Məhkəmə qərarları › İş №2(104)-836/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-836/2023

16.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-836/2023 16.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı QSC-nin nümayəndəsi X1, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 iştirakları ilə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(021)-3203/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə İddiaçı QSC ilə arasında bağlanmış xx.xx.2019-cu il tarixli 025A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 4278.63 manat məbləğində əsas kredit borcu, 59.44 manat məbləğində faiz borcu və 2455.95 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 6794.02 manat məbləğində borcun, məhkəmədə idda qaldırmaq üçün ödənilmiş 87.94 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(021)-3203/2022 saylı qətnaməsi ilə (hakim Qamət Əbilov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 ilə İddiaçı QSC ilə arasında bağlanmış xx.xx.2019-cu il tarixli 025A********** saylı kredit müqaviləsinin ləğv ediməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 4278.63 manat məbləğində əsas kredit borcu, 59.44 manat məbləğində faiz borcu və 200 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 4538.07 manat kredit borcu, ödənilmiş 87.94 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(021)-3203/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində mübahisə həll edilərkən onun tərəfindən banka olan borcdan ödəmiş olduğu ödənişləri nəzərə alınmamışdır. Belə ki, kredit müqaviləsi üzə borcun çox hissəsi onun tərəfindən ödənilmişdir. Hesab edir ki, ona yazılmış faiz və cərimə borcunun məbləğinin dəqiq müəyyənləşdirilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməlidir. Cavabdeh2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, cavabdehlərdən Cavabdeh3 onun qaynı, Cavabdeh1 isə baldızıdır. O, qətnamə üzrə hesablanmış borc məbləğindən əslində razıdır və həmin məbləği ödəməkdən imtina etmir. Sadəcə onun borcunu bir dəfəyə ödəməyə maddi imkanı yoxdur və hazırda borcunu hissə-hissə ödəmək istəyir. Ona görə də, apellyasiya şikayətinin təmin olunmasını, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(021)-3203/2022 saylı qətnaməsinin ləğv edilməsini borcunun hissə-hissə ödənilməsini xahiş etdi. Cavabdeh3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını və Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(021)- 3203/2022 saylı qətnaməsinin ləğv edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını və Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(021)- 3203/2022 saylı qətnaməsinin ləğv edilməsini xahiş etdi. İddiaçı QSC-nin nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 025A********** saylı kredit müqaviləsinə əsasən 60 ay müddətində, aylıq faiz dərəcəsi 0.0833 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4279.42 manat məbləğində kredit götürmüşdür. Cavabdeh2 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış , kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü kredit əsas borcundan 0.79 manat ödəmiş, onun 4278.63 manat məbləğində kredit borcu qalmışdır.Cavabdehlərin əsas borc üzrə 4278.63 manat, faiz borcu üzrə 59.44 manat borcu yaranmışdır. Cavabdehin banka olan borcunun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, hazırkı vaxtadək cavabdehin banka olan borcu ödənilməmiş qalmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsini əsaslı hesab edir. Onu da qeyd edir ki, cavabdehə verilmiş kredit üzər faizlər illik 1 % dərəcəsi ilə hesablanmış və tələb edilmişdir. Cavabdeh tərəfin şikayət verməkdə məqsədi icraatı ləngitmək və vaxtı uzatmaqdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(021)-3203/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(021)-3203/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdeh2 apellyasiya şikayətinin dəlillərindən görünür ki, o, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(021)-3203/2022 saylı qətnaməsinin ləğv edilməsini xahiş etsə də, şikayətin dəlillərində qətnamənin iddianın qismən təmin edilmiş cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 4278.63 manat məbləğində əsas kredit borcu, 59.44 manat məbləğində faiz borcu və 200 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 4538.07 manat kredit borcu, ödənilmiş 87.94 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilməsi hissəsini mübahisələndirmişlər. Qətnamənin digər hissələri mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, e-2(021)-3203/2022 saylı qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti versə də, əsas, faiz və cərimə borcu cavabdehlərdən müştərək qaydada tutulduğundan, həmin qətnamənin əsaslılığı mübahisələndirilən hissədə hər üç cavabdehə - Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 münasibətdə yoxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının qəbul etdiyi “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx.xx.2020-ci il tarixli 04/2020 saylı qərardadının 14-cü bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələri baxımından şərh edilməsinə dair 2011-ci il 20 may tarixli qərarında MPM-in 372.6-cı maddəsinin tələbləri baxımından apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının tam yoxlanılmasını yalnız apellyasiya şikayəti ilə deyil, həmçinin mübahisənin predmeti bölünməz olduqda ona qarşı verilmiş etirazla da əlaqələndirmişdir. Mübahisənin predmetinin bölünməz olması məsələsi isə tərəflərin şikayət və etirazlarda irəli sürdükləri dəlillər nəzərə alınmaqla hər bir halda məhkəmə tərəfindən müəyyən olunmalıdır. Həmçinin, həmin qərardadda qərara alınmışdır ki, məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Ona görə də, hazırkı apellyasiya baxışının hədlərini Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(021)-3203/2022 saylı qətnaməsinin qanuniliyinin və əsaslılığının iddianın qismən təmin edilmiş hissəsində tam yoxlanılması təşkil edir. İş materiallarında olan: xx.xx.2019-cu il tarixli 025A********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 60 ay müddətinə aylıq faiz dərəcəsi 1 faiz olmaqla 4279.42 manat məbləğində kredit verilmişdir. Cavabdeh3 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 025G**********01 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh3 kredit alan Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 025A********** saylı Kredit Müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 025G**********02 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 kredit alan Cavabdeh2 qızı ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 025A********** saylı Kredit Müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə zaminlik müqaviləsi bağlanmışdır. "xxxx" QSC tərəfindən təqdim edilmiş xx.xx.22022-ci il tarixli Maliyyə arayışından görünür ki, "xxxx" QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 025A********** kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2022-ci il tarixə 4278.63 manat məbləğində əsas kredit borcu, 59.44 manat məbləğində faiz borcu və 2455.95 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 6794.02 manat məbləğində manat kredit borcu mövcuddur. Xəbərdarlıqlardan görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti borcun ödənilməsi üzrə bağlı cavabdehlərə xəbərdarlıq etmişdir. İş materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 87.94 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli 025A********** saylı kredit müqaviləsi bağlanaraq, sonuncuya 60 ay müddətində, aylıq faiz dərəcəsi 1 % olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 4279.42 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq İddiaçı QSC ilə Cavabdeh3 və Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli 025G**********01 saylı və xx.xx.2019-cu il tarixli 025G**********02 saylı zaminlik müqavilələri bağlanmış və zaminlər Cavabdeh3 və Cavabdeh1 borc alan Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə onunla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin öz üzərinə düşən öhdəliklərə əməl etməyərək, borcunu müəyyən olunmuş müddətdə və qaydada ödəməmiş və müqavilə şərtlərini pozmuş, nəticədə xx.xx.2022-ci il tarixə əsas borc üzrə 4278.63 manat, faiz borcu üzrə 59.44 manat, cərimə borcu üzrə 2455.95 manat olmaqla, cəmi 6794.02 manat məbləğində borclu qalmışdır. Azərbaycan Respublikasının MM-si: Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi, Cavabdeh2 İddiaçı QSC-yə olan kredit borcunun qalıq məbləğinin ona kredit verilməsi barədə müqavilə bağlayan zaman müqavilənin bütün şərtləri ilə razılaşaraq, həmin şərtlərə əməl edəcəyi barədə öhdəlik götürməsinə baxmayaraq, üzərinə düşən öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, nəticədə 4278.63 manat əsas, faiz borcu üzrə 59.44 manat və cərimə borcu üzrə 2455.95 manat borcu yaranmışdır. Kollegiya hesab edir ki, borcalan müqavilə üzrə pul öhdəliyini tam şəkildə və vaxtında icra etmədiyinə və zamin həmin borcun ödənilməsinə görə birgə məsuliyyəti öz üzərinə götürdüyünə görə Bank borcun vaxtından əvvəl ödənilməsini hər üç cavabdehdən müştərək qaydada tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının MM-si: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 462.1-ci maddəsinə görə, cərimə pulu (dəbbə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranı gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi borclunun əsas və faiz borcunu ödəmək iqtidarında olmamasını və yüksək dəbbə pulunun onun əmlak mənafelərinə mənfi təsir edə biləcəyi hallarını nəzərə alaraq, cavabdehdən 200 manat məbləğində cərimə tutulması barədə gəldiyi nəticədə haqlı olmuşdur. Məhkəmə kollegiyası cavabdehin faiz və cərimə borclarının ekpsertiza təyin edilmədən, bank tərəfindən təqdim olunmuş sənədlər əsasında şifahi hesablanmasına dair dəlillərini əsassız sayır. Belə ki, xx.xx.2022-ci il tarixli maliyyə arayışı və işdə olan cavabdehə aid hesabdan çıxarış sənədlərində cavabdeh tərəfindən ödənilmiş əsas və faiz borcları dəqiqliklə əks olunmuş və yaranmış faiz və cərimə borcu heç bir şübhə yaratmır. Məhkəmə kollegiyası Cavabdeh2 kredit müqaviləsi üzrə borcun çox hissəsini ödəməsi və iddiaçı tərəfindən faiz və cərimə borcunun şişirdilmiş məbləğdə hesablanması barədə həmin dəlilləri əsassız sayır. Belə ki, cavabdeh borcunun çox hissəsini ödəməsi barədə ödəmə sənədlərini apellyasiya şikayətinə əlavə etməmiş, məhkəmə kollegiyasının iclasında da, ödəmə barədə sənədlərini təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası həmçinin borcun hissə-hissə ödənilməsi ilə bağlı qeyd edir ki, borcun hissə-hissə ödənilməsi hazırkı məhkəmə baxışının predmeti deyildir və bununla bağlı cavabdeh tərəfin Azərbaycan Respublikasının MPM-nin 231-ci maddəsinin tələblərinə uyğun olaraq, ayrıca ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmək hüquqları vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı mübahisələndirilən hissədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Bərdə Rayon Məhkəməsinin bu iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin həmin hissədə maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(021)-3203/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(021)-3203/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə, yəni,cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 4278.63 manat məbləğində əsas kredit borcu, 59.44 manat məbləğində faiz borcu və 200 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 4538.07 manat kredit borcu, ödənilmiş 87.94 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi vaxtdan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar