Məhkəmə qərarları › İş №2(104)-837/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-837/2024

09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-837/2024 09.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Rüstəmova Mülayim Akif qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli 2(040)-584/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən birgə qaydada 2477,87 ABŞ dolları əsas, 1436,98 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3914,85 ABŞ dolları kredit borcunun, dövlət rüsumu kimi ödənilmiş 86,56 manat pul vəsaitinin və 0,40 manat xidmət haqqının "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC tələbini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə cavabdeh X5 arasında bağlanmış 08 may 2014-cü il tarixli əsas kredit müqaviləsinə əsasən, bank tərəfindən borcalana 60 (altmış) ay müddətinə 30000 (otuz min) manat məbləğində kredit limiti ayrılmış və 06 iyul 2015-ci il tarixli “Əlavə kredit müqaviləsi”nə əsasən borcalana 36 ay müddətinə illik 25 faiz ödəmək şərtilə 3890 (üç min səkkiz yüz doxsan) ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni zamanda, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh1 və Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən, zaminlər kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşlər. X1 08 yanvar 2018-ci il tarixdə vəfat etmiş və onun ölümü ilə bağlı vərəsəlik işi açılmamışdır. Lakin zaminlər müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduqları kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişlər. Nəticədə cavabdehlərin "xxxx" KB ASC-yə 03 mart 2023-cü il tarixinə 2477,87 ABŞ dolları əsas, 1436,98 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3914,85 ABŞ dolları borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin müsbət nəticə olmamışdır. Kəlbəcər Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli 2(040)-584/2023 nömrəli qətnaməsi ilə (hakim Həsən Qəniyev) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 2477,87 ABŞ dolları (iki min dörd yüz yetmiş yeddi dollar 87 sent) əsas kredit borcu qətnamənin icra olunduğu günə olan məzənnəyə uyğun olmaqla Azərbaycan manatı ilə, həmçinin 62,12 manat (altmış iki manat 12 qəpik) dövlət rüsumu və 0,40 manat xidmət haqqının pul əvəzi tutularaq iddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi; İddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun müvafiq qərarına əsasən kredit müqaviləsi üzrə borclu öhdəliyin icra edilməmişdən qabaq öldükdə müqavilə üzrə borc ölmüş borcalanın əmlakına və ya vərəsəsinə yönəldilir. Belə olan halda, zaminlərdən pulun tutulması qanunvericiliyin tələblərinə ziddir. Çünki onun kredit müqaviləsi üzrə öhdəliklərin icrasına zamin durmağı əslində formal xarakter daşıyır. Ölən X1nun əmlakı borcun ödənilməsinə kifayət qədər bəsdir. Hazırkı, dövrə qədər də borcun tələb olunmaması müəmma doğurur. Tələbkar nə səbəbə borcu indi tələb etməyə başlamışdır? Ölən X1nun hazırda əmlakı, o cümlədən vərəsəsi olduğu halda borcun zaminlərdən tutulması qanunaziddir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, mərhum X1 ilə kreditor "xxxx" KB ASC arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsinə görə üzərinə zaminlik öhdəliyi götürsə də, lakin kredit vəsaitini mərhum borclu özü götürmüşdür. Hazırda borclu ölüb və onun vərəsələri olan 2 övladı var. Borclunun vərəsələri olan övladları mərhum atalarına məxsus evdə yaşayırlar. İşə baxan birinci instansiya məhkəməsi isə bu halları araşdırmamış, habelə düzgün hüquqi qiymət verməmişdir. Hesab edir ki, nə qədər ki borclunun özünün vərəsələri var, mövcud borc onlardan tutula bilməz. Cavabdeh2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və digər cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 08 may 2014-cü il tarixli “1080micGNDJ/14-EM” nömrəli əsas kredit və bank hesabı müqaviləsindən görünür ki, bank tərəfindən X4 (borcalana) 60 ay müddətinə 30000 manat məbləğində kredit limiti ayrılır. Bu müddət ərzində kreditin verilməsi Əlavə kredit müqaviləsinə əsasən müəyyən olunur. Müqavilənin 4.4-cü bəndinə əsasən zaminlər Cavabdeh1 və Cavabdeh2 Bank qarşısında kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürüb və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar; İş materiallarında olan 06 iyul 2015-ci il tarixli “1017micGNDJ/15” nömrəli Əlavə kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən X4 36 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 3890 ABŞ dolları məbləğində kredit verilmişdir. borcalan isə istifadə etdiyi kredit məbləğini müəyyən olunmuş müddətdə faizlə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb; İş materiallarında olan 03 mart 2023-cü il tarixli maliyyə arayışından görünür ki, X3 “1017micGNDJ/15” saylı kredit müqaviləsi üzrə həmin tarixə borcu 2477,87 ABŞ dolları əsas, 1436,98 ABŞ dolları faiz borcu olmaqla cəmi 3914,85 ABŞ dolları məbləğində borcu yaranmışdır; İş materiallarında olan AZ-İ № 917723 nömrəli ölüm haqqında şəhadətnamənin təstiqlənmiş surətindən görünür ki, X5 08 yanvar 2018-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin portaldan çıxarış məlumatında qeyd edilmişdir ki, 08 yanvar 2018-ci il tarixdə ölmüş X2 miras qalmış əmlaka dair vərəsəlik işi açılmamışdır. İş materiallarında olan cavabdehlərə göndərilmiş 17 yanvar 2023-cü il tarixli (poçt qəbzi var) bildirişdən görünür ki, Cavabdeh1 və Cavabdeh2 borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun 5 iş günü müddətində ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəmədə onlara qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, ki, apellyasiya şikayətin dəlillərinə əsasən mübahisənin predmeti bölünməz olduğundan qətnamənin əsaslığı tam yoxlanılır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, işin faktiki halları ilə müəyyən edilir ki, kreditor "xxxx" KB ASC ilə borcalan X5 arasında 08 may 2014-cü il tarixli “1080micGNDJ/14-EM” nömrəli əsas kredit və bank hesabı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, bank tərəfindən X4 (borcalana) 60 ay müddətinə 30000 manat məbləğində kredit limiti ayrılmışdır. Həmin müqavilənin 4.4-cü bəndi ilə müəyyən edilmişdir ki, zaminlər Cavabdeh1 və Cavabdeh2 bank qarşısında kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürüb və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. Bundan sonra 06 iyul 2015-ci il tarixli “1017micGNDJ/15” nömrəli əlavə kredit müqaviləsi ilə "xxxx" KB ASC tərəfindən borcalan X4 36 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 3890 ABŞ dolları məbləğində kredit verilmişdir. X1 08 yanvar 2018-ci il tarixdə vəfat etdiyindən kreditor "xxxx" KB ASC zaminlər Cavabdeh1 və Cavabdeh2 qarşı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxaraq iddianı qismən təmin etmişdir. Lakin məhkəmə kollegiyası həmin nəticə ilə razılaşmır və öz mövqeyini aşağıdakılarla əsaslandırmaqla hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd edilməlidir ki, mülki dövriyyədə öhdəliklərin icrasının təmin edilməsinin daha çox istifadə olunan üsulu kimi zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (Mülki Məcəllənin 470.1-ci maddəsi). Zaminlik müqaviləsi kreditorla zamin arasında bağlanılır və zamin əsas borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsi halında, həmin öhdəliyi icra edəcəyinə dair öz üzərinə vəzifə götürür. Bununla da gələcəkdə əsas borclu tərəfindən öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda kreditor zaminə qarşı həmin öhdəliyin icrası barədə tələb irəli sürmək hüququ əldə etmiş olur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Kreditorun zamindən öhdəliyin icrasını tələb edə bilməsi üçün, ilk öncə, borclunun, eləcə də onun vərəsələrinin öz vəzifələrini icra etməməsi və ya lazımınca icra etməməsi tələb olunur. Yalnız bundan sonra zaminə qarşı zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrası barədə tələb irəli sürülə bilər. Plenum borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab etmişdir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Beləliklə, kollegiya Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, qeyd edir ki, əsas X1 iddia qaldırılmamışdan əvvəl vəfat etdiyindən, iddiaçı bank ilk növbədə həmin şəxsin vərəsələrini müəyyən edərək, öhdəliyin icrasını onlardan tələb etməli, vərəsələr öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, bundan sonra zaminlərə qarşı tələb irəli sürməlidir. İddia ərizəsinin məzmunundan və ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, “UniBank» KB ASC tərəfindən mərhum X1nun vərəsəlik işinin açılıb-açılmamasına dair Ədliyyə Nazirliyinin Elektron Xidmətlər portalında araşdırma aparılmış, mərhum borclunun adına vərəsəlik işi açıldığı müəyyən olunmadığından kredit müqaviləsi üzrə borcun zaminlərdən tələb edilməsi zərurətinin yarandığını göstərilmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, portalda əsas X1nun ölümünə görə elektron portalda vərəsəlik işinin açılmaması onun vərəsələrinin olmamasına dəlalət etmir. Çünki Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. İddiaçı bank isə mərhum əsas borclu Mehman Şixiyevin vərəsələrinin dairəsini, habelə ondan miras qalıb-qalmamsını müəyyən etmək üçün mövcud olan bütün vasitələrdən istifadə etmədən borcun tutulması barədə birbaşa zaminlərə qarşı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Göründüyü kimi, iddiaçı bank tərəfindən məhkəməyə müraciət edilməzdən əvvəl ölmüş borclunun vərəsələri ilə mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində qaydaya əməl edilməmiş və bu qaydanı tətbiq etmək imkanı itirilməmişdir ki, həmin hal da iddia ərizəsinin baxılmamış saxlanılması əsaslarından biri olduğuna görə hazırkı iddia baxılmamış saxlanılmalıdır. MPM-nin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 387.2.8-ci maddəsində göstərilir ki, iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Kəlbəcər Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli 2(040)-584/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilməli, iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 261, 263-264, 387, 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARAALDİ: Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli 2(040)-584/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar