Məhkəmə qərarları › İş №2(104)-838/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-838/2023

08.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-838/2023 08.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pulun tutulması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı1 və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2(021)-3119/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 08 may 2023cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmiş qəbzdən görünür ki, İddiaçı1 Cavabdeh 2 ay müddətinə 10000 manat vermişdir.

2. "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmiş qəbzdən görünür ki, İddiaçı2 Cavabdeh 2 ay müddətinə 15000 manat vermişdir.

3. Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin 05 avqust 2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh İddiaçı2 15.000 manat, İddiaçı1 10.000 manat borc almışdır. a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair Bərdə Rayon Məhkəməsində iddia qaldıraraq, Cavabdeh 15000 manat alınaraq İddiaçı2, 10000 manat isə alınaraq İddiaçı1 verilməsi və ödənilmiş 165 manat dövlət rüsumunun tutularaq İddiaçı1 xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 13 yanvar 2022-ci il tarixdə Cavabdeh İddiaçı1 evinə gələrək Bərdə rayonunda işlətdiyi "MAK" lombart firmasının maddi vəsaiti olmadığına görə pul lazım olduğunu bildirmişdir. İddiaçı1 cavabdehə 10000 manat vermiş, sonuncuda həmin pula görə 7 faiz ödəyəcəyini və aldığı borcu iki ay müddətində tam şəkildə qaytaracağını öhdəsinə götürmüşdür. Cavabdeh 10000 manat borcdan iki dəfə 490 manat qaytarmış, qalan məbləği isə müxtəlif bəhanələrlə qaytarmamışdır. Həmçinin Cavabdeh 13 yanvar 2022-ci il tarixdə İddiaçı2 15000 manat istəmiş, iki ay müddətində qaytaracağını və bildirmişdir. həmin puldan 10 faizinin 7 faizni İddiaçı2 verəcəyinə dair vəd vermişdir. Cavabdeh pulu aldıqdan sonra 3 ay müddətində 1050 manat ödəmiş və iki ay keçməsinə baxmayaraq qalan borcu geri qaytarmamışdır. Dəfələrlə borcu qaytarmasını tələb etsə də cavabdeh müxtəlif bəhanələrlə borcu qaytarmaqdan yayınmışdır. Cavabdeh onlardan pulu alması barədə iltizam yazmış və möhürləmişdir. Cavabdeh tərəfindən aldadıldıqları üçün Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə ərizə ilə müraciət etmişlər, Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi V.Rzayev tərəfindən 05 avqust 2022-ci il tarixdə "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərar çıxarılmışdır. Cavabdeh verdiyi izahatında onlardan pul almasını etiraf etmişdir. Buna baxmayaraq cavabdeh borcu qaytarmamış və üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir.

6. Bərdə Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2(021)-3119/2022 nömrəli qətnaməsi ilə (hakim F.Babaşov) iddia tələbi qismən təmin edilərək, Cavabdeh 11850 (on bir min səkkiz yüz əlli) manat alınaraq İddiaçı2, 7140 (yeddi min bir yüz qırx) manat alınaraq İddiaçı1 verilməsi; Cavabdeh 150 (bir yüz əlli) manat dövlət rüsumu alınaraq İddiaçı1 ödənilməsi; Ödənilmiş dövlət rüsumunun geri qalan 15 manat hissədə iddiaçıya aid edilməsi; İddia tələbi qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2, 739.1, 739.2, 740.1, 740.2, maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 76, 217, 216-220, 227, 233, 357 və 360-cı maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni İddiaçı1 münasibətdə iddianın təmin olunması hissədə qətnamənin ləğv olunmasını xahiş etmişdir.

9. Qətnamə mübahisələndirilən hissədə apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi həmin hissədə maddi və prosessual hüquq normalrının tələblərini pozaraq, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan iddianı qismən təmin etmişdir. Belə ki, İddiaçı1 tələb etdiyi məbləğdə borcu yoxdur. İddiaçı1 oğlu İlkin Süleymanova olan borcunu ödədiyi zaman Gülarənin də borcunu davamlı olaraq ödəmişdir. Hər ay 300 manat İlkinə, 490 manat isə Gülarəyə ödəniş etmişdir. İddiaçı1 verdiyi pulları Nahid adlı şəxsə göndərmiş və qəbzləri məhkəməyə təqdim etmişdir. İddiaçı2 2022-ci ilin fevral ayında pulun alınmasına dair qəbz yazdığı zaman İddiaçı1 onun üçün də qəbz yazmağı istəmişdir. Fevral ayından öncə bprcu ödəməyinə baxmayaraq İddiaçı1 da qəbz yazmışdır. Birinci instansiya məhkəməsinə 2022-ci ilin fevral ayından öncə ödədiyi qəbzləri təqdim etsədə, yalnız fevral ayında olan ödənişi nəzərə alınmışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, İddiaçı1 olan borcu onun qızı Jaləyə göndərmişdir. Jalənin əri Nahiddən də iki dəfəyə, yəni 4700 manat və 1500 manat borc almış və həmin borcu da bir dəfəyə ödəmişdir. Lakin Nahiddən aldığı borcu birdəfəyə ödəməsinə dair subut təqdim edə bilmir. X3 də 3000 manat almışdır. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir, cavabdehə 10000 manat borc vermiş, sonuncu həmin borcdan üç dəfə 790 manat, birdəfə isə 490 manat qaytarmışdır. Qalan məbləği isə qaytarmaqdan imtina etmişdir. Qızı Jalənin adına göndərələn pullar onun əri Nahidin verdiyi borca görə olmuşdur. Oğlu İlkinin cavabdehə borc verməsindən isə məlumatı olmamışdır. İddiaçı1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

13. İddiaçı tərəfin təşəbbüsü ilə məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə vermiş X7 ifadəsində bildirmişdir ki, Cavabdeh iki dəfəyə 4700 manat və 1500 manat borc vermişdir. Cavabdeh aldığı borcu az-az olsada arvadı Jalənin kartına göndərmiş və çox çətiunliklə olsada verdiyi borcu almışdır. Hazırda cavabdehin ona borcu qalmamışdır. Cavabdeh onun qaynanası Gülarədən aldığı borcu isə qaytarmamışdır. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

16. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

17. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

18. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

19. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

20. Maddə 740.2. Borc müqaviləsi üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 88-ci maddəyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

25. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır.

28. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini İddiaçı1 tələbinin təmin olunması hissəsində ləğv olunmasını xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə mübahisələndirilən hissədə Cavabdeh 7140 manat alınaraq İddiaçı1 verilməsi hissədə düzgün nəticəyə gəlmişdir.

30. Belə ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən olunmur. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması üçün əsas yoxdur.

31. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı1 Cavabdeh 2 ay müddətində qaytarmaq şərti ilə 10000 manat borc vermiş, cavabdeh Solmaz Süleymanova da öz növbəsində borc almasına dair "xxxx" MMCnin möhürü ilə təsdiq edilmiş qəbz vermişdir. Borcalan Cavabdeh borcu qaytarmadığına görə İddiaçı1 hazırki iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı qismən təmin etmişdir.

32. İddiaçı1 tərəfindən Cavabdeh 10000 manat borc verməsi mübahisələndirilmir. Mübahisə borcun qaytarılıb-qaytarılmamasından ibarətdir. Belə ki, Cavabdeh apellyasiya şikayətində, eləcədə məhkəmə kollegiyasının iclasında vermiş olduğu izahatında İddiaçı1 almış olduğu 10000 manat borcu hissələrlə sonuncunun qızı Jalənin kartına ödədiyini, İddiaçı1 isə cavabdehin ona ümumilikdə 2860 manat qaytardığını bildirmişdir.

33. Kollegiya 10000 manat borcun tam ödənilməsi barədə cavabdeh tərəfin dəlilini əsaslı hesab etmir. Belə ki, Cavabdeh iddiaçıdan aldığı 10000 manat borcu hissələrlə sonuncunun qızı Jalənin kartına ğöndərdiyini bildirsədə, lakin iddiaçı tərəfin məhkəmə kollegiyasına təqdim etdiyi sənədlərdən müəyyən olunur ki, cavabdeh Solmaz X1 da iki dəfəyə ümumilikdə 6200 (4500+1500=6200) manat borc almışdır. İddiaçı tərəfin təşəbbüsü ilə Nahid Abbasov şahid qismində dindirilərkən bildirmişdir ki, İddiaçı1 onun qaynanasıdır. Cavabdeh iki dəfəyə 6200 mant borc vermiş və çox çətinliklə də olsa həmin borcu hissə-hissə Solmazdan almış və pullar Solmaz tərəfindən arvadı Jalənin kartna göndərilmişdir. Cavabdeh isə Nahid Muradovdan aldığı 6200 manat borcu iki dəfəyə ödədiyini qeyd etsədə, lakin bu barədə məhkəməyə sübut təqdim etməmişdir. Belə olan təqdirdə kollegiya hesab edir ki, Cavabdehnin İddiaçı1 qızı Jalənin kartına göndərdiyi pullar iddiaçıdan alınmış borcun qaytarılması kimi qiymətləndirilə bilməz.

34. Qeyd olunanları nəzərə alan kollegiya hesab edir ki, 10000 manat borcun iddiaçının qızı Jalənin kartına hissə-hissə göndərilməklə tamamilə ödənilməsi barədə apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üşün əsas deyil.

35. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən, yəni “Cavabdeh 7140 (yeddi min bir yüz qırx) manat alınaraq İddiaçı1 verilməsi” hissədə dəyişdirilmədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402, 403, 404 və 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2(021)-3119/2022 nömrəli qətnaməsi mübahisələndirilən, yəni Cavabdeh 7140 (yeddi min bir yüz qırx) manat alınaraq İddiaçı1 verilməsi hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə şikayət verilməzsə 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar