zamanı iş üzrə ekspertiza təyin olunmasına baxmayaraq cavabdeh ekspertizanın aparılmasına imkan vermir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirlmədən saxlanılmasını xahiş etmişdir.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh və üçüncü şəxslər Musayeva Xavər İsax qızı, Məmmədli Təbriz Xosrov oğlu və Məmmədli Rəhman Xosrov oğlu məhkəmə kollegiyasının iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

14. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

15. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

16. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

17. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

18. Maddə 153.1. Bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər.

19. Maddə 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər.

20. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir.

21. Maddə 156.1. Bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir.

22. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər.

23. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.

24. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

25. Maddə 18.2. Küçə və yol kimi nəzərdə tutulan torpaq sahələri ümumi istifadədə olan torpaq sahələridir.

26. Maddə 20. Yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir.

27. Maddə 47. Ümumi istifadədə olan torpaqlar bələdiyyə mülkiyyətinə aid olmaqla, ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin-küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir.

28. Maddə 49. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququtorpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.

29. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

30. Maddə 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri, qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

Bələdiyyə Torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

31. Maddə 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır.

32. Maddə 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

33. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

38. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Apellyasiya baxışının hədləri

40. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

41. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

42. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

44. Hazırkı işin hallarından müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 12 nömrəli qərarı ilə İddiaçı və ailə üvlərinə 0,50 ha torpaq sahəsi verilmiş və bu barədə sonunculara Torpağın Mülkiyyətə verilməsinə dair JN-376A KOD 61000078 nömrəli şəhadətnamə verilmişdir. İddiaçı mülkiyyətlərinə verilmiş torpaq sahəsinə gedən ümumi istifadədə olan yolun Cavabdeh tərəfindən tutulduğunu əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı qismən təmin etmişdir.

45. Kollegiya iddianın qismən təmin edilməsi hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

46. Belə ki, yuxarıda da qeyd olunduğu kimi iddiaçı Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 12 nömrəli qərarı ilə iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,50 ha torpaq sahəsinə gedən yolun cavabdeh tərəfindən tutulmasını iddia edir. Birinci instansiya məhkəməsində mübahisənin həlli ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsindən 20 noyabr 2023-cü il tarixli 3-21-3-46/2-4990/2023 nömrəli mütəxəssis rəyi alınmışdır. Həmin rəydə qeyd olunmuşdur ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-376A KOD 61000078 nömrəli şəhadətnamə ilə İddiaçı, Musayeva Xavər İsax qızı, Məmmədli Təbriz Xosrov oğlu və Məmmədli Rəhman Xosrov oğlunun mülkiyyətlərinə verilmiş 0,10 ha (rəydə 0,10 yazılsada, əslində dövlət aktında 0,50 hadır) torpaq sahəsinə gediş-gəliş yolu, Cavabdeh tərəfindən pambıq bitkisi əkilərək bağlanılmışdır; Mübahisəli torpaq sahəsi, Cavabdeh tərəfindən bağlanılmışdır və həmin torpaq sahəsi 0,25 hektardır; Torpağın mülkiyyətə verilməsinə dair JN-376A KOD 61000078 nömrəli şəhadətnamə ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 0,10 ha torpaq sahəsinə gediş-gəliş yolu, Boyəhmədli təsərrüfatının Mustafaağalı kəndi ərazisində aparılmış ilkin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və TEKUİS məlumat bazasına əsasən Mustafağalı yaşayış məntəqəsinin sərhəddi ilə Torpağa mülkiyyət hüququna dair JN-727 nömrəli Dövlət Aktı ilə Cavabdeh mülkiyyətinə verilmiş 1,33 ha torpaq sahəsi arasında gediş-geliş yolu nəzərdə tutulmuşdur. Cavabdehin sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə yaşayış məntəqəsi arasında qalan və mülkiyyətində olan torpaq sahəsindən artıq istifadə etdiyi torpaq sahəsindən keçməklə açıla bilər. Eləcədə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin 28 dekabr 2023-cü il tarixli 3-21-3-46/2-5621/2023 nömrəli məktubunda qeyd olunumuşdur ki, Bərdə rayonu Mustafaağalı kəndində İddiaçı və ailə üzvlərinin TEKUİS məlumat bazasına əsasən mülkiyyətlərinə verilmiş 0,10 ha torpaq sahəsinə nəzərdə tutulmuş uzunluğu 267 metr olan gediş-gəliş yolunu, Cavabdeh tərəfindən şimal hissədən 4,76 metr, cənubdan isə 8,59 metr enində pay torpağına əlavə edərək pambıq bitkisi əkərək bağlamışdır.

47. Cavabdeh apellyasiya şikayətində iş üzrə ekspertiza təyin edilmədən mütəxəsis rəyi əsasındə iddianın təmin olunmasını qeyd etdiyindən, apellyasiya icraatı zamanı 22 aprel 2024-cü il tarixli 2(104)-875/2024 nömrəli qərardadla iş üzrə məhkəmə tikintitexniki və torpaqşünaslıq-yerquruluşu ekspertizaları təyin olunmuşdur. Rəy verilmədən iş geri qaytarılmışdır. İcraat təzələnmiş və məhkəmə baxışı 28 oktyabr 2024-cü il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh məhkəmə kollegiyasına ərizə verərək yenidən ekspertiza təyin olunmasını eləcədə ekspertizanın keçirilməsinə maneçilik törətməyəciyini bildirmişdir. Ona görə də Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 oktyabr 2024-cü il tarixli 2(104)-875/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq-yerquruluşu ekspertizaları təyin olunmuşdur Mübahisəli əraziyə mütəxəssisin iştirakı ilə baxış keçirilməsi üçün vaxt təyin olunmuş və bu barədə tərəflərə məlumat verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin məhkəmə kollegiyasına ünvanladığı 04 dekabr 2024-cü il tarixli məktubundan məlum olmuşdur ki, Cavabdeh çöl ölçmə işlərinin aparılmasına mane törətmişdir. Ona görədə qərardadd mütəxəssis qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır.

48. Göründüyü kimi apellyasiya şikayətinin dəlillərinin araşdırılması üçün iş üzrə ekspertiza təyin olunsada, lakin Cavabdeh bunun üçün lazımı şərait yaratmamış və dolayısı ilə mütəxəssis, eləcədə ekspert rəyinin verilməsinə qərəzli olaraq mane yaratmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5. maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

49. Qeyd olunanları nəzərə alan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsində icraat zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 20 noyabr 2023-cü il tarixli 3- 21-3-46/2-4990/2023 nömrəli mütəxəssis rəyi, eləcədə həmin orqanın 28 dekabr 2023cü il tarixli 3-21-3-46/2-5621/2023 nömrəli məktubu subut kimi qəbul edilməlidir.

50. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372-376, 378-382, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli 2(021)-139/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar