Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-871/2025 29.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə Açar sözlər: nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış borcun qaytarılması Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova X4 Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli 2(125)-5634/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 29 aprel 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Gəncə şəhər Baş Polis İdarəsinin Təhqiqat Şöbəsinin 28 oktyabr.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 barəsində polisə müraciət etmiş, ancaq, cavabdehlər barəsində cinayət işinin başlanması rədd edilmişdir;
2. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 2 saylı CD diskdəki audio yazı məhkəmə iclasında iddiaçının iştirakı ilə tədqiq edilmiş və müəyyən edilmişdir ki, səs yazısı İddiaçı və Cavabdeh2 arasında 2024-cü ilin avqust ayında qeydə alınmışdır. Səs yazısının 3-4-cü dəqiqələrində qızıl-zinət əşyalarına dair tərəflər arasındakı nisyə alqısatqıdan, borcun qaytarılmasından və.s bəhs edilir. Səs yazısının həmin dəqiqələrində İddiaçı Cavabdeh2 bildirir ki «mənim sizə (cavabdehləri nəzərdə tutur) yazdığım 50000 manat borc gəlib əlimə çatsa, gərək həmin pulun üstünə əlavə pul da qoyub sənin borcunu verəm». Cavabdeh2 da iddiaçı dedikləri ilə bağlı hər hansı arqument irəli sürmür. Əksinə, Cavabdeh2 borcunu ödəyəcəyini deyir;
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun tərəfindən cavabdehlərə qısa müddətli nisyə olaraq verdiyi qızılzinət əşyalarının ümumi dəyəri 50000 manat pulun və dövlət rüsumu kimi ödədiyi 240 manatın cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh1 19000 manat, digər Cavabdeh2 isə 28500 manat pulun, dövlət rüsumu kimi ödədiyi 240 manatın isə müştərək qaydada cavabdehlərdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X1-zinət əşyalarının alqı-satqısı ilə məşğuldur. Gəncə şəhər sakini mülki iş üzrə Cavabdeh1 mütəmadi olaraq ondan qızıl əşyalarını topdan satış qiymətinə qısa müddətli nisyə götürərək öz müştərilərinə satıb onun pulunu qaytarmışdır. O, Cavabdeh1 ilə bu qaydada bir müddət problemsiz işləmişdir. Daha sonra Cavabdeh1 ona yaxın rəfiqəsi kimi təqdim etdiyi digər Cavabdeh2 ilə yanına gələrək sonuncuya nisyə mal verməsini israrla xahiş etmişdir. Cavabdeh1 digər Cavabdeh2 uzun illərdir bu işlə məşğul olduğunu və onun ətrafının böyük olduğunu, hətta ona zamin olduğunu bildirərək, ona istədiyi qızıl-zinət əşyalarının qısa müddətli nisyə verməsini xahiş etmişdir. O, mütəmadi olaraq Cavabdeh1 və Cavabdeh2 nisyə qızıl-zinət əşyaları vermişdir. Lakin, bir müddət sonra Gəncə şəhəri Nizami küçəsində yerləşən qızıl dükanından tanış satıcılar tərəfindən ona zəng edilərək cavabdehlərə nisyə verdiyi qızılzinət əşyalarının ucuz qiymətə onlara təklif olunduğu barədə məlumat almışdır. O, dərhal iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zəng edərək məsələyə aydınlıq gətirmək üçün onunla görüşmələrini tələb etmişdir. Görüş əsnasında öncə onlar boyunlarına almasalar da, ona qeyd etdiyi Gəncə şəhəri Nizami küçəsində yerləşən qızıl dükanından tanış satıcılar tərəfindən Whatsapp sosial şəbəkəsinə göndərilən foto şəkilləri göstərən zaman etiraf edərək bildirmişlər ki, ona ümumilikdə 50000 manat borc pulu tez bir zamanda qaytaracaqlar. Cavabdeh1 özünü öldürəcəyi ilə hədələyərək ölüm səbəbinin onun olacağına dair təhdidlər etmişdir. Cavabdehlər barədə qısa araşdırma aparan zaman ona məlum olmuşdur ki, ondan başqa bir neçə şəxslərə qarşı bu və digər yollarla külli miqdarda ziyan vurulmuşdur. Onun inamından sui istifadə edən cavabdehlər ümumilikdə 50.000 manat dəyərində qızıl-zinət əşyalarını dələduzluq yolu ilə mənimsəmişlər. Hər dəfə onlarla əlaqə saxlayanda onun pulunu qaytaracaqlarına dair söz verirlər. Lakin, bu günə kimi, onlar, müxtəlif bəhanələrlə ona olan ümumilikdə 50000 manat borclarını qaytarmırlar. Belə ki, o, üzərinə götürdüyü öhdəlikləri şifahi müqavilədə nəzərdə tutulan şərtlər əsasında əməl etmiş, cavabdehlər isə şifahi müqavilə üzrə götürdükləri öhdəliyi səbəb göstərmədən yerinə yetirməməklə ona ziyan vurmaqda davam edirlər. Hesab edir ki, öhdəliyini icra etməyən cavabdehlər ona vurduqları zərərin əvəzini ödəməyə borcludurlar.
6. Məhkəmədə şahid X2 ifadə verərək bildirmişdir ki, İddiaçı ilə eyni mağazada işləyir, qızıl-zinət əşyalarının satışı ilə məşğul olur. Cavabdehləri də qızıl alıcıları kimi tanımışdır. Bir gün İddiaçı Cavabdeh2 qızıl əşyalarının alqı-satqısı ilə məşğul olan şəxs kimi onunla tanış etmiş və Leyla ondan nisyə qaydada qızıl əşyaları almış və bir neçə gün sonra həmin əşyaların dəyərini ödəmişdir. İkinci dəfə Leyla ondan nisyə qaydada daha böyük miqdarda qızıl əşyaları almaq istəsə də, ona etibar etməmişdir. Bu zaman iddiaçı həmin əşyaları Leylaya deyil, elə bil ki, ona verdiyini, pulunu da ondan alacağını bildirmişdir. Bundan sonra iddiaçı onun əşyalarını və başqa polkalardan da böyük çəkidə qızıl əşyalarını Leylaya vermişdir. Leylaya nisyə satılmış əşyaların dəyərini onun yanında Qahirə ilə Leyla birlikdə hesablamışlar və Qahirə cəmi borcun 50000 manatı keçdiyini Leylaya demişdir. Leyla isə Qahirəyə narahat olmamasını, aldığı əşyaların pulunu tamamilə ödəyəcəyini bildirmişdir. Daha sonra, Leyla nisyə qaydada aldığı malların dəyərini ödəmədiyindən və qızılların hamısını Leylaya Qahirə verdiyindən, o Qahirədən pulunu tələb etmişdir. Qahirə isə bundan sonra Leyla barəsində polisə şikayət etmişdir.
7. Gəncə Şəhər Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli 2(125)-5634/2024 nömrəli qətnaməsi ilə (hakim Ədil Məmmədov) iddia qismən təmin edilərək, Cavabdeh1 18233 (on səkkiz min iki yüz otuz üç) manat məbləğində pul, digər Cavabdeh2 isə 28500 (iyirmi səkkiz min beş yüz) manat məbləğində pul alınıb, İddiaçı verilməsi; Qalan hissədə iddianın əsassız olduğundan təmin edilməməsi; İddiaçı tərəfindən ödənilən 240 manat məbləğində dövlət rüsumunun 144 (bir yüz qırx dörd) manat hissəsinin əvəzi Cavabdeh2, 92 (doxsan iki) manat hissəsinin əvəzi isə Cavabdeh1 alınıb, iddiaçıya verilməsi; Qalan 4 manat isə iddiaçının özünə aid edilməsi qət edilmişdir.
8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 567, 600.1 və 600.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ona aid hissədə ləğv edilməsini və onun iddiaçıya 25000 manat borcunun olması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçıdan son 6-7 ayda hissə-hissə olmaqla 70000 manatlıq qızıl-zinət əşyalarını nisyə götürüb sataraq pulunu vaxtında qaytarmışdır. Onunla birlikdə Cavabdeh1 da iddiaçıdan satmaq üçün nisyə qızıl-zinət əşyaları götürmüşdür. Onda cəmi 28000 manat dəyərində iddiaçının malı qalan vaxt Çiçək iddiaçıdan aldığı qızılları başqa yerdə ucuz qiymətə satıb sələmə gütürdüyü pulun əvəzinə vermişdir. Bu barədə iddiaçı xəbər tutanda hər ikisindən birlikdə 50000 manat pulu bir dəfəyə tələb etmişdir. Qızılları nisyə payladığını, pulunu hələ ala bilmədiyini iddiaçıya bildirsə də, lakin sonuncu buna məhəl qoymamışdır. Hətta digər Cavabdeh1 buna dözə bilməyib özünü öldürməyə cəhd etmişdir. Bundan sonra iddiaçı onların hər ikisi barəsində polis şöbəsinə şikayət etmişdir. Ərizədə iddiaçı guya ona olan borcunu 28500 manat olduğunu qeyd etmişdir. Əslində isə, onun iddiaçıya 25000 manat borcu qalmışdır. İddiaçı qızıl-zinət əşyalarını verəndə nə sadə yazılı, nə də notariat qaydada təsdiq edilmiş sənəd tərtib etməmişdir. İstəsəydi borcumu lap az göstərə bilərdi, lakin ona haram mal lazım deyil. Ona görə də məhkəmədə izahat verərkən həqiqəti bildirmişdir. Məhkəmə isə əsil həqiqəti üzə çıxarmaq üçün heç bir araşdırma aparmamışdır. 6-7 ay ərzində iddiaçıdan 70000 manatlıq mal götürüb sataraq 45000 manat pul ödəmişdir. Nisyə payladığı 25000 manat dəyərində əşyaların pulunu isə satılan kimi qaytarmağa söz vermişdir. Məhkəmə qətnamədə sübut kimi şahid İmamverdiyeva İlhamənin ifadəsinə əsaslanmışdır. Halbuki, iddiaçıdan qızıl-zinət əşyalarını təhvil alanda İlhamə yanlarında olmayıb. Məhkəmənin suallarına cavab verərkən şahid bildirmişdir ki, «mən kənardan gördüm ki, Qahirə qızılları Leylaya verdi. Nə qədər və hansı qızılları verdiyin, onların dəyərinin neçə olduğunu dəqiq bilmədim». Məhkəmə belə bir ifadəni iddiaçının xeyrinə qəbul etmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olur. Cavabdehlərdən Cavabdeh1 bir il yarımdır tanımış, onun vasitəsilə də digər Cavabdeh2 ilə tanış olmuşdur. Cavabdeh2 28500 manat pul tələb edir. Qızıl-zinət əşyalarının alqısatqısına dair onda dəftər vardır və həmin dəftərdə kimə hansı dəyərdə qızıl satılması qeyd edilmişdir. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, qızılların nisyə alqı-satqısına dair Cavabdeh2 ilə aralarında qeydə alınmış səs yazısı mövcuddur. Həmin danışıqda Cavabdeh2 özü də qəbul edir ki, digər cavabdehlə birlikdə ona cəmi 50000 manat borcları vardır. Həmin səs yazısı 2024-cü ilin avqust ayında qeydə alınmışdır. Cavabdeh2 birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş məhkəmə iclaslarına gəlməmişdir. Onun qətnamədən apellyasiya şikayəti verməkdə də məqsədi vaxt qazanmaqdır. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
14. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
15. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
16. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
17. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
19. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
26. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
27. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
30. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia qismən təmin edilmiş, iddiaçı və Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Yalnız Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, ondan iddiaçının xeyrinə tutulan vəsaitin 25000 manat məbləğdə müəyyən edilməsini xahiş etmişdir. Beləliklə, qətnamə Cavabdeh2 iddiaçının xeyrinə tutulan 28500 manat vəsaitin 3500 manat hissəsində mübahisələndirilmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
32. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər qızıl-zinət əşyalarının nisyə alqı-satqısına dair razılığa gəlmişlər. Cavabdeh iddiaçıdan müxtəlif vaxtlarda, müxtəlif növ qızıl-zinət əşyalarını nisyə almış. Cavabdeh L,Nəbiyeva iddiaçıdan nisyə aldığı qızıl-zinət əşyalarının dəyərinin bir hissəsini ödəmiş, qalan məbləği isə ödəməmişdir. Beləliklə, cavabdehlərin iddiaçıya borcu yaranmışdır. Ona görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
33. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
34. İşin müəyyən olunmuş və faktiki hallarına əsasən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh2 müxtəlif vaxtlarda, müxtəlif növ qızıl-zinət əşyaları nisyə satılmışdır. O cümlədən, nisyə satılmış malların qalıq borc məbləği barədə tərəflər arasında mübahisə vardır. Belə ki, İddiaçı Cavabdeh2 qalıq borc məbləğinin 28500 manat olduğunu iddia edir, cavabdeh isə borc məbləğinin 25000 manat qaldığını bildirir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, mübahisənin hərtərəfli, tam və obyektiv həlli üçün iş materiallarındakı sənədlər, habelə tərəflərin izahatı əlaqəli şəkildə tədqiq edilməlidir.
35. İlk növbədə araşdırılmalı məsələ İddiaçı tərəfindən Cavabdeh2 hansı məbləğdə qızıl-zinət əşyalarının nisyə satılmasının müəyyən olunmasıdır.
36. İşin halları bu aspektdə araşdırıldıqda müəyyən olunur ki, Cavabdeh2 müxtəlif vaxtlarda və müxtəlif dəyərdə olmaqla, ümumilikdə İddiaçı 70000 manat dəyərində qızılzinət əşyalarını nisyə şəkildə almışdır. Bu hal Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri ilə öz təsdiqini tapmışdır (bax bu qətnamənin 10-cu bəndi).
37. Beləliklə, işin faktiki halları ilə müəyyən olunmuşdur ki, İddiaçı tərəfindən Cavabdeh2 70000 manat dəyərində qızıl-zinət əşyası nisyə satılmışdır.
38. Artıq, mübahisənin obyektiv həlli üçün ikinci araşdırılmalı məsələ - nisyə satılmış qızıl-zinət əşyalarının dəyərindən cavabdeh tərəfindən iddiaçıya hansı məbləğdə vəsait qaytarılmasının müəyyən edilməsidir.
39. İşin müəyyən edilmiş və faktiki halları ilə aydın olur ki, Cavabdeh2 qızıl-zinət əşyalarının nisyə alqı-satqısına görə iddiaçıya olan borcunun bir qismini ödəmişdir. Belə ki, İddiaçı iddia tələbində, habelə apellyasiya baxışı zamanı verdiyi izahatında Cavabdeh2 nisyə satılmış qızıl-zinət əşyalarının dəyərindən ödənişlər edildiyini, lakin qalıq 28500 manat borcun ödənilmədiyini qeyd etmişdir.
40. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
41. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
42. Cavabdeh2 İddiaçı olan borcunun 28500 manat deyil də, 25000 manat təşkil etdiyini bildirsə də, lakin borc məbləğləri arasındakı fərqin, yəni 3500 manat hissənin iddiaçıya ödənilməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
43. Şərh olunanlarla bağlı məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, Cavabdeh2 qızıl-zinət əşyalarının nisyə alqı-satqısına görə iddiaçıya 28500 manat borcu qalması işdəki sübutlarla öz təsdiqini tapır; həmin borcdan hər hansı məbləğin geri qaytarılmasını sübut etmək yükü isə Cavabdeh2 üzərinə düşür və qanunvericiliyin tələblərinə görə bu hal yalnız müəyyən sübutetmə vasitələri ilə (konkret halda pulun qaytarılmasına dair müvafiq qəbzlər, müqavilə və s.) sübut edilməlidir. Lakin, Cavabdeh2 tərəfindən məhkəməyə belə bir sübut təqdim edilməmişdir.
44. Digər tərəfdən, iş materialları ilə müəyyən olunur ki, birinci instansiya məhkəməsində işə baxılan zaman İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 2 saylı CD diskdəki audio yazı məhkəmə iclasında iddiaçının və digər Cavabdeh1 nümayəndəsinin iştirakları ilə tədqiq edilmiş və müəyyən edilmişdir ki, səs yazısı İddiaçı və Cavabdeh2 arasında 2024-cü ilin avqust ayında qeydə alınmışdır. Səs yazısının 3-4-cü dəqiqələrində qızıl-zinət əşyalarına dair tərəflər arasındakı nisyə alqı-satqıdan, borcun qaytarılmasından və.s bəhs edilir. Səs yazısının həmin dəqiqələrində İddiaçı Cavabdeh2 bildirir ki «mənim sizə (cavabdehləri nəzərdə tutur) yazdığım 50000 manat borc gəlib əlimə çatsa, gərək həmin pulun üstünə əlavə pul da qoyub sənin borcunu verəm». Cavabdeh2 da iddiaçı dedikləri ilə bağlı hər hansı arqument irəli sürmür. Əksinə, Cavabdeh2 borcunu ödəyəcəyini bildirir. Eyni zamanda apellyator 2 saylı CD diskdəki audio yazıda qeyd olunan danışıqlarla bağlı hər hansı dəlil irəli sürməmiş və həmin halları mübahisələndirməmişdir.
45. Göstərilən halları məcmu halda qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin yoxlanılan hissədə gəldiyi nəticə iş üzrə müəyyən edilmiş faktlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğundur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
46. Məhkəmə kollegiyası həmçinin izah edir ki, yoxlanılan hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan bu qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli 2(125)-5634/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.