Məhkəmə qərarları › İş №2(104)-882/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-882/2024

15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-882/2024 15.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı1 və onun, eyni zamanda iddiaçılar İddiaçı3 və İddiaçı2 nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-260/2024 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 nümayəndəsi (vəkili) X3 tərəfindən verilmiş apellyasiya şikayətinə 15 may 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı1 Mirzəaga oğlunun xeyrinə 1175 manat, İddiaçı3 xeyrinə 1228 manat, İddiaçı2 xeyrinə 600 manat cəmi 3003 manat pulun iddiaçıların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, o, İddiaçı1 Mirzəaga oğlu, Gəncə şəhəri, Poçt qəsəbəsində yerləşən özünə məxsus olan sexdə limonad içkisinin istehsalı və satışı ilə məşğul olur. Gəncə şəhər sakini Cavabdeh ilə iki ildən artıqdır ki, tanışdır. O, dəfələrlə nəğd pula limonad alıb satmışdır. 2021-ci ilin avqust ayında, növbəti dəfə limonad alan zaman cavabdehin ona 200 manat borcu qalmışdır. O, həmin borcunu növbəti dəfə ödəməyə söz vermişdir. Bir müddət sonra o, növbəti dəfə gəlib əlavə olaraq ondan 445 manatlıq nisyə mal götürüb, narahat olma, qalıq 200 manatı da ödəyəcəyini bildirmişdir. Bundan sonra Cavabdeh ona 645 manat borcu yaranmışdır. 2021-ci ilin mart ayında növbəti dəfə cavabdeh iki oğlu ilə birgə sexə gəlib, 2-3 günlüyə ona 500-600 manatlıq limonad lazım olduğunu bildirdi. Həmin malı təcili satmaqla ona olan hazırki və əvvəlki borcunu ödəyə biləcəyini bildirmişdir. O, cavabdehə həmin günü 530 manatlıq limonad vermişdir. Beləliklə də, onun əvvəlki borcu 645 manat və hazırki 530 manat olmaqla, ümumilikdə 1175 manat borcu yaranmışdır. Cavabdeh həmin borcu 3 gün ərzində ödəməyə söz vermişdir. Lakin həmin müddət keçdikdən sonra borcunu gətirmədi. O, dəfələrlə onun 050 ***-**-** nömrəli mobil telefonuna zəng etsə də, zənglərinə cavab verməyib. Bir müddət sonra o, cavabdehin İlham adlı dostunun vasitəsi ilə “Pərvizə yenidən nisyə mal verəcəyəm” adı ilə onunla əlaqə yaratmışdır. 2022-ci ilin avqust ayında Pərviz və İlham cavabdehin **-GR-*** dövlət nömrə nişanlı “Ford” markalı avtomobili ilə sexə gəlmişlər. O, sexdə ona borcunu ödəməyəcəyi halda avtomobilini buraxmayacağını bildirib. Lakin o, növbəti dəfə aldadaraq 1175 manat borcu 2 günə gətirəcəyini vəd etmişdir. Dostu İlham da Pərvizin borcu qaytaracağına boyun olmuş və o, hər ikisinə də inanaraq, cavabdehin avtomobilini buraxmışdır. Bundan sonra cavabdeh nə borcunu qaytardı, nə də onun telefon zənglərinə cavab verməmişdir. O, məcburiyyət qarşısında qalıb cavabdehin bacısının yaşadığı ünvanını taparaq onlara getmiş və Pərvizi axtarmağının səbəbini bacısına bildirmişdir. O isə “birdə məni narahat etsən “102” xidmətinə zəng edəcəyəm” deyərək onu qapıdan qovmuşdur. 2022-ci ilin oktyabr ayında, Cavabdeh ona qarşı dələduzluq hərəkətləri barədə yazılı şikayət ərizəsi ilə Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinə müraciət etmiş, şikayəti araşdırılması ücün 4 saylı bölmədə sahə rəisi Elnur Qasımova verilmişdir. 20 gün müddətində E.Qasımov tərəfindən heç bir lazımi araşdırma işləri aparılmamış, ona isə bildirmişdir ki, Cavabdeh onun çağırışlarına əməl edib bölməyə gəlmir. Ona görə də onun barəsində heç bir tədbir görə bilmir. Hətta bir dəfə onun yanında cavabdehə zəng edərək bölməyə gəlməsini deyib, o isə çağırışına gəlməkdən imtina etmişdir. xx.xx.2022-ci il tarixdə şikayəti üzrə cinayət işinin başlanması rədd edilmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis şöbəsinin xx.xx.2022-ci il tarixli, 122-49686-1222 saylı məktubu ilə şikayəti əsasında Gəncə şəhər prokurorluğuna və məhkəməyə müraciət etməyini bildirdilər. Gəncə şəhər prokurorunun xx.xx.2023-cü il tarixli, 42-ş-23 saylı məktubu ilə müraciəti üzrə məhkəməyə müraciət etməyi bildirilmişdir. İddiaçı3, bildirmişdir ki, Beyləqan şəhərində özünə məxsus limonad sexi var. Gəncə şəhər sakini Cavabdeh dəfələrlə nəğd pula ondan limonad alıb satmışdır. İki il bundan əvvəl növbəti dəfə mal alanda hesablaşmaq üçün pulun çatmadığını deyib və qalan pulun (borcun) verəcəyinə söz vermişdir. Bu hal dəfələrdə cavabdehin tərəfindən təkrar olundu. Beləliklə də onun 1228 manat borcu yarandı. Hər dəfə ondan borcun qaytarmasını tələb etsə də, o “bu nə məbləğdir ki, narahat olursan. Mən də pullarımı yığan kimi sənə olan borcumu bağlayacam” deyirdi. Dəfələrlə borcla bağlı Cavabdeh zəng etsə də, o hər dəfə müxtəlif bəhanələr gətirərək yalan vədlər verir, onu aldadır. Artıq bir ildir ki, onunla nə əlaqə yaradır, nə də zənglərinə cavab vermir. Bu günə kimi də cavabdehə olan borcunu qaytarmamışdır. Cavabdeh ona olan borcunu ödəməkdən boyun qaçırır. O, məcburiyyət qarşısında qalaraq, yazılı şikayət ərizə ilə Cavabdeh ona qarşı dələduzluq hərəkəti barədə polis şöbəsinə müraciət etmiş, orada şikayəti ilə bağlı məhkəməyə müraciət etməyi bildirilmişdir. İddiaçı2 bildirdi ki, Şəmkir şəhərində özünə məxsus olan sexdə limonad içkisinin istehsalı və satışı ilə məşğul olur. Gəncə şəhər sakini Cavabdeh dəfələrlə nəğd pula ondan limonad alıb satmışdır. Növbəti dəfə mal almağa gələndə ona təcili sifarişinin olduğunu, pulunun olmadığından sabah hesablaşacağını bildirmişdir. O, Cavabdeh dediyi sözlərə və verdiyi vədə inanıb, onunla razılaşmışdır. Həmin gün o, 600 manatlıq mal aparmışdır. Lakin bu günə kimi verdiyi sözə əməl etməmişdir. Borcla bağlı dəfələrlə onunla telefon əlaqəsi yaratsa da, o zənglərinə cavab vermir. Cavabdeh yaşadığı ünvanı bilmədiyinə görə (hətta dedilər ki, o evini satıb) əmisinin yaşadığı ünvana getmiş və ona hadisəni söyləyərək, Cavabdeh ona borcu olduğunu bildirmişdir. Əmisi isə "mənlik deyil” deyərək onu qapısından qovmuşdur. Bundan bir neçə gün sonra isə cavabdeh özü zəng edərək “çox nahaq yerə əmimgilə gedibsən. Sübut elə ki, mən səndən mal almışam. Get hara istəyirsənsə şikayət et” demişdir. Beləliklə də, cavabdeh ona olan borcunu ödəməkdən boyun qaçırır. O, məcburiyyət qarşısında qalaraq, yazılı şikayət ərizə ilə Cavabdeh ona qarşı dələduzluq hərəkəti barədə polis şöbəsinə müraciət etmiş, orada şikayəti ilə bağlı məhkəməyə müraciət etməyi bildirilmişdir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişlər.

3. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-260/2024 nömrəli qətnaməsi (hakim Xədicə Əliyeva) ilə, iddianın təmin edilməməsi qət edilmişdir.

4. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.1 427.2 427.3 427.4 427.5 567 və 600.1-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 216-220 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

5. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 nümayəndəsi (vəkili) X3 apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-260/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, onlar məhkəməyə cavabdehlə qarşılıqlı münasibətləri aydın şəkildə ifadə edən dəlillərini təqdim etmişlər. Onların dəlilləri inandırıcı və ağlabatan olmaqla, cavabdeh tərəfindən təkzib edilməmişdir. Cavabdeh özü məhkəmədə iştirak etməsə də, onun nümayəndəsinin dəlili iddianın qismən etirafı kimi qəbul edilməlidir. Belə ki, cavabdehin nümayəndəsi iddiaçılardan İddiaçı1 və İddiaçı3 limonad məhsulunu pul ödəmədən götürdüyünü etiraf etmişdir. Bildirmişdir ki, guya o, qeyd edilən iddiaçılardan hər ikisindən götürdüyü malların əvəzində guya boş butılka vermişdir. Cavabdehin dəlili ən azı ona görə qəbul edilə bilməz ki, onun İddiaçı1 1175 manatlıq, Şükurov Aqşindən 1228 manatlıq limonad götürməsi üçün, onların hər birinə 20- 25 min ədəd butılka verməli idi. Hansı ki, cavadeh tərəfindən bu qədər butulkaların haradan yığılması və daşınıb iddiaçılara verilməsi qeyri-mümkün iş olduğundan qəbul edilə bilməz. Göstərilənlərə əsasən hesab edirlər ki, məhkəmə cavabdehin tam əsassız, heç bir inandırıcı və ağlabatan olmayan dəlilini mötəbər sübut kimi qəbul etməklə, prosessual pozuntuya yol vermiş və əsassız qətnamə çıxarmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 nümayəndəsi (vəkili) X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.

10. İş üzrə iddiaçılar İddiaçı3 və İddiaçı2, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

13. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

16. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

17. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

18. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

19. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına

24. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

27. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

28. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

30. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

31. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

34. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

36. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-203/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Beləliklə, işin halları ondan ibarətdir ki, iddiaçılar cavabdehin onlardan aldığı limonadlara görə 3003 manat borcunun olmasını, lakin cavabdeh tərəfindən onlara qaytarılmadığını bildirmişlər.

39. İş materiallarından göründüyü kimi, iddiaçılar cavabdehə 3003 manat məbləğdə olan borc pulu qaytarmadığını bildirir. Bu halda sübutetmə yükü iddiaçıların üzərinə düşür. Çünki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

41. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).

42. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

43. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, iddia tələbi sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki, iddiaçılar iddia tələbində göstərilən halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir.

44. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

45. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

47. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

50. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

51. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10- 1,372.1, 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-260/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar