Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-831/2025 07.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra ASC) Cavabdeh qarşı iş üzrə Açar sözlər: kreditin borcunun tutulması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-cü il tarixli, e-2(125)-1092/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 07 may 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2023-cü il tarixli, BRCB2229468B127 saylı X4 kart müqaviləsindən görünür ki, bank cavabdehə “X4” ödəniş kartı verməyi, müştərinin müraciəti əsasında bu müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədilə bərpaolunan kredit xətti ayırmağı, həmin kartla bağlı və (və ya) xəttin istifadəsi ilə əlaqədar müvafiq hesablar açmağı, müştəri isə kartdan və (və ya) kredit xəttindən istifadə etməyi, yaranmış borclarını (xidmət haqqı, əsas və faiz borcu, dəbbə pulu və s.), habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu müqavilə ilə müəyyən edilmiş qaydada və bankın qüvvədə olan tarif dərəcələrinə əsasən ödəməyi öhdəsinə götürmüşdür.
2. xx.xx.2023-cü il tarixli, BRCB2229468B127 saylı X4 kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair xx.xx.2024 tarixli əlavə razılaşmadan görünür ki, kredit xəttinin yeni məbləği 2231 manat müəyyən olunmuşdur.
3. 27.07.2023-cü il tarixli, 127TT**********2150 nömrəli balansdankənar məxaric orderindən görünür ki, bir ədəd plastik kart Cavabdeh təhvil verilmişdir.
4. 23.12.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixli, BRCB2229468B127 saylı kredit müqaviləsi üzrə 2231 manat əsas, 461,08 manat faiz borcu olmaqla, cəmi 2692,08 manat borcu qalmışdır.
5. 05.12.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı ASC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2023-cü il tarixli, BRCB2229468B127 saylı kredit müqaviləsinə əsasən 2231 manat əsas, 461,08 manat faiz borcu olmaqla, cəmi 2692,08 manat borcun və ödənilmiş 46,92 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BRCB2229468B127 saylı müqaviləyə əsasən ona debet kart verilmişdir. Kredit onlayn qaydada rəsmiləşdirilməsinə baxmayaraq kart filialdan götürülmüşdür. Daha sonra İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2024-cü il tarixli, BRCB2229468B127 saylı əlavə razılaşmaya əsasən onun kartına illik 27% dərəcəsi ilə 2231 manat kredit vəsaiti mədaxil edilmişdir. Kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası ilə ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 2231 manat əsas, 461,08 manat faiz, cəmi 2692,08 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildiriş göndərilməsinə (pretenziya qaydasında həll olunma) baxmayaraq borcun qaytarılması təmin edilməmişdir.
8. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-cü il tarixli, e-2(125)-1092/2025 nömrəli qətnaməsi (hakim Cavid Tağıyev) ilə, iddianın təmin edilməsi, vavabdeh Cavabdeh xx.xx.2023-cü il tarixli, BRCB2229468B127 saylı kredit müqaviləsinə əsasən 2231 manat əsas, 461,08 manat faiz borcu olmaqla, cəmi 2692,08 (iki min altı yüz doxsan iki manat 08 qəpik) manat kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 46,92 manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir.
9. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 445.2.1, 448.1 və 739.1-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 284-6.1 və 360-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh X2 apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-cü il tarixli, e-2(125)-1092/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, Azərbaycan RespublikasıMülki Məcəlləsinin 385.1-ci və 442-ci maddələrinin tələblərinin pozulması onda ifadə olunmuşdur ki, hər iki maddənin imperativ tələbi ondan ibarətdir ki, tərəflər arasında müqavilə öhdəliyi olması şərtləndirilmiş və öhdəliyin yaranması üçün qanunun tələblərinə uyğun yaranmış öhdəlik olması şərti qeyd edilmişdir. İddiaçı ilə onun arasında isə heç bir müqavilə bağlanmamış, onun tərəfindən heç bir öhdəlik götürülməmişdir. Həmçinin müqavilə bağlanılmasına dair iradə ifadəsi sərgilənməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. İddiaçı ASC cavabdehin apellyasiya şikayətinə etiraz verərək, məhkəmədən mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinin rədd olunması və qətnamənin qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Etiraz onunla əsaslandırılmışdır ki, müqavilənin şərtləri cavabdeh tərəfindən pozulduğundan iddiaçı tərəfin haqlı iddiasına səbəb olmuşdur. Hesab edirlər ki, cavabdeh bu cür şikayətin verməklə işin müəyyən müddət uzatmaq məqsədi daşıyır. Müqavilə var, müqavilənin şərtləri var. Müqavilənin şərtlərini hər iki tərəf vaxtında icra etməlidir. Apellyasiya şikayətində qeyd edilənlər qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, cavabdeh ilə bank arasında xx.xx.2023-cü il tarixdə debet kart müqaviləsi bağlanmışdır. Cavabdeh bankın tətpiqini yükləmiş və həmin birbank tətpiqindən istifadə etmişdir. İş üzrə cavabdeh özünə məxsus istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə bankın tətpiqindən qeydiyyatdan keçmişdir. Həmin nömrənin cavabdehə aid olması Elektron Məhkəmə Sisteminə əlavə edilmiş Azərbaycan Respublikası DİN nin AMAS sistemidən çıxarışla subut olunur. Qeydiyat olunduqdan sonra həmin sistemə cavabdehin özünün icazəsi olmadan heç kim istifadə edə bilməz. xx.xx.2024-cü il tarixdə cavabdehlə əlavə razılaşma əsasında cavadehə kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024cü il tarixli sifarişlədə subut olunur ki, kredit cavabdehin istifadə etdiyi ***-***-**-** mobil nömrədən sifariş verilmişdir. Buna dair müqavilə və sifariş iş materiallarına əlavə edilmişdir. Cavabdehlə bank arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin 5-ci bəndində kartdan istifadə qayda və şərtlərində açıq aydın qeyd edilmişdir ki, kartla bağlı hər hansı bir hərəkət edilməsi, itirilməsi və ya oğurlanmasında bir başa məhsul şəxs müştəridir. Bununla da subut olunur ki, cavabdeh hər hansı bir məlumatı kiməsə veribsə bir başa məsuliyyət onun üzərinə düşür. Cavabdeh əlavə etdiyi zərərçəkmiş kimi tanınması barədə qərardan görünür ki, bu işlə bağlı cinayət işi açılmış, o isə zərərçəkmiş kimi tanınmışdır. Bununla da subut olunur ki, cavabdeh kiminsə tərəfindən aldadıla bilər, onun kiməsə məxfi məlumatları (kodu) verməsi nəticəsində rəsmiləşmə baş verə bilər. Buna isə bank məsuliyyət daşımır. Həmin cinayət işinin hazırda baxımalı olan iddiaya aidiyyəti yoxdur, çünki bank cavabdehlə müqavilə bağlamış onunla rəsmiləşmə aparmışdır. Bütün subutlar onu deyir ki, iş üzrə Cavabdehdir. Cinayət işinin açılması o demək deyil ki, kredit cavabdeh tərəfindən deyil başqa şəxs tərəfindən götürülmüşdür. Hazırda istintaq gedir nəticəsinin nə olacağını indidən müəyyən etmək mümkün deyil. İş üzrə məhkəmə hökmü olduğu və həmin hökm qanuni qüvvəsini aldığı zaman cavabdehin reqres qaydada iddia ilə məhkəməyə müraciət etmək hüququ yaranacaq. Hazırki mərhələdə bu barədə nəsə demək mümkün deyil, cavabdeh özü məxfi məlumatları (kodu) kiməsə vermiş indi isə məsuliyyətdən yayınmaq üçün belə bir şikayətlə müraciət etmişdir. Bu gün hələ o subut olunmur ki, cavadeh kiminsə tərəfindən aldadılıb, bəlkə özünün razılığı ilə bu məbləğ götürülmüş başqa şəxsin götürdüyü kimi qeyd etmişdir. Bu cür işlərlə bağlı icraat dayandırılmır, çünki qanunda kankredt olaraq göstərilmişdir ki, hansı hallarda işin icraatı dayandırıla bilər. Qanunda qeyd olunur ki, cinayət işi məhkəmə baxışında olduğu halda dayandırıla bilər. Hazırda belə hal olmadığına görə hesab edirlər ki, işə baxılmalı və nəticə verilməlidir. Demək olar ki, cavabdeh tərəf müqavilənin əsasız olması ilə bağlı hec bir subut təqdim etməmişdir. Bu cür işlə bağlı məhkəmə qətnaməsi var, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ilə qüvvədə saxlanılmışdır. Onlayn qaydada bağlanmış müqavilənin etibarsızlığı ilə bağlı bizə qarşı Bakı şəhəri Nəsimi rayon Məhkəməsində iddia qaldırılmış və həmin iddia rədd edilmişdir. Qeyd edilən işlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edilmişdir. Müqavilələrin onlayn qaydada imzalanması ilə bağlı Konstitusiya Məhkəməsi Plenimunun xx.xx.2020-ci il tarixli qərarı məvcuddur. Qeyd edilən qərarda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Konstitusiya Məhkəməsi Plenimunun xx.xx.2020-ci il tarixli qərarına əsasən “müvafiq qaydada imzalanma” tərəflərin müqaviləni şəxsən, mexaniki və ya başqa sürətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimeldən, elektron imzadan istifadə etməklə imzalanmasıdır. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. “Elektron ticarət haqqında” Azərbaycan Respublikası qanununda əqdlərin elektron formada bağlanması da nəzərdə tutulmuşdur
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, cinayət işi üzrə zərərçəkmiş kimi tanınmağı barədə ərizədən görünür ki, o həqiqətən də kiber hücuma məruz qalaraq əvəzimdən 2200 manat məbləğində kredit götürülmüşdür. İddiaçı təşkilat isə birinci instansiya məhkəməsinə onun xx.xx.2023-cü il tarixdə imzaladığı müqaviləni təqdim edərək, sanki pulu həmin müqavilə əsasında aldığı barədə yanlış təsəvvür yaratmaqla sonda istəklərinə nail olmuşlar. Əslində isə onun xx.xx.2023-cü il tarixdə imza etdiyi müqavilə ona debet kartın verilməsi ilə əlaqədar olmuşdur. Belə ki, bank tərəfindən ona telefonla müraciət olunaraq sərfəli debet kartlarının olduğunu, faizsiz pul küçürmələrini həyata keçirməyin mümkün olduğunu və ƏDV qaytarılmanın mümkün olduğunu bildirdilər. Onun imza etdiyi müqavilə həmin müqavilədir və o həmin tarixdə debet kart almaq üçün həmin müqaviləni imzalamışdır. O həmin kartı əldə edərk 1 il ərzidə təyinatı üzrə yalnız ƏDV və pul köçürmələri üçün istifadə etmişdir. xx.xx.2024-cü ildə ayrılan 2200 manat məbləğində olan pula dair, nə müqavilə mövcuddur, nə onun elektron imzası mövcuddur, nə də ki, rəsmi bir sənədləşmə. Sadəcə olaraq kiber hücum təşkil edilərək onun əvəzindən pul çəkilmiş və başqa hesablara ötürülmüşdür. Bankın iddia ərizəsində qeyd etdiyi asan (elektron) imza isə onda ümumiyyətlə olmamışdır. Yalnızca qətnamədən şikayət vermək üçün açdırmışdır. Həmçinin, bankın əməkdəşının səs yazısından da açıq-aydın görünür ki, yəni bankın işçisi etiraf edir ki, həqiqətəndə araşdırma aparılmış və müəyən olunmuşdur ki, sizin telefonunuza müdaxilə edilməklə sizin əvəzinizdən əməliyat aparılmışdır. Bundan başqa adətən bank tərəfindən pul verilərkən “FACE Kontrol” aparılmalı idi, yəni video görüntü ilə onunla əlaqə saxlanılmalı və onun təsdiqi olmalı idi. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
15. İş üzrə İddiaçı ASC-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə o iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
18. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
19. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
21. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
22. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
23. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
24. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
25. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
26. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
34. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
35. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
36. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
38. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
39. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
42. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
44. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-cü il tarixli, e-2(125)-1092/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Beləliklə, işin halları ondan ibarətdir ki, İddiaçı ASC Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BRCB2229468B127 saylı müqaviləyə əsasən ona debet kart verilmişdir. Kredit onlayn qaydada rəsmiləşdirilməsinə baxmayaraq kart filialdan götürülmüşdür. Daha sonra iddiaçı olan bank ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2024-cü il tarixli, BRCB2229468B127 saylı əlavə razılaşmaya əsasən onun kartına illik 27% dərəcəsi ilə 2231 manat kredit vəsaiti mədaxil edilmişdir. Kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası ilə ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Bunun nəticəsində cavabdehin banka 2231 manat əsas, 461,08 manat faiz, cəmi 2692,08 manat borcu yaranmışdır. Lakin, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və nəticədə onun kreditora borcu yaranmışdır.
47. Məhkəmə işdə iştirak edən Cavabdeh işə məhkəmə iclasında baxılacağı barədə verdiyi vəsatəti əsasında yazılı icraatdan, şifahi işraata keçməklə işə məhkəmə iclasında baxılması barədə qərar verilmişdir.
48. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi üzrə tərəflər arasında olan mübahisə, kreditlə bağlı yaranan mülki münasibətlər üzrə yaranmışdır. Ona görə də işin hallarına kreditlə bağlı qanunvericiliyə, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hüquqi qiymət verilməlidir.
49. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MM-in) 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikasının MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır.
50. Tərəflər arasında bağlanmış və yuxarıda göstərilən kredit müqaviləsi iddia tələbi üzrə cavabdehin hüquq və öhdəliklərinin yaranması üçün Azərbaycan Respublikasının MM-in 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir.
51. Azərbaycan Respublikasının MM-in 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
52. Azərbaycan Respublikasının MM-in 385-ci maddəsinə görə, kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə, isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır.
53. Azərbaycan Respublikasının MM-in 425.1-ci maddəsinin tələbinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
54. Azərbaycan Respublikasının MM-in 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
55. Sadalanan hallar və hüquq normaları borcalandan kreditin ödənilməsi tələbinin əsaslı olduğunu təsdiq edir.
56. Belə ki, iş materiallarından göründüyü kimi, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni, kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora borcu yaranmışdır.
57. Borcalandan faiz borcunun tutulması ilə bağlı kollegiya göstərir ki, iddia tələbi həmin hissədə də əsaslı olmuşdur.
58. Çünki, “Banklar haqqında” Qanunun 1-ci maddəsində göstərilmişdir ki, bank krediti - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir.
59. Kreditorla borcalan arasında bağlanan kredit razılaşmasının 1.2-ci bəndində qeyd olunmuşdur ki, kredit alan kredit məbləğini və ona hesablanmış faizlə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür.
60. “Banklar haqqında” Qanunun 36.1-ci maddəsində deyilir ki, banklarla onların müştəriləri arasında münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, həmin Məcəlləyə müvafiq olaraq maliyyə bazarlarına nəzarət orqanı tərəfindən qəbul edilmiş normativ aktlar və müqavilə əsasında həyata keçirilir.
61. Həmin Qanunun 36.6-cı maddəsinə görə hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. Kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır.
62. Göründüyü kimi, qanunun tələbinə görə faizlərin hesablanması tərəflərin arasında bağlanmış müqavilənin şərtləri əsasında həyata keçirilir.
63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 3 iyun 2013-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur.
64. Eyni zamanda, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur (Mülki Məcəllənin 449.4-cü maddəsi).
65. Sadalanan xüsusatlara görə məhkəmə kollegiyası iddia tələbini əsaslı hesab edir və göstərir ki, iddianın təmin edilməsi qanuni əsaslara söykənir.
66. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
67. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
68. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Nümayəndə şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
69. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
70. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
71. İşin yuxarıda sadalanan hallarından göründüyü kimi, iddiaçı olan bank ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2024-cü il tarixli, BRCB2229468B127 saylı əlavə razılaşmaya əsasən onun kartına illik 27% dərəcəsi ilə 2231 manat kredit vəsaiti mədaxil edilmişdir. Kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası ilə ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Bunun nəticəsində cavabdehin banka 2231 manat əsas, 461,08 manat faiz, cəmi 2692,08 manat borcu yaranmışdır.
72. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
73. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
74. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10- 1,372.1, 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-cü il tarixli, e-2(125)-1092/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.