Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-818/2023 17.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli 2(125)-1274/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 7915 manatın, hüquqi yardıma görə ödənilmiş 110 manatın alınıb ona verilməsi, eləcə də şəhid ailəsi olduğu üçün dövlət rüsumundan azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli 2(125)-1274/2022 nömrəli (hakim X.Səfərli) qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 7915 (yeddi min doqquz yüz on beş) manat pul tutularaq İddiaçı ödənilməsi; Hüquqi yardıma görə ödənilmiş rüsumun əvəzi olaraq 110 (yüz on) manat pul Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun tanışıdır. O, bir ay ərzində qaytarmaq şərti ilə 02 noyabr 2019-cu il tarixdə 1000 manat borc pul alıb və qaytaranda 1150 manat qaytaracağı barədə qəbz yazmışdır. Bundan başqa, cavabdeh ondan 2021-ci ilin aprel ayının 2-də 2690 manat, may ayının 1-də 500 manat, iyun ayının 27-də 1200 manat, iyul ayının 28-də 1000 manat və sentyabr ayının 30-da 1000 manat borc pul almış, həmin pulları 2021-ci ilin dekabr ayına kimi qaytaracağını bildirmişdir. Bundan başqa, cavabdeh onun satılıqda paltarlarından satıb pulunu qaytarmaq şərtilə 875 manatlıq paltar götürmüş, onun 500 manatını qaytarmış, 375 manat pulu qaytarmamışdır. Hazırda cavabdehin ona ümumilikdə 7915 manat borcu qalmışdır. Dəfələrlə tələb etməyinə baxmayaraq, cavabdeh pulu qaytarmamışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, o, 30 sentyabr 2021-ci il tarixdə iddiaçıdan 1000 manat borc götürməmişdir. İddiaçı cəmi 6430 manat sələmə pul götürmüşdür. 2022-ci ilin may ayınadək onun tərəfindən iddiaçıya hər ay 780 manat sələm ödənilməklə cəmi 28800 (iyirmi səkkiz min səkkiz yüz) manat pul ödənilmişdir. O iddiaçıdan satıb pulun ödəmək şərti ilə 875 manatlıq paltar götürmüş və həmin paltarları sataraq iddiaçıya 875 manatı tam ödəmişdir. Ona paltardan borcu qalmamışdır. Həmçinin, məhkəmə tərəfindən araşdırılmamışdır ki, o 02 noyabr 2019-cu il tarixdə sələmlə pul götürərkən 1 aya qaytaracağına dair qəbz yazmışdır. Əgər o həmin məbləği 1 aya qaytarmamışdırsa, onda iddiaçı nəyə görə ona sonradan borc pul vermişdir. Bu sübut edir ki, iddiaçı ona sələmlə 36 ay müddətinə müxtəlif vaxtlarda pul vermişdir. İşdə iştirak edən şəxslərin verdiyi izahatlar Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, o, 02 noyabr 2019-cu il tarixdə sələmlə pul götürərkən 1 aya qaytaracağına dair qəbz yazmışdır. Həmçinin, digər qəbzlərdə göstərilən pulları da müxtəlif vaxtlarda götürmüşdür. Lakin, həmin pulları iddiaçıya artıqlamasıyla qaytarmışdır. Belə ki, 02 aprel 2021-ci il tarixədək onun tərəfindən iddiaçıya hər ay 780 manat sələm ödənilməklə cəmi 28.800 manat ödənilmişdir. Götürdüyü pululları qaytarması iş materiallarında olan qəbzlərlə də təsdiq olunur. İddiaçıdan götürdüyü pulları sələm olaraq götürmüşdü. Necə ola bilər ki, 2019-cu ildə götürdüyü pulu ödəmədiyi halda İddiaçı 2021-ci ildə yenidən ona sələm olaraq pul versin. O, iddiaçıdan götürdüyü pulları artıqlaması ilə ona faizi ilə birlikdə qaytarmışdır. Bildirir ki, o sələmə götürdüyü həmin pullarla satmaq üçün mal alıb satmışdır. Həmin malları satdıqca iddiaçının pulunu qaytarmışdır. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil da nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki iş materiallarında olan: Cavabdeh tərəfindən imzalanmış sənədlərdən görünür ki, o, İddiaçı 2690 manat ayın 2-sində, 500 manat may ayının 1-də, 1200 manat iyun ayının 27-sində, 1000 manat ayın 28-ində və 1000 manat ayın 30-da pul almışdır; Cavabdeh tərəfindən imzalanmış 02 noyabr 2019-cu il tarixli qəbzdən görünür ki, sonuncu həmin tarixdə İddiaçı 1000 manat pulu 1 aylıq götürdüyünü, dekabr ayının sonu, yanvar ayının 2-nə qədər 1150 manat qaytaracağını qeyd etmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1 və 882-ci maddələrinə, eləcə də Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2, 106.3 və 191.3-cü maddələrinə istinadən hesab etmişdir ki, iddia təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2. maddəsinə görə isə borc müqaviləsi üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (31 may 2016cı il tarixli, 269-VQD nömrəli Qanunla maddənin mətninin yeni redaksiyası). Məhkəmə kollegiyasının iclasında isə müəyyən olunur ki, İddiaçı 02 noyabr 2019-cu il tarixdə 1000 manat, 02 aprel 2021-ci il tarixdə 2690 manat, 01 may 2021-ci il tarixdə 500 manat, 27 iyun 2021-ci il tarixdə 1200 manat, 28 iyul 2021-ci il tarixdə 1000 manat və 30 sentyabr 2021-ci il tarixdə isə 1000 manat Cavabdeh borc veridiyini, sonuncunun bu barədə öz əlyazması ilə qəbz verdiyini, həmçinin, Cavabdeh satmaq üçün ondan 875 manat dəyərində paltar götürdüyünü,lakin həmin məbləğdən 500 manat qaytardığını, beləliklə 375 manat borcu yarandığını, Cavabdeh ona ümumilikdə 7915 manat borcu olduğunu, lakin borcunu qaytarçadığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddia tələbini təmin etmişdir. Bundan əvvəldə qeyd olunduğu kimi məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır. Belə ki, Cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı vermiş olduğu ərizədə iddiaçıdan iddia ərizəsində göstərilən məbləğdə borcları aldığını və qaytardığını qeyd etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində isə əlavə olaraq göstərmişdir ki, o, 30 sentyabr 2021-ci il tarixdə iddiaçıdan 1000 manat borc götürməmişdir. Eləcə də 02 noyabr 2019-cu il tarixdə 1150 manat sələmə pul götürərkən 1 aya qaytaracağına dair qəbz yazmışdır. Əgər o həmin məbləği 1 aya qaytarmamışdırsa, onda iddiaçı nəyə görə ona sonradan borc pul vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Cavabdeh tərəfindən yazılmış əlyazma qəbzdən görünür ki, sonuncu İddiaçı 30 sentyabr 2021-ci il tarixdə 1000 manat borc almışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, 30 sentyabr 2021-ci il tarixdə Cavabdeh iddiaçıdan 1000 manat borc götürməsi barədə apellyasiya şikayətinin dəlili əsassızdır. Həmçinin məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh tərəfindən imzalanmış 02 noyabr 2019-cu il tarixli qəbzdən görünür ki, sonuncu həmin tarixdə İddiaçı 1000 manat pulu 1 aylıq götürdüyünü, dekabr ayının sonu, yanvar ayının 2-nə qədər 1150 manat qaytaracağını qeyd etmişdir. Cavabdeh tərəfindən imzalanmış əlyazma qəbzdən isə görünür ki, o, İddiaçı 02 aprel 2021-ci il tarixdə 2690 manat, 01 may 2021-ci il tarixdə 500 manat, 27 iyun 2021-ci il tarixdə 1200 manat, 28 iyul 2021-ci il tarixdə 1000 manat və 30 sentyabr 2021-ci il tarixdə isə 1000 manat borc almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı 02 noyabr 2019-cu il tarixdə 1000 manat pulu 1150 manat qaytarmaq şərti ilə cavabdehə bir aylıq borc vermişdir. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək, İddiaçı 02 noyabr 2019-cu il tarixdə bir ay müddətinə götürdüyü 1000 manatı qaytarmadığı halda, sonuncunun həmin borcun üzərindən uzun müddət keçdikdən sonra müxtəlif vaxtlarda iddiaçıya yüksək məbləğlərdə yenidən borca pul verməyi inandırıcı və ağlabatan deyildir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə iddianın təmin edilməsi istisna təşkil edir. Həmçinin məhkəmə kollegiyası onu da qeyd edir ki, Cavabdeh apellyasiya şikayətinin dəlillərində iddiaçıdan aldığı bütün borcları ödədiyini qeyd etsə də, lakin bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi «Cavabdeh 7915 (yeddi min doqquz yüz on beş) manat pul tutularaq İddiaçı ödənilməsi» hissəsində dəyişdirilərək, cavabdehdən tutulmalı olan əsas borcun məbləği (7915-1150=3765) 6765 (altı min yeddi yüz altmış beş) manat müəyyən olunmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, QƏTETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli 2(125)-1274/2022 nömrəli qətnaməsi “Cavabdeh 7915 (yeddi min doqquz yüz on beş) manat pul tutularaq İddiaçı ödənilməsi» hissəsində dəyişdirilsin. Cavabdeh 6765 (altı min yeddi yüz altmış beş) manat pul alınıb İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində cavabdeh tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-818/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-818/2023
17.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver