Məhkəmə qərarları › İş №2(104)-860/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-860/2023

31.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-860/2023 31.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(125)-612/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli 10811 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2.294 manat, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 1.192 manat 88 qəpik, dəbbə qismində 915 manat 30 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ona müraciət edərək, 53,75 qram qızıl-zinət əşyalarını «YK Kredo» lombardına girov qoymaqla xx.xx.2021-ci il tarixli 10811 saylı kredit müqaviləsinin prinsiplərini və şərtlərini qəbul edərək, 5.400 manat məbləğində vəsaiti kredit götürmüşdür. Beləliklə, onunla («YK Kredo» lombard) Cavabdeh arasında bağlanmış kredit müqaviləsi aşağıdakı kimidir: 53,75 qram qızıl-zinət əşyalarını «YK Kredo» lombardına girov qoymaqla xx.xx.2021-ci il tarixli, 10811 saylı kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 24 ay müddətinə kreditdən istifadəyə görə illik 48 faiz ödənilməsi şərti ilə 5.400 manat məbləğində kredit verilmişdir. Cavabdeh 10811 saylı kredit müqaviləsinin qrafik cədvəlinin şərtlərinə görə hər ayın 16-da 354 manat 17 qəpik olmaqla ödəniş etməlidir. 10811 saylı kredit müqaviləsinə əsasən girov qoyulmuş qızıl-zinət əşyalarının müştərinin öz razılığı əsasında satılaraq əldə edilmiş vəsaitdən 2.960 manat olmaqla əsas borca və nəğd olaraq 782 manat faiz borcuna ödənişlər edilmişdir. Lakin bu günə kimi cavabdeh yuxarıda göstərilən ödənişlərdən başqa qalıq ödənişləri etməmişdir və etmək fikri də yoxdur. Odur ki, o, cavabdehin ona olan borcunu məhkəmədən kənar qaydada heç cür ala bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Gəncə Şəhər Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(125)-612/2023 saylı qətnaməsi ilə (hakim C.Quliyev) İddiaçı Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İşdə olan sübutlar: İş materiallarına əlavə edilmiş fiziki şəxs İddiaçı (lombard) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 10811 nömrəli kredit müqaviləsindən görünür ki, İsmayılov X3 Güllər Alim qızı 24 ay müddətinə illik 48 faiz dərəcəsi ilə 5.400 manat məbləğində aniutet qrafik əsasında kredit vermişdir. Müqavilənin 2.4-cü bəndinəəsasən borcalan kreditə hesablanmış faizləri və ya krediti vaxtında lombarda ödəmədiyi halda əvvəlcədən xəbərdarlıq etməklə 10 günədək vaxt verir, əlavə olaraq gecikdirilmiş məbləğə 8 faiz cərimə hesablanır. Əlavə verilmiş vaxt (30 gün) müddətində kredit qaytarılmazsa girov lombardın mülkiyyətinə keçir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, 5.400 manat məbləğində kreditin 24 ay müddətində - xx.xx.2021-ci il tarixdən xx.xx.2023cü il tarixədək aylıq 354 manat 17 qəpik məbləğində ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan lombarda girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil aktından görünür ki, 1 ədəd çəkisi 53,75 qram olan 583 əyyarlı boyunbağının likvid dəyəri 1.612 manat 50 qəpik dəyərində qiymətləndirilmişdir. İş materiallarına əlavə olunmuş lombarda girov qoyulmuş qiymətlilərin və dəyərlilərin yenidən qiymətləndirilərək satılması haqqında xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh öz istəyi və iştirakı ilə Cavabdeh borcunun təminatı kimi xx.xx.2021ci il tarixli 10811 saylı kredit (borc) və girov müqaviləsi üzrə xx.xx.2021-ci il tarixli qızıl-zinət əşyalarını xx.xx.2021-ci il tarixdə qiymətləndirici X6 yenidən qiymətləndirdi və satın aldı. Satışdan əldə olunan vəsait 2.960 manat (xx.xx.2021-ci il tarixə borc 5.254 manat kredit borcunun bir qisminin ödənilməsinə yönəldildi və yerdə qalan qalıq borc Cavabdeh diqqətinə çatdırıldı. Cavabdeh yerdə qalan qalıq 2.294 manat faizsiz (3.431 manat faizlə birlikdə) borcunun yenidən 21 aylıq qrafiklə ödəyəcəyini öhdəliyinə götürdü. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh kredit borcunun ödənilməsi barədə xəbərdar olunmuşdur. «Elektron məhkəmə» informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı (VÖEN **********) fəaliyyət istiqaməti lombard fəaliyyətidir. Apellyasiya şikayətinin dəlilləri. Gəncə Şəhər Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(125)-612/2023 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(125)-612/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxarkən iddiaya münasibət bildirməsi üçün cavabdeh X2 iştirakını təmin etməmişdir. Bundan başqa məhkəmə qərar qəbul edərkən nəzərə almamışdır ki, Cavabdeh ona müraciət edərək, 53,75 qram qızıl-zinət əşyalarını «YK Kredo» lombardına girov qoymaqla xx.xx.2021-ci il tarixli 10811 saylı kredit müqaviləsinin prinsiplərini və şərtlərini qəbul edərək, 5.400 manat məbləğində vəsaiti kredit götürmüşdür. Beləliklə, onunla («YK Kredo» lombard) Cavabdeh arasında bağlanmış kredit müqaviləsi aşağıdakı kimidir: 53,75 qram qızıl-zinət əşyalarını «YK Kredo» lombardına girov qoymaqla xx.xx.2021-ci il tarixli, 10811 saylı kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 24 ay müddətinə kreditdən istifadəyə görə illik 48 faiz ödənilməsi şərti ilə 5.400 manat məbləğində kredit verilmişdir. Cavabdeh 10811 saylı kredit müqaviləsinin qrafik cədvəlinin şərtlərinə görə hər ayın 16-da 354 manat 17 qəpik olmaqla ödəniş etməlidir. 10811 saylı kredit müqaviləsinə əsasən girov qoyulmuş qızıl-zinət əşyalarının müştərinin öz razılığı əsasında satılaraq əldə edilmiş vəsaitdən 2.960 manat olmacqa əsas borca və nəqd olaraq 782 manat faiz borcuna ödənişlər edilmişdir. Lakin bu günə kimi cavabdeh yuxarıda göstərilən ödənişlərdən başqa qalıq ödənişləri etməmişdir və etmək fikri də yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən iddiaya münasibət bildirməsi üçün cavabdeh X1 iştirakını təmin etməmişdir. Lakin məhkəmə tərəfindən qərar qəbul edilərkən bu hallar nəzərə alınmamış, tərəfindən təqdim edilən sənədləri sübut kimi hesab etməmiş, nəticədə iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə etdiyini bildirib, şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 302.7-ci maddəsinə əsasən əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, Gəncə Şəhər Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(125)-612/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, lombard fəaliyyəti ilə məşğul olan fərdi sahibkar İddiaçı ilə cavabdeh arasında lombard girovu müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh özünə məxsus olan qızıl-zinət əşyalarını lombardda girova qoymaqla iddiaçıdan 5.400 manat borc pul almışdır. Cavabdeh kredit borcunun qaytarılması üzrə öz öhdəliyini icra etmədiyindən girov əşyalara tutma yönəldilmiş və əşyaların satılmasından əldə edilmiş vəsait hesabına kredit borcunun bir qismi ödənilmiş, 2294 manat əsas borc, 1192 manat 88 qəpik faiz borcu isə qalıq qalmışdır. İddiaçı hazırda həmin borcu tələb edir. Buna baxmayaraq qanunvericilikdə lombard girovu ilə təmin edilmiş öhdəliklərlə bağlı xüsusi qaydalar müəyyən edilir. Belə ki, lombard girovu ilə təmin edilmiş öhdəlikdə kreditorun tələb hüququ girov qoyulmuş əşyaların satılmasından əldə edilmiş vəsaitlə məhdudlaşır və bu vəsait borcun ödənilməsinə kifayət etmədikdə belə kreditorun tələbləri ləğv olunur. Birinci instansiya məhkəməsi mübahisəyə Mülki Məcəllənin 302.7-ci maddəsini tətbiq etməklə iddianı rədd etmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin həllində maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə, gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Gəncə Şəhər Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(125)-612/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(125)-612/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar