Məhkəmə qərarları › İş №2(104)-810/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-810/2024

14.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-810/2024 14.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X6 Mərkəzinin Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: maddi ziyanın əvəzinin ödənilməsi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X6 Mərkəzinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X6 Mərkəzinin Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2(042)-1175/2023 nömrəli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X6 Mərkəzi tərəfindən verilmiş apellyasiya şikayətinə 14 may 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 06 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X6 Mərkəzinin mühafizə işləri üzrə direktor müavini, baş meşəbəyisi Rövşən Rəsulov, Mərkəzin Gədəbəy meşəbəylikləri üzrə meşə mühafizə mühəndisi Azad Mustafayev, Mərkəzin Qalakənd meşəbəyliyinin 10 saylı meşə dolayının meşə gözətçisi Əli Əliyev, meşə qanunvericiliyini pozan Gədəbəy rayonu Dəyəqarabulaq İƏD-nin Günəşli kənd sakini Cavabdeh iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, Mərkəzə daxil olmuş şifahi məlumata əsasən direktor Vasif Nəbiyevin tapşırığı ilə Qalakənd meşəbəyliyinin 10 saylı meşə dolayına yerində baxış keçirilmiş və Çanaqçı adlanan meşə ərazisində meşə qanunvericiliyini pozan Cavabdeh qanunsuz olaraq sığırxana məqsədilə iribuynuzlu mal-qaranı orada saxlaması müəyyən edilmişdir. Qanunsuz olaraq saxlanılmış mal-qara sayına baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həmin heyvanlardan 30 başı iki yaşdan yuxarı, 17 başı isə iki yaşa qədər heyvanlardır. Ünmumilikdə isə mal-qara sayı 47 başdır. Meşə qanunvericiliyini pozmuş Cavabdeh hansı vaxtdan meşə ərazisindən mal-qara saxladığını soruşduqda yazılı izahat verərək 04 iyul 2023-c il tarixdən həmin ərazidə mal-qara saxladığını bildirmişdir. Bundan əlavə, Cavabdeh sığırxana kimi yaşadığı yerin yaxınlığında qanunsuz olaraq kömür yandırma faktı Mərkəz əməkdaşları tərəfindən aşkar edilmişdir. Cavabdeh bu hərəkətləri ilə meşə qanunvericiliyinin tələblərini pozmuşdur. Dövlət meşəsinə dəymiş ziyanlıq ödənilməsi üçün akt tərtib olunmuşdur. Dövlət meşəsinə dəymiş ziyanlıq hesablama cədvəlində göstəriləcəkdir. Akta əlavə edilmişdir meşə gözətçisi X5 yazılı izahatı, meşə qanunvericiliyini pozan Cavabdeh yazılı izahatı və həmin ərazidən çəkilmiş foto şəkillər. Akt onun tərtib edilməsində iştirak edən şəxslərin imzaları ilə təsdiq edilmişdir;

2. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X6 Mərkəzinin direktoruna Mərkəzin Qalakənd meşəbəyliyi 10 saylı meşə dolayının gözətçisi X11 tərəfindən ünvanlanmış 06 iyul 2023-cü il tarixli izahatda sonuncu qeyd etmişdir ki, mühafizə etdiyi meşə dolayının Çanaqçı adlanan meşə ərazisinə Gədəbəy rayonu Günəşli kənd sakini Cavabdeh özbaşına heç kimə heç nə demədən sığırxana məqsədilə təxminən 40-50 baş iribuynuzlu mal-qaranı meşə ərazisinə salmışdır. Dəfələrlə Cavabdeh bildirmişdir ki, meşə ərazisindəki bütün sahələr qorunur. Verilmiş suala cavab olaraq gözətçi qeyd etmişdir ki, meşə ərazisinə salınmış mal-qaralar 04 iyul 2023-cü il tarixdən oraya yerləşdirilmişdir;

3. Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X6 Mərkəzinin direktoruna ünvanladığı 06 avqust 2023-cü il tarixli izahatında Cavabdeh qeyd etmişdir ki, Qalakənd meşəbəyliyinin 10 saylı meşə dolayının Çanaqçı adlanan meşə ərazisində saxlamış olduğu iribuynuzlu malqaraları X11 ilə danışmaq üçün görüş təyin etmişlər. Həmin şəxslə görüşdükdən sonra sonuncu ona mal-qaranı Çanaqçı sahəsinə gətirməyinə razılıq vermişdir. Aranda yağış olduğuna görə mal-qaranı gec gətirmişdir. X10 bildirmişdir ki, nə üçün gecikirsən. Həmin vaxtlarda dağlıq ərazilərdə yağışlar çox olmuşdur. Əli Əliyevlə aralarında danışıqda pul vəsaiti verilməsi barədə söhbət olmamışdır. Əli Əliyevlə mal-qaranın meşə ərazisində saxlanılması barədə razılıq əldə etdikdən sonra 04 iyul 2023-cü il tarixdə mal-qaranı meşə ərazisinə aparmışdır;

4. 06 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X6 Mərkəzinin Qalakənd meşəbəyliyinin 10 saylı meşə dolayısında aparılmış qəfləti yoxlama zamanı tərtib edilmiş aktda göstərilən meşə qanunvericiliyinin pozulmasına dair qiymətləndirmə cədvəlindən görünür ki, Azərbaycan Respublikası Nazirkər Kabinetinin 31 dekabr 2019-cu il tarixli 30 saylı qərarının 3-cü əlavəsinin 3.2.1-ci bəndinə əsasən, hər 10 baş iki yaşından yuxarı qaramal və atlar üçün meşələrdə və meşə bitkiləri ilə örtülü olmayan meşə fondu torpaqlarında biçənək və otlaq sahələrindən kənar ərazilərə vurulmuş zərərə görə 66 manat ziyan hesablanır. 30 baş mal qara üçün 30:10 x 66=198 manat ziyan hesablanmışdır. 10 baş iki yaşınadək iri buynuzlu mal-qara üçün qərarın 3.2.2-ci bəndinə əsasən, 22 manat zərər hesablanır. 17 baş mal-qara üçün 17:10 x 22=37,40 manat ziyan hesablanmışdır. Ona görə də ümumilikdə 235,40 manat meşə fonduna dəymiş zərər təşkil edir. Vətəndaş həmin mal-qaranı 30 gün meşə ərazisində otardığına görə dəymiş ziyan 30 dəfə artırılır 235,40 x 30=7062 manat zərər təşkil edir. Vətəndaş Cavabdeh meşə fonduna dəymiş 7062 manat ziyan ödəməlidir;

5. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X6 Mərkəzinin Qalakənd meşəbəyliyinin 10 saylı meşə dolayısında meşə qanunvericiliyinin pozulmasına görə tərtib edilmiş 06 avqust 2023-cü il tarixli aktda meşə fonduna dəymiş ziyanın hesablanması cədvəlindən görünür ki, 1m3 odunun kök üstə nırx dəyəri 5,18 manat olduğu üçün vətəndaş tərəfindən qanunsuz əldə edilmiş meşə məhsulunun dəyəri 1,50 x 5,18=7,70 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 dekabr 1993-cü il tarixli 636 saylı qərarına 31 yanvar 2019-cu il tarixdə 30 saylı qərarla edilmiş 7 saylı əlavənin 2-ci bəndinə əsasən ziyan meşə məhsulu müsadirə olunmadığına görə 4 qat artırılır 7,70 x 4=31,08 manat hesablanır. Beləliklə, vətəndaş Cavabdeh tərəfindən meşə fonduna 31,08 manat ziyan vurulmuşdur;

6. 12 sentyabr 2023-cü il tarixli bildirişdən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X6 Mərkəzi tərəfindən Cavabdeh ziyan olaraq 7093,08 manat vəsaitin ödənilməsi təklif edilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X6 Mərkəzi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Gədəbəy rayonu Dəyəqarabulaq kənd sakini Cavabdeh dövlət meşə fonduna vurmuş olduğu 7093,08 manat ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X6 Mərkəzi tələbini onunla əsaslandırmışdır ki, 06 avqust 2023-cü il tarixdə Qalakənd meşəbəyliyinin 19 saylı meşə dolayısında yoxlama aparılmışdır. Yoxlama zamanı Cavabdeh “Çanaqçı” adlanan meşə ərazisində 47 baş malqaranı otarması, meşə ərazisindən quru odun daşıyıraq kömür yandırması və hazırlanması aşkar edilərək sübuta yetirilmişdir. Bundan sonra, Cavabdeh barəsində akt və digər sənədləşdirmə işləri aparılmış, müəyyən edilmişdir ki, cavabdeh dövlət meşə fonduna 7093.08 manat məbləğində ziyan vurmuşdur.

9. Gədəbəy Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2(042)-1175/2023 nömrəli qətnaməsi ilə (hakim Fizuli Mirzəquliyev) iddia təmin edilməmişdir.

10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Meşə Məcəlləsinin 16, 25 və 64-cü maddələrinə, həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1 və 1096.2-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X6 Mərkəzi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə Mərkəzin mühafizə üzrə direktor müavini X7, baş meşəbəyi direktor müavini X3, Mərkəzin Gədəbəy meşəbəylikləri üzrə meşə mühafizə mühəndisi X2 və Qalakənd meşəbəyliyinin 10 saylı dolayının gözətçisi X11 ilə meşə qanunvericiliyinin pozulması aşkar olunan əraziyə baxış keçirilməsi üçün Cavabdeh Yusif qızı ilə görüşülmüş və onların iştirakı ilə əraziyə baxış keçirilmişdir. Mərkəzin əməkdaşlarının və Cavabdeh iştirakı ilə araşdırma aparılmış və müəyyən olunmuşdur ki, Cavabdeh heç bir icazə sənədi olmadan qanunsuz (özbaşına) olaraq özünə məxsus mal-qaranı “Çanaqçı” adlanan meşə ərazisində saxlanması üçün sığırxana quraraq 47 (qırx yeddi) baş mal-qara otarılması faktı və eyni zamanda meşə ərazisində quru odun daşıyaraq kömür yandırması və hazırlanması faktı müəyyən edilmiş və nəticədə dövlət meşə fonduna 7093,08 manat məbləğində ziyan dəyməsi aşkar edilmişdir. Buna görə də mərkəzin əməkdaşları tərəfindən 06 avqust 2023-cü il tarixdə Cavabdeh təqsirli olduğu üçün könüllü olaraq izahat vermiş və barəsində akt, dəymiş ziyana görə qiymətləndirmə cədvəli tərtib edilmişdir. Beləliklə, Gədəbəy rayonu Dəyəqarabulaq kənd sakini Cavabdeh Yusif qızı Azərbaycan Respublikası Nazirlər Kabinentinin "Meşə Qanunvericiliyinin pozulması hallarının qarşısının alınması tədbirləri” haqqında 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarının 3-cü əlavəsinin 3.2.1 bəndinə əsasən, dövlət meşə fonduna 7093,08 manat məbləğində ziyan vurmuşdur. Dövlət meşə fondunun vəsaiti ölkə ərazisində meşələrin bərpası, məhsuldarlığın artırılması, meşə fondunun mühafizəsi üçün istifadə edilir və dövlətin bu sahədə olan maraqları təmin edilir. Hər bir ağacın yetkin bir ağac halına gəlməsi üçün çəkilən əziyyət və zaman nəzərə alınsa, bu kontekstdə təbiətə, cəmiyyətə və dövlətə mühüm zərər vurur. Odur ki, meşə ərazisində təbii cücərtilərin malqara tərəfindən otarılması nəticəsində dövlət meşə fonduna vurulan ziyan hesablanır. Həmin məbləğ hesabına otarılmış, kəsilmiş və ya korlanmış ağacların yerinə meşə bərpa tədbirləri həyata keçirilir. Odur ki, dolayda dövlətin mühüm maraqlarının müdafiə olunması üçün tələblərə ciddi riayət edilməlidir. Buna uyğun olaraq vətəndaşın qanunsuz hərəkəti nəticəsində Mərkəzə vurulmuş zərər cavabdeh tərəfindən ödənilməlidir. Ərazidə malqaranın otarılması və kömür yandırılması aşkar olunmasına dair Mərkəz tərəfindən tərtib olunmuş akt və cavabdeh tərəfindən verilən izahat mövcuddur.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları,

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X6 Mərkəzinin etibarnamə üzrə nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək şikayətin dəlillərinə uyğun izahat vermişdir. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, müəyyən edilmiş faktla bağlı iddiaçı barəsində inzibati xəta haqqında protokol tərtib edilməmiş, çünki dəyən zərərin miqdarı 1000 manatdan çox olduğu üçün Mərkəzin əməkdaşları hesab etmişlər ki, məsələyə cinayət təqibi üzrə baxılmalıdır, mübahisənin mülki xarakterli olması sonradan müəyyən edilmişdir. Malqaranın həmin ərazidə 30 gün müddətində otarılmasını cavabdeh özü də etiraf etmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 dekabr 1993-cü il tarixli 636 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” Qərarı

16. 1-ci Maddənin ə bəndi. Meşə qanunvericiliyinin pozulmasında təqsirkar olan müəssisələr, idarələr, təşkilatlar, digər hüquqi şəxslər və vətəndaşlar meşələrdə və dövlət meşə fondunun meşəsiz torpaqlarında özbaşına ot çalınması, mal-qara otarılması, habelə biçənək və otlaq yerlərinin korlanması halında maddi məsuliyyət daşıyırlar.

17. Maddə 5. Mülkiyyət formasından və fəaliyyət növündən asılı olmayaraq müəssisələr, idarələr, təşkilatlar və digər hüquqi şəxslər və vətəndaşlar tərəfindən meşə qanunvericiliyinin pozulmasına görə meşə təsərrüfatına vurulan ziyanın hesablanması üçün miqdar 1-4, 6-8 saylı əlavələrə əsasən təsdiq edilsin. Bu qərarla təsdiq edilmiş nırxlar 1994-cü ilin yanvar ayının 1-dən tətbiq edilsin.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 31 yanvar tarixli 30 nömrəli Qərarı ilə təsdiq edilmiş 3 nömrəli əlavənin 3.2.-ci maddəsinə müvafiq olaraq, iki yaşından yuxarı qaramal və atlara görə meşələrdə və meşə bitkiləri ilə örtülü olmayan meşə fondu torpaqlarında qanunsuz ot çalınması, mal-qara otarılması, biçənəklərin və otlaq sahələrinin zədələnməsi və ya korlanması üçün 66 manat ziyan ödənilir; İki yaşınadək iri və xırdabuynuzlu mal-qara və atlar üçün isə 22 manat ziyan ödənilir.

Azərbaycan Respublikasının Meşə Məcəlləsi

19. Maddə 16. Meşə fondu sahələrindən istifadə hüququ meşə fondu sahəsinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin əsasında yaranır.

20. Maddə 17. Meşə istifadəçiləri meşə fondu sahələrindən istifadə hüququnu o vaxt sərbəst həyata keçirirlər ki, bu, meşələrin və meşə fondu torpaqlarının vəziyyətini pisləşdirməsin, ətraf mühitə zərər vurmasın, habelə başqa şəxslərin qanuni mənafelərinə xələl gətirməsin. Azərbaycan Respublikasında meşə qanunvericiliyinin tələblərinə zidd məqsədlər və üsullar ilə meşə fondu sahələrindən istifadə qadağandır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

22. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır.

23. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

29. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

31. Maddə 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

32. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Cavabdeh maddi ziyanın əvəzi olaraq 7093,08 manat alınaraq iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X6 Mərkəzinə ödənilməlidir.

36. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X6 Mərkəzinin əməkdaşları tərəfindən Qalakənd meşəbəyliyinin 10 saylı meşə dolayına yerində baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Cavabdeh Çanaqçı adlanan meşə ərazisində qanunsuz olaraq sığırxana məqsədilə iribuynuzlu malqaranı orada saxlamışdır. Cavabdeh tərəfindən qanunsuz olaraq saxlanılmış mal-qaranın 30 başı iki yaşdan yuxarı, 17 başı isə iki yaşa qədər heyvanlar olmaqla, ümumilikdə malqara sayı 47 başdır. Həmçinin, əraziyə baxış zamanı Cavabdeh sığırxana kimi yaşadığı yerin yaxınlığında qanunsuz olaraq kömür yandırması faktı müəyyən edilmişdir. Cavabdeh 04 iyul 2023-cü il tarixdən 06 avqust 2023-cü il tarixədək olan müddət ərzində meşə ərazisində qeyd olunan qanun pozuntularını törətməkdə davam etmişdir. İşin qeyd olunan halları 06 avqust 2023-cü il tarixdə iddiaçı Mərkəzin mühafizə işləri üzrə direktor müavini, baş meşəbəyisi Rövşən Rəsulov, Mərkəzin Gədəbəy meşəbəylikləri üzrə meşə mühafizə mühəndisi Azad Mustafayev, Mərkəzin Qalakənd meşəbəyliyinin 10 saylı meşə dolayının meşə gözətçisi Əli Əliyev və Cavabdeh iştirakı ilə tərtib edilmiş aktla, habelə sonuncunun iddiaçı Mərkəzə vermiş olduğu yazılı izahatla öz təsdiqini tapır. Cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı vermiş olduğu izahatında da göstərilən halları təsdiq etmişdir (bax səhifə 53 məhkəmə iclas protokolu).

37. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin olunmaması barədə gəlmiş olduğu qənaətini onunla əsaslandırmışdır ki, iddiaçıya dəymiş ziyana görə cavabdehin qanuni qüvvəyə minmiş qərarla hər hansı bir məsuliyyətə cəlb edilməsi, onun təqsirli və ya hüquqa zidd əməli müəyyən edilməmişdir. Cavabdeh məhkəmə iclasında da meşə ətrafı otlaq sahəsindən istifadə ilə əlaqədar iddiaçının maliyyə hesabına köçürülməsi üçün iddiaçının əməkdaşına 1400 manat verdiyini bildirmişdir.

38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinun gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.

39. Mülki Məcəllənin mülki hüquqlar və vəzifələrin əmələ gəlməsi əsaslarını müəyyən edən 14.2.6-cı maddəsinə görə, başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır.

40. Bundan başqa, Mülki Məcəllənin 386.1-ci maddəsi, zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit etmişdir.

41. Bu kontesktdə məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından göründüyü kimi Cavabdeh meşə qanunvericiliyinin tələblərini pozaraq Qalakənd meşəbəyliyinin 10 saylı meşə dolayının Çanaqçı adlanan meşə ərazisində sığırxana məqsədilə 47 baş iribuynuzlu mal-qaranı orada saxlamış, həmçinin yaşadığı yerin yaxınlığında qanunsuz olaraq kömür yandırmışdır ki, bu qanunazidd hərəkətləri ilə iddiaçı Mərkəzə maddi ziyan vurmuşdur. Cavabdehin qanuna zidd hərəkətləri ilə iddiaçıya maddi ziyan vurulması öz təsdiqini tapdığından artıq onun dəymiş ziyanın əvəzini zərərçəkənə ödəmək vəzifəsi də yaranır.

42. Çünki, hüquqa zidd əməl mülki hüquq pozuntusu (delikt) və öhdəliyə zidd hərəkət şəklində təzahür edir. Əgər bu cür hüquqa zidd hərəkətlərə görə əməli törədən şəxs mülki hüquq məsuliyyəti daşıyırsa, onda bu məsuliyyətlərin yaranması da öz-özlüyündə hüquqi nəticənin yaranması deməkdir.

43. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, tərəflər arasında meşə ərazisindən istifadə ilə bağlı hər hansı icarə müqaviləsi bağlanmamışdır. Belə olan halda cavabdehin meşə ərazisindən istifadə hüququ yaranmamışdır və onun həmin ərazidə mal-qara saxlaması meşə qanunvericiliyinin tələblərinə zidd olmuşdur. Cavabdeh tərəfindən meşə gözətçisinə hər hansı məbləğdə pul vəsaiti ödənilməsi cavabdehin meşə ərazisindən istifadə hüququnun yaranması kimi qəbul edilə bilməz. Çünki qanunvericiliyin tələbinə görə torpaq sahəsinin icarə verilməsi üçün səlahiyyətli subyektlər arasında icarə müqaviləsi bağlanmalı və müqavilə notariat qaydasında təsdiq edilməlidir ki, həmin müqavilə əsasında şəxsin torpaq sahəsinə sahiblik və istifadə hüququ yaransın.

44. İşin şərh olunan hallarını nəzərə alan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Cavabdeh iddiaçı Mərkəzə vurulmuş maddi ziyana görə mülki hüquq pozuntusu (delikt) məsuliyyəti daşıyır və iddiaçıya vurmuş olduğu ziyanın əvəzini ödəməlidir.

45. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarında olan qiymətləndirmə cədvəlləri əsasında Cavabdeh tərəfindən meşə qanunvericiliyinin pozulması, yəni meşə ərazisində qanunsuz olaraq mal-qara saxlanılması və kömür yandırılması nəticəsində iddiaçı Mərkəzə dəymiş ziyan məbləği müəyyən edilmişdir. Belə ki, 47 baş mal-qaranın meşə ərazisində qanunsuz olaraq saxlanılmasına görə 235,40 manat meşə fonduna dəymiş zərər müəyyən edilmişdir. Cavabdeh həmin mal-qaranı 30 gün meşə ərazisində otardığına görə dəymiş ziyan 30 dəfə artırılaraq 235,40 x 30=7062 manat hesablanmışdır. Həmçinin meşə ərazisində kömür yandırılması ilə bağlı 1m3 odunun kök üstə nırx dəyəri 5,18 manat olduğu üçün meşə məhsulunun dəyəri 1,50 x 5,18=7,70 manat ziyan hesablanmış və meşə məhsulu müsadirə olunmadığına görə ziyan məbləği 4 qat artırılaraq 7,70 x 4=31,08 manat müəyyən edilmişdir.

46. Kollegiya qeyd edir ki, qiymətləndirmə cədvəlləri sistemli şəkildə tədqiq olunduqda cavabdeh tərəfindən qanunsuz olaraq meşə ərazisində saxlanılan iribuynuzlu heyvanların yaşı, sayı və hansı müddətə meşə ərazisində qalmaları nəzərə alınmaqla ayrı-ayrılıqda dəymiş ziyan məbləğlərinin hesablandığı müəyyən edilir. Bununla belə dəymiş ziyanın müəyyən edilməsi üçün aparılmış hesablama metodu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 31 yanvar tarixli 30 nömrəli Qərarı ilə təsdiq edilmiş 3 nömrəli əlavə ilə müəyyən edilmiş qaydalara uyğundur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçı Mərkəzə dəymiş ziyan məbləğinin sonuncu tərəfindən verilmiş qiymətləndirmə cədvəlləri üzrə müəyyən edilməsi qanuni və əsaslıdır. Qiymətləndirmə cədvəllərindən görünür ki, dəymiş ziyan məbləği ümumilikdə (7062+31,08=7093,08) 7093,08 manat təşkil edir.

47. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, dəymiş ziyanın əvəzi olaraq müəyyən edilmiş 7093,08 manat Cavabdeh tutularaq iddiaçı Mərkəzə ödənilməlidir.

48. İşə baxan birinci instansiya məhkəməsi isə yuxarıda qeyd olunan halları hərtərəfli, tam və obyektiv araşdırıb düzgün hüquqi qiymət vermədən iddia tələbini təmin etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir. İşdən müəyyən olunur ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğuna görə rüsum ödəməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilməli olan 90,93 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir.

59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X6 Mərkəzi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2(042)-1175/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X6 Mərkəzinin Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh maddi ziyanın əvəzi olaraq 7093,08 (yeddi min doxsan üç manat səkkiz qəpik) manat alınaraq iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X6 Mərkəzinə ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilməli olan 90,93 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar