Məhkəmə qərarları › İş №2(104)-878/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-878/2025

14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-878/2025 14.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Elçin Mədət oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(023)-72/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 14 may 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 09.04.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh İddiaçı 6000 manat məbləğində pul almış və həmin pulu xx.xx.2023-cü il tarixə kimi qaytaracağına dair öhdəlik götürmüşdür.

2. 09.04.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Cavabdeh şahidlər X2 və Nümayəndə iştirakı ilə 6000 manat məbləğində pul vermiş və həmin pulu xx.xx.2023-cü il tarixə kimi qaytaracağına dair öhdəlik götürmüşdür.

3. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Nümayəndə xx.xx.2008-ci il tarixdə rəsmi qaydada evlənmişlər.

4. Nümayəndə Qazax RPŞ-də verdiyi xx.xx.2023-cü il tarixli ərizə və izahatdan görünür ki, Cavabdeh hərəkətləri nəticəsində ona ümumilikdə 2600 manat maddi ziyan dəymişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 6000 manat məbləğində pulun və ödənilmiş 80 manat dövlət rüsumunun, tutularaq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Qazax rayon sakini kimi tanıyır. Cavabdeh onlara gedib-gələn adam olmuşdur. Onun səmimiyətindən istifadə edib onlardan borc pul istəmişdir. Daha sonra hər ehtimala ona şahidlərin yanında 09 aprel 2022-ci il tarixdə 6000 manat borca pul vermişdir. Bu barədə öz aralarında müqavilə bağlamışlar və həmin müqaviləyədə Cavabdeh özüdə imza etmişdir. Həmin pulu da 2023cü ilin avqust ayının birinə kimi qaytaracağına dair söz vermidir. Lakin Tərminə hələdə onun pulunu qaytarmamışdır. Onun həbsdə olduğunu bildiyindən iddia qaldıra bilməmişdir. Hazırda Tərminə öz evindədi. Nə qədər desə də verdiyi pulu qaytarmaqdan imtina edir. Hesab edir ki, Cavabdeh onlardan aldığı pulu vermək istəmir. Borc alması ilə bağlı onun şahidləri də vardır. Tərminə ilə aralarında olan mübahisə ilə bağlı Qazax Rayon Polis Şöbəsində araşdırma aparılmışdır.

7. Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(023)-72/2025 nömrəli qətnaməsi (hakim Elçin Mansırov) ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh 2600 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 46 manat, cəmi 2646 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulması, İddiaçı iddiasının qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 427.3, 448.1, 448.2, 882.1, 882.2, 882.4, 1091.1 və 1091.2-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 216-220, 227, 358-360 və 362-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(023)-72/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmənin qənaətinə əsasən o əsassız olaraq varlanmış şəxs hesab edilmişdir. Lakin, məhkəmə iddiaçının, onun və eləcə də şahidlərin iştirakını təmin etməyərək sözügedən pulun kimin tərəfindən alınmasını müəyyən etməmişdir. Qeyd edir ki, sözügedən pullar X3 tərəfindən alınmışdır, o ibtidai istintaq zamanı Hafiz adlı şəxsin dələduzluq etməsini bildirdikdən sonra, Hafiz polis şöbəsində zərərçəkmiş olan şəxsləri məhkəməyə yönləndirərək özünü cinayətdən qorumağa çalışmışdır. Bununla yanaşı burada pullar verilmiş şəxs Hafiz İsgəndərovdur və əsassız varlanmış şəxs məhz Hafiz İsgəndərovdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İş üzrə İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

13. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

14. Maddə 14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.

15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır

17. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

18. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

19. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına

24. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

27. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

28. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

30. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

31. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

34. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, cavabdeh qətnamənin ləğvini xahiş etsə də, şikayətin dəlillərindən görünür ki, yalnız iddianın təmin edilmiş hissəsini mübahisələndirir. İddianın təmin edilməmiş hissəsi onun mənafeyinə toxunmur. Ona görə də qətnamənin əsaslılığı yalnız həmin hissə üzrə yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

36. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(023)-72/2025 nömrəli qətnaməsi mübahisələndirilən iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

38. Məhkəmə kollegiyası hesab edir ki, belə olan təqdirdə iddianın hüquqi əsası kimi əmlak əldə etmə ilə əlaqədar varlanmanın sonralar aradan qalxmış əsasa söykənməsi, əsassız varlanma nəticəsində əldə edilənləri qaytarma vəzifəsi ilə əlaqədar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091 və 1092-ci maddələri nəzərdən keçirilə bilər.

39. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflərin arasında yaranmış mübahisə, əsassız varlanma ilə bağlı yaranan mübahisədir. Ona görə də işin hallarına əsassız varlanma ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır.

40. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsidir. Həmin normada deyilir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

41. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

42. Mülki Məcəllənin 14.2.7-ci maddəsinə əsasən, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Mülki Məcəllənin 1091.2-ci maddəsinin tələbinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

43. Birinci instansiya məhkəməsi iddia tələbini araşdıraraq, iddiaçı tərəfindən cavabdehə borc verildiyini müəyyən etmiş və iddia tələbini qismən təmin etmişdir.

44. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iddiaçı və onun nümayəndəsi Cavabdeh 2022-ci il tarixdə pul vermişlər və pulu ala bilmədiklərini görüb cavabdehdən yazılı etiraf almışlar. Daha sonra İddiaçı arvadı (nümayəndəsi) Nümayəndə xx.xx.2023-cü il tarixdə Qazax Rayon Polis Şöbəsinə verdiyi ərizə və izahatında Cavabdeh hərəkətləri nəticəsində onlara cəmi 2600 manat maddi ziyan dəydiyini göstərmişdir.

45. Cavabdeh isə borc almadığını və borcun X3 tərəfindən alındığını bildirsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Bu halda sübutetmə yükü cavabdehin üzərinə düşür. Çünki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

47. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).

48. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

49. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

51. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

54. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

55. İşin yuxarıda sadalanan hallarından göründüyü kimi, İddiaçı Cavabdeh 2022-ci il tarixdə pul vermişlər. Həmin pulu ala bilmədiyi üçün cavabdehdən yazılı etiraf almışdır. Daha sonra İddiaçı arvadı (nümayəndəsi) Nümayəndə xx.xx.2023-cü il tarixdə Qazax Rayon Polis Şöbəsinə verdiyi ərizə və izahatında Cavabdeh hərəkətləri nəticəsində onlara cəmi 2600 manat maddi ziyan dəydiyini göstərmişdir.

56. Beləliklə, Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

57. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın mübahisələndirilən hissəsi 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10- 1,372.1, 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(023)-72/2025 nömrəli qətnaməsi mübahisələndirilən iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar