Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-886/2025 29.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu idarə etmək hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; subroqasiya hüququ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə Daşkəsən Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli 2(030)-45/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 29 aprel 2025ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İcbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, 17 may 2023-cü il tarixli PME********** nömrəli “İcbari sığorta müqaviləsi”nə əsasən Cavabdeh məxsus “VAZ 21013” minik markalı ** BC *** dövlət nömrə nişanlı avtomobil "xxxx" ASC tərəfindən bir il müddətinə 5000 manat məbləğində sığortalanmışdır.
2. Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin təhqiqatçısının cinayət işinin başlanmasının rədd edilməsi haqqında 22 aprel 2024-cü il tarixli qərarının surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 09 radələrində sürücu Cavabdeh, ayıq vəziyyətdə sürücülük hüququ olmadan, özünə məxsus idarə etdiyi “VAZ 21013” minik markalı ** BC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri Fikrət Əmirov küçəsi ilə Azərbaycan Bayrağı küçəsi 2-ci döngənin kəsişməsində idarə etdiyi avtomobillə "Yo hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmuş və “Stop” nişanının tələblərini pozaraq baş yolda hərəkətdə olan avtomobilin hərəkət istiqamətinə çıxaraq sürücü X10, sürücülük hüququ olmaqla, özünə məxsus idarə etdiyi “Ford Transit” minik markalı ** XH *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yoluna çıxması nəticəsində avtomobillər toqquşmuş və nəticədə X11 ve onunla avtomobildə olan sərnişin X3 bədəni üzərində yüngül dərəcəli bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanması rədd edilmişdir;
3. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən müəyyən edilir ki, yol nəqliyyat hadisəsi baş verən zaman Cavabdeh təqsirli bilinmiş və həmin anda onun sürücülük hüququ olmamışdır;
4. “Məhkəmə-Tibbi Ekspertiza və X9” X18 22 aprel 2024-cü il tarixli 578 nömrəli ekspert rəyindən görünür ki, X10 bədəni üzərində müəyyən edilmiş xəsarət-sağ baldır nahiyyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir. Əmələ gəlmə müddəti 16 aprel 2024-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir;
5. “Məhkəmə-Tibbi Ekspertiza və X9” X18 22 aprel 2024-cü il tarixli 579 nömrəli ekspert rəyindən görünür ki, X4 bədəni üzərində müəyyən edilmiş xəsarət- sağ baldır-diz nahiyyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir. Əmələ gəlmə müddəti 16 aprel 2024-cü il tarixə uyğun gəlir və samlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir;
6. 04 iyun 2024-cü il tarixli İAS241178 nömrəli sığorta ödənişi aktının və 05 iyun 2024-cü il tarixli İB**********-000097-240605 nömrəli ödəniş tapşırıqlarının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X12 “Ford Transit” minik markalı ** XH *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər üçün subroqasiya qaydasında 900 manat məbləğində sığorta ödənişi köçürülmüşdür;
7. 04 iyun 2024-cü il tarixli İAS241179 nömrəli sığorta ödənişi aktının və 05 iyun 2024-cü il tarixli İB**********-000097-240605 nömrəli ödəniş tapşırıqlarının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X1 dəyən zərər üçün subroqasiya qaydasında 750 manat məbləğində sığorta ödənişi köçürülmüşdür;
8. 04 iyun 2024-cü il tarixli İAS241180 nömrəli sığorta ödənişi aktının 05 iyun 2024-cü il tarixli İB**********-000097-240605 nömrəli ödəniş tapşırıqlarının surətlərindən görünür ki, "xxxx" ASC tərəfindən X2 dəyən zərər üçün subroqasiya qaydasında 750 manat məbləğində sığorta ödənişi köçürülmüşdür;
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2400 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 44,40 manat dövlət rüsumu, ümumilikdə 2444,40 manat məbləğin tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı "xxxx" ASC tələbini onunla əsaslandırmışdır ki, 16 aprel 2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi ** BC *** dövlət qeydiyyat nişanlı “VAZ 21013” markalı avtomobil Gəncə şəhərində yol nəqliyyat hadisəsi törətmiş, nəticədə “Ford Transit” markalı, ** XH *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuş, həmçinin X10 və X1 yüngül xəsarət vurmuşdur. Hadisə ilə bağlı Gəncə şəhər BPİ tərəfindən qəbul olunmuş qərara əsasən “VAZ 21013” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zeynalov X7 Xətalar Məcəlləsinin 327.1-ci və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş üçüncü şəxslərə "xxxx" ASC tərəfindən 2400 manat sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh hadisə vaxtı “VAZ 21013” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili idarəetmə hüququ olmadan idarə etmişdir.
11. Daşkəsən Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli 2(030)-45/2025 nömrəli qətnaməsi ilə (hakim Kənan Vəliyev) iddia təmin edilərək, Cavabdeh 2400 manat məbləğində sığorta ödənişinin əvəzi və ödənilmiş 44,40 manat dövlət rüsumu olmaqla, cəmi 2444,40 (iki min dörd yüz qırx dörd manat qırx qəpik) manat məbləği tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 883.1, 922.1, 936.1, 936.2 və 936.5-ci maddələrinə, həmçinin “İcbari sığortalar haqqında” Qanunun 6.1, 6.2, 13.1, 13.2, 14.1.3 və 25.1.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 14 Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, sığorta şəhadətnaməsinə əsasən fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq icbari sığorta şəhadətnaməsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. İdarə etdiyi Vaz 21013 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil Ford Tranzit markalı **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Toqquşma nəticəsində müəyyən edilmişdir ki, sürücülük hüququ olmamış buna görə də İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələri ilə təqsirli bilinmişdir. Guya sığorta tərəfindən zərərçəkmiş şəxsə 2400 manat sığorta haqqı ödənilmiş və bu məbləğin ondan tutulmasına dair iddiaçı tərəfindən məhkəməyə müraciət edilmişdir. Halbuki, Ford Tranzit markalı avtomobilə dəyən zərər təxminən 300 manat həddində olmuşdur. 2400 manatla bağlı hər-hansı mötəbər sübütlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi qəza ilə bağlı sığorta ödənişini cavabdehlər X16 və X6 əsassız olaraq ödənilməsini təmin etmişdir. Daha sonra Ford Tranzit avtomobilə 900 manat sığorta ödənişini "xxxx" ASC ödəmişdir ki, bu da heç bir sübutla dəyən zərərin məbləğini özündə əks etdirmir. İdarə etdiyi avtomobili hər il texniki baxışdan və sığorta ödənişini həyata keçirməklə avtomaşın üzərində tələb olunan bütün hərəkətləri edir. Avtomobil mülkiyyətində olmaqla bütün sənədləri qaydasında olmuşdur. Qəza zamanı sərxoşluğun olub-olmaması ilə bağlı nə həkim müayinəsindən keçirmişlər nə də ki, avtomobili idarə etməkdən kənarlaşdırılmışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Sədrlik edənin sualına cavab olaraq cavabdeh bildirmişdir ki, əvvəllər sürücülük hüququ olsa da, xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi baş verən zaman sürücülük hüququ olmamışdır. Həmin hadisədən 20 gün sonra yenidən sürücülük hüququnu bərpa etdirmişdir. İdarə etdiyi Vaz 21013 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək şikayətin dəlillərinə uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 936.1-ci və 936.2-ci. Subroqasiya hüququ, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
20. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
21. Maddə 1114. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu
22. Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun hansı hallarda yarandığını müəyyən edir.
23. Maddə 25.1.3. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
30. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
31. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyinə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, sığortaçı "xxxx" ASC ilə sığortalı Cavabdeh arasında xx.xx.2023-cü il tarixli PME********** nömrəli icbari sığorta müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən sığortalıya məxsus “VAZ 21013” minik markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil 5000 manat sığorta məbləği həddində xx.xx.2024-cü il tarixədək avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə, xx.xx.2024-cu tarixdə saat 09 radələrində sığortalı Cavabdeh idarə etdiyi “VAZ 21013” minik markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri Fikrət Əmirov küçəsi ilə Azərbaycan Bayrağı küçəsi 2-ci döngənin kəsişməsində yol nəqliyyat hadisəsi törətmişdir. Həmin yol nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılmış və cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, sığortalı Cavabdeh “VAZ 21013” minik markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsi idarəetmə hüququ olmadan idarə etmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanla bağlı zərərçəkənlərə "xxxx" ASC tərəfindən ümumilikdə 2400 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı həmin məbləğin subroqasiya qaydasında cavabdehdən tutulması barədə hazırkı tələblə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi də iddianı təmin etmişdir.
36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
37. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən xx.xx.2024-cu tarixdə saat 09 radələrində sığortalı Cavabdeh idarə etdiyi “VAZ 21013” minik markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri Fikrət Əmirov küçəsi ilə Azərbaycan Bayrağı küçəsi 2-ci döngənin kəsişməsində yol nəqliyyat hadisəsi törətmişdir. Həmin yol nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və X8, X17 Qanunun tələblərini pozduğuna görə onun barəsində Azərbycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Gəncə şəhər BPİ-nin DYPŞ-nə gönərilməsi qərara alınmışdır. Bununla yanaşı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən müəyyən edilir ki, yol nəqliyyat hadisəsi baş verən zaman Cavabdeh təqsirli bilinmiş və həmin anda onun sürücülük hüququ olmamışdır. Cavabdeh apellyasiya baxışı zamanı verdiyi izahatında da xx.xx.2024cü il tarixdə yol nəqliyyat hadisəsi baş verən zaman sürücülük hüququnun olmadığını bildirmişdir (bax bu qətnamənin 15-ci bəndi). Eyni zamanda, yol nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanla bağlı zərərçəkənlərə "xxxx" ASC tərəfindən ümumilikdə 2400 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.
38. Şərh olunan halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı "xxxx" ASC-nin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə uyğun olaraq cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır.
39. Belə ki, yuxarıda göstərilən müddəaların mənasından göründüyü kimi subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Hazırki işin halları baxımından isə vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş Cavabdehdur. Apellyasiya şikayətindən aydın olduğu kimi onun özü də bunu mübahisələndirməmiş, yalnız ondan tələb olunan məbləğin şişirdilmiş olmasını irəli sürmüşdür. Kollegiya apellyasiya şikayətinin həmin dəlillərini əsassız hesab edir; Ona görə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Ford Transit” markalı ** XH *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymiş, habelə üçüncü şəxslər Y.Quluyev və H.Quluyevanın sağlamlığına yüngül xəsarət dəymişdir.
40. Nəzərə almaq lazımdır ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56.1.1-ci maddəsinə görə, fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat müəyyən edilmişdir. Həmin Qanunun 14.2.5-ci maddəsinə görə isə, sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərər əgər yüngül xəsarət hesab olunursa sığorta məbləğinin 15 faizi miqdarında ödəniş edilir.
41. İşdən müəyyən edilir ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində üçüncü şəxslər Y.Quluyev və H.Quluyevanın sağlamlığına yüngül xəsarət dəymişdir. Bu hal “Məhkəmə-Tibbi Ekspertiza və X9” X18 22 aprel 2024-cü il tarixli ekspert rəyləri ilə öz təsdiini tapır. Odur ki, həmin şəxslərə “İcbari sığortalar haqqında” Qanunun 14.2.5-ci maddəsinə uyğun olaraq sağlamlığa vurulan zərər məbləğinin 15 faizi miqdarında (750 manat) sığorta ödənişi həyata keçirilməsi qanuni əsaslara söykənmişdir.
42. Bundan başqa, "xxxx" ASC tərəfindən tərtib edilmiş sığorta aktı, habelə "xxxx" MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə aktı ilə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Ford Transit” markalı ** XH *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 900 manat qiymətləndirilmişdir. Bununla belə, göstərilən sığorta aktının və qitmətləndirmə aktının mötəbər sübut olmasını şübhə altına alacaq hər hansı hal müəyyən edilməmiş, habelə həmin sənədlərdə göstərilən məlumatları təkzib edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.
43. Xüsusilə nəzərə almaq lazımdır ki, Cavabdeh zərərin məbləğinin şişirdildiyini iddia etməsinə baxmayaraq, bunu təsdiq edən hər hansı sənəd təqdim etməmiş, beləliklə də, apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Ümumiyyətlə qeyd olunmalıdır ki, zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; iddiaçı şirkətin isə sığortalılara məhz ümumilikdə 2400 (iki min dörd yüz) manat ödəmiş olduğu mübahisəsizdir.
44. Məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Ona görə də apellasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddianın qiyməti 5000 manatdan az olduğundan bu qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Daşkəsən Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli 2(030)-45/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.