Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-855/2025 01.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 24 fevral 2025-ci il tarixli 2(076)-1868/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 8500 (səkkiz min beş yüz) ABŞ dollarının ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsinin və 133 (bir yüz otuz üç) manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasının xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-1868/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 8500 (səkkiz min beş yüz) ABŞ dolları pul vəsaiti (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla manatla) və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 133 (bir yüz otuz üç) manat pul alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti, eləcə də apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair vəsatət vermişdir. Cavabdeh ərizəni onunla əsaslandırmışdır ki, ona məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməmişdir. Eyni zamanda, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(076)-1868/2024 saylı qətnaməsinin surəti onun yaşadığı ünvana göndərilməmişdir. İcra məmuru tərəfindən verilmiş təqdimat zamanı sözügedən qətnamədən məlumatı olmuşdur. Beləliklə, apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət üzrlü səbəbdən ötürülmüşdür. Şəmkir Rayon Məhkəməsinin 24 fevral 2025-ci il tarixli 2(076)-1868/2024 nömrəli qərardadı ilə (hakim Həvayət Məhəmmədi) Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1868/2024 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır. Qərardaddan narazı qalan Cavabdeh şikayət verərək, qərardadın ləğv olunmasını və ərizənin təmin olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)- 1868/2024 saylı qətnaməsindən narazı qalaraq apellyasiya şikayəti vermişdir. Şikayəti məhkəmə qətnaməsini əldə etdiyi vaxtdan 1 ay müddətində məhkəməyə elektron qaydada təqdim etmişdir. Apellyasiya şikayətinə ötürülmüş müddətin bərpa edilməsinə dair ərizə əlavə etmişdir. Belə ki, məhkəmə işi baxışa təyin edərkən ona məhkəmə iclasının vaxtı barədə məlumat göndərməmişdir. Məhkəmə iclasının vaxtı barədə məlumatlı olmadığından iclasda iştirak edə bilməmişdir. Məhkəmə isə onun iştirakını təmin etmədən işə baxmış və iş üzrə qətnamə qəbul etmişdir. Həmçinin, qeyd edir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1868/2024 saylı qətnaməsi onun ünvanına göndərilməmişdir. Qeyd olunan məhkəmə qətnaməsi barədə icra məmuru tərəfindən verilmiş təqdimat zamanı məlumatı olmuşdur. Buna görə də o məcbur olub məhkəməyə ərizə ünvanlayaraq sözügedən məhkəmə qətnaməsinin surətini xx.xx.2025-ci ildə əldə etmişdir. Hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti üzrlü səbəbdən ötürmüşdür. Lakin, məhkəmə onun “apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair” ərizəsini təmin etməmişdir. Onun elektron kabineti yoxdur. Eyni zamanda məhkəmə qətnaməsini poçt vasitəsilə əldə edə bilməmişdir. Onun məhkəmə qətnaməsindən icra məmuru tərəfindən verilmiş təqdimat zamanı məlumatı olmuşdur. Bundan sonra o məhkəməyə ərizə ünvanlayaraq sözü gedən qətnaməni xx.xx.2025-ci il tarixində əldə etmişdir. Qətnaməni əldə etdikdən sonra isə şikayət vermişdir. Məhkəmə qətnaməsi qanun normasının tələb etdiyi qaydada ona təqdim olunmalı idi. Onun şikayət vermək hüququ isə məhkəmə qətnaməsini rəsmi qaydada əldə etdiyi gündən yaranır. Şəmkir Rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli 2(076)-1868/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək 7 gün müddətində işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb aşağıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 357.1-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat qaydasında ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmçinin həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə müvafiq olaraq, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-1868/2024 nömrəli qətnaməsinin surəti poçt vasitəsilə müşayiətedici məktubla Cavabdeh yaşadığı ünvana (Şəmkir, Sarıtəpə kəndi) göndərilmiş və xx.xx.2024-cü il tarixdə sonuncu tərəfindən poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza edilməklə rəsmi qaydada qəbul edilmişdir. Bundan sonra, Cavabdeh qətnamədən xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ərizənin təmin olunmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, cavabdeh T.Mehdiyeva apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Halbuki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın (X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarı). Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilənlərə istinadən şikayətin dəlilləri kollegiya tərəfindən əsassız sayılmışdır. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-nin 128-130, 133, 263-264, 398.0.1 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 24 fevral 2025-ci il tarixli 2(076)-1868/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardadan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-855/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-855/2025
01.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver