Məhkəmə qərarları › İş №2(104)-881/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-881/2025

22.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-881/2025 22.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X8 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh X5 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin e- 2(125)-319/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2016-cı il tarixli, 1-xx.xx.2016-SM146 nömrəli kredit müqaviləsindən görünür ki, mərhum X4 iddiaçı tərəfindən 36 ay müddətinə, xx.xx.2019-cu il tarixinədək, illik 22% dərəcəsi ilə 1600 manat məbləğində kredit verilmişdir.

2. xx.xx.2016-cı il tarixli, ********** nömrəli memorial orderin surətindən görünür ki, X4 məxsus hesaba 1600 manat məbləğində pul köçürülmüşdür.

3. Maliyyə arayışından görünür ki, mərhum X6 ilə iddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 1-xx.xx.2016-SM146 nömrəli kredit müqaviləsi üzrə 1216,69 manat əsas borc və 292,51 manat faiz borcu hesablanmışdır.

4. AZ-İ 878376 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2017-ci ildə ölmüşdür.

5. Gəncə “ASAN xidmət” mərkəzi notariat ofisində 2V-727 reyestr nömrə ilə təsdiq edilmiş xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X3 vərəsəsi Cavabdeh miras qoyan X4 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Gəc zavodu ərazisi, Məhəllə 13, Sahə-314, “Farforist” BYB ünvanında yerləşən 0,04 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 105,3 kv.m, yaşayış sahəsi 57,5 kv.m, yardımçı sahəsi 47,8 kv.m olan bağ evindən ibarət miras əmlakdan bütövlükdə pay almalıdır.

6. xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, Cavabdeh müqavilə ilə üzrə ayrı-ayrı vaxtlarda 20 manat olmaqla cəmi 40 manat ödəniş etmişdir.

7. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh borcun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

8. "xxxx" Sığorta Şirkəti tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubun surətindən görünür ki, "xxxx" Sığorta Şirkətində xx.xx.2016-cı il tarixli, LAP-1xx.xx.2016-SM146-BB09 saylı Həyat Sığortası Şəhadətnaməsi üzrə sığorta olunmuş X3 xx.xx.2017-ci il tarixində “uşaqlıq boynunun CR-i” səbəbindən vəfat etməsi sığorta hadisəsi hesab edilmədiyindən göstərilən hadisə üzrə sığorta ödənişinin verilməsindən imtina edilmişdir.

9. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, anası xx.xx.2016-cı ildə "xxxx" ASC-dən kredit götürmüş, lakin xx.xx.2017-ci ildə vəfat etmişdir. 3 illik müqavilə əsasında hal hazırda bank iddia müddətini ötürdüyünə görə 2(125)-6045/2024 saylı işə xitam verilməsini məhkəmədən xahiş etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti borcalan mərhum X3 vərəsəsi Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 1216,69 manat əsas borc, 252,62 manat cərimə olmaqla, ümumilikdə 1469,31 manat borcun, ödənilmiş 34,70 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə mərhum X6 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 1-xx.xx.2016-SM146 saylı kredit müqaviləsinə əsasən ona 1600 manat kredit verilmişdir. X1 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən məlum olmuşdur ki, X3 vərəsəsi Cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın bank qarşısında olan öhdəliyini icra etməmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən mərhum X1nın banka ödənilməmiş 1216,69 manat əsas, 252,62 manat cərimə olmaqla, ümumilikdə 1469,31 manat borcu qalmışdır.

12. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-319/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Cavid Tağıyev) iddia rədd edilmişdir.

13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddia müddəti keçdiyindən iddia təmin olunmamalıdır.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1, 373.2, 375.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

15. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-319/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Mülki Məcəllənin 1309-cu maddəsini nəzərə almamışdır. Belə ki, MM-in 1309-cu maddəsinə əsasən, vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Göründüyü kimi cavabdeh vərəsə mirasın açılması barədə kreditora məlumat verməmişdir. Məhkəmə isə bu xüsusatı araşdırmamışdır.

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və apellyasiya şikayətininin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, 2017-ci ildən sonra ödəniş olunmamışdır.

19. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə bildirişi ilə ona hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasına gəlməyəcəyi təqdirdə işə onun iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

20. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

22. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

23. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

24. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

25. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

26. 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

27. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

28. 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.

29. 382. İddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

30. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

36. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

37. Maddə 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

38. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

39. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəfin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin e-2(125)-319/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı da müəyyən edilmişdir ki, xx.xx.2016-cı il tarixli, 1-xx.xx.2016-SM146 nömrəli kredit müqaviləsi ilə mərhum X4 iddiaçı tərəfindən 36 ay müddətinə, xx.xx.2019-cu il tarixinədək, illik 22% dərəcəsi ilə 1600 manat məbləğində kredit verilmişdir. X6 xx.xx.2017-ci ildə ölmüşdür. Kredit müqaviləsi xx.xx.2016-cı il tarixdə bağlanmaqla müqavilə üzrə öhdəliklərin icra müddəti xx.xx.2019-cu il tarixdə bitmişdir. Son ödəniş tarixi xx.xx.2018-ci il tarixdə həyata keçirilmişdir.

44. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi üç illik iddia müddəti keçdikdən sonra verilmişdir. Hazırki tələb müqavilə münasibətlərindən yaranan tələbdir. birinci instansiya məhkəməsi iş üzrə iddia müddətini şamil etməklə haqlı olmuşdur. Belə ki, Cavabdeh məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir.

45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin 1309-cu maddəsinə əsasən, vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borclu olması və cavabdehin vərəsə kimi mirasın açılması barədə kreditora məlumat verməməsinə dair dəlili ilə bağlı qeyd edir ki, iş materiallarında olan "xxxx" Sığorta Şirkəti tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubun surətindən görünür ki, "xxxx" Sığorta Şirkətində xx.xx.2016-cı il tarixli, LAP-1xx.xx.2016-SM146-BB09 saylı Həyat Sığortası Şəhadətnaməsi üzrə sığorta olunmuş X3 xx.xx.2017-ci il tarixində “uşaqlıq boynunun CR-i” səbəbindən vəfat etməsi sığorta hadisəsi hesab edilmədiyindən göstərilən hadisə üzrə sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Göründüyü kimi, iddiaçı artıq xx.xx.2017-ci il tarixdə X3 xx.xx.2017-ci il tarixində vəfat etməsindən məlumatlı olmuşdur.

46. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisəyə iddia müddətinin ötürülməsi əsası ilə Mülki Məcəllənin 373-cü maddəsini tətbiq edərək iddianı rədd etmişdir ki, bununla da, birinci instansiya məhkəməsi mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normasını düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

47. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmuşdur. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq,

Qət etdi: Gəncə Şəhər Məhkəməsinin e-2(125)-319/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-319/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar