Məhkəmə qərarları › İş №2(104)-841/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-841/2025

02.05.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-841/2025 02.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı iş üzrə Açar sözlər: avtomobil yolunda quraşdırılmış darvaza və tikililərin sökülməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı nümayəndəsi (oğlu) Nümayəndə və nümayəndəsi (vəkili) Vəkil, 3-cü şəxs Gədəbəy Qaraməmmədli bələdiyyəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı avtomobil yolunda quraşdırılmış darvaza və tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)-13/2024 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə 02 may 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, **********15-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, 31 yanvar 2022-ci il tarixdə Gədəbəy rayonu, Novosaratovka kəndində 0.08635 ha torpaq sahəsi və üzərində yerləşən yaşayış evinə İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmışdır.

2. Gəncə Apellyasiya Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2(104)- 2474/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı mülkiyyətində olan Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 0.08635 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə nəqliyyat vasitəsinin gediş-gəlişi üçün Gədəbəy Rayon Novosaratovka Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən eni 3 metr olmaqla ümumi istifadədə olan yolun birləşməsinə kimi servitut müəyyən edilmişdir.

3. Mütəxəssis rəyindən görünür ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə yol nəzərdə tutulmuşdur. İddiaçının mülkiyyətində olan torpaq sahəsinin qarşısında ticarət obyekti olduğundan həmin yola olan çıxış məhdudlaşdırılmışdır. İddiaçının yol kimi iddia etdiyi torpaq sahəsi isə bələdiyyə mülkiyyətinə aiddir və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən istifadə edilir.

4. Mütəxəssis tərəfindən tərtib edilmiş sxemdən görünür ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə yol nəzərdə tutulmuş, lakin mülkiyyətində olan torpaq sahəsinin qarşısında iddiaçının özünün inşa etdirdiyi ticarət obyekti ilə həmin yola olan çıxış məhdudlaşdırılmışdır. Bundan başqa, iddiaçının mülkiyyətində 0.0861 ha həyətyanı torpaq sahəsi qeydə alındığı halda, faktiki sahibliyində 0.1696 ha torpaq sahəsi vardır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ümumi yoldan onun mülkiyyətində olan evə kimi Novosaratovka Bələdiyyəsinin mülkiyyətində olan eni 3 metr istifadədə olan yolun üzərində inşa etdiyi tikililərin və quraşdırılmış darvazaların sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Gədəbəy Rayon Məhkəməsində iddia qaldıraraq, Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən mülkiyyətində olan fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə cavabdeh Gədəbəy Rayon Novosaratovka Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən eni 3 metr olmaqla, servitut qaydasında avtomobil yolunun açılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-426/2022 saylı 06 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən verdiyi apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2474/2022 saylı 15 noyabr 2022-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilmiş, onun Gədəbəy rayonu, Novasaratovka kəndində yerləşən 0,08635 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə nəqliyyat vasitəsinin gediş-gəlişi üçün Gədəbəy rayonu, Novosaratovka Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən eni 3 metr olmaqla ümumi istifadədə olan yolun birləşməsinə kimi servitut müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Qətnamənin icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural İsmayılova həvalə edilmişdir. İcra məmuru 04 avqust 2023-cii il tarixdə servitut müəyyən edilməli torpaq sahəsinə mütəxəssis dəvət edərək, baxış keçirmiş və müəyyən etmişdir ki, həmin torpaq sahəsi Cavabdeh1 şəxsi mülkiyyətindədir. Lakin icra məmuru nə mütəxəsssis rəyi almış, nə də 3-cü şəxs adlandırdığı Cavabdeh1 həmin torpaq sahəsinə dair mülikyyət hüququnu təsdiq edən Çıxarışı, plan-ölçü sənədini icra materiallarına əlavə etməmiş, 31 avqust 2023-cü il tarixdə icra sənədinin icrasının mümkün olmaması qənaətinə gələrək, icra sənədini geri qaytarmışdır. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini araşdıraraq və mübahisə predmetinə yerində baxış keçirərək müəyyən etmişdir ki, onun mülkiyyətində yaşayış evi və evin arxa hissəsində torpaq sahəsi yerləşir. Fərdi yaşayış evinin ön hissəsindən piyada girişi üçün yol olsa da, lakin həmin hissədə inşa edilmiş qeyri-yaşayış sahəsi olan tikili səbəbindən evin həyətyanı sahəsinə avtomobilin daxil olması üçün yol mövcud deyildir. Həyətyanı sahəyə avtomobilin daxil olması yalnız həyətyanı sahənin sonunda qonşu bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə etməklə digər ümumi istifadədə olan avtomobil yoluna çıxış əldə etmək olar. Məhkəmə iclasında bələdiyyənin nümayəndəsi mülkiyyətdə olan torpaq sahəsindən istifadə etmədiklərini və həmin torpaq sahəsindən servitut yolu ilə iddiaçının istifadəsi üçün yol açılmasına etirazlarının olmadığını bildirmişdir. Yerində müayinə zamanı Cavabdeh1 torpağın onun mülkiyyətində olmasını şifahi olaraq bildirsə də, məhkəmə kollegiyasının tələbinə baxmayaraq, mübahisə predmeti olan torpağa dair sənəd təqdim etməkdən imtina etmişdir. Novasaratovka Bələdiyyəsinin 12 avqust 2023-cü il tarixdə verdiyi arayışdan görünür ki, mübahisə predmeti olan torpaq sahəsi Novosaratovka Bələdiyyəsinin mülkiyyətindədir. Göründüyü kimi, Hüseynov X3 Bələdiyyəsinin mülkiyyətində olan onun evindən ümumi yola birləşən hissəyə qədər eni 3 metr təşkil edən yolu zəbt edərək, orada qanunsuz tikili inşa etmiş və darvazalar quraşdırmışdır. Bu da onun mülkiyyətimdə olan fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə avtomobilin girş-çıxışının tamamilə bağlanması ilə nəticələnmişdir. Cavabdeh darvazanı məhkəmə qətnaməsinin icrası ilə bağlı icra məmuru torpaq sahəsinə gəlib araşdırma aparıb, qətnamənin icrasından imtina etdikdən sonra quraşdırmışdır. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir.

7. Bundan sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə birinci instansiya məhkəməsinə ərizə vermiş, cavabdehlər siyahısına Cavabdeh2 və Cavabdeh3 əlavə edilməsini, Cavabdeh1 tərəfindən ümumi yoldan onun mülkiyyətində olan evə kimi Novosaratovka Bələdiyyəsinin mülkiyyətində olan eni 3 metr olan yolun üzərində inşa etdiyi tikililərin və quraşdırılmış darvazaların, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ümumi yoldan mülkiyyətində olan evə kimi eni 3 metr istifadədə olan avtomobil yolunun üzərində inşa etdikləri hasarın cavabdehlərin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)-13/2024 nömrəli qətnaməsi (hakim Fizuli Mirzəquliyev) ilə, iddianın təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152 və 157.4-cü maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 18-ci maddəsinə və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 216-220, 227, 358-360 və 362-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)-13/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə iddiaçının sübutlarını təqdim etməsi üçün heç bir şərait yaratmadan, qanunsuz tikili ilə bağlı yerli icra hakimiyyətinə və bələdiyyəyə sorğu göndərməklə qanunsuz tikintinin olub olmamasını müəyyən etmədən, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı İdarəsinə məktub göndərməklə mübahisəliərazinin ümumi istifadədə olan torpaq sahəsinə aid olub-olmamasına dair məlumat əldə etmədən mübahisəni araşdırmamış və ədalətsiz yekun qərar qəbul etmişdir. Bildirmək istəyir ki, iddiaçının iddia tələbi qanunsuz tikilinin sökülməsi olduğu halda, məhkəmə “iddiaçının özü də bələdiyyə torpağının bir hissəsini zəbt etmiş, bununla əlaqədar servitut müəyyən edilmiş yolun onun zəbt etdiyi və ya başqa ərazidən keçməli olmasının müəyyən edilməsi mümkün olmadığını” bildirmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, iddiaçının torpağı ilə qanunsuz tikilmiş hasar arasında servitut müəyyən edilmiş bələdiyyə torpağı var. İddiaçının mübahisəsi öz torpaq sahəsinə qonşu olan hasarla deyil, servitut müəyyən edilmiş torpaq sahəsi ilə ümumi istifadədə olan yolun kəsişməsində olan hasardır. Eyni zamanda məhkəmə iddiaçının torpaq sahəsindən servitut müəyyən edilmiş torpaq sahəsinə birləşən yolunun haradan keçməli olmasını mübahisələndirmişdir. Bildirmək istəyirlər ki, iddiaçının tələbi nə öz torpaq sahəsi ilə, nə də servitut müəyyən edilmiş torpaq sahəsindən keçən yol olmuşdur. Bu tələblər üzrə iddiaçının xeyrinə qəbul edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2(104)-2474/2022 saylı qətnaməsi var. Məhkəmə əsassız və qanunsuz olaraq Gəncə Apellyasiya Məhkəməsinin aktını mübahisələndirmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2474/2024 saylı xx.xx.2022-ci il tarixli qətnaməsində məhkəmə qeyd etmişdir ki, “Məhkəmə kollegiyası xüsusi vurğulayır ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının servitut qaydasında yolun verilməsini tələb etdiyi torpaq sahəsinin kənd sakinlərinin istifadə etdiyi mübahisəli ərazi kimi qeyd olunsa da, yerində müayinə zamanı müəyyən edilmişdir ki, həmin ərazi iddiaçının servitut qaydasında avtomaşın yolunun verilməsini tələb etdiyi bələdiyyəyə məxsus boş torpaq sahəsi deyil, kənd sakinlərinin ümumi istifadəsində olan yoldur. İddiaçının servitut qaydasında yolun verilməsini tələb etdiyi torpaq sahəsi isə bələdiyyə və digər şəxslər tərəfindən istifadə olunmayan boş torpaq sahəsidir. İddiaçı mülkiyyətində olan Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 0.08635 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə nəqliyyat vasitəsinin gediş-gəlişi üçün Gədəbəy Rayon Novosaratovka Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən eni 3 metr olmaqla ümumi istifadədə olan yolun birləşməsinə kimi servitut müəyyən olunsun.” Bildirmək istəyirlər ki, Gəncə Apellyasiya Məhkəməsində mülki işə baxılan zaman yerli baxış keçirilmiş və həmin vaxt heç bir hasar olmamışdır. Lakin, məhkəmə aktı icra edilən zaman cavabdehlər artıq həmin hasarı hörmüşlər. Bildirmək istəyir ki, cavabdehlər hasar tikməklə qanunsuz olaraq ümumi istifadədə olan yolu zəbt etməklə, həmin yoldan iddiaçının sərbəst istifadə hüququnu məhdudlaşdırmışlar. Bildirmək istəyir ki, iddiaçı Gədəbəy rayon məhkəməsində hazırki mülki iş üzrə audio-video qeydiyyatı aparılmış məhkəmənin hazırlıq iclasında şifahi olaraq yerli baxışın keçirilməsini xahiş etsə də, hakim şifahi vəsatəti nəzərə almamışdır. Bu halların hər hansı bir sübutla müəyyən edilməsi iddiaçının imkanları ilə mümkün olmamışdır. Bu hallar Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2474/2024 saylı xx.xx.2022-ci il tarixli aktı, birinci instansiya məhkəməsində yerli baxışın keçirilməsi və cavabdehlərin izahatlarının alınması ilə müəyyən edilə bilərdi. Lakin məhkəmə tərəflərin iştirakı olmadan mülki işə baxdığı üçün bəzi sübutların təqdim edilməsi mümkün olmamışdır. Apellyasiya şikayətinə əlavə etdiyi foto şəkillərdən ümumi istifadədə olan yolun əvvəlki vəziyyətində yolun sol tərəfinin yol boyu daş hasarla sərhədləndiyini, sağ tərəfinin isə heç bir hasar hörgüsünün olmadığı və ümumi istifadədə olan yolun servitut müəyyən edilmiş sahə ilə kəsişməsində hörgü daşlarının toplandığı müşahidə edilir. Təqdim edilmiş digər foto şəkillərdə ümumi istifadədə olan yolun hal hazırkı vəziyyətində isə, cavabdehlər tərəfindən ümumi istifadədə olan yolun servitut müəyyən edilmiş sahə ilə kəsişməsini və ümumi istifadədə olan yolun sağ hissəsini yəni öz istifadələrində olan torpaq sahələrinin hüdudlarını həmin toplanmış daşları hesabına hasarla hörüldüyü müşahidə edilir. Göründüyü kimi, həmin hörgü işlərinin bir hissəsi cavabdehlərin istifadəsində olan torpaq sahəsində aparılması bizim tərəflərindən onlara qarşı “əsas yoldan mülkiyyətində olan evə kimi eni 3 metr istifadədə olan avtomobil yolunun üzərində inşa etdikləri hasarın cavabdehlərin hesabına sökülməsi barədə” iddia tələbi ilə məhkəməyə müraciət etməyi üçün əsas vermişdir. Cavabdehlər tərəfindən ümumi istifadədə olan yolun bağlanılması ilə faktiki olaraq digər məhkəmə aktının icrasına maneçilik törətmiş və iddiaçının ümumi istifadə olunan yoldan sərbəst istifadə etmək hüquqlarını məhdudlaşdırmışdır. İşə baxmış birinci instansiya məhkəməsi iddiaçıların istifadəsində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evinə gedən yolda hasar tikməklə həmin yolu bağlamasına, ümumi istifadədə olan torpaq sahəsini (yolu) özbaşına tutmasına əhəmiyyət verməyərək iddia tələbini təmin etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (oğlu) Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddianın təmin edilməsini xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddianın təmin edilməsini xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxs Gədəbəy Qaraməmmədli bələdiyyəsinin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilibedilməməsini məhkəmənin mülahizəsinə verməklə, mübahisələndirilən həmin yolun bələdiyyə mülkiyyətində ümumi gediş-gəliş yolu olduğunu bildirmişdir.

16. İş üzrə İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

17. Maddə 13. İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər;

18. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir;

19. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir;

20. Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir;

21. Maddə 129. Məhkəmə qərarları və onların icras İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya:

22. Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ

23. 1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol:

24. Maddə 1. Mülkiyyətin müdafiəsi

25. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

26. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

28. Maddə 152.5. Mülkiyyətçi müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

29. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

30. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

36. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

37. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

38. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

39. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

42. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

44. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)-13/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Beləliklə, işin halları ondan ibarətdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2(104)- 2474/2022 saylı qətnaməsi ilə, İddiaçı mülkiyyətində olan Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 0.08635 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə nəqliyyat vasitəsinin gediş-gəlişi üçün Gədəbəy Rayon Novosaratovka Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən eni 3 metr olmaqla ümumi istifadədə olan yolun birləşməsinə kimi servitut müəyyən edilmişdir. Bundan sonra isə iddiaçı ümumi yoldan onun mülkiyyətində olan evə kimi Novosaratovka Bələdiyyəsinin mülkiyyətində olan eni 3 metr istifadədə olan yolun üzərində inşa etdiyi tikililərin və quraşdırılmış darvazaların sökülməsi istəmişdir.

47. İlk olaraq, hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Belə hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir.

48. Mülkiyyətin məhkəmə müdafiəsi hüququ iddia vasitəsilə həyata keçirilir. Bu iddia əşya hüququnu pozan hər bir şəxsə qarşı irəli sürülür. Əşya-hüquqi iddialara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddialar daxildir. Hər üç iddia petitor iddiadır. Petitor iddia dedikdə, mülkiyyət hüququ barədə verilən iddia başa düşülür.

49. Neqator iddia sahiblikdən məhrum edilməklə əlaqədar olmayan pozuntuların aradan qaldırılması barədə iddiadır. Neqator iddia mülkiyyətçinin ona məxsus olan əmlakdan istifadə və onun üzərində sərəncam səlahiyyətlərinin həyata keçirilməsinə mane olan pozuntuların aradan qaldırılması haqqında üçüncü şəxsə qarşı irəli sürdüyü müqavilədənkənar tələbdən ibarətdir. Neqator iddia habelə mülkiyyət hüququnun həyata keçirilməsinə yönələn maneə təhlükəsinin olması imkanları olduqda da qaldırıla bilər. Neqator iddianın anlayışı Mülki Məcəllənin 157.4-cü maddəsində verilmişdir. Neqator iddanın məqsədi mülkiyyətçinin və digər titul sahibinin əşyaya sahiblikdən məhrumetmə ilə bağlı olmayan digər salahiyyətlərini (istifadə və sərəncam səlahiyyətini) müdafiə etməklə, pozulmuş hüquqları bərpa etməkdən ibarətdir. Bu iddiadan üç məqsəd güdülür: birincisi, hüququ pozulmuş hərəkətlərin qarşısını almaq; ikincisi, gələcəkdə mülkiyyət hüququnun pozulmasına gətirib çıxara biləcək hərəkətlərin qarşısını qabaqcadan almaq (preventiv məqsəd); üçüncüsü, hüququn pozulması anına kimi mövcud olan vəziyyəti bərpa etmək üçün müəyyən hərəkət etməyi cavabdehə həvalə etmək. Neqator iddia təmin edildikdə pozuntu törədən şəxsin üzərinə yaratdığı maneəni aradan qaldırmaq vəzifəsi qoyulur. Bu vəzifənin icra edilməsi nəticəsində mülkiyyətçi əşya barəsində istifadə və sərəncam səlahiyyətlərini həyata keçirmək imkanı əldə edir.

50. Qeyd etmək lazımdır ki, hər bir şəxsin mülkiyyətində daşınar və daşınmaz əmlakı olar. Mülkiyyət hüququ şəxsin mülkiyyətində olan əmlak üzərində sahiblik, istifadə və sərəncam vermək hüququnun realizəsi ilə həyata keçirilir. Bu hüququnun həyata keçirilməsinə hər hansı bir müdaxilənin edilməsi qadağandır və belə bir qadağa mülkiyyət hüququna müdaxilə kimi dəyərləndirilir. Həmçinin o da nəzərə alınmalıdır ki, bu əşyanı mülkiyyətçinin sahibliyindən götürmədən mülkiyyət hüququnun həyata keçirilməsinə maneələr törədən hərəkətlərdən müdafiə üsuludur. Bu halda mülkiyyətçinin belə hərəkətlərə son qoyulmasını tələb etmək hüququ yaranır. Adətən belə maneələr mülkiyyətçinin öz əmlakından istifadə etmək səlahiyyəti pozulur. Çünki, əmlak onun sahibliyindən çıxmır və onu həmin əmlak barəsində sərəncam vermək hüququndan məhrum etmir.

51. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2(104)- 2474/2022 nömrəli qətnaməsindən görünür ki, İddiaçı mülkiyyətində olan Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 0.08635 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə nəqliyyat vasitəsinin gediş-gəlişi üçün Gədəbəy Rayon Novosaratovka Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən eni 3 metr olmaqla ümumi istifadədə olan yolun birləşməsinə kimi servitut müəyyən edilmişdir.

52. Yəni, artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında hazırda İddiaçı mülkiyyətində olan Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 0.08635 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə nəqliyyat vasitəsinin gediş-gəlişi üçün Gədəbəy Rayon Novosaratovka Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən eni 3 metr olmaqla ümumi istifadədə olan yolun birləşməsinə kimi servitut müəyyən edilmişdir.

53. Bu hal hazırki iddiaya həlledici təsir edir. Çünki, Azərbaycan Respublikasının MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

54. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir.

55. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Müki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır.

56. Azərbaycan Respublikasının MPM-in 220.4-cü maddəsinə görə, qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir .

57. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.

58. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Qəşəng Məmmədova və digərlərinin şikayəti üzrə xx.xx.2015-ci il tarixli Qərarı).

59. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsindən göründüyü kimi, iddiaçı iddia tələbini Cavabdeh1 münasibətdə əsaslandırmış, iş üzrə cavabdehlər tərəfindən inşa edilmiş hasarın servitut müəyyən edilmiş yolun üzərində yerləşməsi və hasarın müəyyən edilmiş servituta maneçelik yaratması haqqında sübutlar təqdim etməmişdir. Eyni zamanda, iddiaçı özü də bələdiyyə torpağının bir hissəsini zəbt etmiş, bununla əlaqədar servitut müəyyən edilmiş yolun onun zəbt etdiyi və ya başqa ərazidən keçməli olmasının müəyyən edilməsi mümkün olmamışdır.

60. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

63. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

64. İşin yuxarıda sadalanan hallarından göründüyü kimi, İddiaçı mülkiyyətində olan Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 0.08635 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə nəqliyyat vasitəsinin gediş-gəlişi üçün Gədəbəy Rayon Novosaratovka Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən eni 3 metr olmaqla ümumi istifadədə olan yolun birləşməsinə kimi servitut müəyyən edilmişdir. Qətnamə qanunu qüvvəyə minmiş, icra vərəqəsi verilmişdir. Bundan sonra isə iddiaçı ümumi yoldan onun mülkiyyətində olan evə kimi Novosaratovka Bələdiyyəsinin mülkiyyətində olan eni 3 metr istifadədə olan yolun üzərində inşa edilmiş tikililərin və quraşdırılmış darvazaların sökülməsi barədə iddia qaldırmışdır. Məhkəmə Kollegiyasının iclasında 3-cü şəxs Gədəbəy Qaraməmmədli (əvvəlki Novosaratovka) bələdiyyəsinin nümayəndəsi izahatında mübahisələndirilən yolun bələdiyyə mülkiyyətində ümumi gedişgəliş yolu olduğunu bildirmişdir. Bundan başqa, Məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı tələb yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş qətnamə ilə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə deyildir.

65. Beləliklə, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsaslı deyildir.

66. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)-13/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində qətnamədən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar