Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-845/2023 26.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı, vəkili X1, Cavabdeh və vəkili X3 iştirakı ilə, Göygöl Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli 2(066)-993/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 26 aprel 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Göygöl Rayon Polis Şöbəsi tərəfindən Göygöl rayonu, Yeni Qızılca kəndində yaşayan İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 163-192800-3 nömrəli məktubdan görünür ki, İddiaçı Cavabdeh ilə aralarında olan münasibətlərin mülki xaraterli olduğundan məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir.
2. Göygöl Rayon Polis Şöbəsinə Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə yazılmış izahatın surətindən görünür ki, o, təxminən 1 (bir) il bundan əvvəl İddiaçı borc olaraq 7000 (yeddi min) manat pul almışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 7000 (yeddi min) manat məbləğində pulun, eyni zamanda 91 manat dövlət rüsumuna görə ödənilmiş pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh uzun müddətdir bir həmkəndlisi kimi tanıyır. Eyni zamanda da cavabdehin həyat yoldaşı iddiaçının qohumudur. İddiaçı özü birinci qrup gözdən əlildir. İddiaçı gözünü Türkiyə Respublikasında əməliyyat etdirmək üçün bir neçə ildir pensiyasından pul yığmışdır. Cavabdehin və həyat yoldaşının da bundan xəbəri olmuşdur. 2021-ci ilin iyun ayında cavabdeh iddiaçının yaşadığı evə gələrək qızını təcili Bakı şəhərinə əməliyyata aparmasını bildirmişdir. Cavabdeh iddiaçıdan 3000 manat pul istəmiş və Bakıdan qayıtdıqdan sonra pulu qaytaracağına söz vermişdir. Bundan təxminən 10 gün sonra Mehman yenə iddiaçının yaşadığı evə gələrək 1000 manat pul lazım olmasını bildirmişdir. İddiaçı cavabdehə yenə 1000 manat pul vermişdir. 2021-ci ilin sentyabr ayının 9-da cavabdeh iddiaçıya telefonla zəng edərək Bakı şəhərində olmasını, Qarabağ qazisi üçün pensiya düzəltməyə görə ona 4000 manat pul lazım olmasını bildirmişdir. Cavabdeh iddiaçıya pensiyasını həll edən kimi birdəfəlik 7000 manat pulunu iddiaçıya qaytarmasını vəd etmişdir. İddiaçı özünə pul lazım olmasına görə dəfələrlə cavabdehdən verdiyi pulu tələb etmişdir. Lakin cavabdeh iddiaçıya qaytarmalı olduğu borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbə görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
5. Göygöl Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli 2(066)-993/2022 nömrəli qətnaməsi ilə (hakim Əyyub Kərimov) iddianın qismən təmin edilməsi, Cavabdeh 6000 (altı min) manat məbləğində pulun və ödənilmiş 90 (doxsan) manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2, 739.1, 740.1-cı maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 191.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli 2(066)-993/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını nəzərə almamışdır, belə ki, İddiaçı 2021-ci ilin avqust ayının axırları və sentyabr ayının əvvəllərində əvvəlcə ona 4000, 01 oktyabr tarixində isə 3000 manat pul borc vermişdir. 4000 manat pulu borc alanda hərbi maaş kartını və həyat yoldaşı X4 onun adına olan iki kartları qonşusu Kəmalənin yanında X5 vermişdir. İddiaçı həmin kartlardan cəmi 10318 manat pulu götürmüşdür. Həmişə kartdan pul çıxaranda çox vaxtı Kəmalə ilə gedib almışdır. Sonradan bilmişdir ki, iddiaçı başqa adamlardan pul götürüb ona borc pul vermişdir. Əslində iddiaçının ona 3318 manat borcu var, belə ki, iddiaçı ona və arvadına məxsus kartdan 10318 manat pul çəkmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 9-cu maddəsinin tələblərini də pozmuşdur. O, məhkəmədə iştirak etmədiyindən sübutlarını təqdim edə bilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və vəkili X6 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Cavabdeh sədrlik edənin sualına cavabdeh olaraq bildirmişdir ki, İddiaçı 2021-ci ilin avqust ayının axırları və sentyabr ayının əvvəllərində əvvəlcə ona 4000, 01 oktyabr tarixində isə 3000 manat pul borc vermişdir. 4000 manat pulu borc alanda iki kartları Türanəyə vermişdir. İddiaçı həmin kartlardan 10318 manat pulu götürmüşdür. Sonradan bilmişdir ki, iddiaçı başqa adamlardan pul götürüb ona borc pul vermişdir. Əslində iddiaçının ona 3318 manat borcu vardır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv və iddianın rədd edilməsini xahiş etmişdir.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişlər. İddiaçı daha sonra izahatında göstərmişdir ki, o, Cavabdeh uzun müddətdir bir həmkəndlisi kimi tanıyır. Eyni zamanda da cavabdehin həyat yoldaşı iddiaçının qohumudur. İddiaçı özü birinci qrup gözdən əlildir. İddiaçı gözünü Türkiyə Respublikasında əməliyyat etdirmək üçün bir neçə ildir pensiyasından pul yığmışdır. Cavabdehin və həyat yoldaşının da bundan xəbəri olmuşdur. 2021-ci ilin iyun ayında cavabdeh iddiaçının yaşadığı evə gələrək qızını təcili Bakı şəhərinə əməliyyata aparmasını bildirmişdir. Cavabdeh iddiaçıdan 3000 manat pul istəmiş və Bakıdan qayıtdıqdan sonra pulu qaytaracağına söz vermişdir. Bundan təxminən 10 gün sonra Mehman yenə iddiaçının yaşadığı evə gələrək 1000 manat pul lazım olmasını bildirmişdir. İddiaçı cavabdehə yenə 1000 manat pul vermişdir. 2021-ci ilin sentyabr ayının 9-da cavabdeh iddiaçıya telefonla zəng edərək Bakı şəhərində olmasını, Qarabağ qazisi üçün pensiya düzəltməyə görə ona 4000 manat pul lazım olmasını bildirmişdir. Cavabdeh iddiaçıya pensiyasını həll edən kimi birdəfəlik 7000 manat pulunu iddiaçıya qaytarmasını vəd etmişdir. İddiaçı özünə pul lazım olmasına görə dəfələrlə cavabdehdən verdiyi pulu tələb etmişdir. Lakin cavabdeh iddiaçıya qaytarmalı olduğu borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbə görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı ona 1000 manat qaytarmış, 6000 manat isə qalmışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
11. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Maddə 433.3. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır.
14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
15. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
16. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
17. Maddə 740.2 .Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
22. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
24. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, iş faktiki hallarına düzgün qiymət verilmişdir.
28. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Belə ki, iddiaçının iddiasına görə 2021-ci ilin iyun ayında fərqli vaxtlarda cavabdehə 3000 və 4000 manat olmaqla cəmi 7000 manat məbləğində borc pul vermişdir. Cavabdeh pulu qaytaracağını bildirsə də sözünə əməl etməmişdir, ona görə də məhkəməyə müraciət etməli olmuşdur .
30. Cavabdeh polis şöbəsinə izahatında (iş mat səh 29), eləcə də apellyasiya şikayətində iddiaçıdan 7000 manat məbləğində borc aldığını bildirmişdir. Cavabdeh borcunu qaytardığını bildirsə də buna dair sübutu apellyasiya şikayətinə əlavə etməmiş, Məhkəmə Kollegiyasına təqdim etməmişdir. Başqa cür desək, iddiaçının tələb etdiyi məbləğdə pulu cavabdehə verməsi cavabdehin özü tərəfindən bildirilmişdir, belə olan halda borcun qaytarılmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür, lakin cavabdeh bu halı sübut edə bilməmişdir. Cavabdehin digər dəlili çəkişmə prinsipinin pozulması olmuşdur ki, bununla bağlı Məhkəmə Kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, cavabdehə məhkəmənin yeri və vaxtı barədə məlumat verilmişdir.
31. Odur ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə Məhkəmə Kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
32. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır. 34.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402, 403, 404 və 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göygöl Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli 2(066)-993/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.