Məhkəmə qərarları › İş №2(104)-825/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-825/2023

16.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-825/2023 16.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-2512/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı məhkəmədə iddia qaldıraraq, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 2020/00001ET-000680-4 saylı istehlak kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən İddiaçı BOKT ASC-nin xeyrinə 2640.47 manat məbləğində qalıq borc, müqavilənin müddəti bitənədək ona hesablanmış 806.28 manat faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1466.30 manat məbləğində dəbbə pulu, cəmi 4913.05 manat borcun və 69.14 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-2512/2022 saylı qətnaməsi ilə (hakim Zaur Hünmətov) ərizə qismən təmin edilmiş, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 2020/00001ET-000680-4 saylı istehlak kredit müqaviləsinin ləğv edilməsi, 2640.47 manat məbləğində qalıq borc, müqavilənin müddəti bitənədək ona hesablanmış 806.28 manat faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 146 manat məbləğində dəbbə pulu, cəmi 3592.75 manat məbləğində pul və 69.14 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı BOKT ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-2512/2022 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun barəsində olan kredit öhdəliyi tam şişirdilmişdir. Belə ki, Finoko BOKT ASC ona 2022-ci ilin may ayında xəbərdarlıq mətubu göndərən zaman borcunun 1736, 07 manat əsas borc, 592,88 manat faiz borcunun olduğu bildirsə də, bir ay sonra məhkəməyə müraciət edən zaman, ondan əsas borc kimi 2640,47 manat, faiz borcu kimi 806,28 manat tələb edilmişdir. Hesab edir ki, onun barəsində çıxarılmış qətnamə üzrə borcu da şişirdilmiş şəkildə göstərilmişdir. O, borcunun çox hissəsini ödəmişdir. İşə birinci instansiya məhkəməsində kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatda baxılmış, lakin Cavabdeh1 Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-2512/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti mümkün sayılarkən Azərbaycan Republikası MPM-nin 394-1.4-cü maddəsinə müvafiq olaraq işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İş üzrə İddiaçı BOKT ASC-nə, cavabdehlər X1 və Cavabdeh3 işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, eyni məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin olunmasını və Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-2512/2022 saylı qətnaməsinin ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-2512/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(062)-2512/2022 saylı qətnaməsindən cavabdehlərdən yalnız Cavabdeh1 apellyasiya şikayəti versə də, tələb bölünməz olduğundan, yəni borc məbləği cavabdehlərin hər üçündən müştərək qaydada tutulduğundan qətnamənin qanuniliyi və əsaslılığı tam yoxlanılır və hazırda birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət verməyən digər cavabdehlərin (Cavabdeh2 və Cavabdeh3) sonradan həmin qətnaməni mübahisələndirməklə, apellyasiya şikayəti vermək hüququ istisna olunur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının qəbul etdiyi “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx.xx.2020-ci il tarixli 04/2020 saylı qərardadının 14-cü bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələri baxımından şərh edilməsinə dair 2011-ci il 20 may tarixli qərarında MPM-in 372.6-cı maddəsinin tələbləri baxımından apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının tam yoxlanılmasını yalnız apellyasiya şikayəti ilə deyil, həmçinin mübahisənin predmeti bölünməz olduqda ona qarşı verilmiş etirazla da əlaqələndirmişdir. Mübahisənin predmetinin bölünməz olması məsələsi isə tərəflərin şikayət və etirazlarda irəli sürdükləri dəlillər nəzərə alınmaqla hər bir halda məhkəmə tərəfindən müəyyən olunmalıdır. Həmçinin, həmin qərardadda qərara alınmışdır ki, məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Ona görə də, hazırkı apellyasiya baxışının hədlərini Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-2512/2022 saylı qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanlması təşkil edir. İş materiallarında olan: xx.xx.2020-ci il tarixli, 2020/00001ET-000680-4 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı BOKT ASC-nin tərəfindən illik 30 faizlə 24 ay müddətinə 4300 manat məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixli, 2020/00001ET-Z000680 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 zamin qismində kredit müqaviləsinin tərəfi olmuşlar. İddiaçı BOKT ASC-nin maliyyə arayışından görünür ki, Cavabdeh1 banka xx.xx.2020ci il tarixli, 2020/00001ET-000680-4 saylı kredit müqaviləsi üzrə 2640.47 manat məbləğində qalıq borc, müqavilənin müddəti bitənədək ona hesablanmış 806.28 manat faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1466.30 manat məbləğində dəbbə pulu, cəmi 4913.05 manat borcu yaranmışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli, 2020/00001ET-000680-4 saylı kredit müqaviləsi bağlanaraq, sonuncuya 24 ay müddətində, illk faiz dərəcəsi 30 % olmaqla, 4300 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq İddiaçı BOKT ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında xx.xx.2020-ci il tarixli, 2020/00001ET- Z000680 saylı zaminlik müqaviləsi bağlanmış və zaminlər Cavabdeh2 və Cavabdeh3 borc alan Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə onunla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin cavabdehlər üzərinə düşən öhdəliklərə əməl etməyərək, borcu müəyyən olunmuş müddətdə və qaydada ödəməmiş və müqavilə şərtlərini pozaraq, nəticədə xx.xx.2022-ci il tarixə əsas borc üzrə 2640.47 manat, faiz borcu üzrə 806.28 manat, cərimə borcu üzrə 1466.30 manat olmaqla, cəmi 4913.05 manat məbləğində borclu qalmışdır. Azərbaycan Respublikasının MM-i: Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi, Cavabdeh1 İddiaçı BOKT ASC-yə olan kredit borcunun qalıq məbləğinin ona kredit verilməsi barədə müqavilə bağlayan zaman müqavilənin bütün şərtləri ilə razılaşaraq, həmin şərtlərə əməl edəcəyi barədə öhdəlik götürməsinə baxmayaraq, üzərinə düşən öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, nəticədə 2640.47 manat əsas borc, faiz borcu üzrə 806.28 manat cərimə borcu üzrə 1466.30 manat olmaqla, cəmi 4913.05 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikasının MM-i: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Kollegiya hesab edir ki, borcalan müqavilə üzrə pul öhdəliyini tam şəkildə və vaxtında icra etmədiyinə və zaminlər həmin borcun ödənilməsinə görə birgə məsuliyyəti öz üzərinə götürdüyünə görə, Bank borcun vaxtından əvvəl ödənilməsini hər üç cavabdehdən müştərək qaydada tələb etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası həmçinin Cavabdeh1 kredit müqaviləsi üzrə borcun çox hissəsi ödəməsi və iddiaçı tərəfindən əsas borc, faiz və cərimə borcunun şişirdilmiş məbləğdə hesablanması barədə dəlillərini əsassız sayır. Belə ki, xx.xx.2022-ci il tarixli maliyyə arayışı və işdə olan cavabdehə aid hesabdan çıxarış sənədlərində cavabdeh tərəfindən ödənilmiş əsas və faiz borcları dəqiqliklə əks olunmuş və yaranmış əsas, faiz və cərimə borcu heç bir şübhə yaratmır. Digər tərəfdən, cavabdeh borcunun çox hissəsini ödəməsi barədə ödəmə sənədlərini apellyasiya şikayətinə əlavə etməmiş, məhkəmə kollegiyasının iclasında da, ödəmə barədə sənədlərini təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi borclunun əsas və faiz borcunu ödəmək iqtidarında olmamasını və yüksək dəbbə pulunun onun əmlak mənafelərinə mənfi təsir edə biləcəyi hallarını nəzərə alaraq, cavabdehdən 146 manat məbləğində cərimə tutulması barədə gəldiyi nəticədə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə, cərimə pulu (dəbbə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranı gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Tovuz Rayon Məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-2512/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-2512/2022 saylı qətnaməsi qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi vaxtdan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar