Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-876/2024 29.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2(062)-3306/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada bankın xeyrinə 3325,69 manat əsas, 30,74 manat faiz, 0,03 manat cərimə borcu olmaqla, cəmi 3356,46 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 53,56 manat məbləğdə vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2016-cı il tarixli, 5196NF saylı kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 il müddətinə 1 il güzəşt verilməklə 1 faiz dərəcəsi ilə 3860 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmini kimi digər Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Borcalan tərəfindən kredit müqaviləsi üzrə ödəmələrdə pozuntulara yol verilmişdir. Bununla bağlı cavabdehə müraciət edilərək borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Lakin cavabdeh yenə də öhdəliyin icra etməmişdir. Hazırda borcalanın xx.xx.2022-ci il tarixə olan borcu kredit müqaviləsi üzrə 3325,69 manat əsas, 30,74 manat faiz, 0,03 manat cərimə borcu olmaqla cəmi 3356,46 manat təşkil edir. Mübahisənin həlli məhkəmədənkənar qaydada həllin tapmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Tovuz Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2(062)-3306/2023 saylı qətnaməsi ilə (hakim F.Əliyev) iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kredit müqaviləsi üzrə yaranmış 3325,69 manat əsas, 30,74 manat faiz, 0,03 manat cərimə borcu olmaqla, cəmi 3356,46 (üç min üç yüz əlli altı manat qırx altı qəpik) manat borc, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 53,56 manat məbləğdə vəsaitin tutularaq İddiaçı ASC-yə verilməsi qət edilmişdir. İşdə olan sübutlar: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 xx.xx.2016-cı il tarixli, 5196NF saylı kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 il müddətinə 1 il güzəşt verilməklə 1 faiz dərəcəsi ilə 3860 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə amin Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən irəli hələn öhdəlik üzrə Cavabdeh1 ilə birgə məsuliyyəti müəyyən edilmişdir. İddiaçı ASC tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə 3325,69 manat əsas, 30,74 manat faiz, 0,03 manat cərimə borcu olmaqla cəmi 3356,46 manat borcu yaranmışdır. Apellyasiya şikayətinin dəlilləri: Tovuz Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2(062)-3306/2023 saylı qətnaməsindən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2(062)-3306/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddianın ona münasibətdə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə bu borcun niyə gecikməsini, əsassız faiz və cərimənin tətbiqini araşdırmayıb. Onun məhkəmədə çıxışı olsaydı, nə qədər pul ödənilib, nə qədər pul qalıb, bu barədə dəqiq məbləğ ortaya çıxardı. Məhkəmə iclasına gecikməyi təəssüf ki, bu şansı əldən qaçırdı. Məhkəmə onun ödənişlərini nəzərə almayıb, cavabdeh kimi özünü müdafiə hüququ təmin edilməyib. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 284-1.Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-4.1. Məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina edir: 284-4.1.1. bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə; 284-4.1.2. verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə; 284-4.1.3. verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, Tovuz Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2(062)-3306/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2(062)- 3306/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollediyası cavabdehin şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaya kiçik iddia üzrə sadələşmiş icraat qaydasında baxılmış, cavabdehə bu barədə bildiriş göndərilmiş, lakin cavabdehin iddiaya dair hər hansı bir etirazı və ya sübutu məhkəməyə daxil olmamışdır. Buna görə də birinci instansiya məhkəməsi tərəfindən işə təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır ki, işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olan hal da olmamışdır. Cavabdehin apellyasiya şikayəti də ümumi dəlillərdən ibarət olmuşdur. Hərçənd ki, cavabdeh müqaviləyə uyğun olaraq borc məbləğinin düzgün olmadığını iddia etsə də buna dair hər hansı bir əsaslı dəlil irəli sürmüəmiş, ödənişlərinə dair sübutları da məhkəməyə təqdim etməmişdir. Halbuki, cavabdeh ödənilmiş məbləğlərin nəzərə alınmamasını və ya ödənilmiş məbləğlərin əsas və faiz məbləğinə görə düzgün silinməməsini konkret hallar üzrə əsaslandırmağa və buna müvafiq olaraq sübutlarını məhkəməyə təqdim etməli olmasına baxmayaraq, öz gümanlarına əsaslanmaqla qeyri-müəyyən dəlillər irəli sürmüşdür. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Tovuz Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2(062)-3306/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2(062)-3306/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Tovuz Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2(062)-3306/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2(062)-3306/2023 saylı qətnaməsi apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir.