Məhkəmə qərarları › İş №2(104)-859/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-859/2025

26.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-859/2025 26.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh "xxxx" KB ASC-yə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit borcunun tutulması və müqavilənin etibarsızlığı Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Məmmədov Miri Fazil oğlunun katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İlkin iddia üzrə iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması,, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh "xxxx" KB ASC-yə qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, 2(040)-17/2025 nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 26 may 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 07 oktyabr 2019-cu il tarixli 1379rstKPZ/19 nömrəli Güzəştli kredit və bank hesabı müqaviləsindən görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında kredit verilməsi haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, iddiaçı (Bank) cavabdehə (Borc alana) illik 1 faiz dərəcəsi ilə 60 ay müddətinə 5858,93 manat kredit verir, borcalan isə kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür.

2. "xxxx" KB ASC tərəfindən verilmiş 13 mart 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 07 oktyabr 2019- cu il tarixli 1379rstKPZ/19 nömrəli kredit müqaviləsi üzrə 1776,02 manat əsas, 19,35 manat faiz, 1,72 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 1797,09 manat kredit borcu yaranmışdır.

3. 28 iyul 2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh 5 iş günü müddətində borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İlkin iddia üzrə iddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh kredit müqaviləsi üzrə 1776,02 manat əsas, 19,35 manat faiz, 1,72 manat cərimə borcu olmaqla, cəmi 1797,09 manat borcun və 37,98 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 07 oktyabr 2019-cu il tarixli 1379rstKPZ/19 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən borcalana 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 5858,93 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bank “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq restrukturizasiya olunan kredit borcunun bu müqavilənin 1.2-ci bəndində göstərilən qalıq məbləğini, 1.3-cü bənddə göstərilən müddətdə və faizlə müştərinin mülkiyyətinə verir, həmçinin ona bank hesabları açır, müştəri isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə manka qaytarmağı öhdəsinə götürür. Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən yaranan mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir. Bu müqavilənin 3.5.1ci maddəsinə əsasən müştəri krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda bank borcun qaytarılmasını müştəridən tələb edə bilər. Cavabdeh müqavilənin bu şərtini pozmuş, dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin 13 mart 2024-cü il tarixə kredit müqaviləsi üzrə kreditora 1776,02 manat əsas, 19,35 manat faiz, 1,72 manat cərimə olmaqla, cəmi 1797,09 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir.

6. Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək "xxxx" KB ASC tərəfindən təqdim edilən 07 oktyabr 2019-cu il tarixli 1379rstKPZ/19 saylı kredit müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC-dən qeyd olunan 5858,93 manat məbləğdə krediti götürməmişdir. Daha əvvəl bankdan 7000 manat kredit götürmüşdür. Həmin kreditin əsas hissəsini ödəmiş, faiz hissəsini isə pandemiya ilə əlaqədar ödəyə bilməmişdir. Pandemiyadan sonra bank əməkdaşları ona kredit borcu ilə əlaqəli köməklik edəcəklərini bildirib sənədlər imzalatmışlar. Həmin kredit müqaviləsində cavabdehə 5858,93 manat kredit verildiyi yazılsa da hər hansı məbləğ ödənilməmişdir. İmzalanmış fərmanla kreditlərin faiz borcu silinməli olsa belə, əvvəlki kreditə görə ödənilən 7000 manat qanunsuz olaraq faiz borcundan silinib və yenidən həmin kreditə görə əlavə 5858,93 manat kredit yazılmışdır. Bankın əməkdaşları onu aldatdığından müqavilə etibarsız hesab edilməlidir.

8. Kəlbəcər Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, 2(040)-17/2025 nömrəli qətnaməsi ilə (hakim H.Qəniyev) İlk iddia tələbi qismən təmin edilməsi; Cavabdeh iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin xeyrinə 1759,23 AZN (bir min yeddi yüz əlli doqquz manat 23 qəpik) əsas borc, 04,69 AZN (dörd manat 69 qəpik) faiz borcu, 01 (bir) manat cərimə borcu olmaqla, cəmi 1764,92 manat (bir min yeddi yüz altmış dörd manat 92 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 37,64 (otuz yeddi manat 64 qəpik) hissəsinin pul əvəzi, cəmi 1802,56 AZN (min səkkiz yüz iki manat-56 qəpik) məbləğdə pul vəsaiti tutulması; ilk iddia qalan hissədə təmin edilməməsi; qarşılıqlı iddia təmin edilməməsi; iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətindən 50 (əlli) manat və Cavabdeh 50 (əlli) manat olmaqla, tərəflərdən cəmi 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin "büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X2, KOD-210005, VÖEN-**********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE********************" nömrəli hesabına ödənilməsi qət olunmuşdur.

9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4, 329.1, 337.1, 385.1 və 739.1-ci maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217-4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

10. ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, kredit müqaviləsində göstərilən 5858,93 manat ona verilməmişdir. Daha əvvəl bankdan 7000 manat kredit götürmüş və həmin krediti də ödəmişdir. Əvvəlki kreditə görə ödədiyi 7000 manat qanunsuz olaraq faiz borcuna silinb və yenidən həmin kreditə görə əlavə 5858,93 manat kredit yazılıb. Banka 1764,92 manat kredit borcunun olması ilə bağlı məhkəmənin gəldiyi nəticə düzgün olmamışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, oğlu Yusif "xxxx" KB ASC-dən ilkin olaraq 7000 manat kredit götürmüş və həmin krediti tam ödəmişdir. Lakin bank həmin pullun çox hissəsini əsassız olaraq faizə çıxıb. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq bank Restrukturizasiya barədə 07 oktyabr 2019-cu il tarixli 1379rstKPZ/19 nömrəli müqavilə hazırlayıb, bank əməkdaşları oğlu Yusifi aldadıb, oğluda səhvən müqaviləni imzalayıb. Belə ki, həmin müqavilədə göstərilən 5858,93 manat onlara verilməyib. Ona görə də müqavilə etibarsız hesab olunmalıdır. Birinci instansiya məhkəməsində ekspertiza təyin olunsada, lakin ekspert rəyi ilə razılaşmır. Ona görədə borcun hesablanması üçün əlavə ekspertiza təyin olunmalıdır. Nümayəndə sonda məhkəmə kollegiyasından iş üzrə ədalətli qərar qəbul ediulməsini xahiş etmişdir.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Maddə 443 Öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

18. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

19. Maddə 448.1. Bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

20. Maddə 449 Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

21. Maddə 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər.

22. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

23. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır. (24 fevral 2023-cü il tarixədək olan redaksiyada)

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 394-1.1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir.

25. Maddə 394-1.2. İşdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər.

26. Maddə 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

27. Maddə 394-1.4. İş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz.

28. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

33. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

34. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

38. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, 07 oktyabr 2019-cu il tarixli güzəştli kredit və bank hesabı müqaviləsi əsasında "xxxx" KB ASC tərəfindən Cavabdeh istehlak məqsədləri üçün 60 ay, illik 1 % ödəmək şərtilə 5858.93 manat kredit verilmiş, sonuncu da öz növbəsində güzəştli kredit və bank hesabı müqaviləsi ilə tanış olaraq onun bütün şərtlərini qəbul edib imzalamışdır. Cavabdeh müqavilə üzrə öhdəlikləri vaxtında və lazımı qaydada yerinə yetirmədiyindən 13 mart 2024-cü il tarixə kreditora 1776,02 manat əsas, 19,35 manat faiz, 1,72 manat cərimə olmaqla, cəmi 1797,09 manat borcu yaranmışdır. Ona görə də kreditor hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh da öz növbəsində "xxxx" KB ASC-nə qarşı kredit müqaviləsinin etibarsızlığına dair qarşılıqlı iddia vermişdir. İşə baxan birinci instansiya məhkəməsi də ilkin iddianı təmin etmiş, qarşılıqlı iddiaya münasibətdə isə iddianı təmin etməmişdir.

39. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan qətnamənin ləğv olunması üçün əsaslar yoxdur.

40. Belə ki, yuxarıda da qeyd olunduğu kimi ilkin iddia üzrə Cavabdeh kredit müqaviləsinin etibarsızlığına dair qarşılıqlı iddia versədə, lakin apellyasiya şikayətində paralel olaraq borcun dügün hesablanmamasınıda qeyd etmişdir. İşdən müəyyən olunur ki, birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2024-cü il tarixli 3-16-16/2-9/6095/2024 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, 07 oktyabr 2019-cu il tarixli 1379rstKPZ/19 saylı kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınaraq Cavabdeh 18 mart 2024-cü il tarixə "xxxx" KB ASC-yə 1759,23 manat əsas, 4,69 manat faiz borcu olmaqla, cəmi 1763,92 manat borcu yaranmışdır. Nümayəndə1 kredit müqaviləsi üzrə ödənişlər etməsini, lakin kreditor tərəfindən borc düzgün hesablamamasını qeyd etsədə, lakin sonuncu ödənişlər əks olunan qəbzləri və ya digər möhtəbər sübutları məhkəməyə təqdim etməmişdir.

41. 07 oktyabr 2019-cu il tarixli 1379rstKPZ/19 nömrəli kredit müqaviləsi üzrə 5858,93 manat verilməməsinə münasibətdə də kollegiya şikayətin dəlilini əsassız sayır. Belə ki, tərəflər arasında bağlanmış həmin müqavilənin 1.1-ci maddəsində qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq restrukturizasiya olunan kredit borcunun bu müqavilənin 1.2-ci bəndində göstərilən qalıq məbləği, müqavilənin 1.3-cü bənddə göstərilən müddətdə və faizlə müştərinin mülkiyyətinə verir, həmçinin ona bank hesabları açır, müştəri isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi müqavilədə qeyd olunan 5858,93 manat əvvəlki müqavilə üzrə qalıq məbləğdir və yuxarıda qeyd olunan Fərmanın icrası ilə bağlı restrukzasiya olunmuşdur.

42. Apellyasiya icraatı zamanı iddiaçı Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 07 oktyabr 2019-cu il tarixli 1379rstKPZ/19 nömrəli kredit müqaviləsinin etibarsızlığının əsası kimi oğlunun bank əməkdaşları tərəfindən aldadıldığını və müqaviləyə səhvən imza etməsini göstərsədə, lakin kollegiya onun bu dəlilini əsaslı saymır. Bundan əvvəldə qeyd olunduğu kimi tərəflər arasında müqavilə 07 oktyabr 2019-cu il tarixdə bağlanmışdır və həmin vaxtdan 18 mart 2024-cü il tarixə, yəni "xxxx" KB ASC-nin Cavabdeh qarşı həmin kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair hazırkı iddia qaldırılanadək müqaviləni göstərilən əsaslarla mübahisələndirməmişdir.

43. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. İşdən görünür ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kəlbəcər Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, 2(040)-17/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar