Məhkəmə qərarları › İş №2(104)-847/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-847/2025

01.04.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-847/2025 01.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı, Cavabdeh qarşı qonşuluq hüququnun pozulması, cavabdehin qeyriqanuni hərəkətlərinə son qoyulması, çəpərlərin sökülməklə həyətyanı sahəyə gedişgəliş yolunun açılması tələbinə dair iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, İddiaçı, Cavabdeh qarşı qonşuluq hüququnun pozulması, cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması, çəpərlərin sökülməklə həyətyanı sahəyə gediş-gəliş yolunun açılması tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(061)-86/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərardad qəbul etdi. İşin halları: Tərtər Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2(061)-86/2024 nömrəli qətnaməsi ilə Cavabdeh qonşuluq hüququnun pozulması və qeyri-qanuni hərəkətlərinə son qoyulması, qeyri-qanuni çəkilmiş çəpərlər cavabdehin hesabına sökülməsi, İddiaçı (“Torpağın Mülkiyyətə Verilməsinə Dair” JN 286A nömrəli şəhadətnamə əsasında onun mülkiyyətinə verilmiş 0,15 ha həyətyanı torpaq sahəsi) həyətyanı torpaq sahəsinə qədər olan məsafədə 4,5 metr enində gediş-gəliş yolu və 0,50 metr enində su arxı açılması, iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı, Cavabdeh qarşı qonşuluq hüququnun pozulmasına, qeyri-qanuni hərəkətlərinə son qoyulmasına, qeyriqanuni çəkilmiş çəpərlərin sökülməklə həyətyanı sahəyə gediş-gəliş yolunun açılmasına və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulub onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2(061)-86/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh tərəfindən Tərtər Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2(061)- 86/2024 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsi barədə ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(061)-86/2024 nömrəli qərardadı ilə İddiaçı, Cavabdeh qarşı qonşuluq hüququnun pozulması, cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması, çəpərlərin sökülməklə həyətyanı sahəyə gediş-gəliş yolunun açılması tələbinə dair mülki iş üzrə qəbul edilmiş Tərtər Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2(061)-86/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi müddətinin bərpasından imtina edilmiş və apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə geri qaytarılmışdır. Cavabdeh tərəfindən Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(061)- 86/2024 nömrəli qərardadından verilmiş şikayət məhkəmənin xx.xx.2025-ci il tarixli 2(061)- 86/2024 nömrəli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qərardaddan şikayətinin və ona qarşı etirazın dəlilləri a) Qərardaddan şikayətinin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı ilə uzun illərdir aralarında olan məhkəmə mübahislərindən aydındır ki, iddiaçı onun mülkiyyətində olan torpaqlarını qanunsuz ələ keçirmək niyyəti ilə davamlı oxşar tələblərə məhkəməyə müraciət edir. Bələdiyyə tərəfindən bu günə qədər ona qarşı torpaq mübahisəsi ilə bağlı tələblər irəli sürülməyibdir. Ən əsas xüsusat budur ki, iddiaçı onlarla qonşu deyil. Onun hazırda həbsdə olan qardaşı iddiaçını qabağa verərək məhz həmin həbsdəki qardaşı torpaqları ələ keçirməyə səy edir. Əvvəlki məhkəmə mübahisələrində də deyildiyi kimi kənd icra nümayəndəliyinin verdiyi saxta arayış əsasında məhkəmə bundan əvvəldə iddiaçını ona qonşu olaraq qəbul edibdir. Reallıq budur ki, iddiaçı onunla qonşu deyil, iddiaçı da, ekspert rəyi də etiraf edir ki, onun mülkiyyətində olan torpaq guya bələdiyyə torpağıdır. Bələdiyyə torpağıdırsa, niyə iddiaçı həmin torpağı öz mülkiyyəti kimi məhkəməyə təqdim etdiyi iddiada təsvir edibdir? Əgər onun torpaq sahəsi daxiində torpaq islahatları nəticəsində bələdiyyə torpağını zəbti görünürsə və həmin torpaq onun faktiki sahibliyindədirsə, yenə də pozulan onun mülkiyyət hüququdur. Belə ki, MM-nin157.8.-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məqsəd yol filan deyil, məqsəd iddiaçının onunla qonşu olmayaolmaya ona qarşı öz haqsız tələblərinə qanuni don geyindirməyə təşəbbüskarlığının reallaşmasıdır. Məhkəmə iddiaçının mübahisləndirdiyi torpaq sahəsinə şəxsən baxış keçirmədi. Belə olduğu halda məhkəmənin, iddiaçının da iddiasının əsasını təşkil edə biləcək sübutların yoxluğu fonunda yerli baxış keçirmədən iş üzrə gəldiyi nəticələr dəlilsizliyin və heç bir mötəbər sübuta əsaslanmayan şəxsi mülahizlərin yekunudur. İddiaçının bundan əvvəlki tələblər iş üzrə çıxarılmış məhkəmə qətnamələrinə baxsaq. İddiaçının bizə qarşı iddiaları eyni mahiyyət və eyni predmet tələbləri ilə mövcüd olmuşdur:qonşuluq hüququ, toprağın boşaldılması, yolun açılması və bu kimi tələblər. Birinci instansiya məhkəməsi iddiaçının onunla əlaqədar əvvəlki illərdəki iddia tələblərinə diqqət etsəydi, hazırkı iddia icraata qəbul edilməli deyildi. İddiaçı hətta 2024 cü ilin noyabrında eyni tələblə məhkəməyə yenə də iddia vermişdir və məhkəmə onun yenə eyni tələb üzrə iddiasını 1655 nömrəli iş olaraq icraatına qəbul etmişdir. Bu o deməkdir ki, birinci instansiya məhkəməsi qərəz və qeyri obyektivlik ilə işə baxaraq ona qarşı iddia tələbini təmin etmişdir. AR MPM-nin 153.2.2.-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir.Həmin Məcəllənin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarüzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. b) Qərardaddan şikayətə qarşı etirazın dəlilləri Qərardaddan şikayətə qarşı etiraz daxil olmamışdır. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 134.1.5-ci maddəsinə əsasən məhkəmə rəsmi məhkəmə sənədi sayılan məhkəmə qətnaməsini rəsmi qaydada verməlidir. Maddə 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 134–cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla bilər. Maddə 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 398.0.1-ci maddəsinə əsasən, məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apellyasiya instansiyası məhkəməsinin hüququdur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Qərardad və şikayətin dəlillərini araşdıran məhkəmə kollegiyası (bundan sonra – məhkəmə) hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Tərtər Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2(061)-86/2024 nömrəli qətnaməsi poçt vasitəsi ilə tərəflərə göndərilmiş, bununla yanaşı Cavabdeh həmin qətnaməni xx.xx.2024-cü il tarixdə məhkəmə qəbzinə imza edərək almışdır (iş vərəqi səh:143). Bundan başqa mülki işin materiallarında olan 24 iyun 2024-cü il tarixli 2(061)- 86/2024 nömrəli qətnamədən və mülki iş üzrə tərtib edilmiş protokoldan görünür ki, həmin tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh iştirak etmiş və ətraflı izahat vermişdir. Göründüyü kimi Cavabdeh mübahisələndirdiyi qətnamədən, qətnamə qəbul edildiyi andan məlumatı olmuş, cavabdehin iştirakı ilə qətnamə elan olunmuş, qətnamənin məzmunu, ondan şikayət etmək qaydası açıq şəkildə izah edilmişdir. Bütün bunlara baxmayaraq cavabdeh üzürlü səbəb olmadan qətnamədən apellyasiya şikayəti verilməsi müddətini ötürmüş və müddətin üzürlü səbəbdən ötürülməsinə dair məhkəməyə sübut təqdim etməmiş və bu halın nədən ibarət olmasını şikayətində əsasladırmamışdır. İstər tərəflərin mülki işin icraatına dair məlumatlılıq dərəcəsini, istərsə də prosessual müddətin bərpasına dair hüquqi və faktiki əsasların mövcud olmamasını nəzərə alaraq məhkəmə kollegiysı hesab edir ki, birinci instansiya məhkəməsinin mövqeyi düzgündür. Eyni zamanda cavabdeh şikayətində eyni tərəflər arasında mübahisəyə baxılmasını iddia etsə də şikayətinə eyni tərəflər arasında, eyni əsaslarla, eyni predmet barəsində işə baxılması və yekun məhkəmə aktının qəbul edilməsinə dair sübutları (məhkəmə aktları) məhkəməyə təqdim etməmişdir. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən hazırki qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(061)-86/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar