Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-845/2024 29.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Samux Rayon Məhkəməsinin 07 yanvar 2024-cü il tarixli, 2(058)-134/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı MMC-nin xeyrinə ümumilikdə 1160 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 32 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı MMC ilə Cavabdeh arasında Bakı şəhəri 51 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 3M-1102 reyestr qeydi ilə təsdiqlənmiş nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarədar İddiaçı MMC Toyota Prius markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəçi Cavabdeh təhvil vermiş, icarəçi Cavabdeh müqaviləyə əsasən depozit və gündəlik icarə haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə cavabdeh avtomobili saz vəziyyətdə istifadəsinə götürmüşdür. Lakin cavabdeh avtomobilin istifadəsi qarşılığında müqavilədə nəzərdə tutulmuş icarə haqqını icarədara ödəmək öhdəliyini tam şəkildə yerinə yetirməmişdir. Cavabdehin 150 manat ödənilməmiş borcu yaranmışdır. Avtomobil cavabdehin istifadəsində olduğu müddət ərzində 1010 manat inzibati cərimə olunmuşdur və cəriməni ödəməmişdir. Mübahisənin həlli ilə bağlı cavabdehə xx.xx.2023-cü il tarixli pretenziya məktubu göndərilmişdir. Lakin mübahisənin məhkəmədən kənar həllinə dair cavabdeh tərəfindən addım atılmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalınmışdır. Samux Rayon Məhkəməsinin 07 yanvar 2024-cü il tarixli, 2(058)-134/2024 saylı qətnaməsi ilə (hakim T.Kərimova) iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri 51 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 3M-1102 reyestr qeydi ilə təsdiqlənmiş nəqliyyat vasitəsinin icarə müqaviləsi üzrə Cavabdeh tərəfindən ödənilməmiş 150 (yüz əlli) manat məbləğində icarə haqqı və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun tutularaq, İddiaçınə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış Bakı şəhəri 51 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli 3M-1102 reyestr qeydi ilə təsdiqlənmiş nəqliyyat vasitəsinin icarə müqaviləsinin surətindən görünür ki, icarədar İddiaçı MMC mülkiyyətində olan Toyota Prius markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəçi Cavabdeh depozit və gündəlik icarə haqqı ödəmək şərti ilə təhvil vermişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən avtomobili təhvil almaq üçün icarəçi icarəyə verənə 600 manat dəyərində depozit ödəyir. Müqavilənin 4.4-cü bəndinə əsasən, gündəlik müəyyənləşdirilmiş icarə haqqı vergilər xaric 25 manat təşkil edir. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktının surətindən görünür ki, İddiaçı MMC mülkiyyətində olan Toyota Prius markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh təhvil vermişdir. xx.xx.2023-cü il tarixli № pretenziya məktubunun surətindən görünür ki, tərəflər arasında bağlanmış Bakı şəhəri 51 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli 3M-1102 reyestr qeydi ilə təstiqlənmiş nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən Cavabdeh icarəyə verilmiş Toyota Prius markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair 150 manat ödənilməmiş icarə haqqının və istifadə müdətində ümumilikdə 1010 manat cərimələrin ödənilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Samux Rayon Məhkəməsinin 07 yanvar 2024-cü il tarixli, 2(058)-134/2024 saylı qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Samux Rayon Məhkəməsinin 07 yanvar 2024-cü il tarixli, 2(058)-134/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 51 saylı notariat ofisində 3M-1102 saylı qeydə alınmış, xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1.18-ci maddəsinə görə isə Cavabdeh müqavilə predmeti olan avtomobilə dövlət orqanları tərəfindən tərtib olunan protokol və cərimələri ödəməyi öhdəliyinə götürmüşdür. Bununla da iddiaçı qarşısında tərtib olunmuş cərimələrin ödənməsinə dair öhdəliyi yaranmışdır. Lakin birinci instansiya məhkəməsi sübutları tam və hər tərəfli araşdırmayaraq səhv nəticəyə gəlmişdir. İş materiallarından tərəflər arasında etibarlı müqavilə bağlandığı və həmin müqaviləyə əsasən Cavabdeh tərtib olunmuş protokol və cərimələri ödəməyi üzərinə götürdüyü aydındır. Buna baxmayaraq, məhkəmə xx.xx.2024-cü il tarixli, e-2(058)-134/2024 saylı qətnaməsində cərimələrin məhz Cavabdeh adına tərtib edildiyini və iddiaçı qarşısında həmin cərimələri ödəmək öhdəliyinin olmadığını qeyd etmişdir. Birinci instansiya məhkəməsi sübutlara əsaslanaraq tərtib olunmuş cərimələrin ödənməsinin Cavabdeh öhdəliyinin olmasını nəzərə almamışdır. Buna görə də tərtib olunmuş cərimələrin Cavabdeh tərəfindən ödənməməsini öhdəliyin icra edilməməsi olaraq qiymətləndirməmişdir. Lakin yuxarıda da qeyd edildiyi kimi, müqavilə predmeti olan avtomobilə istənilən dövlət orqanı tərəfindən tərtib edilmiş cərimələrin ödənməsi Cavabdeh müqavilə üzrə öhdəliklərinə daxildir. Həmçinin, nəzərə alınmalıdır ki, cərimələr Cavabdeh adına tərtib edilsə də həmin cərimələrin ödənməməsi müqavilə predmeti olan avtomobilin üzərinə həbs qoyulmasına və DYP-nın cərimə meydançasına yerləşdirilməsinə səbəb olur. Bununla da iddiaçının mülkiyyət hüquqlarının reallaşdırılmasına və sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına məhdudiyyətlər qoyulmuş olur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. 431.3. Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
Məhkəmə kollegiyası tərəfindən Samux Rayon Məhkəməsinin 07 yanvar 2024-cü il tarixli, 2(058)-134/2024 saylı i qətnaməsinin qanuniliyi və əsaslılığı mübahisə edilən hissə üzrə, yəni cavabdeh tərəfindən ödənilməmiş cərimə məbləğlərinin tutulması hissəsində yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, Samux Rayon Məhkəməsinin 07 yanvar 2024-cü il tarixli, 2(058)-134/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı tərəflər arasında bğalnmış icarə müqaviləsinin 2.1.18-ci maddəsinə istinad etməklə icarə müddətində cavabdeh tərəfindən törədilmiş inzibati xətalara görə edilmiş cərimə məbləğlərini tələb etmişdir. Müqavilənin həmin şərtindən görünür ki, cərimələr icarəçi tərəfindən ödənilmədiyi halda icarəyə verən və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən ödənilərsə icarəyə verən ödədiyi bütün cərimələri icarəçidən tələb edə bilrər. Göründüyü kimi müqavilənin şərtinə əsasən iddiaçının tələbinin hüquqi əsası Mülki Məcəllənin 431-ci maddəsinin tələbindən irəli gəlsə də iddiaçı cərimələrin onun tərəfindən ödənilməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, hətta bunu iddia da etməmişdir. Buna görə də iddiaçının müqavilə, o cümlədən qanun üzrə cavabdehdən hər hansı bir tələb hüququ yaranmamışdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Samux Rayon Məhkəməsinin 07 yanvar 2024-cü il tarixli, 2(058)-134/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Samux Rayon Məhkəməsinin 07 yanvar 2024-cü il tarixli, 2(058)-134/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Samux Rayon Məhkəməsinin 07 yanvar 2024-cü il tarixli, 2(058)-134/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Samux Rayon Məhkəməsinin 07 yanvar 2024-cü il tarixli, 2(058)-134/2024 saylı qətnaməsi apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir.