Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-822/2023 13.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Niftaliyev Rəsul Fərrux oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi X4 (anası) və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı aliment öhdəliyindən azad edilmə tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2(125)- 2599/2022 nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 avqust 2019-cu il traixli 2(104)-3150/2019 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimenti artıraraq hər ay 200 manat aliment onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi verərək, ilkin iddia tələbinin təmin edilməməsi və onun aliment öhdəliklərindən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2(125)-2599/2022 nömrəli (hakim: X.Səfərli) qətnaməsi ilə ilk iddia qismən təmin edilməsi; Gəncə Apellyasiya Məhkəməsinin 16 avqust 2019-cu il tarixli, 2(104)-3150/2019 nömrəli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq. İddiaçı saxlanması üçün Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi; İlk iddia qalan hissədə təmin edilməməsi; Cavabdeh İddiaçı qarşı “aliment ödəməkdən azad etmə” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi. qət olunmuşdur. Qətnamədən narazı qalan ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması, ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İlkin iddia üzrə İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 29 10.1998-ci il tarixdə anadan olmuş və anadan gəlmə ruhi xəstəolduğu üçün ömürlük İ qrup əlildir. Valideyinləri ayrıldıqdan sonra anası Şamama İsmayılova ilə birlikdə yaşayır və sonuncu da İİ qrup əlil olmaqla əmək qabiliyyətsizdir. Əmək qabiliyyəti olmadığı üçün heç bir yerdə işləmir, anası da işsiz olduğu üçün onu müalicə etdirə bilmir və yalnız aldığı pensiya ilə çox çətinliklə tələbatlarını təmin edir. Vaxtında dərmanlar qəbul etməyəndə səhhəti pisləşir və xəstəliyi daha da ağırlaşır. Cavabdeh Rusiya Federasiyasında kommersiya ilə məşğul olur və maddi vəziyyəti çox yaxşıdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 avqust 2019-cu il traixli 2(104)- 3150/2019 nömrəli qətnaməsi ilə cavabdehdən hər ay 90 manat aliment tutulması qət edilmişdir. Lakin hazırda səhhəti daha da pisləşmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tələbini onunla əsaslandırmışdır ki, İddiaçı onun qızıdır. Bacısına məxsus Gəncə şəhəri Ə.Əliyev küçəsi ev 206-da tək yaşayır və 60 yaşı var. Ümumi xəstəlikdən əziyyət çəkir və səhhəti işləməyə imkan vermir. Pensiya yaşına çatmadığı üçün pensia almır və əlavə heç bir yerdən gəliri yoxdur. Qardaş-bacısının və qonşularının köməyi ilə birtəhər tələbatlarını ödəyir. Qızı İddiaçı İci qrup əlil olduğu üçün ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, hazırda sözügedən alimentin miqdarının artırılmasını tələb edir. Halbu ki, təyin edilmiş alimenti qonşularının köməkliyi ilə birtəhər ödəyir. Hazırda aliment ödəmək iqtidarında deyil. İlkin iddia üzrə iddiaçı təxminən 600 manat pensiya alır, eyni zamanda anası da pensiya və ona baxmağa görə əlavə haqq alır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, 61 yaşı və xəstə olduğuna görə işsizdir, eləcədə əlavə heç bir gəliri yoxdur. Birinci instansiya məhkəməsinə təqdim olunmuş arayışlara əsasən İddiaçı 220 manat sosial müavinət, 130 manat təqaüd alır. İddiaçı İ qrup əlil deyil və müalicəyə ehtiyacı yoxdur. Aliment təyin olunarkən maddi vəziyyəti nəzərə alınmadığından ağır vəziyyətə düşmüşdür. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, artıq işləmək üçün Rusiya Federasiyasına getmir və Azərbaycan Respublikasında yaşayır. Xəstə və işsiz olduğuna görə maddi imkanı yoxdur. Aliment təyin ediləndən sonra maddi vəziyyətində heç bir dəyişikliklər olmamışdır. Cavabdeh sonda məhkəmə kollegiyasından birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması, ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 (anası) apellyasiya şikayətini qəbul edərək izahatında bildirmişdir ki, Cavabdeh mülkiyyətində olan avtomobilləri Rusiya Federasiyasında icarəyə verir, Gəncə şəhərində mülkiyyətində olan fərdi yaşayış evlərini isə formal olaraq qohumlarının adına rəsmiləşdirmişdir. Qızı İddiaçı 220 manat pensiya, 130 manat Prezident təqaüdü alır. Şəlalə ağır xəstə olduğundan müəyyən olunmuş alimentlə, eləcədə aldığı müavinət və təqaüd onun saxlanılmasına və müalicəsini ödəmir. İİ-ci qrup əlil olduğundan özü də işləyə bilmir. Hətda cavabdeh yaşadıqları evdən də onların çıxarılması barədə məhkmədə iddia qaldırmışdır. X1 məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı da nümayəndəsinin, yəni anasının dedikləri ilə razılaşdığını bildirdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Doğum haqqında 15 yanvar 2013-cü il tarixli, AZ-İİ seriyalı 996073 nömrəli şahadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxxx 1998-ci il tarixdə Şəmkir rayonunda doğulmuş, atası Cavabdeh, anası X3r. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 may 2019-cu il tarixli, 2(044)- 1641/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, Cavabdeh xx xxxxxxx 1998-ci il tarixdə anadan olmuş İddiaçı saxlanması üçün 02 aprel 2019-cu il tarixdən başlayaraq, hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı verilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 avqust 2019-cu il tarixli, 2(104)-3150/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş; Gəncə şəhər Nizami rayon Məhkəməsinin mülki iş üzrə 01 may 2019-cu il tarixli, 2(044)-1641/2019 nömrəli qətnaməsi qismən, iddianın qismən təmin edilmiş alimentin məbləğinin məbləğinin hər ay 150 manat məbləğində müəyyən edilmiş hissəsində dəyişdirilmiş; xx xxxxxxx 1998ci il tarixdə anadan olmuş İddiaçı saxlanıması üçün Cavabdeh tutulmalı olan aylıq aliment hər ay 90 manat sabit pul məbləğində müəyyən edilmiş; qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 avqust 2022-ci il tarixli elektron sistemindən çıxarışından görünür ki, İddiaçı müddətsiz 1-ci dərəcəli əlildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Gəncə-Daşkəsən regional filialının 22 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, xx xxxxxxx 1998ci il təvəllüdlü vətəndaş İddiaçı DSMF publik hüquqi şəxsinin Gəncə-Daşkəsən regional filialından Sosial X6 məlumata əsasən 1-ci dərəcəli əlilliyə görə ayda 130 manat məbləğində Prezident təqaüdü alır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 2 saylı Qazax-Tovuz regional filialının 31 oktyabr 2022-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı İ dərəcəli əlil kimi 220 manat sosial müavinət alır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Gəncə-Daşkəsən regional filialının 28 noyabr 2022-ci il tarixli məktubun surətindən görünür ki, X5 DSMF publik hüquqi şəxsinin Gəncə-Daşkəsən regional filialından Sosial X6 məlumata əsasən 1-ci dərəcəli əlil İddiaçı qulluq etdiyinə görə ayda 80 manat məbləğində Prezident təqaüdü alır. Birinci instansiya məhkəməsi Azərbaycan Republikasının Ailə Məcəlləsinin 80, 100 və 112 maddələrinə istinadən ilkin iddia tələbini qismən təmin etmiş, qarşılıqlı iddia tələbini isə təmin etməmişdir. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissədə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşsada, ilkin iddia tələbinin qismən təmin edilərək müəyyən olunmuş alimentin miqdarının artırılaraq 150 manat müəyyən olunması hissədə birinci instansiya məhkəməsinin gəldiyi niticə ilə qismən razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1. maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 112.1. maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə kollegiyasının iclasında isə müəyyən olunur ki, Cavabdeh ilə X2 birgə nikahından xx xxxxxxx 1998-ci il tarixdə İddiaçı anadan olmuşdur. İddiaçı yetkinlik yaşına çatmış olsada İ qrub əlildir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 may 2019-cu il tarixli, 2(044)-1641/2019 nömrəli qətnaməsi ilə Cavabdeh xx xxxxxxx 1998-ci il tarixdə anadan olmuş İddiaçı saxlanması üçün 02 aprel 2019-cu il tarixdən başlayaraq, hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı verilməsi qət edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 16 avqust 2019-cu il tarixli, 2(104)-3150/2019 nömrəli qətnaməsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 may 2019-cu il tarixli, 2(044)-1641/2019 nömrəli qətnaməsi alimentin müəyyən edilməsi hissədə dəyişdirilərək 90 manat müüəyyən edilmişdir. Bundan əvvəldə qeyd olunduğu kimi aliment məbləğinin kifayət qədər az olmaması əsası ilə İddiaçı müəyyən olunmuş alimentin məbləğinin artırılaraq 200 manat olmasını məhkəmədən xahiş etmiş, Cavabdeh da maddi imkanının olmaması əsası ilə aliment ödəmək öhdəliyindən azad olunması barədə qarşılıqlı iddia vermişdir. Kollegiya hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbinə İddiaçı İ dərəcə əlil və əmək qabliyyətinin olmaması, eləcədə Cavabdeh maddi və əmlak vəziyyəti, eləcədə diqqətəlayiq olan digər maraqları, nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 (anası) izahatında Cavabdeh kifayət gədər gəliri olmasını, mülkiyyətində olan yük avtomobillərini Rusiya Federasiyasında icarəyə verməsini bildirsədə, buna dair hər hansı möhtəbər subut məhkəməyə təqdim etməmişdir. Buna baxmayaraq məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin 16 avqust 2019-cu il tarixli, 2(104)-3150/2019 nömrəli qətnaməsi əsasında cavabdehdən iddiaçının saxlanılması üçün hər ay tutulan 90 manat aliment hazırki dövr üçün kifayət qədər yetərli hesab oluna bilməz. Belə ki, sonuncu İ qrup əlil olmaqla əmək qabliyyətsizdir. Ailə qanunvericiliyinə görə valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Qeyd olunduğu kimi İddiaçı İ dərəcə əlil və əmək qabliyyətisizdir. Cavabdeh isə əmək qabliyyətlidir. “Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 09 dekabr 2022-ci il tarixli Qanununa əsasən, 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat müəyyən olunmuşdur. Kollegiya qeyd olunanları nəzərə alır və alimentin miqdarının artırılaraq 130 manat müəyyən olunmasını məqsədəmüvafiq hesab edir. Qarşılıqlı iddianın təmin olunmamasına münasibətdə isə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, İddiaçı İ dərəcəli əlil kimi 220 manat sosial müavinət, eləcədə 130 manat Prezident təqaüdü alması Cavabdeh maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladını saxlamaq öhdəliyindən azad etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması kimi hər iki halın birlikdə mövcud olması faktı məhkəmələr tərəfindən müəyyən edildikdə, valideynlərdən aliment tutula bilər. Əmək qabiliyyəti olmama dedikdə, şəxsin bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi başa düşülür. Buna müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs əlil sayılır. Həmin Qərarda həmçinin göstərilir ki, yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övladlar üçün alimentin ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququ prosessual qanunvericiliyin tələbi baxımından yetkinlik yaşına çatmış övladın özü tərəfindən həyata keçirilməlidir. Çünki o, əmək qabiliyyəti olmayan şəxs olmasına baxmayaraq, tam fəaliyyət qabiliyyətlidir. Yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övlad ilə birlikdə yaşayan valideynlərdən birinin bu barədə tələb irəli sürməsi prosessual qanunvericiliyin tələblərinə uyğun deyil və o, əsl iddiaçı hesab edilə bilməz. Göründüyü kimi, İddiaçı ilkin iddia tələbi ilə məhkəmədə iddia qaldırmağa hüququ vardır. İddiaçı fiziki qüsurunun və İ dərəcə əlil olmaması barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, şikayətin dəlili əsassızdır. Belə ki, işə əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 avqust 2022-ci il tarixli elektron sistemindən çıxarışından görünür ki, İddiaçı müddətsiz 1-ci dərəcəli əlildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.3. maddəsinə görə,apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2(125)- 2599/2022 nömrəli qətnaməsi “Cavabdeh hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi” hissədə dəyişdirilməli, həmin hissədə alimentin məbləği 130 manat müəyyən edilməli, qətnamə qarşılıqlı iddianın təmin edilməməsi hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İşdən müəyyən olunur ki, qətnamə mübahisələndirilən hissədə hər iki iddia tələbi üzrə alimentin bir illik məcmusu 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Gəncə Şəhər Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2(125)-2599/2022 nömrəli qətnaməsi “Cavabdeh hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi” hissədə dəyişdirilsin. Həmin hissədə alimentin məbləği 130 manat müəyyən edilsin. Qətnamə qarşılıqlı iddianın təmin edilməməsi hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-822/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-822/2023
13.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver