Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-814/2025 15.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli 2(023)-86/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 15 aprel 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. CD diskə əlavə edilmiş auido səs yazıdan müəyyən edilir ki, Cavabdeh İddiaçı1 5400 manat, digər İddiaçı2 1100 manat borcu qaldığını və borcunu ödəyəcəyini bildirir. (birinci instansiya məhkəməsində icraat zamanı cavabdehin etibarnamə üzrə nümayəndəsi (vəkil) həmin sözlərin Cavabdeh aid olduğunu bildirmişdir). Bundan əlavə, səs yazısında Cavabdeh xırdabuynuzlu heyvanları iddiaçılardan nisyə aldığı vaxtdan 1 ildən artıq müddət keçdiyini bildirmişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
2. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1100 manat pul alınıb İddiaçı2 verilməsi və 5400 manat pul və ödənilmiş dövlət rüsumu alınıb İddiaçı1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
3. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, yaşadıqları kənddə heyvandarlıqla, təsərrüfatla və muzdlu əməklə ailələrini dolandırırlar. Onlar əsasən qoyunçuluq təsərrüfatı ilə məşğul olurlar. 2022-ci ilin dekabr ayının 14-də Cavabdeh İddiaçı1 14600 manat dəyərində 73 baş xırdabuynuzlu heyvan almış, həmin puldan hissə-hissə ödəmiş və 5400 manat borcu qalmışdır. 2022-ci ilin dekabr ayının 4-də Cavabdeh İddiaçı2 19475 manat dəyərində 95 baş xırdabuynuzlu heyvan almış və borcundan 1100 manat qalmışdır. Keçən iki il müddət ərzində cavabdehdən borcu dəfələrlə istəmişlər, hər dəfə cavabdeh müxtəlif bəhanələr gətirərək borcunu ödəyəcəyini vəd etsə də, borcu verməmiş, onları indiyə kimi aldatmışdır. Bu barədə kifayət qədər sübutları və şahidləri vardır. Cavabdehlə hər dəfə ona məxsus nömrə ilə danışanda borcunu inkar etmir, verəcəyini vəd edir, lakin borcunu vermir. Cavabdeh onların pulunu özündə saxlamaqla, onların əldə edəcəyi gəlirdən məhrum etmişdir. Onlar həmin pula heyvan alıb saxlayaraq gəlir əldə edə bilərdilər. Cavabdehin qanunsuz və qərəzli hərəkətləri nəticəsində onlar həmin gəlirdən məhrum edilmişlər.
4. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 verdiyi ifadəsində göstərmişdir ki, o, iddiaçılar İddiaçı1 və İddiaçı2 qonşusudur. İddiaçının uşağı xəstə olduğundan uşağı ziyarət etmək üçün onlara getmişdir. Həmin vaxt tanımadığı şəxslərin oraya gəldiyini və heyvan apardıqlarını görmüşdür. Həmin şəxs 400 dollar pul vermişdir ki, uşağı xəstəxanaya aparsınlar. Qalan pulu da yanvar ayının sonuna kimi ödəyəcəyini bildirmişdir.
5. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 verdiyi ifadəsində göstərmişdir ki, o, İddiaçı1 və İddiaçı2 qonşusudur. Uşaq xəstə olduğu üçün uşağı ziyarətə getmişdir. Həmin vaxt Cavabdeh 73 baş xırda buynuzlu heyvanı 205 manatdan satmışdır. Həmin vaxt həmin şəxs 400 dollar vermiş, pulun qalanı isə qalmışdır. Onun yanında dəfələrlə telefonla Cavabdehla danışmışlar və sonuncu borcunu qaytaracağını demişdir.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçılar onun yaxın qohumudur. İddiaçı1 uşağı xəstə olduğundan Bakı şəhərinə aparırdılar. Həmin günü onlar Namiqin qaynatasının evində olmuşlar. Cavabdeh İddiaçı1 73 baş xırdabuynuzlu heyvan almış və 400 dollar vermişdir. Qalan pulu isə sonra verəcəyini demişdir. Cavabdeh İddiaçı1 5400 manat, İddiaçı2 isə 1100 manat borcu qalmışdır.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçıların qonşusudur. İddiaçı1 uşağı xəstə olduğundan onlara ziyarətə getmişdir. Həmin vaxt İddiaçı1 73 baş xırdabuynuzlu heyvanı satdığını, alıcının pulun yarısını verdiyini görmüşdür. Heyvanın birini 210 manata hesablamışlr. Həmin vaxt alıcı heyvanların pulundan 400 dollar vermiş, qalanı isə qalmışdır. İddiaçı2 heyvanını harda satması barəfə məlumatı yoxdur.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı1 onun kürəkənidir. Həmin vaxt 73 baş heyvanı onların evindən satmışlar. Alıcı pulun bir hissəsini vermiş, sonradan qalan hissəni verəcəyini demişdir. Cavabdehin 5400 manat İddiaçı1, 1100 manat isə İddiaçı2 borcu qalmışdır. Heyvanı alan zaman 400 dollar vermişlər. Sonradan pul verməmişdir.
9. Qazax Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli 2(023)-86/2025 nömrəli qətnaməsi ilə (hakim Elçin Mansırov) İddiaçı1 və İddiaçı2 iddiası təmin edilərək, Cavabdeh 5400 manat məbləğində pul İddiaçı1 və 1100 manat məbləğində pul isə İddiaçı2 xeyrinə tutulması; Cavabdeh 85 manat məbləğində dövlət rüsumu alınıb İddiaçı1 verilməsi qət edilmişdir.
10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 427.3, 448.1, 600.4, 601.2, 882.1, 882.2 və 882.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətlərinin dəlilləri
11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə iclasında iddiaçılar verilən suallara cavab olaraq heyvanın birinin 200 manat qiymətlədirildiyini bildirmiş, daha sonra məbləğ uyğun gəlmədiyini bildikdə dəqiq xatırlamadıqlarını qeyd etmişlər. Eyni zamanda məhkəmə iclasında şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçılar onun yaxın qohumudur. İddiaçı1 uşağı xəstə olduğundan Bakı şəhərinə aparırdılar. Həmin günü onlar Namiqin qaynatasının evində olmuşlar. Cavabdeh İddiaçı1 73 baş xırdabuynuzlu heyvan almış və 400 dollar vermişdir. Qalan pulu isə sonra verəcəyini demişdir. Cavabdeh qalan pulu vermədiyini bildirsə də, məhkəmə qətnaməsində guya ki, borcun məbləğini bildirməsi qeyd edilmişdir. Halbuki, şahid məhkəmə iclasında 400 dollar verməsini geridə qalan məbləği isə ödəməməsini qeyd etmişdir. Məhkəmə şahidlərin ifadələrini təhrif edərək yazmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçıların qonşusudur. İddiaçı1 uşağı xəstə olduğundan onlara ziyarətə getmişdir. Həmin vaxt İddiaçı1 73 baş xırdabuynuzlu heyvanı satdığını, alıcının pulun yarısını verdiyini görmüşdür. Heyvanın birini 210 manata hesablamışlar. Həmin vaxt alıcı heyvanların pulundan 400 dollar vermiş, qalanı isə qalmışdır. İddiaçı2 heyvanını harda satması barəfə məlumatı olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı1 onun kürəkənidir. Həmin vaxt 73 baş heyvanı onların evindən satmışlar. Alıcı pulun bir hissəsini vermiş, sonradan qalan hissəni verəcəyini demişdir. Cavabdehin 5400 manat İddiaçı1, 1100 manat isə İddiaçı2 borcu qalmışdır. Heyvanı alan zaman 400 dollar vermişlər. Sonradan pul vermədiyini bildirmişdir. Göründüyü kimi şahid və iddiaçıların ifadələri arasında ziddiyətlər vardır. Lakin məhkəmə şahid və iddiaçıların vermiş olduğu ifadələr arasında ziddiyəti müəyyənləşdirməmişdir. Eyni zamanda məhkəmə onun sözlərini də təhrif etmişdir. Belə ki, iş materiallarında olan audio yazıdan açıq şəkildə görünür ki, o, ifadəsində hər bir heyvanı 140 manat müqabilində aldığını bununlada 10220 manat Namiq adlı şəxsdən 13300 manat Aftandil adlı şəxsdən heyvan aldığını bildirmişdir. Eyni zamanda məhkəmə iclasında heyvanların qiymətinin müəyyən edilməsi ilə bağlı vəsatət verməyinə baxmayaraq hakim obyektiv araşdırmanı təmin etməyin əksinə vəsatətimi təmin etməyərək, iddiaçının heç bir sübut təqdim etmədən yalnız şifahi olaraq bildirdikləri qiymətlə razılaşmaqla kifayətlənmişdir. MPM-nin tələbləri baxımından iddiaçılar sübut etməlidirlər ki, onun İddiaçı2 19475, İddiaçı1 14600 manat borcu olmuşdur. Həmin şəxslərdən heyvanı borc almış, lakin İddiaçı2 heyvanlarının ümumi dəyəri 13300, İddiaçı1 heyvanlarının ümumi dəyəri 10220 manat olmuşdur. İddiaçının məhkəmə iclasında vermiş olduğu ifadəsindən və iddia ərizəsindən görünür ki, o, İddiaçı1 9200 manat pul ödəmişdir. Lakin iddiaçı sübut edə bilmir ki, aralarında olan borcun məbləği 14600 manat olmuşdur. Eyni zamanda İddiaçı2 məhkəmə iclasında vermiş olduğu ifadəsində və iddia ərizəsində qeyd etmişdir ki, ona 18375 manat ödədiyini qeyd etmişdir. Lakin iş materiallarında onun İddiaçı2 19475 manat borcu olmasını sübut edəcək dəlillər mövcud deyildir. İş materiallarına əlavə edilmiş səs yazısının tarixi yoxdur. Borcu olan vaxt onun səsini yazmışlar, borcunu tam olaraq bağladığı təqdirdə köhnə səs yazısını məhkəməyə təqdim edərək guya ki, onun borcu olduğu barədə iddia irəli sürmüşlər. Borcunu hissə-hissə ödəmişdir, iddiaçılar səsini yazdıran zaman onlara borcu olmuş və daha sonra ödəniş etmişdir. İddiaçılar səs yazısını özlərində saxlayaraq hazırda sübut qismində istifadə edirlər. Lakin, məhkəmə həmin səs yazısının nə vaxt yazılmasını müəyyənləşdirməmişdir. Eyni zamanda onu da qeyd edir ki, iddiaçılar müxtəlif şəxslərdir və müxtəlif vaxtlarda onlardan heyvan almışdır, onların birgə iddiaçı olmaları, eləcə də, birbirlərinə şahid olmaları kobud şəkildə qanun pozuntusudur. Məhkəmə qətnaməsində guya ki, onun borcu etiraf etdiyi dəlalətinə gələrək iddianı tam olaraq təmin etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, borcu deyil faktı etiraf edir ki, aralarında nisyə alqı-satqı olmuş, tərəfindən borc icra edilmiş və aralarında olan nisyə alqı-satqı müqaviləsinin məbləği İddiaçı1 münasibətdə 10220 manat, İddiaçı2 münasibətdə 13300 manat olmuşdur. İddiaçı1 da iddia ərizəsində və məhkəmə iclasında vermiş olduğu ifadəsində ona 9200 manat ödədiyini etiraf etmiş, lakin məhkəmə onun etirafını nəzərə almamışdır. Eyni zamanda İddiaçı2 iddia ərizəsində və məhkəmə iclasında ona 18375 manat pul ödədiyini bildirmişdir. Belə olan halda sübut etmə öhdəliyinə əsasən onlar sübut etməlidir ki, aralarında bağlanmış nisyə alqı-satqı müqaviləsinin məbləği İddiaçı1 münasibətdə 14600 manat, İddiaçı2 münasibətdə 19475 manat olmuşdur. Lakin hər iki iddiaçının vermiş olduğu ifadələr, eləcə də məhkəmə iclasına dəvət etmiş olduqları şahidlərin ifadələrindən iddiaçıların qeyd etdiyi məbləğləri söyləyən şəxslər olmamışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
d) Prosessual məsələlər
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
15. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
16. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
17. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
18. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
27. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ilə xırdabuynuzlu heyvanların nisyə alqı-satqısına dair razılığa gəlmişlər. İddiaçılar cavabdehə xırdabuynuzlu heyvanları nisyə satmışlar. Cavabdeh iddiaçılardan nisyə aldığı xırdabuynuzlu heyvanların dəyərinin bir hissəsini ödəmiş, qalan məbləği isə ödəməmişdir. Ona görə də iddiaçılar hazırkı tələblə məhkəməyə müraciət etmişlər.
32. Məhkəmə kollegiyası iddianın təmin olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
33. Birinci instansiya məhkəməsində icraat zamanı iş materiallarına əlavə edilmiş CD diskdəki səs yazısı tərəflərin iştirakı ilə tədqiq edilmiş və cavabdehin etibarnamə üzrə nümayəndəsi (vəkil) həmin sözlərin Cavabdeh aid olduğunu bildirmişdir. Həmin səs yazısından müəyyən edilir ki, Cavabdeh İddiaçı1 5400 manat, digər İddiaçı2 1100 manat borcu qaldığını, lakin həmin səs yazısından sonra cavabdehin iddiaçılara qalan borcunu ödədiyini bildirir.
34. Beləliklə, işin faktiki halları ilə müəyyən olunur ki, Cavabdeh xırdabuynuzlu heyvanların nisyə alqı-satqısına görə İddiaçı1 5400 manat, digər İddiaçı2 isə 1100 manat borcu qalmışdır.
35. Artıq, mübahisənin obyektiv həlli üçün ikinci araşdırılmalı məsələ - Cavabdeh xırdabuynuzlu heyvanların nisyə alqı-satqısına görə İddiaçı1 5400 manat, digər İddiaçı2 isə 1100 manat qalıq borcundan hər hansı ödəniş edib-etməməsinin müəyyən edilməsidir. Çünki, Cavabdeh apellyasiya şikayətinin dəlillərində istinad edilən səs yazısından sonra iddiaçılara olan borcunu hissə-hissə ödədiyini və borcu qalmadığını bildirmişdir.
36. Bu kontekstdə araşdırma aparan məhkəmə kollegiyası qeyd edir ki, xırdabuynuzlu heyvanların nisyə alqı-satqısına görə Cavabdeh İddiaçı1 5400 manat, digər İddiaçı2 isə 1100 manat borcu qalması işdəki sübutlarla öz təsdiqini tapır; bu halda da həmin malların alqı-satqısına görə qalan məbləğin iddiaçılara ödənilməsini sübut etmək yükü isə cavabdehin (alıcının) üzərinə düşür və qanunvericiliyin tələblərinə görə bu hal yalnız müəyyən sübutetmə vasitələri ilə (konkret halda pulun verilməsinə dair müvafiq qəbzlər, müqavilə və s.) sübut edilməlidir.
37. Cavabdeh iddiaçılardan nisyə aldığı xıabuynuzlu heyvanların dəyərini tam ödədiyini bildirsə də, lakin bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
38. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
39. Həmin Məcəllənin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
40. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
41. Lakin, Cavabdeh bu sübut etmə öhdəliyinin öhdəsindən gələ bilməmiş və irəli sürdüyü dəlili sübuta yetirə bilməmişdir.
42. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli 2(023)-86/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.