Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-813/2023 16.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə, Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(013)-2419/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, Rest№003CASA191580013 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, müqavilədən irəli gələn ödənilməmiş 10967.01 manat əsas borcun, 13.09 manat faiz borcun, cəmi 10980.10 manat məbləğində borcun və ödənilmiş 122.94 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(013)-2419/2022 saylı qətnaməsi ilə (hakim Rafiq Məmmədov) iddia tələbi təmin edilmiş, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanılmış 07 iyun 2019-cu il tarixli Rest№003CASA191580013 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 10967.01 manat əsas kredit borcu və 13.09 manat faiz borcu olmaqla, cəmi 10980.10 (on min doqquz yüz səxsən manat on qəpik) manat borc və 122.94 (yüz iyirmi iki manat doxsan dörd qəpik) manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(013)-2419/2022 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində mübahisə həll edilərkən onun tərəfindən banka olan borcdan ödəmiş olduğu ödənişləri nəzərə alınmamışdır. Belə ki, kredit müqaviləsi üzə borcun müəyyən bir hissəsi onun tərəfindən ödənilmişdir.Hesab edir ki, ona əlavə yazılmış borcunun məbləğinin dəqiq müəyyənləşdirilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməlidir. İş üzrə cavabdehlərə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Cavabdeh1 məhkəmə kollegiyasına teleqram ünvanlayaraq üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilmədiyini, odur ki, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı QSC-nin nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 07 iyun 2019-cu il tarixli Rest№003CASA191580013 nömrəli Güzəştli kredit müqaviləsinə əsasən 60 ay müddətində, illik faiz dərəcəsi 1 % olmaqla, 12 ay güzəşt müddəti tətbiq edilməklə 10980 manat məbləğində kredit götürmüşdür. Nəcəfov Fərhad Bayram oğlu kredit razılaşmasının tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış , kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan əsas borc üzrə 2286.13 manat və faiz borcu üzrə 224.13 manat ödəmiş, onun 10980.1 manat məbləğində kredit borcu qalmışdır.Cavabdehlərin əsas borc üzrə 10967.01 manat, faiz borcu üzrə 13.09 manat olmaqla cəmi 10980.1 manat məbləğində borcu yaranmışdır. Cavabdehin banka olan borcunun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, hazırkı vaxtadək cavabdehin banka olan borcu ödənilməmiş qalmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsini əsaslı hesab edir. Onu da qeyd edir ki, cavabdehə verilmiş kredit üzər faizlər illik 1 % dərəcəsi ilə hesablanmış və tələb edilmişdir. Cavabdeh tərəfin şikayət verməkdə məqsədi icraatı ləngitmək və vaxtı uzatmaqdır.Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(013)-2419/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(013)-2419/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(013)-2419/2022 saylı qətnaməsindən cavabdehlərdən yalnız Cavabdeh1 apellyasiya şikayəti versə də, tələb bölünməz olduğundan, yəni borc məbləği cavabdehlərin hər üçündən müştərək qaydada tutulduğundan qətnamənin qanuniliyi və əsaslılığı tam yoxlanılır və hazırda birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət verməyən digər cavabdehlərin (Cavabdeh2 və Cavabdeh3) sonradan həmin qətnaməni mübahisələndirməklə, apellyasiya şikayəti vermək hüququ istisna olunur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının qəbul etdiyi “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx.xx.2020-ci il tarixli 04/2020 saylı qərardadının 14-cü bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələri baxımından şərh edilməsinə dair 2011-ci il 20 may tarixli qərarında MPM-in 372.6-cı maddəsinin tələbləri baxımından apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının tam yoxlanılmasını yalnız apellyasiya şikayəti ilə deyil, həmçinin mübahisənin predmeti bölünməz olduqda ona qarşı verilmiş etirazla da əlaqələndirmişdir. Mübahisənin predmetinin bölünməz olması məsələsi isə tərəflərin şikayət və etirazlarda irəli sürdükləri dəlillər nəzərə alınmaqla hər bir halda məhkəmə tərəfindən müəyyən olunmalıdır. Həmçinin, həmin qərardadda qərara alınmışdır ki, məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Ona görə də, hazırkı apellyasiya baxışının hədlərini Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(013)-2419/2022 saylı qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanlması təşkil edir. İş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, Rest№9003CASA191580013 nömrəli "Güzəştli kredit müqaviləsi"ndən görünür ki, illik 1% olmaqla, 12 ay güzəşt müddəti tətbiq edilməklə cəmi 10980.10 (on min doqquz yüz səxsən manat on qəpik) manat məbləğində kredit 60 ay müddətinə ödəmək şərti ilə borcluya verilmişdir. xx.xx.2019-cu il tarixli, 003FİZAM47731502 nömrəli Zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh3 kreditor İddiaçı ASC qarşısında borclu Cavabdeh1 xx.xx.2019-cu il tarixli Rest№003CASA191580013 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. xx.xx.2019-cu il tarixli, 003FİZAM47729602 nömrəli Zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 kreditor İddiaçı ASC qarşısında borclu Cavabdeh1nm xx.xx.2019- cu il tarixli Rest№003CASA191580013 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixə kredit müqaviləsi üzrə ödənilməmiş 10967.01 manat əsas kredit borcu, 13.09 manat faiz borcu olmaqla cəmi 10980.10 manat borcu təşkil edir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli, Rest№9003CASA191580013 nömrəli "Güzəştli kredit müqaviləsi" bağlanaraq, sonuncuya 60 ay müddətində, illik faiz dərəcəsi 1 % olmaqla, 10980.10 məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh3 və Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli, 003FİZAM47731502 saylı və xx.xx.2019-cu il tarixli, 003FİZAM47729602 saylı zaminlik müqavilələri bağlanmış və zaminlər Cavabdeh3 və Cavabdeh2 borc alan Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə onunla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin onlar öz üzərinə düşən öhdəliklərə əməl etməyərək, borcu müəyyən olunmuş müddətdə və qaydada ödəməmiş və müqavilə şərtlərini pozaraq, xx.xx.2022-ci il tarixə əsas borc üzrə 10967.01 manat, faiz borcu üzrə 13.09 manat olmaqla, cəmi 10980.10 manat məbləğində borclu qalmışdır. Azərbaycan Respublikasının MM-i: Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi, Cavabdeh1 İddiaçı ASC-yə olan kredit borcunun qalıq məbləğinin ona kredit verilməsi barədə müqavilə bağlayan zaman müqavilənin bütün şərtləri ilə razılaşaraq, həmin şərtlərə əməl edəcəyi barədə öhdəlik götürməsinə baxmayaraq, üzərinə düşən öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, nəticədə 10967.01 manat əsas, faiz borcu üzrə 13.09 manat olmaqla, cəmi 10980.10 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikasının MM-i: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Kollegiya hesab edir ki, borcalan müqavilə üzrə pul öhdəliyini tam şəkildə və vaxtında icra etmədiyinə və zamin həmin borcun ödənilməsinə görə birgə məsuliyyəti öz üzərinə götürdüyünə görə Bank borcun vaxtından əvvəl ödənilməsini hər üç cavabdehdən müştərək qaydada tələb etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası cavabdehin borc məbləğinin dəqiq müəyyən edilməsi üçün ekspertiza təyin edilməsi barədə dəlilini əsassız sayır. Belə ki, xx.xx.2022-ci il tarixli maliyyə arayışı və işdə olan cavabdehə aid hesabdan çıxarış sənədlərində cavabdeh tərəfindən ödənilmiş əsas və faiz borcları dəqiqliklə əks olunmuş və yaranmış borc məbləği heç bir şübhə yaratmır. Məhkəmə kollegiyası Cavabdeh1 kredit müqaviləsi üzrə borcun çox hissəsini ödəməsi və iddiaçı tərəfindən qalıq borcun şişirdilmiş məbləğdə hesablanması həmin dəlilləri əsassız sayır. Belə ki, cavabdeh borcunun çox hissəsini ödəməsi barədə ödəmə sənədlərini apellyasiya şikayətinə əlavə etməmiş, həmçinin heç bir üzrlü səbəb olmadan kollegiyanın iclasına gəlməyərək, dəlillərini sübuta yetirməyə, ödəmə barədə sənədlərini təqdim etməyə cəhd göstərməmişdir. İşdə olan Cavabdeh1 aid heab üzrə çıxarışda isə, onun nə vaxt hansı məbləğdə ödəmələr etdiyi göstərilmiş və adi riyazi hesablamalara əsasən, dəqiqliyi müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Ağdam Rayon Məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(013)-2419/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(013)-2419/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-813/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-813/2023
16.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver