Məhkəmə qərarları › İş №2(104)-861/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-861/2023

27.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-861/2023 27.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı, Cavabdeh və işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli 2(125)-1480/2022 nömrəli qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə 27 mart 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Qəbzlər və ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı Bəhram oğlu tərəfindən Cavabdeh oğluna məxsus karta müxtəlif vaxtlarda və məbləğlərdə pul köçürülmüşdür. 2 Gəncə Şəhər Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli 2(125)-1044/2022 nömrəli qətnamənin surətindən görünür ki, Maraqlı şəxs Cavabdeh qarşı tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak, qızıl-zinət əşyaları və cehiz əmlak tələbi qismən təmin edilmiş, Cavabdeh Maraqlı şəxs qarşı qızıl-zinət əşyaları və pul tələbi isə təmin olunmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı pul tələbi ilə Gəncə Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 48000 manat əsas borc, əsas borcun ödənilməsini 1 il gecikdirdiyinə görə 2000 manat faiz borcu və ödənilmiş 240 manat dövlət rüsumu olmaqla, cəmi 50240 manat tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2014-cü ildən tanımışdır. Cavabdehlə qonşu sonradan isə birgə işlədikləri zaman tanış olmuşlar. Birgə çalışmaq üçün cavabdehə işləmək təklifi etmiş, sonuncu da razı olmuşdur. Birgə işlədikləri müddətdə ailəvi yaxın olmuşlar belə ki, cavabdeh onu öz oğluna kirvə təyin etdirmişdir. Bundan sonra cavabdeh ünvan 1 ünvanında yerləşən evin təmiri üçün ondan borc pul almış və qaytarmışdır. Lakin sonradan nəğd və köçürmə yolu ilə ona pul məbləğinin 50000 manat keçməsini hesabladıqda özünə ev alacağını düşünərək pulunu qaytarmasını xahiş etmiş, pulun az bir qismini, yəni 10000 manat qaytardıqdan sonra aralarında söz-söhbət yaranmış və münasibətlər gərginləşmişdir. Hesablamalardan sonra cavabdehin 48000 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsini tələb etdikdə, cavabdeh iş olmadığından ailə problemlərini və müxtəlif bəhanələri gətirərək həmin borcu qaytarmaq iqtidarında olmadığını bildirmiş, sonra isə ümumiyyətlə onun zənglərinə cavab verməkdən yayınmışdır. Cavabdeh 48000 manat məbləğində borcun ödənilməsini 1 il müddətində gecikdirdiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla əlavə 2000 (iki min) manat faiz borcunu da ödəməlidir.

5. Gəncə Şəhər Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli 2(125)-1480/2022 nömrəli qətnaməsi ilə (hakim Z.İmanov) iddia tələbi təmin edilərək, Cavabdeh 48000 (qırx səkkiz min) manat əsas borc, 2000 (iki min) manat faiz borcu və 240 (iki yüz qırx) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 50240 (əlli min iki yüz qırx) manat alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. İddiaçı iddia etmişdir ki, cavabdehə 50000 manat borc kim vermiş, cavabdeh pulun az bir qismini qaytardıqdan sonra 48000 manat borcu qalmışdır. Cavabdeh isə ona qarşı olan iddianı etiraf etmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 390.1, 421.1, 442, 445.1, 445.2.1, 448.1, 445.1, 739.1 maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 52.2, 52.5, 119.1, 191.3, 217.4, 216- 220-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

8. İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normasının pozulması ilə çıxarılmışdır. Belə ki, Gəncə Şəhər Məhkəməsinindən bildirişlə iddia ərizəsi gəlmiş və məlum olmuşdur ki, hazırki iş üzrə cavabdeh olan Cavabdeh Maraqlı şəxs qarşı 25120 manat pul tələbi ilə iddia qaldırmışdır. Həmin iddianı onula əsaslandırmışdı ki, birgə nikah dövründə onun borcu yaranmış və həmin borcun yarısı Maraqlı şəxs alınmalıdır. Sübut kimi də həmin iddia ərizəsində iddiaçı Gəncə Şəhər Məhkəməsinin 05 oktyabr 2022-ciil tarixli 2(125)-1480/2022 nömrəli qətnaməsinə əsaslanmışdır. Hazırki qətnamədə göstərilən halları iddiaçı ilə cavabdeh arasında qabaqcadan razılaşdırılmış və bu qətnamənin qəbul edilməsi yalnız Cavabdeh ona qarşı gələcəkdə pul tələbinə dair iddia qaldırılması olmuşdur. Halbu ki, iddiaçı cavabdehin yanında işləmiş və onun köməkçisi olmuşdur. İddiaçı cavabdehdən aylıq qazanc aldığı halda sonuncununj 50000 manat pulu olması mümkünsüzdür. Bundan başqa Cavabdeh ilə birgə yaşadıqları vaxt onun bundan xəbəri olmamışdır. Eyni zamanda hazırki iş üzrə məhkəmədə iş gedən zaman Cavabdeh ilə aralarında birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi barədə mübahisə olmuşdur. Həmin iş üzrə birgə nikah dövründə əldə etdikləri 50000 manat pulun bölünməsi ilə bağlı da mübahisə vardır. Belə ki, o, evdə qalan 50000 manatın yarısını Cavabdeh tələb etmiş, məhkəmədə onun bu iddiası təmin olunmuşdur. Həmin iş üzrə icraat zamanı Cavabdeh nə verdiyi izahatında, nə məhkəməyə təqdim etdiyi etiraz ərizəsində İddiaçı 50000 manat borc almasını göstərməmiş, əksinə həmin pulun özu qazanmasını qeyd etməklə, pulun evdən Maraqlı şəxs tərəfindən guya oğurlanmasını demişdir. Beləliklə hazırki iddia tələbini Cavabdeh uydurmuşdu ki, sonradan ondan pul tələb etsin. Həmçinin iddiaçının irəli sürdüyü tələb ilə bağlı heç bir sübutunun olmadığı halda elə birinci məhkəmə iclasında cavabdeh iddianı etiraf etmişdir. Eləcədə birinci instansiya məhkəməsi nəzərə almamışdı ki, tərəflər arasında borc müqaviləsi bağlansada, Azərbaycan Respublikası Mülki Məcəllənin 740.2-ci maddəsinin tələblərinə riayyət edilməmişdir. Belə ki, həmin maddəyə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Beləliklə hazırki iddia uydurmadır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları,

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmumuna uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, Cavabdeh ilə birgə nikahda olduqları müddətdə evin təmiri sonuncunun özünün qazancı hesabına olmuşdur. Ümumiyyətlə birlikdə yaşadıqları dövrdə Cavabdeh kirvəsi İddiaçı borc alıb-almaması barədə ona bildirməmişdir. Eləcədə iddiaçının arvadı Ülviyyə də bu barədə ona heçnə deməmişdir. İddiaçı Cavabdeh yanında işləmişdir. Sonuncunun adına göndərilən pul borc kimi deyil, görülən iş birliyindən irəli gəlmişdir. Birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi barədə Cavabdeh qarşı iddia qaldırdığı üçün, sonuncuda iddianı formal olaraq etiraf etmişdir ki, gələcəkdə həmin məbləğin yarısını ondan tələb etsin. Halbu ki, Vahidlə Bəhruz arasında borc öhdəlikləri yaranmamışdır. Maraqlı şəxs sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 12 Məhkəmə kollegiyasının iclasında iştirak edən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs etibarnamə üzrə nümayəndəsi (vəkil) X2 nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat vermişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, iş üzrə Cavabdeh ilə kirvədirlər, eləcədə birlikdə şirkətdə işləyirlər. Ev təmiri üçün cavabdehə müxtəlif vaxtlarda 50000 manatdan cox borc vermiş və pulları onun kartına köçürmüşdür. Pulu cavabdehə verən zaman Vahid ailəli olmuşdur. Ona qarşı bu iddianı qaldıran zaman Vahid ailəsindən ayrılmışdır. Aralarında etibar olduğu üçün borc müqaviləsi bağlamamışlar. Aylıq gəliri 300 manatdır. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh izahatında bildirişdir ki, ayda 1000 manatdan çox gəliri olmuşdur. Evin təmiri ilə bağlı kirvəsi Bəhruzdan müxtəlif vaxtlarda 60000 manatdan cox borc almış, lakin keçmiş arvadının bundan xəbəri olmamışdır. Ailə münasibətləri pozulduğundan ayrılmışlar və Samirə ona qarşı məhkəmədə əmlak tələbi ilə bağlı iddia qaldırmış və iddiası qismən təmin olunmuşdiur. İddiaçı ona qarşı borc tələbi ilə bağlı iddia qaldırmış o, da iddianı etiraf etmişdir. Samirə ilə ailəli olduğu zaman, yəni 2014-cü ildə ev almış, 2018-ci ildən etibarəndə evi təmir etdirmişdir. Ailəli olduqları dövrdə evdə 50000 manat pul olmudur.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.

16. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

17. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

18. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.

19. Maddə 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.

20. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

21. Maddə 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

23. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

24. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır.

25. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

26. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

32. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

34. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması

35. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

36. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

Apellyasiya baxışının hədləri 367 MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli 2(125)- 1480/2022 nömrəli qətnaməsi ləğv edilməli və İddiaçı Cavabdeh qarşı pul tələbi təmin olunmamalıdır.

41. İşin halları ondan ibarətdir ki, İddiaçı fərdi yaşayış evinin təmiri məqsədi ilə müxtəlif vaxtlarda Cavabdeha 50000 manat borc verməsini, sonuncunun aldığı borcu qaytarmadığını əsas gətirərək hazırki iddia ilə məhkəməyə müraciət etmiş, cavabdeh iddianı etiraf etdiyindən işə baxan birinci instansiya məhkəməsi də tələbi təmin etmişdir.

42. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Cavabdeh iddianı etiraf etsədə kollegiya bunu qanuni və əsaslı hesab etmir. Belə ki, apellyasiya icraatı zamanı müəyyən olunur ki, Gəncə şəhəri, Nizami küçəsi 8ci döngə, 44 saylı fərdi yaşayış evi Cavabdeh ilə Maraqlı şəxs birgə nikahda olduqları müddətdə alınmışdır. Qeyd olunan mənzilə hər birinin ½ hissədə payları müəyyən edildiyindən Cavabdeh evin təmirinə xərclənmiş pulun 50000 manatdan çox hissəsini kirvəsi, hazırkı iş üzrə İddiaçı almasını əsas gətirərək həmin xərcin yarısını, yəni 25,120 manat Maraqlı şəxs alınıb ona verilməsi barədə iddia qaldırmış və iddia tələbinin əsaslı olmasının sübutu kimi Gəncə Şəhər Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli 2(125)-1480/2022 nömrəli qətnaməsinın surətini ərizəyə əlavə etmişdir.

43. İşdən görünür ki, Cavabdeh iddianı etiraf etmiş və bu səbəbdən də iddia təmin olunmuşdur.

44. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2. maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokola qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3. maddəsinə görə iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd olunan Məcəllənin 191.4. maddəsinə əsasən məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir.

45. Kollegiya hesab edir ki, verilmiş apellyasiya şikayətinə işdə iştirak etməyə cəlb edilməyən Maraqlı şəxs hüquq və maraqlarına toxunması konteksindən yanaşaraq qətnaməyə hüquqi qiymət verilməlidir.

46. Belə ki, öhdəliyin əmələ gəlməsi üçün onun tərəfləri arasında əqdin bağlanması zəruridir. Əqddən yalnız o halda bəhs etmək mümkündür ki, əqdi əmələ gətirən iradə ifadəsi, görünüş etibarı ilə hüquqi nəticəni gerçəkləşdirmək məqsədilə edilmiş olsun. İradə ifadəsi müəyyən bir hüquqi nəticəyə yönəlmiş olmalı, hansı hüquqi nəticəni əmələ gətirmək üçün edildiyi müəyyən edilə bilinmədiyi təqdirdə əqd əmələ gəlmir. Qarşılıqlı bir-birinə uyğun iradə ifadələri nəticəsində əmələ gələn əqd növünə müqavilə deyilir. Əsas etibarı ilə müqavilələr fərqli mənafe və məqsədlərlə (məsələn biri satmaq digəri isə almaq) hərəkət edən şəxslər arasında müəyyən hüquqi nəticəni əmələ gətirmək üçün bağlanır. Müqavilə ikitərəfli əqd növüdür və bu anlayışı əmələ gətirən meyar öhdəlikdir. Əgər müqavilə üzrə tərəflərdən hər birinin öhdəliyi, sırf qarşı tərəfin öhdəliyinin yaranması əvəzində əmələ gəlirsə onda bu cür müqavilələrə tam ikitərəfli müqavilədir. Nəticə etibarı ilə qüvvədə olan mülki qanunvericiliyin tələblərinə əsasən müqavilə anlayışına və müqavilələrin bağlanılmasının ümumi şərt və əsaslarını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405-424 maddələri ilə tənzimlənən ümumi sisteminə uyğun olaraq razılaşma ilə əmələ gələn bir əqd mahiyyətindədir.

47. Hazırkı işdən İddiaçı Cavabdeh 50000 manat borc verməsi, yəni tərəflər arasında borc öhdəlik hüquq münasibətlərinin yaranması müəyyən olunmur. İddiaçı cavabdehə verdiyi borcun sübutu kimi işin 3a-14-ci vərəqində olan pul köçürülməsi və ödəniş kartı üzrə çıxarışlara istinad etmişdir. Kollegiya iddiaçı tərəfin cavabdehin kart hesabına köçürdüyü pulların sonuncuya borc verilməsi kimi qiymətləndirmir. Belə ki, əqdlər görnüşdə arzu edilən hüquqi nəticəni əmələ gətirən iradə ifadələrini özündə əks etdirir. İradə ifadə olunmalı, yəni bəyan edilməli və müəyyən bir hüquqi nəticəyə yönəldilməlidir.

48. Hazırkı işdən isə iddiaçının hansı müddətə və ya hansı şərtlərlə cavabdehə borc verməsi, cavabdehində öz növbəsində aldığı borcu hansı müddətə (hissə-hissə və ya tam) qaytarması barədə öhdəlik götürməsi müəyyən olunmur.

49. İddiaçı tərəf borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasıbətləri barədə məhkəməyə sübut təqdim etmədiyindən, cavabdehin iddianı etirafı məhkəmə tərəfindən qəbul olunmasını istisna edir.

50. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.5. maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanununa zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir.

51. Həmçinin kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfin cavabdehin kart hesabına göndərdiyi pul vəsaitinin sonuncuların iş birliyindən irəli gəlməsini istisna etmir. Belə ki, bu qətnamənin 49-cu bəndində də qeyd olunduğu kimi tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasıbətlərinin mövcudluğu sübut olunmur.

52. Mülki prosessual qanunvericiliyə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlara obyektiv baxılması məhkəmədən tələb edir ki, subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlilləri və faktları qiymətləndirsin. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutlara hərtərəfli baxaraq qiymətləndirmək dedikdə, sübut edilməli olan halları və faktları həm təsdiq, həm də inkar edən sübutların dəqiq araşdırılaraq qiymətləndirilməsi, həm də istənilən sübutun qanunvericiliyin bütün tələblərinə cavab verib-vermədiyinin yoxlanılması başa düşülür.

53. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli 2(125)-1044/2022 nömrəli qətnaməsi həmin iş üzrə işdə iştirak etməyə cəlb edilməyən Maraqlı şəxs hüquq və vəzifələrinə toxunur.

54. Çünki, həmin qətnamə Cavabdeh Maraqlı şəxs qarşı Gəncə şəhər Məhkəməsində qaldırdiği 25120 manat iddia tələbinin (03 noyabr 2022-ci il tarixli 2(125)-1044/2022 nömrəli qətnaməsi əsasında tutulan 50240 manatın yarı hissəsinin) təmin olunmasını özlüyündə istisna etmir.

55. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri hazırkı işin hallarına münasibətdə tam əsaslı olduğundan təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli 2(125)-1044/2022 nömrəli qətnaməsi ləğv olunmalı, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.2, 392, 393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli 2(125)-1480/2022 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə şikayət verilməzsə 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar