Məhkəmə qərarları › İş №2(104)-850/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-850/2023

26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-850/2023 26.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit borcunun tutulması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, Ağdam Rayon Məhkəməsinin 05 yanvar 2017-ci il tarixli 2(13)-06/2017 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 26 aprel 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 27L000002507 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə aylıq faiz dərəcəsi 2.25 % olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6000 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. İddiaçı QSC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 27S000004454 saylı zaminlik müqaviləsinə əsasən o, Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

3. 25.10.2016-cı il tarixli 20467 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli 027R********** saylı kredit müqaviləsinə əsasən onun xx.xx.2016-cı il tarixdə 5474.11 ABŞ dolları məbləğində əsas, 1512.0656 ABŞ dolları faiz borcu, 1835.93 ABŞ dolları cərimə borcu olmaqla cəmi 8822.1056 ABŞ dolları kredit borcu vardır.

4. 25.10.2016-cı il tarixli 20467 nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" QSC tərəfindən 124.95 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xeyrinə İddiaçı QSCnin xeyrinə 027R********** saylı kredit razılaşması üzrə 5474.11 ABŞ dolları məbləğində kredit borcu, 1512.06 ABŞ dolları məbləğində faiz borcu və 1835.93 ABŞ dolları məbləğində cərimə borcu olmaqla ümumilikdə cəmi 8822.1 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 27L000002507 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdheə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 027R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə aylıq faiz dərəcəsi 2.25 % olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 027R**********S saylı və 027R**********SA saylı sazişlərə əsasən kredit razılaşmasının ayrılmaz hissəsi olan ödəniş planına və ödəniş planına dəyişiklik edilmiş ödəniş məbləğləri və ödəniş tarixləri yeni ödəniş planına uyğun olaraq dəyişdirilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2015-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 525.89 ABŞ dolları ödəmiş onun 5474.11 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsaəsn faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2016-cı il tarixə 336 gün üçün hesablanmış faiz borcu 1512.06 ABŞ dolları təşkil edir.

7. Ağdam Rayon Məhkəməsinin 05 yanvar 2017-ci il tarixli 2(13)-06/2017 nömrəli qətnaməsi ilə (hakim Seyfəli Seyfullayev) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 027R********** saylı kredit razılaşması üzrə 5474.11 ABŞ dolalrı məbləğində kredit borcu, 1512.06 ABŞ dolları məbləğində faiz borcu və 10 ABŞ dolları məbləğində cərimə, cəmi 6996.17 ABŞ dolalrı borc, qətnamə icra olunarkən dolların manata olan nisbəti ilə və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442, 467, 472.1 və 472.2-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh2 apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin 05 yanvar 2017-ci il tarixli 2(13)-06/2017 nömrəli qətnaməsinin ləğv edilməsini və zaminə münasibətdə icraata xitam verilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün araşdırma aparmadan, işin faktiki hallarına uyğun olmayan qətnamə çıxarmışdır. Belə ki, borc məbləği şişirdildiyi halda ekspertiza təyin edilməmişdir, zaminliyə xitam verilməli olduğu halda məhkəmə borcun müştərək qaydada tutulmasını qət etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

17. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

20. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

21. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

22. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

23. Maddə Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

24. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

25. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

26. Maddə 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

27. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

28. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

32. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

35. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Birinci instansiya məhkəməsi borcun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmasını qət etsə də həmin qətnamədən Cavabdeh2 (zamin) apellyasiya şikayəti vermiş, digər cavabdeh şikayət verməmişdir. Ona görə də hazırki iş üzrə apellyasiya baxışının hədləri qətnamənin zaminə aid hissədə qanuniliyi və əsaslılığı tam qaydada yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

39. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan Ağdam Rayon Məhkəməsinin 05 yanvar 2017-ci il tarixli 2(13)-06/2017 nömrəli qətnaməsinin Cavabdeh2 aid hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına görə, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 xx.xx.2014-cü il tarixli 27S000004454 saylı zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Cavabdeh1 kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiyindən Bank kredit borcunun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmişdir, həmin qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayətinin dəlillərində kredit borcunun düzgün hesablanmadığını bildirsə də həmin dəlili əsaslandırmamış, ekspertiza təyin edilməsinə dair kollegiya tərəfindən əsas müəyyən edilməmişdir. Cavabdehin digər bir dəlili zaminliyə xitam verilməsi olsa da hansı əsasla xitam verilməsi göstərilməmişdir, bununla belə qanunvericiliklə zaminliyə xitam verilməsi üçün əsaslardan hər hansı biri məhkəmə araşdırması zamanı hazırkı iş üzrə müəyyən edilməmişdir. Odur ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, cavabdehin mülahizələrindən ibarətdir.

41. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402, 403, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdam Rayon Məhkəməsinin 05 yanvar 2017-ci il tarixli 2(13)-06/2017 nömrəli qətnaməsi Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar