Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-869/2025 21.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 10 dekabr 2024-cü il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı ilə cavabdeh arasında bağlanmış 28 avqust 2023-ci il tarixli, 3M-289 reyestr nömrəli kredit müqaviləsinə əsasən borc verən(iddiaçı) borc alana(cavabdehə) 8.000 manat məbləğində borc pul vermişdir. Müqavilənin 2-ci bəndinə əsasən borc alan krediti xx.xx.2023-cü il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8.000 manat məbləğində pulun, həmçinin dövlət rüsumu kimi ödədiyi 110 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və ödənilməli olan borcu qaytarmamışdır. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, ona vacib pul lazım olduğu üçün iddiaçıya bu barədə müraciət etmiş, iddiaçı ona borc kimi 3.000 manat pul vermişdir. Buna baxmayaraq iddiaçının tələbi ilə aralarında 8.000 manat borcun verildiyi barədə müqavilə bağlanmışdır. İddiaçıdan borc aldığı 3.000 manata görə iddiaçıya 3.800 manat məbləğində pul qaytarmışdır. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra – Şəhər Məhkəməsi) 2(125)-4923/2024 nömrəli iş üzrə qəbul etdiyi 10 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ə.Məmmədov) iddia tələbinin təmin edilməsi, Cavabdeh 8.000 (səkkiz min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 110 (bir yüz on) manat məbləğində pulun alınıb İddiaçı verilməsi qət edilmişdir. Şəhər Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış və Gəncə şəhər 6 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş, borc müqaviləsini işin hallarının müəyyən edilməsində mötəbər sübut növüdür. Həmin borc müqaviləsi işin hallarının müəyyən edilməsində mötəbər sübut növü kimi qəbul edildiyindən, cavabdehin izahatı (etiraz dəlilləri) həmin müqavilədə göstərilən 8.000 manat məbləğində pulun iddiaçı tərəfindən cavabdehə verilmədiyini təsdiq edən mötəbər sübut növü kimi qəbuledilən deyildir. Cavabdehin həmin müqavilə əsasında iddiaçıdan 8.000 manat məbləğində borc alması işin faktiki halı kimi təsdiq olunandır. Bundan əlavə, cavabdeh iddiaçıya 3.800 manat məbləğində pul qaytardığını iddia etsə də, iddiaçı cavabdehin ona heç bir məbləğdə pul qaytarmadığını bildirmişdir. MPM-in sübutlarla bağlı tələblərinə əsasən, belə halda yalnız cavabdehin məhkəməyə bildirdiklərinə əsasən, cavabdehin iddiaçıya 3.800 manat məbləğində pul qaytardığı qənatinə gəlmək olmaz, bunun üçün cavabdeh məhkəməyə işin bu halını təsdiq edə bilən əlavə sübutlar da təqdim etməlidir. Cavabdeh isə bu halı təsdiq edə bilən başqa hər hansı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə cavabdehin bu dəlillərini əsassız sayır və belə qənaətə gəlir ki, iddiaçının iddia etdiyi 8.000 manat borc məbləğinin cavabehə verilməsi və həmin məbləğdə borcun cavabeh tərərfindən iddiaçıya qaytarılmaması işin faktiki halları kimi təsdiq olunur. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 739cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 119.1-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eyni olan apellyasiya şikayətində əlavə olaraq bildirilmişdir ki, cavabdehin iddiaçıya pulu qaytarmağı ilə bağlı şahidləri var, həmin şahidləri birinci instansiya məhkəməsinə dəvət etsə də, məhkəmə şahidləri qəbul etməmişdir. Birinci instansiya məhkəməsi işi tam, hərtərəfli, dəqiq araşdırmayaraq hazırki qətnaməni qəbul etmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etiraz verməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, işdə olan sənədlərə əsasən müəyyən edilir ki, tərəflər arasında kredit müqaviləsi imzalanmış, iddiaçı cavabdehə 8.000 manat pulu borc vermiş, cavabdeh isə həmin pulu xx.xx.2023-cü il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh apellyasiya şikayətində 8.000 manat pulun ona verilmədiyini, iddiaçıdan 3.000 manat borc aldığını və iddiaçıya 3.800 manat pul qaytardığını bildirir. Apellyasiya şikayətinin bu dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPMnin 77-ci maddəsinə görə isə, bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın – cavabdeh tərəfin üzərinə düşür. Lakin cavabdeh öhdəliyi vaxtında və lazımi qaydada icra etdiyini sübut edə bilmir. Göstərilənlərə əsasən işin halları kimi müəyyən edilir ki, iş üzrə tərəflər arasında bağlanmış 3M-289 reyestr nömrəli kredit müqaviləsinə əsasən iddiaçı 8.000 manat pulu cavabdehə vermiş, lakin borc sonuncu tərəfindən ödənilməmişdir. Bunun əksini apellyasiya şikayətində iddia edən cavabdehin dəlilləri əsassızdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Gəncə Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş 10 dekabr 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-869/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-869/2025
21.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver