Məhkəmə qərarları › İş №2(104)-861/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-861/2025

22.04.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-861/2025 22.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mülki iş üzrə Açar sözlər: birgə mülkiyyət Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (arvadı) Nümayəndə və Cavabdeh4 etibarnamə üzrə nümayəndəsi (vəkil) X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı manenin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli 2(125)-397/2025 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 22 aprel 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli **********69-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən Çıxarışdan görünür ki, ünvan 2rdi yaşayış evinin tikili “A”-nın 1/12 hissəsi X4, tikili “A”-nın 1/12 hissəsi X2, tikili “A”-nın 1/12 hissəsi Cavabdeh2 İsax qızı, tikili “A”-nın 1/12 hissəsi X5, tikili “A”-nın 1/12 hissəsi Cavabdeh4n İsax oğlu, tikili “A”-nın 1/12 hissəsi Cavabdeh3 İsax oğlu, tikili “A”-nın 1/12 hissəsi və və tikili “B” bütövlükdə Cavabdeh5 və tikili “A”-nın 5/12 hissəsi İddiaçı mülkiyyətindədir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər tərəfindən ona məxsus olan ünvan 1 ünvanında yerləşən 139,5 kv.m fərdi yaşayış evinin A literində olan 5/12 hissəsindən istifadə etməsinə dair manenin aradan qaldırılması, həmin əmlaka manesiz, sərbəst giriş və çıxışına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Nizami küçəsi ev 21A ərazisində 139.5 kv.m fərdi yaşayış evinin “A” literinin 5/12 hissəsi ona məxsusdur. Həmin fərdi yaşayış evini vərəsəlik və bağışlama əsasında əldə etmişdir. Mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bundan sonra əmlakdan istifadə etmək istəsə belə, buna cavabdehlər Cavabdeh5, Cavabdeh3 İsax oğlu, Cavabdeh4, X8 və Cavabdeh2 tərəfindən mane yaradılmışdır. Həmin əmlak özbaşına başqa vətəndaşlara icarəyə verilmiş, əmlakda qanunsuz olaraq, onun razılığı olmadan dəyişikliklər edilmiş və həmin fərdi yaşayış evinin A literində olan yaşayış və zirzəmi hissəsindən istifadəsinə müxtəlif bəhanələrlə manelər törədilmişdir. Bununla bağlı o, cavabdehlərə dəfələrlə müraciət etmişdir ki, imkan versinlər əmlakından istifadə etsin. Lakin, cavabdehlər onun sözlərinə məhəl qoymayaraq buna maneçilik törədirlər. Dəfələrlə işləri polisdə və prokurorluq orqanlarında olmuşdur. Hər dəfə müraciətinin mülki xarakterli olduğunu bildirərək məhkəməyə müraciət etməsi tövsiyə olunur. Ona görə də əlacsız qalaraq mübahisənin həllini məhkəmədə axtarmaq qərarına gəlmişdir.

4. Gəncə Şəhər Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli 2(125)-397/2025 nömrəli qətnaməsi ilə (hakim Zaman İmanov) İddiaçı iddiası təmin edilərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 139,5 kvadratmetrdən ibarət olan fərdi yaşayış evinin “A” literli tikilisinin 5/12 hissəsindən İddiaçı istifadə etməsinə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən yaradılan manenin aradan qaldırılması və həmin əmlaka iddiaçının sərbəst surətdə giriş-çıxışına icazə verilməsi; Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq İddiaçı verilməsi qət edilmişdir.

5. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1, 139.1, 148.2, 152.1, 152.2, 152.3, 157.4, 166.3 və 178.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh4 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. Cavabdeh4 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə əmlakın tərəflərin birgə mülkiyyətində olmasını nəzərə almamışdır. Hazırda əmlak üçüncü şəxslərə icarəyə verilmiş, onlarla müqavilə bağlanmış, həmin şəxslər əmlakdan qanuni əsaslarla istifadə edir, həmçinin iddiaçı əmlakın naturada ayrılması barədə məhkəmədə iddia qaldırmışdır. Bu səbəbdən də məhkəmə onların mülkiyyət hüquqlarını pozmuşdur. İddiaçı özü də etiraf edir ki, cavabdehlərin heç biri həmin əmlakda yaşamır, həmin əmlak icarəyə verilmiş və başqa şəxslər tərəfindən ticarət obyekti kimi istifadə edilir. Belə olan halda cavabdehlərin iddiaçıya hansı qaydada manelər törətməsini anlamaq mümkün deyildir. İddiaçının izahatının məzmunundan da göründüyü kimi, o obyektin icarəyə verilməsindən narazıdır. Lakin nəzərə alınmalıdır ki, icarə götürən şəxslər obyektə qanuni əsaslarla sahiblik və istifadə hüququ həyata keçirirlər. Belə olan halda iddiaçı həmin icarə müqaviləsini mübahisələndirə bilər və ya icarə haqqından hansısa məbləğ tələb edə bilərdi. Digər bir məsələ ondan ibarətdir ki, həmin obyekt icarəyə verilən zaman iddiaçı ümumiyyətlə əmlakdan imtina etmişdi və obyektin icarəyə verilməsini bilirdi. Lakin, o bununla bağlı heç bir hərəkət etməmişdir. İddiaçı məhkəmədə əmlakın naturada ayrılması barədə iddia qaldırıbdır. Həmin iş hazırda məhkəmənin icraatındadır. Belə olan halda məhkəmə hazırkı işin icraatını dayandırmalı idi.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh4 etibarnamə üzrə nümayəndəsi (vəkil) X3 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçının məhkəmədən tələbi qeyri-müəyyəndir. İddiaçı əmlakdan istifadəyə yaradılan manenin aradan qaldırılmasını tələb etsə də, lakin iddia ərizəsində həmin manenin konkret nədən ibarət olması göstərilməmişdir. Bu isə gələcəkdə qətnamənin icrasında çətinlik yaranmasına səbəb olacaqdır. Eyni zamanda, mübahisəli əmlakın naturada paylara ayrılması barədə məhkəmənin icraatında olan digər iş üzrə yekun məhkəmə aktı qəbul edilməmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (arvadı) Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisəli əmlak tərəflərin birgə mülkiyyətindədir. Lakin, iddiaçı əmlakdan istifadə edə bilmir. Evin həyətinə daxil ola bilirlər, orada A və B literli tikililər vardır. A literli tikilidən istifadə edə bilmirlər. Çünki, həmin tikili cavabdehlər tərəfindən başqa şəxslərə icarəyə verilmişdir. İstəyirlər ki, iddiaçı da əmlakdan birgə mülkiyyətçi kimi istifadə edə bilsin. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, əmlak naturada paylara ayrılmayıb. İddiaçının “A”-literli tikilidəki 5/12 hissə payının harada yerləşməsi onlara məlum deyildir. Mane ondan ibarətdir ki, A literli tikiliyə daxil olmaq istədikdə icarəçilər buna maneə olurlar. Ancaq, iddiaçı evin həyətinə sərbəst şəkildə daxil ola bilir. Əslində, əmlakın birgə mülkiyyətçilərindən heç biri orada yaşamır. Sadəcə olaraq tikili “A” cavabdehlər tərəfindən başqa şəxslərə icarəyə verildiyindən, onun giriş-çıxışına maneə həmin icarəçilər tərəfindən yaradılır. Həmin əmlak birgə mülkiyyətçilərindən heç birinin istifadəsində olmamaqla cavabdehlər tərəfindən onlara hər hansı maneə yaradılmır. Cavabdehlər paylı mülkiyyətlərində olan əmlakı onların razılığı olmadan başqa şəxslərə icarəyə vermişlər. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

12. 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

13. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır

14. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

15. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa manelər əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

16. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

17. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

22. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

23. Maddə 385.1.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

24. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 26 Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirilmişdir Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslığı tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir.

28. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli **********69- 10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən çıxarış əsasında ünvan 2rdi yaşayış evinin tikili “A”-nın 1/12 hissəsi X4, tikili “A”-nın 1/12 hissəsi X2, tikili “A”-nın 1/12 hissəsi Cavabdeh2 İsax qızı, tikili “A”-nın 1/12 hissəsi X5, tikili “A”-nın 1/12 hissəsi Cavabdeh4n İsax oğlu, tikili “A”-nın 1/12 hissəsi Cavabdeh3 İsax oğlu, tikili “A”-nın 1/12 hissəsi və və tikili “B” bütövlükdə Cavabdeh5 və tikili “A”-nın 5/12 hissəsi İddiaçı mülkiyyətindədir. Əmlaklar naturada paylara ayrılmamışdır və iş üzrə tərəflərin birgə mülkiyyətindədir. Həmin əmlak cavabdehlər tərəfindən başqa şəxslərə icarəyə verilmişdir. Birgə mülkiyyətçi İddiaçı tikili A-nın 5/12 hissəsinin birgə mülkiyyətində olduğu halda, digər birgə mülkiyyətçilər olan cavabdehlər tərəfindən əmlakdan istifadəsinə mane yaradıldığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

29. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, mübahisəli ünvan olan ünvan 2rdi yaşayış evi iddiaçı və cavabdehlərin paylı mülkiyyətində olduğundan və iddiaçının da mübahisəli əmlak üzərində mülkiyyət hüquqları cavabdehlər tərəfindən məhdudlaşdırıldığından iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, mübahisəli sahə faktiki naturada bölünməsə də bu barədə hazırda məhkəmənin icraatında mülki iş vardır. Lakin həmin iş üzrə icraat digər mülkiyyətçinin ölməsi səbəbindən onun vərəsələri müəyyən edilənədək dayandırılmışdır. Bu müddət ərzində isə İddiaçı 5/12 hissəsindən ibarət mülkiyyətində olan mübahisəli əmlaka cavabdehlərin mane yaratması səbəbindən gedib gələ bilmir. Bu isə özlüyündə əsas pay sahibi olan mülkiyyətçiyə (iddiaçıya), əmlakda payı cüzi olan digər mülkiyyətçilər (cavabdehlər) tərəfindən mane yaradılması ilə nəticələnir ki, bu da yolverilməzdir. Başqa sözlə məhkəmənin qənaəti ondan ibarətdir ki, heç bir halda əmlak üzərində paylı mülkiyyət sahibi olan mülkiyyətçilər bir-birlərinə mane yaratmamaqla öz mülkiyyət hüquqlarını həyata (realizə etməli) keçirməlidir.

30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.

31. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri).

32. İşin müəyyən edilmiş və faktiki hallarından göründüyü kimi mübahisəli əmlakda yerləşən tikili “A” iş üzrə tərəflərin birgə mülkiyyətindədir və onların hər birinin əmlakdakı mülkiyyət payı adlarına qeydə alınmışdır. Bununla belə, iddiaçının etibarnamə üzrə nümayəndəsi apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə kollegiyasının iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçı mübahisəli evin həyətinə sərbəst şəkildə daxil ola bilir, sadəcə olaraq tikili “A” cavabdehlər tərəfindən başqa şəxslərə icarəyə verildiyindən, onun giriş-çıxışına maneə həmin icarəçilər tərəfindən yaradılır. Həmçinin verilmiş suala cavab olaraq nümayəndə bildirmişdir ki, həmin əmlak birgə mülkiyyətçilərindən heç birinin istifadəsində olmamaqla cavabdehlər tərəfindən onlara hər hansı maneə yaradılmır.

33. Göründüyü kimi, iddiaçı tərəf məhkəmə iclasında verdiyi izahatında A literli tikilidən istifadəsinə əmlakın icarəçiləri tərəfindən mane yaradıldığını bildirdiyi halda, hazırkı tələbini buna cavab verməli olmayan şəxslərə qarşı irəli sürmüşdür.

34. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə və təmin oluna bilər; hazırkı iş üzrə cavabdehlər isə iddiaçının müvafiq tələbinə cavab verməli olan subyekt deyildirlər. Çünki, iddiaçı tərəf özü məhkəməyə verdiyi izahatında A literli tikilidən istifadəsinə əmlakın icarəçiləri tərəfindən mane yaradıldığını bildirmişdir. Bir sözlə, iddia üzrə cavabdeh qismində göstərilən əmlakın birgə mülkiyyətçiləri iddia tələbinin yönəldiyi şəxs olmadığından hazırkı iddiaya da cavab verən şəxs hesab edilə bilməz.

35. Qeyd edilməlidir ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi).

36. Həmçinin, MPM-nin 51-ci maddəsinə görə, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər, lakin digər cavabdehin işə qoşulması məsələsi hər bir halda iddiaçı tərəfindən ona qarşı tələb irəli sürülməsi qaydasında həyata keçirilməlidir. Həmin Məcəllənin 51.3-cü maddəsinə görə isə, başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

37. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, irəli sürdüyü iddia tələbinə münasibətdə iddiaçı məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələb buna cavab verməli olan subyektlərə qarşı yönəldilmədiyindən təmin edilə bilməz; iddianın əsaslılığı məsələsinə gəldikdə isə, iddiaçıya izah edilməlidir ki, hazırkı iddia ilə iddiaya cavab verməli olan subyektlərə qarşı tələb irəli sürmək hüququ vardır.

38. İddianın cavab verməli olmayan subyektə qarşı yönəldildiyi qənaətinə gəlindiyindən, kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur.

39. Birinci instansiya məhkəməsi isə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir.

40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli 2(125)-397/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı manenin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar