Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-847/2024 10.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (atası) X3 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələblinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli 2(021)-2038/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən övladı 26 aprel 2015-ci il təvəllüdlü X1 üçün cavabdehdən tutulan alimentin məbləği bir uşağa görə 220 manat və 100 manat da əlavə xərclər üçün alınıb ona verilməsi barədə və Cavabdeh hər ay 320 manat tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli 2(021)-2038/2023 nömrəli qətnaməsi ilə (hakim Elsun Əhmədov) iddia qismən təmin edilərək, 26 aprel 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bərdə Rayon Məhkəməsinin 12 fevral 2019-cu il tarixli, 2(013)-1128/2019 saylı qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək hər ay bir uşağa görə 170 (yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilməklə Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməsi; Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması; İddia tələbi qismən təmin edildiyindən 40,40 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi; İddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 14 mart 2014-cü il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar, 26 aprel 2015-ci il tarixdə isə X5 adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğundan cavabdehlə ayrılmışlar və aralarındakı nikah pozulmuşdur. Həmçinin birgə nikahlarından anadan olmuş Aqil adlı uşaq onun himayəsində qalmışdır. Məhkəmə qətnaməsinə əsasən adı qeyd olunan uşağın yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay cavabdehdən 130 manat miqdarında aliment tutulub onun xeyrinə ödənilməsi müəyyən edilmişdir. Müəyyən olunmuş aliment məbləği hazırda övladının tələbatlarının ödənilməsinə yetmir. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimumu artaraq 220 manat müəyyən edilmişdir. Aqil adlı uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Böyüdükcə uşaqda atasına qarşı tələbat və ehtiyac artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı həm də maddi tələbatını ödəmək tək qadın olaraq ona çox çətindir. İş materiallarında olan: Bərdə regional “ASAN xidmət” mərkəzindəki qeydiyyat şöbəsi tərəfindən verilmiş 19 fevral 2016-cı il tarixli AZ-İİİ 686221 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, tərəflərin birgə ər-arvad münasibətlərindən 24 aprel 2015-ci ildə Aqil adlı uşaqları anadan olmuşdur; Bərdə Rayon Məhkəməsinin 12 fevral 2019-cu il tarixli 2(013)- 1128/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiasının qismən təmin edilməsi, 24 aprel 2015-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh 14 yanvar 2019-cu ildən başlayaraq ayda 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir; Mediasiya şurasının arayışından müəyyən olunur ki, hazırkı mübahisə ilə bağlı tərəflər arasında razılıq əldə olunmamışdır. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, cavabdeh məhkəmə iclasında yalan izahat verərək bildirmişdir ki, heç bir yerdə işləmir və aylıq qazancı olduqca zəifdir, lazimi gələndə övladlarına yetərli köməklik edir. Halbuki, cavabdeh onlardan ayrı yaşadığı zamandan uşağın saxlanılmasına heç bir köməklik etməmişdir. Aliment məbləği 130 manat olduğu üçün övladının heç bir təlabatını həmin pul ilə ödəyə bilmir. Cavabdehin aylıq qazancı olduqca çoxdur. Cavabdeh uzun zamandır ki müəllim işləyir və onda olan şifahi məlumata əsasən bilir ki, cavabdeh hər hansısa bir məktəbdə direktor vəzifəsində çalışır. Övladı məktəblidir və davamlı olaraq 3 fənndən hazırlaşır. Hər ay isə 100 manat hazırlığına, taksi pulu üçün isə 150 manat pul verir. Hazırda əvvəl müəyyən olunmuş aliment məbləğinin artırılaraq hər ay 220 manat sabit pul məbləğində təyin olmasına ehtiyacı var. Qəbul olunmuş qətnamə cavabdehin imkanının aşağı olması ilə 170 manat müəyyən edilmişdir. Halbuki, cavabdeh yüksək gəlirli olmasını gizlətdiyi üçün aşağı məbləğli aliment kəsilmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (atası) X3 apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, hazırda məktəb direktoru vəzifəsində işləyir və 710 manat əməkhaqqı alır. Həmin vəsaitdən 170 manat aliment ödəyir. Özünün də zəruri məsrəfləri olur. Aldığı əməkhaqqıdan başqa hər hansı gəliri yoxdur. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Sonuncu nümayəndə vasitəsilə məhkəmə iclasında təmsil edildiyindən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir». Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia tələbi qismən təmin olunmuş, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Yalnız iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Sonuncu apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv olunmasını xahiş etsə də, lakin apellyasiya şikayətinin məzmunundan müəyyən olunur ki, qətnamə iddia tələbinin təmin olunmamış hissəsində mübahisələndirilmişdir. Qətnamə digər hissələrdə mübahisələndirilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı yalnız mübahisələndirilən hissə üzrə yoxlanılmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına ailə qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər 14 mart 2014-cü il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar, 26 aprel 2015-ci il tarixdə isə X5 adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğundan tərəflər ayrılmışlar və birgə nikahlarından anadan olmuş Aqil adlı uşaq iddiaçı (ana) İddiaçı himayəsində qalmış və məhkəmə qətnaməsinə əsasən adı qeyd olunan uşağın yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay cavabdehdən 130 manat miqdarında aliment tutulub iddiaçının (ana) xeyrinə ödənilməsi müəyyən edilmişdir. Həmin aliment məbləği hazırkı dövr üçün uşağın saxlanılmasına kifayət etmədiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri valideynin aliment, habelə məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi ilə bağlı yaranan mübahisədir və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-cı bəndinəəsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görəəsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən, yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa görə 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. Diqqətə alınmalıdır ki, alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, 26 aprel 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən olunmuş 170 manat sabit məbləğdə aliment adı qeyd olunan uşağın fiziki, əqli, mənəvi və sosial cəhətdən sağlam böyüməsi və inkişaf etməsi üçün heç də yetərli hesab oluna bilməz. Belə ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Cavabdeh ilə birgə nikahlarından anadan olmuş 26 aprel 2015-ci il təvəllüdlü Aqil adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən 220 manat sabit məbləğdə aliment tutulmasını tələb etsə də, lakin cavabdehin həmin məbləğdə aliment ödəməyə maddi imkanının olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə iclasında məktəbdə direktor vəzifəsində işlədiyini və 710 manat əməkhaqqı aldığını bildirmişdir. Belə olan halda məhkəmə kollegiyası tərəflərin ailə, maddi və digər diqqətəlayiq hallarını nəzərə alıb, tərəflərin birgə nikahlarından anadan olmuş uşağın maraqlarının (mənafeyinin) qorunması kontekstindən yanaşaraq hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş 26 aprel 2015-ci il təvəllüdlü Aqil adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay 200 manat sabit məbləğdə aliment müəyyən edilməlidir. Belə ki, 200 manat aliment hazırkı dövr üçün adı qeyd olunan uşağın fiziki, əqli, mənəvi və sosial cəhətdən sağlam böyüməsi və inkişaf etməsi üçün yetərli olmaqla yanaşı, həm də tərəflərin maddi imkanına münasibətdə yolveriləndir. İşə baxan birinci instansiya məhkəməsi isə qeyd olunan hallara düzgün hüquqi qiymət vermədən tərəflərin birgə nikahlarından anadan olmuş 26 aprel 2015-ci il təvəllüdlü Aqil adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılmasına görə 170 manat sabit məbləğdə aliment müəyyən etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi aliment məbləğinin müəyyən edilməsi hissədə dəyişdirilərək alimentin məbləği 200 manat sabit məbləğdə müəyyən olunmalıdır. Məhkəmə kollegiyası həmçinin iddia tələbinin uşağın müalicəsi üçün cavabdehdən hər ay 100 manat əlavə xərc tutulması hissəsinə də hüquqi qiymət verərək qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq həmin hissədə iddia tələbini təmin etməmişdir. Belə ki, İddiaçı 26 aprel 2015-ci il təvəllüdlü Aqil adlı uşağın səhhətində yaranmış problemləin aradan qaldırılması üçün cavabdeh əlavə xərc tələb etsə də, lakin adı qeyd olunan uşağın səhhətində hansı problem yarandığını və bunun üçün hansı tədbirlər görülməsi olduğunu iddia ərizəsində əsaslandırmamış, o cümlədən bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbuki MPM-nin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İşdən müəyyən olunur ki, qətnamə mübahisələndirilən hissədə alimentin və əlavə xərc məbləğinin bir illik məcmusu 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli 2(021)-2038/2023 nömrəli qətnaməsi “26 aprel 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bərdə Rayon Məhkəməsinin 12 fevral 2019-cu il tarixli, 2(013)-1128/2019 saylı qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək hər ay bir uşağa görə 170 (yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilməklə Cavabdeh alınaraq X2 xeyrinə ödənilməsi” hissədə dəyişdirilsin. Bərdə Rayon Məhkəməsinin 12 fevral 2019-cu il tarixli 2(021)-1128/2019 nömrəli qətnaməsi ilə 26 aprel 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh iddiaçı X2 xeyrinə tutulan alimentin məbləği artırılaraq hər ay 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilsin. Qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-847/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-847/2024
10.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver