Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-882/2023 29.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızının (sədrliyi və məruzəsi ilə) Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Ağalarov Akif Rəşid oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2(076)-2690/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:
1. “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, sayğacda xətalar normaya uyğun deyil. Sayğacın plastmas qapağının üzərində olan zavod qurğusunun plomb yuvası sınmış, hesablama mexanizmi iş prinsipinə maneə törədilməsi mümkündür. Abonent aktı imza etməkdən imtina etmişdir.
2. **********00070 saylı abonent saldosundan görünür ki, İddiaçı 2022-ci ilin iyul ayına 715.6 manat borcu vardır.
3. xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ElsterG-4 markalı sayğacın nominal saatlıq qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. 4x12x90=4320m3. Cəmi 4320m3 hesabat aparılmış və aparılmış hesabatın ödənilməsi və sayağacın dəyərinin ödənilməsinin təmin edilməsi göstərilmişdir.
4. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə quraşdırılmış Elster tipli G-4T markalı ******* nömrəli qaz sayğacının plombu sınması səbəbi ilə çıxarılmış və yerinə **********4 qaz sayğacı quraşdırılmışdır.
5. 13 aprel 2022-ci il tarixli “Qaz sayğacının yoxlanılması barədə” MSK 29/1710- 01465-1 nömrəli aktdan görünür ki, ******* nömrəli sayğaca baxış keçirilərkən “sayğacın plastmas qapağının üzərində olan zavods qurğuşun plombu yuvası sınıqdır, hesablama mexanizmi iş prinsipinə maneəsi mümkündür” qeyd edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı cavabdeh X1rşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azəriqaz İB tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə tərtib edilmiş akt əsasında yaranmış 518 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən onun adına ünvanında bildiriş xəbərdarlıq göndərilərək bildirilmişdir ki, qazdan istifadəyə görə X3 Sahəsinə 518 manat ziyan borcu yaranmışdır, həmin borcu ödəməsə təbii qazın təminatı dayandırılacaqdır. Bildirir ki, yaşayış sahəsində ******* nömrəli sayğac quraşdırılmışdır. Həmin sayğaca “Azəriqaz” İstehsalat Birliyi ******* saylı aktla müdaxilə etdiyini bildirmişdir, lakin o, həmin sayğaca heç bir müdaxilə etməmişdir. Belə ki, aktda göstərilmişdir ki, sayğacın blomp yuvası sınıqdır, bu baxımdan da sayğaca müdaxilə mümkündür. Lakin sayğaca heç bir müdaxilə olunmayıb. Sadəcə ehtimal olunur ki, o gələcəkdə müdaxilə edə bilər. “Azəriqaz” İB tərəfindən yeni sayğac quraşdırıldıqdan sonra belə müəyyən etmişlər ki, onun köhnə sayğaca müdaxiləsi olmuşdur. Lakin həmin müdaxilə ilə bağlı hər hansı bildiriş olmamışdır. Ona həmin sayğaca müdaxilə etməsilə bağlı hansısa bir rəsmi xəbərdarlıq bildirilməmişdir. Bu baxımdan da onunla həmin xidmət arasında sayğaca cavabdehlik hər hansı bir öhdəçilik mövcud olmamışdır və o, sayğaca müdaxilə etməmişdir. Hesab edir ki, sayğaca müdaxilə olunub-olunmaması müəyyən edilmədən, olunubsa həmin müdaxilənin onun tərəfindən və ya başqa bir şəxs tərəfindən olunub olunmaması müəyyən edilməmişdir. Odur ki, həmin akt əsasında yazılmış borcla bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
8. Şəmkir Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2(076)-2690/2022 nömrəli qətnaməsi ilə (hakim R.Mustafayev) iddia qismən təmin edilmiş, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış 330.40 (üç yüz otuz manat qırx qəpik) manat borc məbləğinin İddiaçı (**********00070) abunə hesabından silinməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi mövqeyini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2 və 9-cu maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.6, 4.7, 4.8 və 4.9-cu bəndləri, “Qaz təchizatı haqqında” Azərbaycan Republikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 saylı “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndi ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh “Azəriqaz” İB qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasına və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən sayğacla təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçılara münasibətdə isə hüquqi şəxsin vəsaiti hesabına həyata keçirilir. İddiaçının istismarında olan qaz sayğacının işləmədiyi işin mübahisəsiz halıdır. xx.xx.2022-ci il tarixdə akt əsasında 518,40 manat dəymiş zərər hesablanmışdır. Sayğacın işlək vəziyyətdə saxlanması abonent tərəfindən təmin edilməmiş, ünvanda sayğaca müdaxilə halı qeydə alınmışdır. Sayğaca müdaxilə tarixi qeyri-müəyyən olduğundan müdaxilə halı aşkar edildikdən 90 günlük hesabat aparılmışdır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
12. apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.
14. İş üzrə cavabdehə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
15. 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
16. 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun:
17. 1-ci maddəsində göstərilən anlayışlara əsasən, qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. İstehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir.
18. 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
19. 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın:
20. 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
21. 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində Xidmətin (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin) və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 22.4.7-ci bəndinə əsasən Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
23. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
24. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin:
25. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
26. 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir.
27. 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
28. 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Göründüyü kimi tərəflər arasında yaranmış hüquq münasibətləri itirilmiş təbii qazın dəyərinin ödənilməsinin mübahisələndirilməsidir. Ona görə də işin hallarına qanunvericiliyin təbii qazdan istifadə ilə bağlı müddəaları əsasında hüquqi qiymət verilməlidir.
33. “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, sayğacda xətalar normaya uyğun deyil. Sayğacın plastmas qapağının üzərində olan zavod qurğusunun plomb yuvası sınmış, hesablama mexanizmi iş prinsipinə maneə törədilməsi mümkündür. Abonent aktı imza etməkdən imtina etmişdir.
34. İşdə olan İddiaçı **********00070 saylı saldosundan görünür ki, onun 2022-ci ilin iyul ayına 715.6 manat borcu vardır.
35. xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ElsterG-4 markalı sayğacın nominal saatlıq qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. 4x12x90=4320m3. Cəmi 4320m3 hesabat aparılmış və aparılmış hesabatın ödənilməsi və sayağacın dəyərinin ödənilməsinin təmin edilməsi göstərilmişdir.
36. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə quraşdırılmış Elster tipli G-4T markalı ******* nömrəli qaz sayğacının plombu sınması səbəbi ilə çıxarılmış və yerinə **********4 qaz sayğacı quraşdırılmışdır.
37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur.
38. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır.
39. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
40. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
41. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
42. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına cavabdeh orqanın əməkdaşları tərəfindən müntəzəm baxış keçirilməsi müəyyən edilmişdir.
43. xx.xx.2022-ci il tarixli, MSK29/1710-01465-1 nömrəli akt tərtib olunmamışdan bir ay əvvəl abonentin qaz sayğacına cavabdeh təşkilatın nümayəndələri tərəfindən baxış keçirilmiş, həmin vaxt gözlə görünən nöqsan aşkar edilməmiş və aylıq sərfiyyat yazılaraq abonentə bildirilmişdir. Məhkəmə araşdırmaları zamanı istehlakçı tərəfindən sayğacın plastmas qapağının üzərində olan zavod qurğusunun plomb yuvası sındırılaraq uzun müddət əvvəl istifadə etməsi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamıdşır.
44. Belə olan halda itirilmiş sərfiyyata görə məhz 90 gün müddətin hesablanması əsassızdır.
45. Belə ki, işin müəyyən olunmuş halları nəzərə alınmaqla bir aylıq dövr nəzərə alınmaqla itirilmiş qazın bərpası məqsədilə hesabat aparılması fakti vəziyyətə uyğun olaraq 4x12x30=1440m3 itirilmiş qaz, (0.10x1000=100 manat, 0.20x440=88 manat cəmi 100+88=188 manat) olmaqla itirilmiş qazın bərpası 188 manat təşkil etməsi nəzərə alınmalıdır.
46. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin 330,40 manat hissədə əsaslı hesab edilməsi qanunidir və qeyd olunan məbləğ iddiaçının hesabından silinməlidir.
47. Beləliklə məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq,
qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2(076)-2690/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov