Məhkəmə qərarları › İş №2(104)-891/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-891/2024

08.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-891/2024 08.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra ASC) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: borcun ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(015)-234/2024 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə 08 aprel 2024-cü il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2021-ci il tarixli, DKM/015N05A00534121 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh2 "xxxx" ASC 24 ay müddətinə illik 17 faizlə 5000 manat kredit götürmüşdür.

2. "xxxx" ASC ilə zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli DKM/015N05A00534121/ZM-1 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 borcalan Cavabdeh2 kreditor qarşısında öhdəlikləri üçün onunla birgə məsuliyyət daşımağı öz üzərlərinə götürmüşlər.

3. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, 12 dekabr 2023-cü ilədək cavabdehlərin 2289,93 manat vaxtı keçmiş borc, 322,70 manat hesablanmış adi faiz borcu, 243,98 manat cərimə faizləri üzrə borc və 137,33 manat kreditin müddətinin bitməsi tarixindən (xx.xx.2023) arayışın məhkəməyə verilməsi tarixinədək (xx.xx.2023) illik 17 % dərəcəsi ilə faizlər şəklində hesablanmış əldən çıxmış fayda 137,33 manat olmaqla, cəmi 2993,94 manat məbləğində borcu yaranmışdır.

4. 16.01.2023-cü il tarixli bildirişdən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixli DKM/015N05A00534121№-li Kredit müqaviləsi üzrə Cavabdeh2 iddiaçı ASC “Xalq” Bankı qarşısında 2289,93 (iki min iki yüz səksən doqquz manat 93 qəpik) manat məbləğində vaxtı keçmiş əsas borcu, xx.xx.2023-cü il tarixə qədər kreditdən istifadəyə görə hesablanmış 322,70 (üç yüz iyirmi iki manat 70 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 17 % (on yeddi faiz) faiz dərəcəsi ilə hesablanmış 137,33 (bir yüz otuz yeddi manat 33 qəpik) manat məbləğində əldən çıxmış faydanın əvəzi, xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 243,98 (iki yüz qırx üç manat 98 qəpik) manat məbləğində penya, cəmi 2993,94 (iki min doqquz yüz doxsan üç manat 94 qəpik) manat və xx.xx.2023-cü il tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 17 % (on yeddi faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış penya və 49,94 manat dövlət rüsumunun birgə qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı (kreditor) ASC “Xalq” Bankı (bundan sonra bəzi hallarda “Bank” və ya “İddiaçı” adlandırılacaq) ilə Cavabdeh2 (Borc alan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli DKM/015N05A00534121 №-li Kredit müqaviləsinə müvafiq olaraq Bank tərəfindən Borc alana 24 (iyirmi dörd) ay müddətinə, illik 17 % (on yeddi faiz) ödənilməsi şərtilə, 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə İddiaçı ilə digər Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli DKM/015N05A00534121/ZM-1 №-li Zaminlik müqaviləsi (bundan sonra birlikdə “Zaminlik müqaviləsi” adlandırılacaq) bağlanmışdır. Həmin müqaviləyə əsasən Zamin Borc alanın Kredit müqaviləsi üzrə Bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyi götürmüşdür. Kredit müqaviləsinin 2.4-cü bəndinə və onun 1 saylı Əlavəsi olan Annuitet Ödəniş cədvəlinə əsasən Cavabdeh2 hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh2 bu öhdəliklərini kobud şəkildə pozmuş və bu günə qədər kredit üzrə əsas borc məbləğinin mühüm hissəsini Banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Belə ki, xx.xx.2023-cü il tarixinə Cavabdeh2 Bank qarşısında gecikdirilmiş borcu 2612,63 (ikimin altı yüz on ikimanat 63 qəpik) manat təşkiledir ki, bunun da 2289,93 (ikimin iki yüzsəksən doqquz manat 93 qəpik) manatı vaxtı keçmiş əsas borcdan, 322,70 (üç yüz iyirmi iki manat 70 qəpik) manatı isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə, Cavabdeh2 kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15% (on beş faiz) dərəcəsi penya da ödəməlidir ki, xx.xx.2023-cü il tarixinə bu məbləğ 243,98 (iki yüz qırx üç manat 98 qəpik) manat təşkil edir. İddiaçı ilə cavabdeh arasında bağlanmış Kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: “Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borcverən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hazırkı iddia ərizəsinə eyni növlü və oxşar şərtlərlə verilmiş kreditlər barədə statistik məlumatları əks etdirən arayış əlavə olunur. Təqdim edilmiş bu arayışdan (https://www.cbar.az/page-188/credit-institutions saytdan çıxarışlar) göründüyü kimi, AR Mərkəzi Bankının «Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları»nın tələblərinə müvafiq olaraq hesabladığı və rüblük olaraq Mərkəzi Bankın rəsmi internet saytında dərc etdiyiyaşayış sahəsinin təmiri ilə bağlı olan istehlak kreditləri üzrə orta faiz dərəcələrinə dair məlumata əsasən milli valyutada verilmiş istehlak kreditlərinin xx.xx.2023-cü il tarixinə illik faiz dərəcəsi 19 % (on doqquz faiz) təşkil edir. Göründüyü kimi Kredit müqaviləsində göstərilən illik faiz dərəcəsi (17 %) Mərkəzi Bankın məlumatında göstərilən illik faiz dərəcəsindən (19 %) daha aşağıdır. Bank cavabdehə güzəştdə gedərək kreditin müddətinin bitdiyi xx.xx.2023-cü il tarixdən iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2023-cü il tarixə kimi faizlər formasında əldən çıxmış faydanın hesablanmasında Kredit müqaviləsində göstərilən illik faiz dərəcəsini (17 %) əsas götürmüşdür. Müvafiq hesablanma aparıldıqdan sonra xx.xx.2023-cü il tarixdən iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2023-cü il tarixədək olan dövr üçün müvafiq məbləğ 137,33 (bir yüz otuz yeddi manat 33 qəpik) manat təşkil edir. Kredit müqaviləsi üzrə cavabdehlərin üzərlərinə götürdükləri öhdəliklərin könüllü qaydada yerinə yetirilməsinə nail olmaq məqsədilə iddiaçı tərəfindən cavabdehlər ilə bir neçə dəfə əlaqə saxlanılmasına baxmayaraq, cavabdehlər tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır.

7. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(015)-234/2024 nömrəli qətnaməsi (hakim Natiq Abbasov) ilə, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2289,93 manat əsas və 322,70 manat faiz borcu olmaqla, cəmi 2612,63 manat borc və 46,13 manat dövlət rüsumu ASC «Xalq» Bankının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 445.7, 449.1, 472.2, 472.3 və 739-cu maddələrinə istinad etmiş, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1, 213-214, 216-220, 284- 1, 284-5.1, 284-6 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(015)-234/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, göründüyü kimi məhkəmə bankın tələb etdiyi xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 17 % (on yeddi faiz) dərəcəsi ilə hesablanmış 137,33 (bir yüz otuz yeddi manat 33 qəpik) manat məbləğində əldən çıxmış faydanın əvəzini təmin etməməklə yuxarıda göstərilən hüquqi aktların tələblərini pozmuşdur. Məhkəmə zərərə (əldən çıxmış faydaya) münasibətdə bankın iddiasının rədd edilməli olması qənaətinə gələrkən dolayısı ilə hesab etmişdir ki, bankın həmin tələbi kredit müqaviləsinə əsaslanır. Belə ki, Qətnamənin 4-cü səhifəsinin 4-cü abzasında məhkəmə qeyd etmişdir ki, “Tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci maddəsində tərəflərdən birinin digəri qarşısında mövcud olan müqavilə öhdəliklərinin tam icra edildiyi anadak qüvvədə olması əsası ilə iddiaçı cavabdehlərdən müqavilə müddəti bitdikdən sonra faiz, cərimə borcunun, eyni zamanda iddia ərizəsi məhkəməyə verildiyi tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 17 % (on yeddi faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış penyanın tutulmasını tələb etmişdir. Lakin, həmin müqavilədə müqavilə müddəti bitdikdən sonra həmin məbləğlərin cavabdehlərdən tutulması göstərilməmişdir.” Halbuki, bankın sözügedən tələbi yuxarıda qeyd olunanlardan aydın olduğu kimi kredit müqaviləsinə deyil, qanuna əsaslanır. Belə ki, MM-nin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Buna görə də, bankın zərərlə (əldən çıxmış fayda ilə) bağlı tələbi kredit müqaviləsi üzrə öhdəliklərə xitam verilib-verilməməsindən asılı olmayaraq təmin edilməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan normadan aydın olduğu kimi, Məhkəmə tənasübsüz surətdə yüksək dəbbə pulunu yalnız azalda bilər. Lakin məhkəmə penya ilə bağlı tələblərini ümumiyyətlə təmin etməmişdir. Yuxarıda göstərildiyi kimi Qətnamənin 3-cü səhifəsinin sonuncu abzasında qeyd olunmuşdur ki, “Cavabdehlərdən hansı əsaslara görə kreditin müddətinin bitməsi tarixindən (xx.xx.2023) arayışın məhkəməyə verilməsi tarixinədək 243,98 manat cərimə faizlərinin və faizlər şəklində hesablanmış əldən çıxmış fayda 137,33 manat faiz borcunun tələb edilməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş, həmin məbləğin sistem məlumatlarına əsasən tələb edilməsinə dair məlumat təqdim edilmişdir.” Qeyd olunanlardan aydın olur ki, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, iddia ərizəsinin 2-ci səhifəsinin 1-ci abzasında da göstərildiyi kimi bank ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən həmin müqavilə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixliqərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeydedir ki: “Həmin norma müqavilədən yaranan öhdəliklərin icraolunmaanınaqədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Buprezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pactasunt servanda) hüquqi prinsipindən yaranır. Beləki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin dəxitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borcverən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Beləliklə, yuxarıda qeyd olunanlara qeyd etmək istəyirlər ki, kredit müqaviləsi qüvvədədir. Çünki, kredit müqaviləsində onun qüvvəsinə xitam verilməsi həmin müqavilədə nəzərdə tutulan kreditin qaytarılması müddətinin, yəni 24 aylıq müddətin bitməsi anı ilə deyil, tərəflərin həmin müqavilə ilə öz üzərlərinə götürdükləri öhdəliklərini tam icra etməsi anı ilə şərtləşdirilmişdir. Kredit müqaviləsinin 2.4-cü bəndinə və onun 1 saylı əlavəsi olan annuitet ödəniş cədvəlinə əsasən Cavabdeh2 hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh2 bu öhdəliklərini kobud şəkildə pozmuş və bu günə qədər kredit üzrə əsas borc məbləğinin mühüm hissəsini banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Nə qədər ki, Cavabdeh2 kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhədlikləri tam şəkildə icra etməyibdir, həmin müqavilə və onun bütün şərtləri qüvvədə sayılır və belə olan halda bank kredit müqaviləsinin 5.2-ci bəndində göstərilən şərtə müvafiq olaraq penya hesablamaqda və tələb etməkdə haqlıdır. Bundan əlavə, məhkəmə nəzərə almamışdır ki, bank tərəfindən tələb edilən 243,98 manat məbləğində penyanın bir hissəsi (122,80 manatı) kreditin qaytarılması müddəti bitənədək, yəni xx.xx.2023-cü il tarixədək hesablanmış borca aid olmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

14. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

17. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

18. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

19. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

20. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

21. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

22. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

23. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

24. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

31. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

32. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

34. Maddə 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

35. Maddə 394-1.4. İş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz.

36. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

37. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

40. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, iddiaçı şikayətində qətnamənin yalnız iddianın təmin edilməmiş hissələrini mübahisələndirir. Ona görə də qətnamənin əsaslılığı yalnız həmin hissələr üzrə yoxlanmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

42. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(015)-234/2024 nömrəli nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

44. Beləliklə, işin halları ondan ibarətdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, DKM/015N05A00534121 nömrəli kredit müqaviləsinə əsasən borcalana 24 ay müddətinə illik 17% dərəcəsi ilə 5000 manat məbləğində kredit köçürülmüşdür. Lakin, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və nəticədə onun kreditora 2289,93 manat əsas, 322,70 manat faiz borcu yaranmışdır. Bundan əlavə kreditor tərəfindən xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 17 % (on yeddi faiz) faiz dərəcəsi ilə hesablanmış 137,33 (bir yüz otuz yeddi manat 33 qəpik) manat məbləğində əldən çıxmış faydanın əvəzi, xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 243,98 (iki yüz qırx üç manat 98 qəpik) manat məbləğində penya hesablanmışdır.

45. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi üzrə tərəflər arasında olan mübahisə, kreditlə bağlı yaranan mülki münasibətlər üzrə yaranmışdır. Ona görə də işin hallarına kreditlə bağlı qanunvericiliyə, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hüquqi qiymət verilməlidir.

46. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MM-in) 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikasının MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır.

47. Tərəflər arasında bağlanmış və yuxarıda göstərilən kredit müqaviləsi iddia tələbi üzrə cavabdehin hüquq və öhdəliklərinin yaranması üçün Azərbaycan Respublikasının MM-in 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir.

48. Azərbaycan Respublikasının MM-in 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

49. Azərbaycan Respublikasının MM-in 385-ci maddəsinə görə, kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə, isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır.

50. Azərbaycan Respublikasının MM-in 425.1-ci maddəsinin tələbinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

51. Azərbaycan Respublikasının MM-in 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

52. Sadalanan hallar və hüquq normaları borcalandan kreditin ödənilməsi tələbinin əsaslı olduğunu təsdiq edir.

53. Belə ki, iş materiallarından göründüyü kimi, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni, kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora borcu yaranmışdır. Həmçinin, kreditor tərəfindən cərimə və əldən çıxmış fayda hesablanmışdır.

54. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əldən çıxmış faydanın və illik hesablanmış penyanın təmin edilməməsi barədə gəldiyi nəticəni əsaslı hesab edir.

55. Belə ki, cavabdehlərdən müqavilə bitdikdən sonra faiz, cərimə borcunun, eyni zamanda iddia ərizəsi məhkəməyə verildiyi tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 17 % (on yeddi faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış penya tutula bilməz.

56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarında kredit müqaviləsinin qüvvədə olma və kreditin müddətlərinə dair belə bir hüquqi mövqe ifadə edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur.

57. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər.

58. Tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci maddəsində tərəflərdən birinin digəri qarşısında mövcud olan müqavilə öhdəliklərinin tam icra edildiyi anadak qüvvədə olması əsası ilə iddiaçı cavabdehlərdən müqavilə müddəti bitdikdən sonra faiz, cərimə borcunun, eyni zamanda iddia ərizəsi məhkəməyə verildiyi tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 17 % (on yeddi faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış penyanın tutulmasını tələb etmişdir. Lakin, həmin müqavilədə müqavilə müddəti bitdikdən sonra həmin məbləğlərin cavabdehlərdən tutulması göstərilməmişdir. Eyni zamanda müqavilə müddəti üzrə yaranmış borcun cavabdehlərdən məhkəmə qaydasında tutulacağı isə müqavilə öhdəliklərinin tam icra edilməsi deməkdir və məhkəmə qətnaməsinə əsasən həmin borcun cavabdehlərdən tutulması da məhz tərəflər arasında olan müqavilə öhdəlikləri üzrə həyata keçirilir. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir.

59. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə faktlar nöqteyi-nəzərindən düzgün nəticəyə gəlmişdir.

60. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

61. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

64. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

65. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

66. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10- 1,372.1, 382, 384.0.1, 392, 393, 394-1 və 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(015)-234/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar