Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-857/2023 14.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: Pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2(125)-1489/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2015-ci il tarixli, RX ******* seriyalı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi ev 82 Q ünvanda yerləşən 3 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur.
2. xx.xx.2019-cu il tarixli kirayə müqaviləsindən görünür ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi ev 82 Q ünvanda yerləşən 3 saylı mənzili xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək aylıq 370 manat ödəmək şərti ilə X1 vermişdir.
3. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 6800 manat pulu qaytarmağına dair söz vermişdir.
4. xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borcu könüllü ödəməsi barədə xəbərdar edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6800 (altı min səkkiz yüz) manat pulun və 100 (bir yüz) manat ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edib izahatında göstərmişdir ki, o, 10 avqust 2018-ci ildə tanış maklerin köməyi ilə xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən sahəsi 29,22 kv.m olan 2 otaqdan ibarət 3 saylı mənzilini ayda 400 manat olmaqla Cavabdeh kirayəyə vermişdir. Cavabdeh ona həmin kirayə götürdüyü mənzilə görə ilk ay üçün 400 manat ödəmişdir. Sonra isə hər ay müxtəlif bəhanələrlə ona bu pulu verməmişdir. Hər dəfə kirayə haqqını ondan tələb etsə də, cavabdeh pulu ödəyəcəyini söyləmişdir. Sonradan bilmişdir ki, cavabdeh 04 avqust 2019-cu il tarixdə onun qeyd olunan mənzilini ayda 370 manat olmaqla 04 avqust 2019-cu il tarixdə bağlanmış kirayə müqaviləsinə əsasən X2 vermişdir. Müqavilədə 370 manat göstərilməsinə baxmayaraq hər dəfə müxtəlif uydurduğu yalanlarla daha artıq məbləğ tələb edib, iki aydan bir almışdır. Cavabdeh 14 yanvar 2021-ci il tarixdə (notariusda) öz xətti ilə yazdığı qəbzdə ona 6800 (altı min səkkiz yüz) manat borclu olduğu pulu qaytaracağına söz vermiş, lakin hər dəfə müxtəlif bəhanələrlə ödəməli olduğu kirayə haqqını ödəməkdən yayındığı üçün məcbur olub məhkəməyə müraciət etmişdir. Bundan başqa, iddiaçı cavabdehin öz etirazında 800 manat ödəniş etməsinə dair göstərmişdir ki, cavabdeh ona 20 ay üçün hər ayı 400 manat olmaqla 8000 manat kirayə həqqı ödəməli olduğu halda ilkin olaraq 400 manat və sonradan 2019-cu ilin noyabr ayında cəmi 800 manat öədmiş, həmin məbləğləri çıxdıqdan sonra 6800 manat borcu qalmışdır. Cavabdeh özü də verdiyi qəbzdə 6800 manat borcu olduğunu etiraf etmişdir. Cavabdeh həmin qəbzi verdikdən sonra heç bir ödəniş etmədiyini göstərərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
7. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq qeyd etmişdir ki, iddiaçıya məxsus ünvan 3 ünvanda yerləşən 3 saylı mənzili makler vasitəsi ilə qarşılıqlı razılıq əsasında 400 (dörd yüz) manata kirayə götürmüşdür. Həmin vaxt 05 sentyabr 2018-ci il tarixdə anadan olmuş oğlu X4 hamilə olmuşdur. Vətəndaş nikahında olduğu Rüstəmə güvənərək mənzili kirayə götürmüşdür. Lakin Rüstəm ailə münasibətlərinə ciddi yanaşmadığından birinci aydan sonra kirayə pulunu ödəmək qabiliyyətini itirmişdir. Yeni anadan olmuş uşağın qayğısı, digər iki uşağın qayğısı sadəcə olaraq onu həddindən artıq çox çətin vəziyyətdə qoymuşdur. Heç bir yerdən köməyi olmadığı üçün intihar həddinə çatmışdır. Sonra COVİD-19 Pandemiyası elan olunduqdan sonra 2019-cu ildən sərtləşdirilmiş karantin rejimi tətbiq olunmuşdur. Tamamilə əlacsız vəziyyətdə qaldığı üçün mənzili 370 manata X2 vermişdir. İddia tələbində qeyd edilən 6800 (altı min səkkiz yüz) manatdan şəxsən İddiaçı 800 (səkkiz yüz) manat qaytarmışdır. 6800 (altı min səkkiz yüz) manat borclu olması barədə öz xətti ilə yazdığı qəbzə gəlincə isə, iddiaçıdan xahiş etmişdir ki, hər ay hissə-hissə ödəməsinə şərait yaratsın. Buna görə də elə yazılı qəbzə imza etmişdir. 14 yanvar 2021-ci il tarixdə iddiaçı ilə birlikdə notariusa getmişdir. İddiaçının pulunu verməkdən imtina etmir. İddia tələbini qismən qəbul edir. İddiaçıya 6000 (altı min) manat borcu qalmışdır
8. Gəncə Şəhər Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2(125)-1489/2022 nömrəli qətnaməsi ilə (hakim C.Tağıyev) iddianın təmin olunması, Cavabdeh 6800 (altı min səkkiz yüz) manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat pulun alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1, 385.1, 675, 684.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 119.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2(125)-1489/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün araşdırma aparmadan, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Belə ki, Bakı şəhərində yaşadığı və himayəsində 4 körpə uşağı olduğu üçün Gəncə Şəhər Məhkəməsində mübahisələndirilən 2(125)-1489/2022 saylı iş üzrə məhkəmədə baxılan mülki işdə iştirak edə bilməmişdir. İddiaçıya borcunun 6000 manat olduğu halda, 6800 manat yazsa da, bunu iddiaçının hədə-qorxu gəlməsi ilə yazmışdır.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. İddiaçı Cavabdeh apellyasiya şikayətinə etiraz ünvanlayaraq göstərmişdir ki, 10 avqust 2018-ci ildə tanış maklerin köməyi ilə xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən sahəsi 29,22 kv.m olan 2 otaqdan ibarət 3 saylı mənzilini ayda 400 manat olmaqla Cavabdeh kirayəyə vermişdir. Cavabdeh ona həmin kirayə götürdüyü mənzilə görə ilk ay üçün 400 manat ödəmişdir. Sonra isə hər ay müxtəlif bəhanələrlə ona bu pulu verməmişdir. Hər dəfə kirayə haqqını ondan tələb etsə də, cavabdeh pulu ödəyəcəyini söyləmişdir. Sonradan bilmişdir ki, cavabdeh 04 avqust 2019-cu il tarixdə onun qeyd olunan mənzilini ayda 370 manat olmaqla 04 avqust 2019-cu il tarixdə bağlanmış kirayə müqaviləsinə əsasən X2 vermişdir. Müqavilədə 370 manat göstərilməsinə baxmayaraq hər dəfə müxtəlif uydurduğu yalanlarla daha artıq məbləğ tələb edib, iki aydan bir almışdır. Cavabdeh 14 yanvar 2021-ci il tarixdə (notariusda) öz xətti ilə yazdığı qəbzdə ona 6800 (altı min səkkiz yüz) manat borclu olduğu pulu qaytaracağına söz vermişdir. Birinci instansiya məhkəməsi tərəfindən işin bütün halları tam araşdırılmışdır. Odur ki, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, Gəncə Şəhər Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2(125)-1489/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. Məhkəmə kollegiyası işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 675. Əmlak kirayə müqaviləsinə görə kirayə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqdardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
16. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
18. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi, yəni şikayətin dəlilləri qətnamənin bütövlükdə ləğvinə yönəldiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
20. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
21. Sübutlarla bağlı mülki prosessual qanunvericiliyin normalarının mənasından aydın görünür ki, məhkəmə mülki iş üzrə icraat zamanı yalnız tərəflərin təqdim etdiyi sübutlardan istifadə etməklə müəyyən nəticəyə gəlir. Beləliklə, təqdim edilmiş sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında öhdəlik münasibətləri olmuşdur. Bu münasibətlərin kirayə müqaviləsindən yaranması işin mübahisəsiz halıdır. Belə ki, iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış kirayə müqaviləsinə əsasən, hər ay 400 manat kirayə haqqı ödəməklə iddiaçı şəxsi mülkiyyətində olan mənzilini cavabdehin kirayəsinə verməsi barədə razılığa gəlmişlər. İddiaçı üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmiş, cavabdeh isə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. İş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən yazılıb imzalanmış qəbzdən görünür ki, İddiaçı olan 6800 manat borcunu qaytaracağına dair vəd vermişdir. Digər tərəfdən, cavabdeh apellyasiya şikayətinin dəlillərində iddiaçıya 6000 manat borcu qaldığını, qəbzdə borcun 6800 manat yazılmasına səbəb iddiaçının ona hədə-qorxu gəlməsi olduğunu bildirsə də, lakin bunu təsdiq edən mötəbər sübutları (müvafiq orqanlara şikayət v s.) məhkəmələrə təqdim edə bilməmişdir. Belə vəziyyətdə isə əksinə olaraq sübutetmə yükü cavabdehin üzərinə düşür və o da, göstərdiyi halları sübut edə bilməmişdir. Belə olan halda isə cavabdehin dəlillərinin əsaslılğı ilə bağlı hər hansı nəticəyə gəlmək mümkün deyildir. Hazırkı hal, cavabdehin iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyin məcburi icrasını şərtləndirməklə, iddianın əsaslı olduğunu təsdiq edir.
22. Beləliklə, işin faktiki halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında öhdəlik münasibətləri olmuş və bu münasibətlər kirayə müqaviləsindən yaranmışdır. Göründüyü kimi, tərəflər arasında kirayə müqaviləsi bağlanmış, onlar bu müqavilənin mühüm şərtlərində razılığa gəlmişlər. Odur ki, müqavilənin şərtlərinə əməl etmək, kirayə müqaviləsi üzrə yaranmış ümumilikdə 6800 manat pul vəsaitini iddiaçıya qaytarmaq cavabdehin müqavilədən irəli gələn öhdəliyidir.
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi mülki mübahisəni işin faktiki hallarına uyğun, tərəflərin sübutlar təqdim etmək imkanını təmin etməklə, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normaları düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir.
27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 385, 387, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2(125)-1489/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Azər Bayramov
Hakimlər: Rəşad Mamedov
Aygül İsgəndərova