Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-839/2023 29.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, Bərdə Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli 2(021)-2777/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 29 mart 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İşə əlavə edilmiş qəbzdən görünür ki, Cavabdeh İddiaçı 5000 manat pul borc almış, həmin pulu 5-6 ay ərzində qaytaracağına həmin pulu qaytarmadığı müddətdə 450 manat ödəyəcəyinə söz vermişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona çatası 6350 manat məbləğində pulun, 500 manat əldən çıxmış faydanın, ümumilikdə 6850 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Cavabdeh ilə münasibətləri yaxşı olmuşdur. 12 avqust 2021-ci ildə Cavabdeh ondan 5000 manat borc pul istəmişdir. Cavabdehlə münasibətləri yaxşı olduğundan həmin məbləğdə pulu ona vermiş və Cavabdeh bu barədə qəbz yazıb vermiş və həmin pulu 6 ay müddətində qaytarmağa söz vermişdir. Lakin həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliyə əməl etməmiş, ona borclu olduğu məbləği geri ödəməmişdir. Onların arasında olan razılaşmaya əsasən cavabdeh pulu qaytarmadığı hər ay üçün ona 450 manat əlavə pul ödəməlidir ki, cavabdeh onun pulunu 3 ay müddətində ödəmədiyi üçün ona əlavə olaraq 1350 manat pul ödəməlidir. Hesab edir ki, cavabdehin pulu qaytarmaması səbəbindən ona ziyan dəymişdir. Belə ki, cavabdehdən pulu almaq üçün dəfələrlə onun yaşadığı ünvana getmişdir. Cavabdeh borclu olduğu məbləği vaxtında ona qaytarmadığından həmin pulu istifadə edə bilmədiyi üçün 500 manat qazancı əldən çıxmışdır. Dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh pulu ona qaytarmaqdan imtina edir. O da məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur.
4. Bərdə Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli 2(021)-2777/2022 nömrəli qətnaməsi ilə (hakim Fuad Babaşov) iddianın qismən təmin edilməsi, Cavabdeh 5000 (beş min) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, Cavabdeh 70 manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2, 386.1, 739.1, 740.1, 740.2, 1096.1, 1097.1 və1115-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 191.1 və 119.2-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli 2(021)-2777/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını nəzərə almamışdır, belə ki, o maddi çətinliyi olduğuna görə faizi ilə qaytarmaq şərti ilə iddiaçından 2000 manat borc pul almışdır. İddiaçı pulu ona 5000 manat yazılmış qəbzə imza etmək şərti ilə verə biləcəyini bildirdikdə ehtiyac olduğuna görə etiraz etməmiş və imzalamışdır. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmişdir. Ona görə də qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, o iddiaçıdan 5 il əvvəl aylıq 10 faiz ödəmək şərti ilə 1800 manat məbləğində borc pul almışdır. 2 il ərzində hər ay 180 manat olmaqla cəmi 6480 manat məbləğində pul qaytarmışdır. İddiaçı 2-3 il ərzində 1800 manata əlavə faiz hesablayaraq ondan 5000 manat məbləğində pul tələb edir. İşdə olan qəbz onun tərəfindən yazılaraq imzalanmışdır. Onun iddiaçıya 6480 manat borcun qaytardığına dair sübutu yoxdur. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək izahatında göstərmişdir ki, o, 12 avqust 2021-ci ildə Cavabdeh 5000 manat borc pul vermişdir. Cavabdeh bu barədə qəbz yazıb vermiş və həmin pulu 6 ay müddətində qaytarmağa söz vermişdir. Lakin həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq cavabdeh borcu qaytarmamışdır. Onların arasında olan razılaşmaya əsasən cavabdeh pulu qaytarmadığı hər ay üçün ona 450 manat əlavə pul ödəməli idi, yəni 1350 manat pul ödəməlidir. Cavabdeh pulu qaytarmaması səbəbindən ona ziyan dəymişdir. Həmin pulu istifadə edə bilmədiyi üçün 500 manat qazancı əldən çıxmışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
10. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Maddə 433.3. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır.
13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun pisk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
15. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
16. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
17. Maddə 740.2 .Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
22. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
24. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
25. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, iş faktiki hallarına düzgün qiymət verilmişdir.
29. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Belə ki, işin müəyyən olunmuş hallarına görə, iddiaçı Əsədov X1 Murad Adil oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 5000 manat pulun və 3 ay üçün 1350 manat pulun, eləcə də 500 manat məbləğində əldən çıxmış faydanın Cavabdeh ona çatası 6350 manat məbləğində pulun, 500 manat əldən çıxmış faydanın, ümumilikdə 6850 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi ona istinad etmişdir ki, işdəki qəbzdən görünür ki, cavabdeh borc aldığı 5000 manat pulu 5-6 ay ərzində qaytaracağına, həmin pulu qaytarmadıqda 450 manat ödəyəcəyini öhdəsinə götürmüşdür. 450 manatın hansı müddətdə verilməsi açıq-aydın qeyd olunmadığından məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Əldən çıxmış faydanın ödənilməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, həmin məbləğin hansı qaydada hesablanması və əsaslandırılması ərizədə qeyd edilməmişdir.
31. Cavabdeh apellyasiya şikayətinin dəlillərində əslində 2000 manat borc aldığını qəbzin aralarındakı razılaşma ilə həmin məzmunda tərtib olunduğunu bildirsə də buna dair hər hansı sübutu birinci instansiya məhkəməsində və apellyasiya instansiyasında təqdim etməmişdir. İddiaçı qeyd edilən məbləği cavabdehə verməsini təqdim etdiyi qəbzlə sübut etsə də, cavabdeh həmin məbləğdə borc almadığını bildirsə də bu hal sübut olunmadığından birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək həmin məbləğin cavabdehdən alınmasını qət etdikdə düzgün nəticəyə gəlmişdir.
32. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə Məhkəmə Kollegiyası razilaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uygun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
33. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır. 35.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402, 403, 404 və 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bərdə Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli 2(021)-2777/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.