Məhkəmə qərarları › İş №2(104)-838/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-838/2025

14.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-838/2025 14.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “alimentin artırılması” tələbinə dair mülki işi üzrə Şəmkir Rayon Məhkəməsinin 14 yanvar 2025-ci il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı və cavabdehin birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü Muğan adlı uşaqları doğulmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli, 2(076)-2887/2022 nömrəli qətnaməsi ilə xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü Muğan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 170 manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixdə doğulmuş Muğan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay 250 manat sabit pul məbləği həddində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun cavabdehlə rəsmi nikahlarından xx.xx.2015-ci il təvəllüdlü Muğan adlı uşaqları anadan olmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli qətnaməsi ilə uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 170 manat alimentin tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilmişdir. Cavabdeh alimenti ödəsə də hazırda həmin məbləğ çox aşağı bir məbləğdir. Məhkəmə tərəfindən 2022-ci il tarixdə təyin olunmuş aliment məbləği hazırda uşağın saxlanması üçün kifayət etmir. Hər bir uşağın gündəlik tələbatı, sağlamlığı və ümümiyyətlə cəmiyyətə layiqli bir insan kimi yetişməsi üçün kifayət qədər vəsait tələb olunur. Cavabdeh fərdi əməklə məşğuldur, bir neçə yerdə işləyir. Cavabdeh atasına avtomobil almışdır. Məhkəmənin təyin etdiyi aliment məbləği uşağın hazırki tələbatına kifayət etmir. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimenti vaxtlıvaxtında ödəyir, lakin alimentin məbləği artırılacağı təqdirdə ödəməkdə çətinlik çəkəcəkdir. Hazırda maddi imkanı yoxdur. Şəmkir Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(076)- 233/2025 nömrəli iş üzrə qəbul etdiyi 14 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakim T.Musayev) iddia tələbinin qismən təmin edilməsi, xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2015-ci il tarixdə doğulmuş Muğan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli 2(076)- 2887/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentinin miqdarının artırılaraq, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,55 misli həddində sabit pul məbləğində müəyyən edilməsi və Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, ötən müddətdə uşaq böyüməklə onun maddi tələbatı da artmışdır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, azyaşlı uşağa təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsində nəzərdə tutulmuş əsaslar vardır. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda (hətta başqası ilə evləndikdə belə) uşaqların normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşaqların zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşaqların minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşaqların maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan hər ay 170 manat miqdarında aliment müəyyən edilməsi, uşağın maddi tələbatlarını təmin etmədiyi açıq-aşkardır. Uşağın maraqlarını rəhbər tutaraq, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin miqdarının xx.xx.2025-ci il tarixdən, sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə minimum əmək haqqı məbləğinin 0,55 misli həddində sabit pul məbləğində müəyyən edilməsi azyaşlı uşağın mənafelərinə uyğundur. Rayon Məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2, 112.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddələlərinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarına, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, hazırki iş üzrə iddia tələbi alimentin tutulması ilə deyil, daha əvvəl məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılması ilə bağlıdır. Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən bu cür iddia ilə məhkəməyə müraciət etmiş şəxs özünün və ya cavabdehin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu barədə sübutlar təqdim etməlidir. Sadəcə hər növbəti ildə ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun artırılması Ailə Məcəlləsinin 112-ci maddəsində sadalanan hallar mövcud olmadan məhkəmə aktı ilə müəyyən olunmuş alimentin birmənalı artırılması üçün əsas deyil. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etirazını iddia tələbinin dəlillərinə uyğun əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, cavabdeh 2024-cü ilin sentyabr ayında özünə yeni “Mersedes C klass” markalı avtomobil almış, eyni zamanda cavabdehin hal-hazırda 200 baş qoyun və 200 baş quzusu, torpaq sahəsi(yatağı) vardır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçının bildirdiyi kimi onun nə mal-qarası, nə maşını, nə də hər hansı daşınmaz əmlakı var. Apellyasiya baxışının məhkəmə iclasında iştirak iddiaçı apellyasiya şikayətinə etirazın dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, Rayon Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, lakin iddiaçı qətnaməni apellyasiya qaydasında mübahisələndirməmişdir. Cavabdehin apellyasiya şikayətində Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin iddia tələbinin təmin edilən hissəsini mübahisələndirir. Ona görə də Məhkəmə birinci instansiyası məhkəməsinin aktını yalnız mübahisələndirilən hissədə yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34. 4. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, alimentin miqdarının dəyişdirilməsi tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan maddədən görünür ki, məhkəmə tərəfindən aliment miqdarı müəyyən olunduqdan sonra həmin miqdarın dəyişdirilməsi əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliklərin baş verməsi təşkil edir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı ilk dəfə eyni tələblə 2024-cü ildə Rayon Məhkəməsinə müraciət etmiş, Rayon Məhkəməsi tərəfindən iddiaçının tələbi qismən təmin edilsə də, Gəncə Apellyasiya Məhkəməsinin 17 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddiaçının tələbi rədd edilmişdir. İddiaçı yenidən 2024-cü ilin oktyabr ayında hazırki tələblə məhkəməyə müraciət etmiş və bildirmişdir ki, cavabdehin maddi vəziyyətində dəyişiklik olmuşdur. İşin faktiki hallarını nəzərə alaraq Məhkəmə hesab edir ki, hazırkı işdə Ailə Məcəlləsinin 112.1-ci maddəsinin dispozitiv şərtləri mövcud deyil. Belə ki, aliment miqdarı müəyyən edildikdən, eyni zamanda Gəncə Apellyasiya Məhkəməsinin 17 iyul 2024-cü il tarixli qətnaməsi qəbul edildikdən sonra cavabdehin maddi vəziyyətində dəyişiklik olmamış və iddiaçı bununla bağlı məhkəmələrə hər hansı mötəbər sübut təqdim etməmişdir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə düzgün nəticəyə gəlməmişdir. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Şəmkir Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 yanvar 2025ci il tarixli qətnamə “xx.xx.2024–cü il tarixdən başlayaraq, xx.xx.2015-ci il tarixdə doğulmuş Muğan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli 2(076)-2887/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentinin miqdarının artırılaraq, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,55 misli həddində sabit pul məbləğində müəyyən edilməsi və Cavabdeh alınıb İddiaçı verilməsi” hissədə ləğv edilsin və həmin hissədə iddia tələbi təmin edilməsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar