Məhkəmə qərarları › İş №2(104)-890/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-890/2023

19.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-890/2023 19.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 və Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair Tovuz Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(062)-2707/2022 saylı mülki iş üzrə qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, 30 noyabr 2020-ci il tarixdə Cəmiyyət ilə Cavabdeh1 arasında bağlanmış 01268 saylı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 müştərək qaydada 12861.46 manat əsas, 1502.44 manat əsas məbləğə hesablanmış faiz və 6.00 manat cərimə borcu olmaqla cəmi 14369.90 manat borcun və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 133.11 manat dövlət rüsumunun tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(062)-2707/2022 saylı qətnaməsi ilə (hakim F.Əliyev) iddia tələbinin təmin edilməsi, "xxxx" MMC ilə xx.xx.2020-ci il tarixdə Cavabdeh1 arasında bağlanmış 01268 saylı kredit müqaviləsinə ləğv edilməklə xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 müştərək qaydada 12861.46 manat əsas, 959,99 manat əsas məbləğə hesablanmış faiz və 12 manat cərimə borcu olmaqla cəmi 13833,45 (on üç min səkkiz yüz otuz üç manat qırx beş qəpik) manat borcun alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 133,11 manat pulun əvəzinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 müştərək qaydada alınaraq iddiaçı "xxxx" MMC-yə verilməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək Tovuz Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(062)-2707/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin ödədiyi pullar nəzərə alınmaqla əsas borc, faiz borcu hissəsində azaldılmasına, cərimə borcu hissəsində rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, 30 noyabr 2020-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 Vəhid oğlu arasında 01268 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Cəmiyyət tərəfindən Cavabdeh1 illik 29.00 faiz olmaqla, 41 ay müddətinə 15500.00 manat məbləğində pul ayrılmışdır və o müqavilənin şərtlərinə əsasən 41 ay ərzində kreditin əsas məbləği və ona hesablanmış faizləri kredit müqaviləsinin 1 saylı əlavəsindəki qrafik üzrə ödəməyi öhdəsinə götürmüşdür. İstehlak kreditinin ayrılması üçün borclu və zaminlər gəlirlərini təsdiq edən müvafiq sənədləri təqdim etmişlər. Borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə həmçinin 30 noyabr 2020-ci il il tarixdə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 ilə zaminlik müqaviləsi bağlanmışdır. Bağlanmış zaminlik müqaviləsinin şərtlərinə görə zaminlər borclu Cavabdeh1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qarşısında öz öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşlər. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini tam icra edərək kredit müqaviləsi üzrə verməli olduğu kredit məbləğini Cavabdeh1 vermişdir. Amma borclu Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir. Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini icra etməmiş və bu günə kimi olan borcunu ödəməmişdir. Nəticədə kredit müqaviləsi üzrə 12861.46 manat əsas, 1502.44 manat əsas məbləğə hesablanmış faiz və 6.00 manat cərimə borcu olmaqla cəmi 14369.90 manat borcu yaranmışdır. Sonradan iddiaçı "xxxx" MMC iddianın həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cəmiyyət ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 01268 saylı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 müştərək qaydada 12861.46 manat əsas, 959,99 manat əsas məbləğə hesablanmış faiz və 12 manat cərimə borcu olmaqla, cəmi 13833,45 manat borcun və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 133.11 manat dövlət rüsumunun tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, işə baxılan zaman məhkəməyə 900 manat ödəniş etdiyini bildirmiş, amma ödədiyi pulun hara silinməsi məhkəmə iclasında araşdırılmamışdır. "xxxx" MMC-nin iddia tələbində borc həddindən artıq şişirtmişdir. Ödənilən pullan əsassız olaraq faiz və cəriməyə silinir. Hesab edir ki, "xxxx" MMC onun kredit müqaviləsi üzrə ödədiyi məbləğlərlə bağlı hesabdan çıxarışın məhkəməyə təqdim etməli, onun qeyd etdiyi xüsusatlara əsasən "xxxx" MMC-yə olan borcunun düzgün hesablanmasını, iddia tələbində qeyd edilən əsas borcun, faiz və cərimə borcuna əsassız silinmələr araşdırılmalıdır. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlərdən Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə etdiyini, borcunun bir hissəsini ödədiyini, ona görə də Tovuz Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(062)-2707/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin əsas borc və faiz borcu hissəsində azaldılmasına, cərimə hissəsində isə rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X3 apelllyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb məruzəçi hakimi, məhkəmə iclasında iştirak edən tərəfləri dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan kreditor "xxxx" MMC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 01268 saylı kredit müqaviləsindən görünür ki, kreditor tərəfindən Cavabdeh1 illik 29.00 faiz olmaqla, 41 ay müddətinə 15500.00 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan kreditor "xxxx" MMC ilə zaminlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 01268 saylı zaminlik müqaviləsindən görünür ki, zaminlər borcalan Cavabdeh1 kreditor qarşısında öhdəlikləri üçün onunla birgə məsuliyyət daşımağı öz üzərlərinə götürmüşlər İş materiallarında olan kreditor "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli, 82 və 83 saylı ödəniş tapşırıqlarından görünür ki, xx.xx.2020-ci il tarixli, 01268 saylı kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 hesabına ümumilikdə 15500 manat pul köçürülmüşdür. İş materiallarında olan kreditor "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin icrası barədə arayışdan görünür ki, xx.xx.2020-ci il tarixli, 01268 saylı kredit müqaviləsi üzrə borcalanın 12861.46 manat əsas, 959,99 manat əsas məbləğə hesablanmış faiz və 12 manat cərimə borcu olmaqla cəmi 13833,45 manat borcu vardır. Məhkəmədə araşdılmış sübutlarla müəyyən edilmişdir ki, 30 noyabr 2020-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 Vəhid oğlu arasında 01268 saylı kredit müqaviləsi bağlanmış, kredit müqaviləsinin şərtlərinə görə Cəmiyyət tərəfindən Cavabdeh1 illik 29.00 faiz olmaqla, 41 ay müddətinə 15500.00 manat məbləğində pul ayrılmışdır və o müqavilənin şərtlərinə əsasən 41 ay ərzində kreditin əsas məbləği və ona hesablanmış faizləri kredit müqaviləsinin 1 saylı əlavəsindəki qrafik üzrə ödəməyi öhdəsinə götürmüşdür. Borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə həmçinin 30 noyabr 2020-ci il il tarixdə iş üzrə digər cavabdehlərlə zaminlik müqaviləsi bağlanmışdır. Bağlanmış zaminlik müqaviləsinin şərtlərinə görə zaminlər borclu Cavabdeh1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qarşısında öz öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşlər. “Tovuz kredit İttifaqı" Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini tam icra edərək kredit müqaviləsi üzrə verməli olduğu kredit məbləğini Cavabdeh1 vermişdir. Amma borclu Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir. Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini icra etməmiş və bu günə kimi olan borcunu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borclundan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır və kreditor borclu tərəfindən kredit müqaviləsinin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda həm borclu, həm də zaminə qarşı kredit müqaviləsi üzrə tələblərini irəli sürə bilər. Həmin Məcəllənin 475-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və borclular ilə bank arasında bağlanmış 30 noyabr 2020-ci il tarixli 01268 sayli Kredit müqaviləsinin şərtləri baxımından cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir. Belə ki, borclu Cavabdeh1 kredit müqaviləsi üzrə götürmüş olduğu borcun bir hissəsini ödəmiş olsa da, lakin borcun qalan hissəsini ödəməmişdir. Digər cavabdehlər, yəni zaminlər əsas borclunun öhdəliyinin təminatı kimi zaminlik müqaviləsini bağlayaraq kredit alanla müştərək məsuliyyət daşıdıqlarına görə kollegiya hesab edir ki, iddiaçının cavabdehlərə münasibətdə tələbi əsas borc və əsas borca hesablanmış faiz borcu hissəsində qanuni və əsaslı olduğu üçün məhkəmə iddianı həmin hissədə tam təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırki mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor olan iddiaçının qarşısında müqavilədən irəli gələn tələb üzrə birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq da götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilir. Buna görə də iddiaçının cavabdehlərin hər birinə qarşı eyni zamanda hazırki iddia tələbi ilə çıxış etmək və onlardan kredit borcunun, faizlərin və cərimənin müştərək qaydada tutulmasını tələb etmək hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 500-cü maddəsinə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehlərdən müqavilədə nəzərdə tutulmuş öhdəliklərin icrasını tələb etməkdə haqlıdır, cavabdehlər isə həmin müqavilə ilə nəzərdə tutulmuş öhdəlikləri icra etməyə, habelə müqavilə öhdəliklərini lazımi qaydada icra etməməyə görə kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinin məzmununa görə dəbbə pulu öhdəliklərin icrasının təmini üsulu olmaqla öhədliyin icra edilməməsi və ya lazımi qaydada icra edilməmsi nəticəsində kreditora vurulmuş zərərin kompensasiya edilməsi vasitəsidir. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən tərəflər dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Lakin dəbbə pulunun miqdarı zərərdən tənasübsüz dərəcədə yüksək olmamalıdır. Dəbbə pulunun məbləği kreditorun zərərinə tənasübsüz surətdə uyğun olmadıqda istər qanun üzrə, istərsə də müqavilə ilə müəyyən edilmiş dəbbə pulunun məbləği məhkəmənin təşəbbüsü ilə azaldıla bilər. Məhkəmənin dəbbə pulunu azaltmaq səlahiyyəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərindən irəli gəlir. Həmin madədə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddia ərizəsindən görünür ki, iddiaçı kredit borcunun gecukdirilməsinə görə cavabdehdən cəmi 12 manat miqdarında cərimənin tutulmasını xahiş etmiş, birinci instansiya məhkəməsi də iddianı həmin hissədə haqlı olaraq təmin etmişdir. Ona görə ki, cavabdehin icranı gecikdirməsi mübahisəsizdir. Belə olan halda gecikdirilmiş borca görə cərimənin ödənilməsini tələb etmək iddiaçının hüququdur. Apellyasiya şikayətinin dəlillərində göstərilir ki, işə birinci instansiya məhkəməsində baxılanda o, kredit borcundan 900 manat ödəniş etmiş olsa da, məhkəmə həmin xüsusatı araşdırmamışdır. Apellyasiya şikayətinin həmin dəlili ilə razılaşmayan məhkmə kollegiyası qeyd edir ki, işdən göründüyü kimi cavabdeh xx.xx.2022-ci il tarixdə 900 manat ödənişi etdikdən sonra iddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinin həcminin azaldılmasına dair ərizə vermiş və iddianın həcmini azaltmışdır. Odur ki, kollegiya apellyasiya şikayətinin həmin dəlilini əsassız sayır. Kollegiya apellyasiya şikayətinin digər – borc məbləğinin qalıq hissəsinin iddiaçı tərəfindən şişirdilməsinə dair dəlilini də əsassız sayır. Çünki işdən göründüyü kimi cavabdeh kredit borclarının ödənilməsində gecikməyə yol verdiyinə görə etdiyi ödənişin müəyyən hssəsi hesablanmış faiz borcuna və cəriməyə silinmişdir. Apellyasiya şikayətinin cərimənin silinməsinə dair dəlili ilə bağlı kollegiya qeyd edir lki, şikayətin həmin dəlili də əsassızdır. Çünki gecikdirilmiş ödəmələrlə bağlı cərimənin hesablanması tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən irəli gəlir və bu şərt mülki qanunvericiliyin tələblərinə də zidd deyildir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, həmin şikayət təmin edilmədən, Tovuz Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(062)-2707/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(062)-2707/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar