Məhkəmə qərarları › İş №2(104)-830/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-830/2024

25.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-830/2024 25.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və X1 ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-211/2024 nömrəli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı xx.xx.2016-cı tarixli 289 nömrəli kredit müqaviləsinə əsasən LPO olan İddiaçı ASC qarşısında 41.630 manat əsas borc, 17.747 manat 36 qəpik faiz borcu, 10.386 manat 66 qəpik kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 69.764 manat 02 qəpik borcun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 300 manat dövlət rüsumunun A.R.Bayramlıdan tutularaq LPO İddiaçı ASC-yə ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Bayramlı (Yusubova) Aynur Rəşid qızının mülkiyyətində olan Xırdalan şəhəri, Quşçuluq massivi, S.Bəhlulzadə küçəsi, A bloklu, 7 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən, 90,6 kvadrat metr sahəsi olan 19 nömrəli mənzilə tutmanın yönəldilməsi, həmin mənzilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Bayramlı (Yusubova) Aynur Rəşid qızının borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Bayramlı (Yusubova) Aynur Rəşid qızından tutularaq LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-211/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Zaur Hünmətov) iddia təmin edilməmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-211/2024 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Bayramlı (Yusubova) Aynur Rəşid qızı arasında xx.xx.2016-cı tarixli 289 nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə 16 ay müddətinə 41.630 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Bayramlı (Yusubova) Aynur Rəşid qızının mülkiyyətində olan Xırdalan şəhəri,Quşçuluq massivi S.Bəhlulzadə küçəsi, A bloklu, 7 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən 90.6 kv/m sahəsi olan 19 nömrəli mənzil ipoteka predmeti kimi banka təqdim edilmiş və bu barədə xx.xx.2016-cı tarixli 288 saylı ipoteka müqaviləsi bağlanmışdır. Cavabdehin kredit vəsaiti əldə etmək və həmin vəsait hesabına mənzil təmirini həyata keçirilməsi niyyəti ilə müqavilələri imzaladığı aydındır və açıq iradə ifadəsidir. Kredit müqaviləsinin təminatı olaraq, Bayramlı (Yusubova) Aynur Rəşid qızının mülkiyyətində olan Xırdalan şəhəri, Quşçuluq massivi S.Bəhlulzadə küçəsi, A bloklu, 7 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən 90.6 kv/m sahəsi olan 19 nömrəli mənzil ipoteka predmeti kimi banka təqdim edilmiş və bu barədə xx.xx.2016-cı tarixli 288 saylı ipoteka müqaviləsi bağlanmışdır. Belə ki, ipoteka müqaviləsinin predmeti olan əmlakın İddiaçı ASC-nin xeyrinə yüklü edilməsini təsdiq edən sənədlər məhkəməyə təqdim edilmişdir. Cavabdeh işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, İddiaçı ASC ilə Bayramlı (Yusubova) Aynur Rəşid qızı arasında bağlanılmış xx.xx.2016-cı tarixli 289 nömrəli kredit müqaviləsinin əsli, cavabdhə pul verilməsinə dair məxaric orderi yoxdur, ona görə də, təqdim edə bilmir. Xırdalan şəhəri ,Quşçuluq massivi S.Bəhlulzadə küçəsi, A bloklu, 7 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən 90.6 kv/m sahəsi olan 19 nömrəli mənzilə dair xx.xx.2016-cı tarixli 288 saylı ipoteka müqaviləsinin əslini təqdim edir, lakin həmin müqavilə dövlət qeydiyyatına alınmamışdır. Hesab edir ki, ddia tələbi əsaslı olduğundan, təmin edilməlidir. Ona görə də, şikayətin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-211/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-211/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: xx.xx.2016-cı il tarixli, 289 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC Yusubova (Bayramlı) Aynur Rəşid qızına 16 ay müddətinə illik 0 faiz dərəcəsi ilə mənzil təmir etdirmək məqsədilə 41.630 manat məbləğində pul vəsaitini borc verməyi öhdəsinə götürmüşdür. xx.xx.2016-cı il tarixli 288 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, xx.xx.2016-cı il tarixli, 289 nömrəli kredit müqaviləsinin təminat üsulu kimi Yusubova (Bayramlı) Aynur Rəşid qızı özünə məxsus olan Xırdalan şəhəri, Quşçuluq massivi S.Bəhlulzadə küçəsi, A bloklu, 7 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən, 90.6 kv/m sahəsi olan 19 nömrəli mənzili İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir xx.xx.2023-cü il tarixli, **********023 nömrəli maliyyə arayışının surətindən görünür ki, Yusubova (Bayramlı) Aynur Rəşid qızının İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixinə xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə 41.630 manat əsas borc, 17.747 manat 36 qəpik faiz borcu, 10.386 manat 66 qəpik kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 69.764 manat 02 qəpik borcunun olduğu qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh borcu könüllü ödəməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyyən olundu ki, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti İddiaçı ASC-ti və Yusubova (Bayramlı) Aynur Rəşid qızı arasında xx.xx.2016-cı il tarixli, 289 nömrəli kredit müqaviləsi ilə İddiaçı ASC tərəfindən cavabdeh Yusubova (Bayramlı) Aynur Rəşid qızına 16 ay müddətinə illik 0 faiz dərəcəsi ilə mənzil təmir etdirmək məqsədilə 41.630 manat məbləğində pul vəsaiti verməsini göstərsə də, həmin müqavilənin əsli və iddia olunan pul məbləğinin cavabdehə verilməsini təsdiq edən müvafiq məxaric orderi iş materiallarına əlavə edilməmiş və iddiaçının nümayəndəsi həmin sənədlərin mövcud olmadığını bildirmişdir. Həmin kredit müqaviləsinin təminat üsulu kimi Yusubova (Bayramlı) Aynur Rəşid qızı özünə məxsus olan Xırdalan şəhəri, Quşçuluq massivi S.Bəhlulzadə küçəsi, A bloklu, 7 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən, 90.6 kv/m sahəsi olan 19 nömrəli mənzili xx.xx.2016-cı il tarixli 288 nömrəli ipoteka müqaviləsi ilə İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilsə də, lakin həmin müqavilə qanunverciliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 309.1-ci maddəsinə görə, daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpotekanın dövlət qeydiyyatı qanunda nəzərdə tutulmuş qaydada aparılır. Görüündüyü kimi, iddiaçı LPO İddiaçı ASC xx.xx.2016-ci tarixli 289 nömrəli kredit müqaviləsinin surətini və ipoteka müqaviləsini məhkəməyə təqdim etsə də, həmin müqavilə üzrə öz öhdəliklərini icra etməklə razılaşdırılmış məbləğdə pul vəsaitini Cavabdeh verməsini və bununla da Cavabdeh borcun qaytarılmasını tələb hüququnun yaranmasını təsdiq edən sübutları (kassa məxaric orderi və s.) məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2-2(102)-575/2023 saylı*** iş üzrə mövqeyini qeyd etməyi zəruri hesab edir. Həmin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyinə görə, kredit müqaviləsindən irəli gələn tələblər üzrə kredit öhdəliyinin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının (kreditorun) üzərinə düşür. Bu məqsədlə iddiaçı tərəfindən məhkəməyə kredit müqaviləsi (əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti), o cümlədən kredit məbləğinin cavabdehə verilməsini təsdiq edən sənədlər təqdim edilməyibsə və təqdim edilmiş ödəniş qəbzlərindən onların hansı müqavilə üzrə ödənildiyi müəyyən olunmursa, öhdəliyin mövcudluğu sübuta yetirilmədiyindən bankların bu kateqoriya tələbləri əsaslı hesab edilmir. Bankın təqdim etdiyi hesabdan çıxarış və maliyyə arayışı isə birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan həmin halı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmir. Cavabdeh birinci instansiya məhkəməsinə ünvanladığı ərizədə (iş vər. 65) iddiaçının iddia tələbini müddəti ötürməklə qaldırdığını və mübahisəyə 3 illik iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, müqavilə tələbləri üçün nəzərdə tutulmuş 3 illik iddia müddətinin tətbiq edilməsi üçün əvvəlcə tərəflər arasında göstərilən halla bağlı kredit müqaviləsinin pozulması halı mövcud olmalı, cavabdeh tərəfindən iddiaçının hazırkı iddia ilə bağlı subyektiv hüququ pozulmalıdır ki, daha sonra həmin pozulmuş hüququn müdafiəsi üçün iddiaçı tərəfindən iddia qaldırılan zaman müddət ötürülmüş olsun. Belə ki, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Hazırkı halda, Cavabdeh tərəfindən kredit müqaviləsinin tələblərinin pozulması halı öz təsdiqini tapmadığından iddia təmin edilməməlidir. Başqa sözlə, iddia tələbi 3 illik iddia müddətinin ötürülməsi əsası ilə deyil, əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia müddətini tətbiq etmədən iddianı rədd etməklə, mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-211/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası MPM-in 384-385, 392-393, 402-407-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-211/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsiə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar