Məhkəmə qərarları › İş №2(104)-884/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-884/2023

27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-884/2023 27.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh1 Oktay oğlunun nümayəndəsi və vəkili X1 iştirakları ilə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-2623/2022 saylı qətnaməsindən Cavabdeh1 Oktay oğlunun verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Oktay oğluna və Cavabdeh2 Oktay oğluna qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Oktay oğlundan ona borcu olduğu 20450 (iyirmi min dörd yüz əlli) manat pulun, Cavabdeh2 Oktay oğlundan isə 1050 (min əlli) manat pulun və dövlət rüsumu hesabına ödədiyi 155 (yüz əlli beş) manat pulun isə cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlər qardaş olmaqla, onların həmkəndliləridir. Cavabdeh1 ona və ailəsinə məxsus mağazanı şifahi razılaşmalarına əsasən idarə etmiş, yəni satıcılıq etmişdir. Cavabdeh1 onların mağazasını idarə edən zaman, yəni 2010-2016-cı illər arasında malları onların razılığı olmadan nisyə vermiş və nəticədə 20150 (iyirmi min yüz əlli) manat borcu yaranmışdır. Cavabdeh2 borcu isə 1350 manat təşkil edir. Cavabdehlər ödəməyi öz öhdəsinə götürsələr də, borcdan ödəmə etməmişlər. Cavabdehlər polisdə izahat verərəkən, borclarını etiraf etmişlər. Nisyə dəftərində də bütün bu hallar öz əksini tapmışdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-2623/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Rəşad Mustafayev) iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh1 Oktay oğlundan 18967(on səkkiz min doqquz yüz altmış yeddi) manat pulun və məhkəmə xərci qismində 140 (bir yüz qırx) manat dövlət rüsumunun tutularaq İddiaçı verilməsi qət edilmişdir.(Qətnamənin qəbul edilmə tarixi ilə bağlı yanlışlıq düzəldilmişdir.) Cavabdeh1 Oktay oğlu həmin qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-2623/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, işlədiyi müddətdə, yəni 2010-cu ilin yazından 2016-cı ilin yayına kimi heç bir qayda pozuntusuna yol verməmişdir. Onun satıcı işlədiyi mağaza binası iddiaçının evinin içərisində yerləşir. Bu səbəbdən mağaza açarının biri iddiaçıda və onun ailə üzvlərində, digər isə onda olmuşdur. Həm onlar, həm də o, mağazada satış etmişlər. Satış zamanı həm o, həm də onlar nisyə satmışlar. 2016-cı ilin yayında iddiaçı onu işdən çıxartmışdır. Onun mağazanı təhvil verəndə onlara heç bir borcu qalmamışdır. Onların nisyə satdıqları mallar olmuşdur ki, onları həm iddiaçı və ailə üzvləri, həm də o satmışdır. Hesab edir ki, səkkiz ildən sonra iddiaçının hazırki iddia ilə müraciət etməsi düzgün deyildir. İddiaçı iddia müddətini də, ötürmüşdür. Onun iddiaçıya heç bir borcu yoxdur. Bundan başqa o, həmin mağazada usta kimi işləmiş, onun görmüş olduğu işlərin əl muzdu 10000 manatdan çoxdur. Əmək haqqı olaraq iddiaçı həmin məbləği ona verməmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 Oktay oğluna və Cavabdeh2 Oktay oğluna işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş, Cavabdeh1 Oktay oğlu məhkəmə kollegiyasının iclasında nümayəndəsi və vəkili X3 ilə təmsil olunmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 Oktay oğlunun nümayəndəsi və vəkili X3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlilləri ilə eyni məzmunlu izahat verdi. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(076)-2623/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, cavabdehlər qardaş olmaqla, onların həmkəndliləridir. Cavabdeh1 ona və ailəsinə məxsus mağazanı şifahi razılaşmalarına əsasən idarə etmiş, yəni satıcılıq etmişdir. Cavabdeh1 onların mağazasını idarə edən zaman, yəni 2010-2016-cı illər arasında malları onların razılığı olmadan nisyə vermiş və onlar hazırkı iddianı qaldırana qədər cavabdeh borcundan az-az qaytarmış, sonuncu dəfə 2022-ci ilin may ayında 300 manat ödəmə etmişdir. Cavabdeh1 Oktay oğlunun 20150 manat məbləğində borcu yaransa da, məhkəmə iclasında yazılı ərizə verərək, yalnız 18967 manat borcu olduğunu bildirmişdir.İddianın qismən təmin edilməsinə baxmayaraq, o, məhkəmənin həmin qətnaməsi ilə razılaşmışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-2623/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi və vəkili dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-2623/2022 saylı qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Cavabdeh1 Oktay oğlu apellyasiya şikayətində Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-2623/2022 saylı qətnaməsinin ləğv edilməsini xahiş etsə də, şikayətin dəlillərində qətnamənin iddianın qismən təmin edilmiş hissəsini mübahisələndirmişdir. Qətnamənin iddianın təmin edilməmiş hissəsi mübahisələndirilmədiyindən, həmin hissə ilə bağlı araşdırma aparılmır. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbayacan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarına əlavə edilmiş: Cavabdeh1 Oktay oğlunun Şəmkir RPŞ-də vermiş xx.xx.2022-ci il tarixli izahatın surətindən görünür ki, o, 2010-cu ildən 2016-cı ilə qədər həmkəndlisi Qoşqar adlı şəxsə məxsus Sabirkənd kəndi ərazisində yerləşən ərzaq mağazasında aralarında olan şifahi razılıq əsasında satıcı işləmişdir. Həmin müddət ərzində kənd camaatından bir neçə nəfərə Qoşqarın razılığı olmadan nisyə ərzaq və digər qida məhsulları satmışdır. Onun ümümilikdə onlara olan borcu nisyə dəftərləri onların özlərində olduğu üçün dəqiq yadında qalmayıb. Cavabdeh2 Oktay oğlunun Şəmkir RPŞ-də vermiş xx.xx.2022-ci il tarixli izahatın surətindən görünür ki, təxminən 4 il bundan öncə qardaşının satıcı işlədiyi həmkəndlisi Qoşqara məxsus Sabirkənd kəndi ərazisində yerləşən ərzaq mağazasından nisyə ərzaq və digər qida məhsulları aldığı üçün borcu yaranmışdır. Müxtəlif vaxtlarda həmin puldan hissə-hissə qaytarılmış və hal-hazırda 750 manat borcu qalmışdır. Həmin qalan pulu isə onunla aralarında olan şifahi razılığa əsasən hissə-hissə qaytaracağını bildirmişdir. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, ona və ailəsinə məxsus olan mağazanı Cavabdeh1 Oktay oğlu xx.xx.2022-ci il tarixdən 2016-cı ilədək işlətmişdir. Cavabdeh mağazanı işlətdiyi dövürdə malları nisyə və nəğd qiymətə satmış. 0, mağazanı cavabdehə təhvil verdikdə mağazada olan malları dəftərlə siyahıya almış və cavabdehə təhvil vermiş, həmçinin cavabdehin satdığı malların pulundan etdiyi ödənişi kitaba qeyd etmişdir. Vasif 2016-cı ildə mağazanı ona geri qayataranda, 30000 manat borcu olmuş, sonra borcun bir hissəsini onlara qaytarmışdır. Hazırda 18967 manat borcu qalmışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, Cavabdeh1 Oktay oğlu 2010-2016-cı illərdə İddiaçı həyətində olan mağazada satıcı işləmiş və həmin müddətdə iddiaçının razılığı olmadan malları nisyə vermiş və nəticədə xeyli borcu yaranmışdır. Cavabdeh işdən çıxanadan sonra, borcundan az-az qaytarmış, sonuncu dəfə 2022-ci ilin may ayında 300 manat ödəmə etmişdir. Hazırkı işə Birinci instansiya məhkəməsində baxılarkən, məhkəmə iclasında yazılı ərizə verərək, yalnız 18967 manat borcu olduğunu bildirmiş, məhkəmə isə iddianı həmin məbləğdə təmin etmişdir. Məhkəmə kollegiyası hüsab edir ki, tərəflər arasında MM-nin 777-ci maddəsində nəzərdə tutulmuş tapşırıq müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 777.1-ci maddəsinə görə, tapşırıq müqaviləsinə görə tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə görə, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci maddəsinə görə, vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 782.1-ci maddəsinə görə, vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. 779.1-ci maddəsinə görə, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır... 783.2-ci maddəsinə görə, vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. İşin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, cavabdeh iddiaçıya məxsus mağazada ona məxsus ərzaq mallarının sataraq, malların dəyərinin iddiaçıya ödənilməsi barədə tapşırığı vicdanla yerinə yetirməmiş və kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə 18967 manat məbləğdə zərər vurmuşdur ki, bu ziyan üçün də məsuliyyət daşıyır. Cavabdeh apellyasiya şikayətində mağazada işlədiyi vaxt həmin mağazada usta kimi işlədiyini, onun görmüş olduğu işlərin əl muzdu 10000 manatdan çox olduğunu göstərmişdir. Kollegiya həmin dəlilləri əsassız sayaraq, qeyd edir ki, həmin hal hazırki iddianın predmeti olmadığından, cavabdeh bununla bağlı ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Həmçinin, cavabdeh apellyasiya şikayətinin dəlillərində iddiaçının səkkiz ildən sonra hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsini, bununla da iddia müddətinin ötürülməsini göstərsə də, məhkəmə kollegiyası həmin dəlilləri də əsaslı hesab etmir Belə ki, cavabdeh tərəf birinci instansiya məhkəməsinin iclasında iştirak etsə də, Azərbaycan Respublikası MM-nin 375-ci maddəsinin tələbinə uyğun olaraq, iddia müddətinin tətbiqinə dair ərizə verməmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 375.2-ci maddəsinin tələbinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Digər tərəfdən, iddiaçı məhkəmə kollegiyasının iclasında verdiyi izahatında cavabdehin borcundan hazırkı iddianın qaldırılmasına qədər az-az qaytardığını, sonuncu dəfə 2022-ci ilin may ayında 300 (üç yüz) manat ödəmə etdiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, həmin hissədə mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)- 2623/2022 saylı qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-2623/2022 saylı qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar