Məhkəmə qərarları › İş №2(104)-811/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-811/2025

19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-811/2025 19.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(062)-2227/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 3000 manat əsas, 324,37 manat faiz, 648,74 manat dəbbə pulu olmaqla cəmi 3973,11 manat kredit borcunun və 59,74 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq Cəmiyyətə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2227/2024 nömrəli qətnaməsi ilə, iddianın qismən təmin edilməsi qət edilmişdir. Həmin qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın təmin edilməməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2227/2024 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Tovuz Rayon Məhkəməsinə qaytarılmışdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(062)-2227/2024 nömrəli qərardadı (hakim Fərid Əliyev) ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2227/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan Cavabdeh yuxarıda qeyd edilən nöqsanları aradan qaldırmadan yenidən həmin şikayəti təkrar verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Çünki, məhkəmə tərəfindən prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(062)-2227/2024 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikasının MPM-in 269-cu maddəsinə müvafiq olaraq iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə müvafiq olaraq işə yazılı icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli və Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(062)-2227/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, şikayətin düzgün həlli üçün qanunvericiliyin apellyasiya şikayəti vermə müddəti, bu müddətin başlanması və sair kimi hüquqi əhəmiyyət kəsb edən prosessual hüquq normaları təhlil olunmalıdır. Başlanğıc olaraq qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər. Bu normadan göründüyü kimi, apellyasiya şikayəti vermə müddəti, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır. İş materialları ilə müəyyən edilir ki, məhkəmənin qətnaməsi Cavabdeh rəsmi qaydada təqdim edilmiş və 1 ay müddəti çərçivəsində onun tərəfindən apellyasiya şikayəti məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının MPM-in 364.1-ci maddəsində göstərilmişdir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikasının MPM-in 361.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada (həmin forma Mülki Prosessual Məcəlləyə 2 saylı Əlavədə müəyyən olunmuşdur) verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. Birinci instansiya məhkəməsi göstərilən normanın tələbinə uyğun olaraq apellyasiya şikayətinin Azərbaycan Respublikasının MPM-in 361-ci maddəsinə uyğunluğunu yoxlayan zaman müəyyən etmişdir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəlləyə 2 saylı Əlavədə müəyyən olunmuş forma və məzmuna uyğun deyildir. Həqiqətən də, apellyasiya şikayətinə diqqət yetirilən zaman müəyyən edilir ki, tərtib edilmiş apellyasiya şikayətində maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər göstərilməmiş, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqe aydın şəkildə ifadə edən izah verilməmişdir. Bir sözlə apellyasiya şikayəti Mülki Prosessual Məcəlləyə 2 saylı Əlavədə müəyyən olunmuş forma və məzmunda tərtib edilməmişdir. Azərbaycan Respublikasının MPM-in 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(062)-2227/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.1.-ci maddəsinə görə qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 398 və 402-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şikayət təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(062)-2227/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar