Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-89/2025 03.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: maddi ziyan tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər – Süleymanov Loğman Srac oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 2(125)-6425/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 03 aprel 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1489/2023 nömrəli qiyabi qətnaməsindən görünür ki, Cavabdeh «VAZ-063» markalı, 21BF943 dövlət qeydiyyat nişanlı avtomobil alınaraq İddiaçı verilməsi qət edilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin əməkdaşları və hal şahidlərinin iştirakı ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, iddiaçıya məxsus avtomobil cavabdehdən alınıb iddiaçıya təhvil verilərkən istismara yararsız olmuşdur. fotoşəkillərdən görünür ki, iddiaçının iddia etdiyi avtomobil ona təhvil verilərkən sökülmüş vəziyyətdə olmuşdur. Gəncə avtomotoservis və ticarət müəssisəsi tərəfindən verilmiş qüsur aktından görünür ki, «VAZ-063» markalı, 21BF943 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 2160 manat məbləğində müəyyən edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2447/2024 saylı qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı “avtomobilin alınıb verilməsi, bu mümkün olmadıqda isə pul tələbi barədə iddiası üzrə iş üzrə icraata xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ona məxsus avtomobili söküb istismara yararsız vəziyyətə saldığına görə 2500 manat zərərin və 45 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdehdən ona məxsus avtomobilin alınıb ona verilməsi, ondan isə 1000 manat məbləğində pulun alınıb cavabdehə verilməsi qət edilmişdir. Qətnamənin icrası ilə əlaqədar Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, Gəncə şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin axtarış üzrə inspektoru X1, şahidlərin və qonşuların həmçinin savabdehin atası Mirzəyev Faiqin iştirakı ilə ona məxsus avtomobilin sökülmüş halda, istismara yararsız olması müəyyən edilərək ona təhvil verilmişdir. Avtomobilin təkərləri sökülmüş, qabaq alın şüşəsi, qapının aynaları çıxarılmış, arxa aynası, akymlyator, işıq sistemi, gözlə görünün mühərrikdən başqa nə varsa bütün avadanlıqlar sökülmüş halda daş kubikin üzərinə qoyulmuşdur.Dörd təkər alıb saldıqdan sonra evakuator vasitəsi ilə avtomaşın aparılmışdır. İcra məmurlarının iştirakı ilə xx.xx.2023-cü ildə akt tərtib edilərək bir surəti ona verilmişdir. Mütəxəssis rəyinə əsasən avtomobilə dəyən zərərin həcmi 2500 manat müəyyən olunmuşdur. İcra məmuru və şahidlərin iştirakı ilə tərtib edilən aktdan göründüyü kimi aitomobilin istismara yararsız olduğu müəyyən edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-6425/2023 saylı qətnaməsi ilə (hakim Cavid Tağıyev ) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 2160 (iki min yüz altmış) manat pul və 41,60 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya məxsus «VAZ-063» markalı, 21BF943 qeydiyyat nömrə nişanlı avtomobilə zərər dəymişdir. Ona görə də iddia qismən təmin edilərək Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq təmir bərpa xərclərinə görə 2160 manat pul alınaraq İddiaçı verilməlidir. İddia tələbi Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh X5 həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-6425/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin həqiqi və faktiki halları ondan ibarətdir ki, o, İddiaçı adlı şəxsi tanımamış, onu cəmi bir dəfə ona etibarnamə verən vaxt yəni 2019-cu ilin mart ayında görmüşdür. Onunla aralarında maşın alqı-satqısı olmamışdır. Onun adına olmuş VAZ-21063 markalı maşını, 2017-ci ildə Gəncə şəhərində maşın bazarından, həmin maşını satan, adına tam səlahiyyətli etibarnamə olan başqa şəxsdən, maşın alveri ilə məşğul olan dostu Asəf və o, birlikdə almışlar. Onlar maşını alan vaxtı həmin maşın sürülsə də, tam yararsız vəziyyətdə idi. Yəni maşının bütöv hissələri çürümüş vəziyyətdə olmaqla, maşının dal şüşəsindən sonrakı arxa hissəsi cürüyüb qırılmış vəziyyətdə olmaqla, yerlə srürünən vəziyyətdə idi. Bundan başqa maşının arxa oturacaqları yox idi, qabaq şüşəsi isə tam qırılmış vəziyyətdə idi. Maşının tam təmirə ehtiyacı olduğuna görə maşını 1000 manata almışlar. Məqsədi həmin maşını əsaslı yığdırıb baha qiymətə satmaq idi. Ona görə də, həmin maşın uzun müddət maşın ustasının yanında qalmışdı, çünki onlar onu hissə-hissə və arada bir vəsait olanda düzəltdirmişlər. Onlar həmin şəxsdən maşını alanda Natiqin ona verdiyi etibarnamənin bitməsinə 1 il qaldığına görə, 1 illik müddətinə Asəfin adına etibarnamə almışlar. Həmin etibarnamənin vaxtı 2018-ci ilin sentyabr ayında başa çatmışdır. Həmin vaxtı maşın ustada olub sürülmədiyinə görə, eyni zamanda maşının əsas sahibini tanımadığımıza görə 6 aydan artıq bir müddətdə yeni etibarnamə ala bilməmişlər. 2019-cu ilin mart ayında Asəfin Gədəbəyə sürüçü işləyən qonşusunun vasitəsi ilə biz maşının ilkin sahibi olan Natiqin ünvanını tapmışlar. Gədəbəyə gedib orada Notarius olmadığı üçün, Natiqi Şəmkirə gətirmiş və ondan onun adına 1 illik etibarnamə almışlar. Nəzərdə tutmuşlar ki, 1 il müddətində maşının təmirini başa çatdırıb, həmin maşını satarlar. Bundan sonra maşının təmirini başa çatdıra bilməmiş və etibarnamənin müddəti də, başa çatmışdır. 2022-ci ilin iyul ayında o, müvəqqəti hərbi xidmətə getmiş və 2024-cü ilin yanvar ayının 4-də hərbi xidmətini başa çatdırmışdır. 2022-ci ilin axırlarına yaxın, o, hərbi xidmətdə olan vaxtı Natiq Gəncəyə atasının yanına gəlib tələb edib ki, maşını onun adından çıxardaq, çünki o, sosial yardım ala bilmir. Atası ona söz verməsinə baxmayaraq, maşının alqı-satqısının sənədləşməsi üçün pul tapmadığına görə, eyni zamanda maşının yarı təmirli olub, dövlət qeydiyyatı şöbəsinə aparılması mümkün olmadığına görə, Natiqin adından çıxarıb öz adına saldıra bilməmişdır. Bundan bir neçə ay sonra məhkəmədən atasına telefon zəngləri gəlmiş, onun məhkəməyə gəlməyini tələb etmişlər. Atası həm telefon vasitəsi ilə, həm də, məhkəməyə getməklə məhkəmə işçilərinə onun Qarabağ bölgəsində hərbi xidmətdə olmağı və əskərlik müddətinin 2024-cü ilin yanvar ayında bitəcəyi barədə məhkəmə işçilərinə məlumat vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(104)-998/2024 saylı qərardadı ilə hazırkı 2(104)-89/2025 nömrəli mülki iş üzrə icraat İddiaçı cavabdeh X4 qarşı avtomobil tələbinə dair işə mahiyyəti üzrə baxılıb həll edilənədək dayandırılmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz məhkəməyə daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh X5 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, iddiaçı hələ 2017-ci ildən əvvəl, maşınını bir başqa şəxsə etibarnamə ilə satmışdır. Həmin şəxs isə 2017-ci ildə həmin maşını Gəncə maşın bazarında Orxanla Asəfə 1000 manata satmışdır. Maşın iddiaçının adında qalsa da, 8 il əvvəldən iddiaçının sahibliyindən çıxmış, başqa şəxslərin qanuni sahibliyinə keçmişdir. Belə olan halda 8 ildən sonra hər hansı bir qanuni sahibin iddiaçıya zərər vurmasından söhbət gedə bilməz. Onlar maşını alan vaxtı həmin maşın sürülsə də, tam yararsız vəziyyətdə olmuşdur. Yəni maşının bütöv hissələri çürümüş vəziyyətdə olmaqla, maşının dal şüşəsindən sonrakı arxa hissəsi cürüyüb qırılmış vəziyyətdə olmaqla, yerlə srürünən vəziyyətdə idi. Bundan başqa maşının arxa oturacaqları yox idi, qabaq şüşəsi isə tam qırılmış vəziyyətdə idi. Maşının tam təmirə ehtiyacı olduğuna görə maşını 1000 manata almışlar. Məqsədi həmin maşını əsaslı yığdırıb baha qiymətə satmaq idi.Onun tərəfindən minik avtomobilinə heç bir zərər dəyməmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin olunmasını, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-6425/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh sədrlik edənin suallarına cavab olaraq bildirdi ki, Orxan özü avtomobili başqa adamdan Amil adlı şəxsdən almışdır. Natiqi tanımamışlar. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 385.1 və 385.1.1-ci maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. 386-cı maddsəinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqqında” 24 noyabr 2005-ci il tarixli qərarının 6.2-ci maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməli, qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutlar rədd və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh X5 qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-6425/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdiyindən və birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı tam mübahisələndirildiyindən, qətnaməsinin əsaslılığı tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-6425/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Qətnamənin qanuniliyi dedikdə, mülki işlərə mahiyyəti üzrə baxıb, onları həll edərkən qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə dəqiq və dönmədən riayət olunması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, ona baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilmiş faktlardan irəli gələn nəticə onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar iş materiallarına uyğun olsun. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. İddiaçı avtomobil alqı-satqısı ilə əlaqədar Cavabdeh təqsrili hərəkəti nəticəsində iddiaçıya məxsus «VAZ-063» markalı, 21BF943 qeydiyyat nömrə nişanlı avtomobilə zərər vurulduğunu göstərmişdir. Halbu ki, iş materialları ilə müəyyən edilir ki, cavabdeh X5 iddiaçının mülkiyyətində olan minik avtomobilini onun özündən yox, baş etibarnamə əsasında başqa şəxsdən 2017-ci ildə Gəncə maşın bazarında almışdır. Digər tərəfdən, cavabdeh X3 Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1489/2023 nömrəli qiyabi qətnaməsindən verdiyi şikayət əsasında qəbul edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2447/2024 saylı qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı “avtomobilin alınıb verilməsi, bu mümkün olmadıqda isə pul tələbi barədə iddiası üzrə iş üzrə icraata xitam verilmişdir. Həmin qərardadla müəyyən edilmişdir ki, cavabdeh avtomobili iddiaçıdan deyil, etibarnamə əsasında X8 adlı şəxsdən almış, xx.xx.2023-cü il tarixdə Cavabdeh «VAZ- 063» markalı, 21BF943 qeydiyyat nömrə nişanlı avtomobil alınaraq İddiaçı verilmiş, bununla da mübahisə aradan qalxdığına görə mübahisəyə məhkəmədə baxılması mümkün deyildir. Həmçinin, məhkəmə kollegiyasının iclasında Cavabdeh izahatında onun avtomobili Orxandan etibarnamə ilə aldığını, Orxanın isə Amil adlı şəxsdən etibarnamə ilə aldığını, iddiaçı Natiqi tanımadıqlarını bildirmişdir. Belə olan halda, iddiaçının mübahisə edilən avtomobilin sökülməsi ilə bağlı dəymiş ziyanla bağlı iddiasının hüquqi əsası yoxdur. İddiaçı öz tələbinin hüquqi əsasları ilə bağlı məhkəməyə heç bir mötəbər sübut növləri təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-6425/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Qət etdi : Apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-6425/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin.. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-89/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-89/2025
03.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver