Məhkəmə qərarları › İş №2(104)-863/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-863/2023

30.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-863/2023 30.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X2, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iştirakları ilə, Şəmkir Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(076)-2526/2022 saylı qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evə istifadə hüququnun tanınması və köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşağı ilə birlikdə cavabdehlərin faktiki istifadəsində olan və hazırda cavabdehlərin yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması və həmin evə köçürülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(076)-2526/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Şəfəq Məmmədova) İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evə köçürülmə və evdən istifadə hüququnun tanınması tələbinə dair ilkin iddiasının təmin edilməməsi, ilk iddia üzrə ödənilmiş dövlət rüsumunun ilk İddiaçı aid edilməsi,qarşılıqlı iddianın təmin edilməsi, ilk İddiaçı məxsus yataq dəsti, qonaq dəsti, 1 dəst pastel, 82 dioqanal televizor, divan-kreslo dəsti, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd televizoraltı, 1 ədəd qaşıq dəsti, 1 ədəd qazan dəsti, 1 ədəd adi boşqab dəsti, 1 ədəd su ilə işləyən tozsoran, 1 ədəd uşaq çarpayısı, 1 ədəd güldan, 2 ədəd vaza (1 ədədi böyük ), 6 ədəd fincan, 12 ədəd rumka (6 ədəd böyük, 6 ədəd kiçik), 2 ədəd vaza, 2 ədəd bulud boşqab, 6 ədəd güllü rumka, 1 dəst güllü rumka, 1 dəst kofe fincan dəsti, 1 ədəd böyük 2 ədəd balaca qayıq formalı qab, 1 ədəd böyük gəvə, 2 ədəd balaca gəvə, pərdə, 1 ədəd divan, 1 ədəd yazı stolu, 2 ədəd balaca süfrə, 3 ədəd böyük süfrə, 1 dəst böyük məhraba, 1 dəst balaca məhraba, 1 dəst sadə fincan dəsti, 1 ədəd döşək, 1 ədəd yorğan, 1 ədəd çilçıraq, 1 ədəd paltaryuyan maşınından ibarət cehiz əşyalarının qarşılıqlı iddiaçı Cavabdeh2 məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun ilk İddiaçı tutulub qarşılıqlı iddiaçı Cavabdeh2 ödənilməsi qət edilmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(076)-2526/2022 saylı qətnaməsinin ləğv edilməsini, onun iddia tələbinin təmin edilməsini və qarşılıqlı iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnaməni əsassız və qeyri-qanuni hesab edir. Belə ki, o, Cavabdeh1 ilə 2016-cı il tarixdə ailə qurmuş, nikahlarını isə xx.xx.2017-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2017-ci ildə Gülay, xx.xx.2020-ci ildə Atilla adlı uşaqları anadan olmuşdur. O, Cavabdeh1 ilə ailə qurduqdan sonra, sonuncunun atası olan mərhum İsmayılov Nadirə məxsus ünvan 3 ünvanında yerləşən evə gəlin köçmüş, cehiz əşyaları da həmin evə yığılmışdır. 2020-ci ildə aralarında olan narazılığa görə ayrılmışlar və o, uşaqları ilə birlikdə evdən çıxmağa məcbur edilmişdir. O, ailə qurduğu vaxtdan ayrıldıqları vaxtadək cavabdehlə birgə təsərüfatı aparmaqla uşaqları ilə birgə qeyd olunan ünvanda yaşamışdır. Sonra isə, cavabdehlərlə baş vermiş ailə münaqişəsi zəmində cavabdehlər tərəfindən evdən qovulmuş və uşaqları ilə birlikdə həmin tarixdən kirayədə yaşayır. Lakin ona məxsus cehiz əşyaları mübahisəli evdə qalmışdır. Hazırda onun yaşayış sahəsinə ehtiyacı var. Kirayədə yaşadığı evi isə olduqca darısqaldır.O, mübahisəli evə gəlin köçən vaxt evin hüquqi qeydiyyatı olmamışdır. Ona görə də, istəsə belə, yaşayış evinin tərkib hissəsindən istifadə hüququna dair cavabdehlərlə yazılı razılaşma bağlaya bilməmişdir. Həmçinin, o, qeyd olunan evin yenidən qurulmasında, yəni evin dam örtüyünün dəyişməsində və yeni tikililərin tikilməsində Cavabdeh1la birgə vəsait xərcləmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 məhkəmə kollegiyasına apellyasiya şikayətinə yazılı etiraz ünvanlayaraq etirazda göstərmişdir ki, ilkin İddiaçı Firudon qızı ona məxsus evin yenidən qurulmasında, evin dam örtüyünün dəyişdirilməsində və yeni tikililərin tikilməsində onun və əri Cavabdeh1 birgə vəsaiti hesabına olduğunu göstərmişdir. Qeyd olunan hallaın heç biri həqiqəti əks etdirmir. Belə ki, mübahisəli fərdi yaşayış evi onun mülkiyyətində olmaqla ilkin İddiaçı ilə heç bir əlaqəsi yoxdur. O, ona məxsus evə gəlin köçən zaman onunla aralarında evdən istifadə ilə bağlı heç bir yazılı razılaşma olmamışdır. Odur ki, yuxarıda qeyd edilənlər nəzərə alınmaqla, apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin olunmasını, Şəmkir Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(076)-2526/2022 saylı qətnaməsinin ləğv edilməsini və ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Sədrlik edənin sualına cavab olaraq bildirdi ki, tərəflər arasında olan nikah qeydi pozulmuşdur. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 məhkəmə kollegiyasının iclasında verdiyi izahatında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, Cavabdeh1 onun oğlu, İddiaçı isə keçmiş gəlinidir. Oğlu Cavabdeh1 ilkin iddiaçı ilə xx.xx.2017-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişdir. Onların birgə nikahlarından iki uşaqları doğulmuşdır. İddiaçı toy günü onların yaşadığı ünvan 3 ünvanında yerləşən evə gəlin köçmüş, cehiz əşyaları da həmin evə yığılmışdır. O, cəmi 1 ay yarım həmin evdə yaşamış və sonra əri Cavabdeh1la birlikdə yaşamaq üçün Rusiya Federasiyasına getmiş və orada yaşamışlar. Onlar Rusiyada dolanmadıqları üçün, 2020-ci ildə ayrılmışlar və idiaçı narazılıq zəminində Rusiyadan birbaşa atası evinə qayıtmışdır və hazırda da, atası evində yaşayır. Dəfələrlə təklif etməsinə baxmayaraq, iddiaçı onun evində olan cehiz əşyalarını aparmaq istəmir ki, bu da onun mülkiyyət hüququnu pozur. İddiaçı ilə ilə oğlu Sahib arasındakı nikah pozulmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin olunmamasını və Şəmkir Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(076)-2526/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxsi və vəkili dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(076)-2526/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya istansiyası məhkəməsi birinci istansiya məhkəməsinin qətnaməsinin əsaslılğını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlilərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya istansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prossesual hüqüq normalarına riayət etməsini yoxlayır. İşdə olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, ünvan 4 ünvanda 0.07 ha torpaq sahəsində yerləşən 214.50 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində **********97-10301 nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, ilkin İddiaçı ilkin iddia üzrə Cavabdeh1 ilə 2016-cı il tarixdə faktiki evlənməklə, cavabdehlərin yaşadığı ünvan 3 ünvanında yerləşən evə gəlin gəlmiş, nikahlarını xx.xx.2017-ci il tarixdə rəsmi qeyd etdirmişlər. Tərəflərin birgə nikahlarından iki uşaqları doğulmuşdur. Mübahisə edilən ünvan 4 ünvanda 0.07 ha torpaq sahəsində yerləşən 214.50 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində **********97-10301 nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Xəyalə Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli qərarda Konstitusiya Məhkəməsi Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə dair digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, mübahisə olunan ev fərdi yaşayış evi Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alındığına görə, həmin yaşayış sahəsinə dair digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun həll olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia üzrə İddiaçı mübahisəli evə 2016-cı ildə köçsə də, fərdi yaşayış evi Cavabdeh2 adına xüsusi mülkiyyət kimi xx.xx.2019-cu il tarixdə qeydə alındığından yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsini, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı ilə həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişildiyindən, həmçinin evin mülkiyyətçisi ilə ilkin iddia üzrə İddiaçı arasında evdən istifadə hüququnun əmələ gəlməsi və həyata keçirilməsi şərtləri və xitamı barədə notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanmadığına görə, hazırkı mübahisə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun həll olunmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına görə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, “Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur... Beləliklə, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir... Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir”. Ailə Məcəlləsinin 13-cü fəslində valideynlərin və uşaqların aliment öhdəlikləri, 15-ci fəslində isə ailənin başqa üzvlərinin aliment öhdəlikləri, yəni qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi, baba və nənənin nəvələrini saxlamaq vəzifəsi, eyni zamanda nəvələrin baba və nənəni saxlamaq vəzifəsi, yetirmələrin öz faktiki tərbiyəçilərini saxlamaq vəzifəsi, ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi təsbit edilib göstərilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğun olaraq, hesab edir ki, ilkin iddia üzrə İddiaçı gəlin statusunda olmaqla, mübahisəli evin mülkiyyətçisi Cavabdeh2 ailə üzvü dairəsinə daxil deyildir. O, 2016-cı il tarixdə mübahisəli evə köçürülsə də, bu hal Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğun olaraq, onun hazırda həmin mənzildən istifadə etmək səlahiyyətini təmin edən hüquq, yəni mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirən məhdud əşya hüququna malik olması anlamını vermir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 228.5-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Digər ailə üzvlərinin (gəlinin və ya kürəkənin) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Göründüyü kimi, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Lakin iş materiallarından görünür ki, ilkin İddiaçı Cavabdeh2 ailə üzvü deyildir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddianın təmin edilməməsi barədə gəldiyi nəticədə haqlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qarşılıqlı iddianın təmin edilməsi hissəsində gəldiyi nəticə ilə də razılaşır. Belə ki, iş materiallarından görünür ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 214.50 kv.m. olan fərdi yaşayış evi xx.xx.2019-cu il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. İlkin İddiaçı ailə münaqişəsi zəminində həmin evdən çıxaraq, valideynlərinə məxsus evə getmiş, lakin ona məxsus yataq dəsti, qonaq dəsti, 1 dəst pastel, 82 dioqanal televizor, divan-kreslo dəsti, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd televizoraltı, 1 ədəd qaşıq dəsti, 1 ədəd qazan dəsti, 1 ədəd adi boşqab dəsti, 1 ədəd su ilə işləyən tozsoran, 1 ədəd uşaq çarpayısı, 1 ədəd güldan, 2 ədəd vaza (1 ədədi böyük ), 6 ədəd fincan, 12 ədəd rumka (6 ədəd böyük, 6 ədəd kiçik), 2 ədəd vaza, 2 ədəd bulud boşqab, 6 ədəd güllü rumka, 1 dəst güllü rumka, 1 dəst kofe fincan dəsti, 1 ədəd böyük 2 ədəd balaca qayıq formalı qab, 1 ədəd böyük gəvə, 2 ədəd balaca gəvə, pərdə, 1 ədəd divan, 1 ədəd yazı stolu, 2 ədəd balaca süfrə, 3 ədəd böyük süfrə, 1 dəst böyük məhraba, 1 dəst balaca məhraba, 1 dəst sadə fincan dəsti, 1 ədəd döşək, 1 ədəd yorğan, 1 ədəd çilçıraq, 1 ədəd paltaryuyanmaşınından ibarət cehiz əşyaları mübahisəli evdə qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsində göstərilir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “İnsan Hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının 1 saylı protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malik olmaqla heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulan şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı «Marks Belçikaya qarşı» işdə şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibari ilə mülkiyyət hüququna təminat verir.» Göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ilkin iddia üzrə İddiaçı məxsus olan əmlakların onun xüsusi mülkiyyətində olan, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması tələbində haqlı olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, Şəmkir Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(076)- 2526/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392-393 və 405- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(076)-2526/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar