Məhkəmə qərarları › İş №2(104)-864/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-864/2025

07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-864/2025 07.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Mustafayev Mustafa Əli oğlundan ibarət tərkibdə, Kreditor İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının borclular Əlizadə Fəzilə Məmməd qızı, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iş üzrə Şəmkir Rayon Məhkəməsinin 12 fevral 2025-ci il tarixli 2(076)-2082/2014 saylı qərardadından borclu Cavabdeh1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: Kreditor İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı borclular Əlizadə Fəzilə Məmməd qızı, Cavabdeh1 və Cavabdeh3 qarşı Şəmkir Rayon Məhkəməsin ərizə ilə müraciət edərək 24 may 2013-cü il tarixli 566 saylı birgə borclularla kredit müqaviləsi üzrə 1384 manat əsas, 236 manat faiz, cəmi 1620 manat borc və 20 manat dövlət rüsumunun borclulardan müştərək qaydada İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Şəmkir rayon Məhkəməsinin 04 avqust 2014-cü il tarixli 2(076)-2082/2014 saylı məhkəmə əmrinə əsasən Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yaşayanlar Əlizadə Fəzilə Məmməd qızı, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə 1384 manat əsas borc, 235 manat faiz borcu, cəmi 1620 (min altı yüz iyirmi) manat və 20 (iyirmi) manat dövlət rüsumunun tutulmasə əmr edilmiş və 15 avqust 2014-cü il tarixdə icra edilməsi üçün Şəmkr rayon İcra şöbəsinə göndərilmışdir. Borclu Cavabdeh1 məhkəmə əmrinə etiraz vermiş, Şəmkir Rayon Məhkəməsinin 12 fevral 2025-ci il tarixli 2(076)-2082/2014 saylı qərardadı ilə etiraz geri qaytarılmışdır. Qərardaddan narazı qalan Cavabdeh1 şikayət verərək, qərardadın ləğv edilməsini və məhkəmə əmrinə verdiyi etirazın təmin olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 04 avqust 2014-cü il tarixli 2(076)-2082/2014 saylı məhkəmə əmrinə əsasən Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yaşayanlar Əlizadə Fəzilə Məmməd qızından, Cavabdeh1, Cavabdeh3 müştərək qaydada İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə 1384 manat əsas borc, 235 manat faiz borcu, cəmi 1620 (min altı yüz iyirmi) manat və 20 (iyirmi) manat dövlət rüsumu tutulmalıdır. Lakin uzun müddət keçməsinə baxmayaraq məhkəmə əmrinin çıxarılmasından xəbəri olmamış, məhkəmə əmri nə rəsmi, nə də qeyri-rəsmi ona göndərilməmiş, (təqdim olunmamış), bu səbəbdən mülki işin icraatı təzələnməli və işə onun iştirakı ilə baxılması təmin edilməlidir. Şəmkir Rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli 2(076)-2082/2014 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 128-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 129-cu maddəsinə əsasən, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Həmin Məcəllənin 130-cu maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Nəzəzə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulmuş hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminatın mahiyyətinə görə, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Ədalətli məhkəmə araşdırması hüquqi müəyyənlik prinsipi ilə sıx bağlıdır və hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur. Hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir. Məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyriməhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə nəticələnə bilər. Qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək məqsədilə Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları, o cümlədən məhkəmə aktlarından müvafiq şikayətin verilməsinin prosessual müddətlərini tənzimləmişdir. Bu isə proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında prosessual müddətlər çərçivəsində şikayət vermək hüququnun təmin olunmasına, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir. İş materiallarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin 04 avqust 2014-cü il tarixli 2(076)-2082/2014 saylı məhkəmə əmrinin surəti 04 avqust 2014-cü il tarixli müşayətedici məktubla borcluların yaşadığı ünvana göndərilmiş, 15 avqust 2014-cü il tarixdə isə məhkəmə əmri icraya göndərilmişdir. Borclu Cavabdeh1 məhkəmə əmrinə etirazda əmrin surətini vaxtında ala bilməməsini bildirsədə, nə vaxt almasınıda göstərməmişdir. Etiraz məhkəmə əmri çıxarıldıqdan 10 il müddət keçdikdən sonra verilmişdir. Halbu ki, MPM-in 282-ci maddəsində borclunun məhkəmə əmrinə etiraz verməsi 10 gün müddətində nəzərdə tutulmuşdur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir. Yuxarıda qeyd olunanları nəzərə alan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdir. Şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas deyil. Ona görə də, şikayət təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin 12 fevral 2025-ci il tarixli 2(076)-2082/2014 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasan və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 128- 130, 282, 398 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 12 fevral 2025-ci il tarixli 2(076)-2082/2014 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar