Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-812/2023 21.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı, Cavabdeh və onun nümayəndəsi vəkil X1 iştirakları ilə, Tovuz Rayon Məhkəməsinin 2(062)-2397/2022 saylı mülki iş üzrə 31 oktyabr 2022ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 21 avqust 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan sadə formada tərtib edilmiş qəbzin surətindən görünür ki,xx.xx.2019-cu iltarixdə Cavabdeh İddiaçı 10000 (on min) manat məbləğində borc almış və cavabdeh borcunu bir ay ərzində qaytaracağına dair öhdəlik götürmüşdür.
2. İş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, araşdırma zamanı Cavabdeh izahat verərək. İddiaçı ev tikdirmək məqsədilə 10000 manat məbləğində borc almasını, borcundan 2000 manat qaytarmasını və sonuncuya 8000 manat məbləğində borcu qalmasını bildirmişdir.
3. Mülki işin materiallarına əlavə olunan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyun 2023-cü il tarixli 4/923-5/770 saylı rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş mülki işin 69-cu vərəqində olan Cavabdeh adından olan qəbzin 3-cü sətrinin sonundakı “10000 AZN” yazılarındakı sonuncu “0” rəqəminin tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə tədqiqat üçün yararsız olduğundan, həmin “0” rəqəmi ilə mətndə olan digər “0” rəqəmlərinin öz aralarında eyni şəxs tərəfindən icra olunub-olunmaması haqqında rəy verilməsi mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş xx.xx.2019-cu il tarixli qəbzin mətnindəki “10000 AZN” yazısındakı sonuncu “0” rəqəminin sonradan əlavə olunması müəyyən edilmişdir. Həmin ekspert rəyinə əlavə edilən ekspertiza xərclərinə dair bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 170 manat məbləğini təşkil edir
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Tovuz ayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 8000 manat məbləğdə maddi ziyanın, 10000 manat məbləğində mənəvi ziyanın və ödənilmiş 145 manat dövlət rüsumunun əvəzinin alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, qeyd etdiyi ünvanda həyat yoldaşı, 1ci qrup əlil Rauf Mədətovla birgə yaşayır. Özlərinə məxsus yaşayış evini satıb daha münasib mənzil almaq qərarına gəlmişlər. Cavabdeh əvvəllər də ev-alğı satqısı (makler) ilə məşğul olan şəxs kimi tanıdığından bu işdə yardımçı olmağını ondan xahiş etmiş, ilk əvvəllər özünü düzgün, etibarlı bir şəxs kimi tanıtdığından ona inanmışdır. Ehtiyatında yeni mənzil almaq üçün kifayət qədər pul vəsaitinin olduğunu bilən cavabdeh ondan həyat yoldaşının iştirakı ilə 25 may 2019-cu il tarixdə bir ay müddətinə qaytarmaq şərti ilə 10000 manat pul almışdır. Bu barədə cavabdeh yazılı tərtib olunmuş qəbz də vermişdir. Həmin qəbzdə göstərilən müddətə pulu tam şəkildə qaytarmadığından cavabdehə iradını bildirmiş, lakin o, telefon zənglərinə cavab verib tezliklə aldığı pulu qaytaracağını vəd etmişdir. Bir müddət keçəndən sonra pulu birdəfəlik qaytarmağa imkanının olmadığını bildirmiş, aldığı puldan 2000 manatını qaytarmış və qalan hissəsini qaytarmaq üçün 3 ay vaxt istəmişdir. Həmin müddətdə də pulu qaytarmadığından müxtəlif bəhanələr gətirmiş və bu günədək qalan pul vəsaitini qaytarmamışdır. Bu faktlar cavabdehin izahatı, ilkin telefon danışıqları, etirafları ilə bir daha təsdiqlənir. Lakin, cavabdeh verdiyi vədə əməl etməməklə yanaşı telefon zənglərinə də sonda cavab verməmişdir. Artıq telefon rabitəsilə də əlaqə yaratmaq mümkün olmadığından məcbur olub polis orqanlarına cavabdehin etibardan sui-istifadə hərəkətləri barədə şikayət etmişdir. Cavabdeh polis orqanında verdiyi izahatında ona borclu olmasını etiraf etmiş və qaytaracağını bildirmiş, lakin işin mülki xarakterli olması səbəbindən cinayət işinin başlanması rədd edilmişdir. Cavabdehin hərəkətlərinin nəticəsi olaraq bu günə qədər ona vurulmuş maddi zərərin ödənilməsi məhkəmədən kənar şəkildə mümkün olmamışdır. Cavabdeh ona 8000 manat məbləğində ziyan vurmaqla yanaşı mənəvi zərər də vurmuşdur ki, bu mənəvi zərər həm onun, həm də 1-ci qrup əlil olan həyat yoldaşının səhhətində əlavə problemlər yaratmış, mənəvi cəhətdən sarsılmışlar. Cavabdehin bu hərəkətləri onun işgüzar nüfuzuna da xələl gətirmişdir. İşlədiyi mətbuat sahəsində iş yoldaşlarının dairəsində nüfuzdan düşmüşdür. Vurulmuş mənəvi zərəri 10000 manat məbləğində dəyərləndirir.
6. Tovuz Rayon Məhkəməsinin 2(062)-2397/2022 saylı mülki iş üzrə 31 oktyabr 2022-ci il tarixli qətnamə ilə (hakim F.Əliyev) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 8000 manat məbləğdə pulun alınaraq, İddiaçı verilməsi, iddia tələinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi düzgün araşdırmamışdır. Qeyd etmişdir ki, o, iddiaçıdan 10000 manat məbləğində pul götürməmişdir, iddiaçıdan bu məbləğdə pulu götürməyi barədə qəbz verməmişdir. Həmçinin, ona məhkəmə iclasıları barədə heç bir məlumat verilməmişdir. Ona görə də iddiaya münasibət bildirə bilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi vəkil X2 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəməyə bildirdi ki, Binəqədi Rayon Polis İdarəsində iddiaçıya 8000 manat borcunun olması barədə izahat verməmişdir. Bundan sonra, iddaçının məhkəməyə təqdim etdiyi-iddiaçı ilə cavabdeh arasında olan səs yaziları dinlənilərkən danışan şəxslərin onunla iddiaçı olduğunu etiraf etmişdir.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətində göstərilənlərə etiraz etmiş, işin apellyasiya baxışı zamanı alınmış ekspert rəyinə də münasibət bildirərək qeyd etmişdir ki, məhkəməyə təqdim edilən qəbzdəki “10000” manat rəqəmi məhz Cavabdeh tərəfindən yazılmışdır. Belə ki, Cavabdeh həmin qəbzi verərkən “on min” rəqəmini əvvəlcə səhvən “1000” manat kimi yazmışdır. O isə Rəşada demişdir ki, on min rəqəmində 3 deyil, 4 ədəd “0” yazılır. Bundan sonra Rəşad sonuncu “0” rəqəmini də özü əlavə etmiş və bu zaman həmin rəqəmi də qaralamışdır. Daha sonra Rəşad ona borclu olduğu pulu qaytarmadığından dəfələrlə ondan borcunu qaytarmasını xahiş etmiş və aralarında olan bəzi telefon danışıqlarını telefonun yaddaşında saxlamışdır. Danışıqlarda Rəşad ona 8000 manat borclu olduğunu etiraf etsə də, yenə də borcunu qaytarmamışdır. Onun şikayəti əsasında Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılarkən Rəşad ona 8000 manat borcunun olması barədə izahat vermişdir.Sonda iddiaçı şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
12. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
15. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
16. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
17. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
18. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın
21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 23 Maddə. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
24. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
25. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
26. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.
29. Belə ki, işə apellyasiya instansiyasında baxılarkən Cavabdeh iddiaçıdan 10000 manat məbləğində borc aldığını inkar etdiyindən və onun adından olan qəbzdə iddiaçıdan 1000 manat boc aldığını, sonuncu-dördüncü “0” rəqəminin onun tərəfindən yazılmadığını bildirdiyindən, məhkəmə kollegiyası tərəfindən iş üzrə 02 may 2023-cü il tarixli qərardadla məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi 08 iyun 2023-cü il tarixli 4/923-5/770 saylı rəy verilmişdir. Həmin rəydə qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş, mülki işin 69-cu vərəqində olan Cavabdeh adından olan qəbzin 3-cü sətrinin sonundakı “10000 AZN” yazılarındakı sonuncu “0” rəqəminin tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə tədqiqat üçün yararsız olduğundan, həmin “0” rəqəmi ilə mətndə olan digər “0” rəqəmlərinin öz aralarında eyni şəxs tərəfindən icra olunub-olunmaması haqqında rəy verilməsi mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş xx.xx.2019-cu il tarixli qəbzin mətnindəki “10000 AZN” yazısındakı sonuncu “0” rəqəminin sonradan əlavə olunması müəyyən edilmişdir.
30. Bununla belə, kollegiya həmin ekspert rəyini irəli sürülən iddianın rədd edilməsinə əsas verə bilən mötəbər sübut kimi qəbul etmir.
31. Belə ki, məhkəmənin son iclasında iddiaçı tərəfindən təqdim edilmiş səs yazılarını tədqiq edərkən müəyyən edilmişdir ki, Cavabdeh iddiaçıya 8000 manat borcunun olmasını dolyısı ilə etiraf edir. Həmin səs yazısında danışan şəxslərin onunla iddiaçı olduğunu Cavabdeh özü də etiraf etmişdir. Danışıqlarda isə iddiaçı cavabdehə deyir ki, “gəl sən mənim pulumu başqa vasitələrlə qaytar.Sənin ev tikintisi ilə məşğul olan tanışların var. Onlardan mənim üçün ev götür, öz borcuna düşən hissəni sən ödə, qalanını da mən özüm ödəyim. Cavabında Cavabdeh deyir ki, “mən buna çalışaram, əgər alınarsa deyərəm ki, evin səkkiz min manatını mən ödəyəcəyəm.” Bundan başqa,alınmış ekspert rəyi ilə “10000 AZN” yazılarındakı sonuncu “0” rəqəminin cavabdeh tərəfindən icra olunması nə təsdiq, nə də ki, inkar edilmir.
32. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
33. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
34. Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Kollegiya bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Hazırki işdə cavabdeh tərəfin iddiaya etiraz etdiyi nəzərə alındıqda, iddiaçının məhkəməyə bildirdiklərini təsdiq edə bilən əlaqəli, başqa mötəbər sübutlar da olmalıdır və artıq yuxarıda qeyd edildiyi kimi, iddiaçı bu barədə həm yazılı qəbzi, həm də cavabdehin iddiaçıya 8000 manat məbləğində borcunun olduğunu dolayısı ilə etiraf etdiyi səs yazısını məhkəməyə təqdim etmişdir.
35. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.
36. Məhkəmə kollegiyası tərəflərin məhkəməyə bildirdiklərini iddiaçının məhkəməyə təqdim etdiyi sübutlarla əlaqəli şəkildə təhlil edərək, belə qənaətə gəlir ki, iddiaçının məhkəməyə təqdim etdiyi sübutlar məcmu halda qiymətləndirildikdə, cavabdehin iddiaçıdan 10000 manat məbləğində borc pul alması və həmin məbləğin 8000 manatını qaytarmaması işin faktiki halı kimi təsdiq olunur.
37. Ona görə də məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə istinad edərək, hesab edir ki, apellyatorun şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə düzgün nəticəyə gəlmişdir.
38. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında borc müqaviləsi bağlanmış və bununla da onlar arasında borc hüquq münasibətləri yaranmışdır. İddiaçı borc müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməmişdir. Buna görə də, məhkəmə kollegiyası iddia edilən borcun cavabdehdən tutulmasını əsaslı tələb hesab edir.
39. Apellyator Cavabdeh şikayətinin dəlilinin digəri isə məhkəmə iclasında onun iştirakının təmin edilməməsi barəsindədir.
40. Kollegiya şikayətin həmin dəlilini də əsassız hesab edir.
41. Belə ki, iş materiallarının 29-cu vərəqində olan poçt xəbərnaməsindən görünür ki, məhkəmənin 31 oktyabr 2022-ci il tarixə, saat 15:00-a təyin edilmiş iclası barədə Cavabdeh bildiriş göndərilmiş və qeyd edilən bildirişi cavabdeh şəxsən poçt xəbərnaməsinə imza etməklə qəbul etmişdir.
42. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə daxil olan 08 iyun 2023-cü il tarixli ekspert rəyinə əlavə edilən ekspertiza xərclərinə dair bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 170 manat məbləğini təşkil edir.
43. İrəli sürülən iddia təmin edildiyindən və cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən Azərbaycan Respublikasının MPM-in 119-cu maddəsinə əsaslanan kollegiya hesab edir ki, həmin məhkəmə xərcləri cavabdehə aid edilməli və ondan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 2(062)-2397/2022 saylı mülki iş üzrə 31 oktyabr 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 170 (bir yüz yetmiş) manat məbləğində pul Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə, ondan kassasiya şikayəti verilməzsə, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.