Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-892/2025 22.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X1 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkil) Vəkil1, Cavabdeh, onun nümayəndəsi (vəkil) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 2(125)-328/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Məhkəmə dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, iddiaçı ilə həm iş yoldaşı, həm də yaxın rəfiqədir. Cavabdehlə isə əvvəllər iş yoldaşı olmuşlar. İddiaçı ona cavabdehin vəziyyətinin yaxşı olmadığını, uşağının əməliyyat olunacağını, həmçinin işə düzələcəyini, buna görə pul lazım olduğunu bildirmişdir. İddiaçı həmçinin demişdir ki, cavabdehin Rusiya Federasiyasındakı qardaşı 3 ay müddətinə borcunu qaytaracaq. Məhz buna görə köməklik etmək üçün iddiaçıya iş yerində birinci dəfə 2022-ci ilin noyabr ayının əvvəlində 9100 manat, ikinci dəfə isə 2022-ci ilin noyabr ayının sonlarında 2400 manat borc vermişdir. İddiaçı həmin pulu elə onun yanında cavabdehə vermişdir. Bundan sonra iddiaçıya müraciət etsə də, o cavabdehin telefon zənglərinə cavab vermədiyini bildirmişdir. Məcbur olub, özü cavabdehə zəng etmiş, telefonu cavabdehin uşaqları açdığı üçün heç nə deyə bilməmişdir. İddiaçının dediyinə görə cavabdeh ona olan borcundan cəmi 500 manat qaytarmışdır. İddiaçı ilə cavabdeh arasında olan əvvəlki borc münasibətlərindən məlumatı olmamışdır.
2. Məhkəmə dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, iddiaçının həyat yoldaşının əmisinin həyat yoldaşıdır. Cavabdehi isə əvvəllər tanımamış, sonradan iddiaçının vasitəsilə tanımışdır. İddiaçı ona cavabdehin uşağının xəstə olduğunu, əməliyyat olunacağını, buna görə pul lazım olduğunu bildirmişdir. İddiaçı həmçinin demişdir ki, cavabdehin qardaşı 3 ay müddətinə pul göndərib, borcunu qaytaracaq. Cavabdehə kömək məqsədilə iddiaçıya 2022-ci ilin dekabr ayında 4000 manat borc vermişdir. Pulu gətirib iddiaçının evində ona vermiş, sonra öz evinə gedib iddiaçının evinə təzədən qayıdanda cavabdehi və ərini iddiaçının evində görmüşdür. İddiaçı çöldə olan tut ağacının altında 4000 manat pulu onun yanında cavabdehə vermişdir. Bundan sonra cavabdeh telefon nömrələrini dəyişmiş, ona zəng çatmamışdır. Həmçinin digər şahid Vəfanı da əvvəllər işlədiyi bağçadan tanıyır.
3. Məhkəmə dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, cavabdeh onun gəlinidir. Belə ki, 2019-cu ildə gəlini iddiaçıdan 7000 manat məbləğində pulu sələmə götürmüşdür. Gəlini 7000 manatdan xeyli ödənişlər etdikdən sonra 2000 manatı qalmışdı. 2020-ci ilin yay aylarında gəlini ödəməkdə çətinlik çəkdiyi üçün hər ay pensiyasından 100 manat verməklə, qalan borcdan cəmi 500 manat ödəniş etmişdir. Bundan sonra onkoloji əməliyyat olunduğu, həmçinin müharibə başladığı üçün qalan 1500 manat borc ödənilməmişdir. Həmçinin aralarında sələmlə əlaqədar mübahisələr yaranmış, iddiaçı ondan 1500 manatı yox, sələmlə birlikdə daha çox məbləği tələb etmişdir.
4. İddiaçı tərəfindən təqdim edilmiş cavabdeh və cavabdehin həyat yoldaşı olan Elsevər Allahverdiyev arasında olan, həmçinin Şahid2 ilə cavabdehin həyat yoldaşı olan Elsevər Allahverdiyev arasında olan telefon danışıqlarını əks etdirən 1 ədəd “CD” disk birinci instansiya məhkəmə iclasında tədqiq edilmiş və müəyyən edilmişdir ki, həmin diskdə olan 2024-cü ilin aprel ayına təsadüf edən səsyazmalarda iddiaçı və Şahid2 borcunu tələb etmiş, cavabdehin həyat yoldaşı isə konkret borc məbləği göstərməyərək borcu ödəyəcəyini bildirmiş, ona vaxt verilməsini xahiş etmişdir. Həmçinin həmin diskdə olan iddiaçı, cavabdeh və cavabdehin həyat yoldaşı olan Elsevər Allahverdiyev arasında olan danışıqlara dair səsyazmada cavabdeh uşaqlarına hazırlıq pulu tapıb verə bilmədiyini, bütün qab-qacaqlarının sələmə görə satıldığını, iddiaçıya olan borcunu qəbul etdiyini, həyat yoldaşı Elsevərin anası ilə birlikdə borcunu ödəməli olduğunu bildirmişdir. Diskdə olan iddiaçı ilə cavabdeh arasındakı 2024-cü ilin iyul ayında baş verən danışıqlarda iddiaçı cavabdehdən borcunu tələb etmiş, cavabdeh isə imkanının olmadığını, uşağının yenicə əməliyyatdan çıxdığını, qayınanasının pensiyasından ayda 100 manat olmaqla, cəmi 500 manat ödəyəcəyinə imkanının olduğunu bildirmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona borclu olduğu 15500 manat, hüquqi yardım üçün vəkilə ödədiyi 325 manat və dövlət rüsumu kimi ödədiyi 135 manat pul vəsaitinin alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı iddianın həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15.000 (on beş min) manat, hüquqi yardım üçün vəkilə ödədiyi 325 (üç yüz iyirmi beş) manat və dövlət rüsumu üçün ödədiyi 135 (yüz otuz beş) manat pul vəsaitinin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, göstərmişdir ki, cavabdehin ona borclu olduğu 15500 manat pul vəsaitindən 500 manatı, ayda 100 manat olmaqla cavabdehin qaynanası tərəfindən verilmişdir. Ona görə iddiasına azaltma verərək cavabdehdən 15500 manat yox, 15000 manat borclu olduğu pulu tələb edir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun qonşusudur və uzun müddətdir ki, bir-birlərini tanıyırlar. Bir neçə il öncə onlar bir yerdə işləmişlər. Qonşu olduqları və bir yerdə işlədiklərindən münasibətləri daha da yaxşılaşmışdır. Onlar çox yaxın rəfiqə olmuşlar. Hətta onlar bacı qədər bir-birlərinə yaxın olmuşlar. Bir neçə il öncə cavabdeh müəyyən problemləri olduğu üçün ondan köməklik göstərərək borc pul verməyini xahiş etmişdir. O, özündə pul olmadığından və onlar həddən artıq yaxın olduqlarından cavabdehə pul tapmaq üçün bir neçə şəxsə müraciət etmişdir. Beləliklə, bir neçə şəxsə müraciət etdikdən sonra, iş yoldaşı Şahid1 birinci dəfə 9100 (doqquz min yüz) manat, ikinci dəfə 2400 (iki min dörd yüz) manat pul alaraq həmin pulları elə Şahid1 yanında cavabdehə vermişdir. Daha sonra, qonşusu Şahid2 4000 (dörd min) manat alaraq həmin məbləği də Şahid2 evinin qarşısında Şahid2 yanında cavabdehə vermişdir. Həmin vaxt cavabdeh əri Elsəvər Allahverdiyev və uşaqları ilə birgə gəlmişdir. Beləliklə, o cavabdehə ümumilikdə borca 15500 manat pul vermişdir. Cavabdeh ona borc verdiyi pulları qısa vaxt ərzində qaytaracağına söz versə də, hazırki günə kimi qaytarmamışdır. O, cavabdehdən pulunu hər dəfə istəyəndə cavabdeh ona yaxın vaxta qaytaracağına söz versə də, lakin verdiyi sözə əməl etmir. O cavabdehə borc verdiyi pulunu geri ala bilmədiyi üçün məcbur olub hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Həmin pulun cavabdehə onun borc verməsini pulu aldığı şəxslər təsdiq edə bilərlər. Həmin şəxsləri - Şahid2 və Şahid1 məhkəmə iclasında şahid qismində dəvət edəcək.
8. Gəncə Şəhər Məhkəməsinin 2(125)-328/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim F.Fərhadov) iddia rədd edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı mübahisə üzrə sübut etmə yükü bilavasitə iddiaçının üzərindədir və iddiaçı irəli sürdüyü hüquqi mövqeyini müdafiə etməsi üçün əsaslandığı dəlillərini sübut etməyə borcludur. Lakin iş materiallarından da görünmüşdür ki, cavabdehə məhz 2022-ci ilin qış aylarında – yəni noyabr ayında 9100 manat və 2400 manat, dekabr ayında isə 4000 manat olmaqla, cəmi 15500 manat məbləğində pul vəsaitini borc verməsi faktını sübuta yetirmək vəzifəsi üzərinə düşən iddiaçı, qeyd edilən halı təsdiq edə biləcək etibarlı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385, 740-cı maddələrinə, Mülki Prosessual Məcəlləsinin 77.1 və 89-cu maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
11. Gəncə Şəhər Məhkəməsinin 2(125)-328/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehin yaxın münasibətləri olmuş, cavabdeh iddiaçıya müəyyən problemlərinin olmasını bildirməklə ondan borca pul isdəmişdir. Yaxın münasibətləri olduğu üçün iddiaçı pul taparaq cavabdehə borca 15.500 (on beş min beş yüz) manat pul vermişdir. Cavabdeh isə öz növbəsində aldığı borcu geri qaytarmamışdır. Məhkəmə qətnaməsinə nəzər salınsa və məhkəmə iclasının gedişatının audiovideo görüntüsünü dinlənilsə, açıq-aydın görünər ki, cavabdeh iddiaçıdan borca pul almışdır. Bu hal iddiaçının təqdim etdiyi sübutlarda, hətta cavabdehin özünün qismən etirafında da, öz əksini tapmışdır . İlk öncə cavabdeh iddiaçıdan qismən, yəni 7000 (yeddimin) manat borc almasını etiraf edir. Sonra həmin borcun qaytarılmasını və iddiaçıya hazırda 1500 (min beş yüz) manat borcu olmasını bildirir. Bu borcun hansı qaydada qaytarılmasına gəldikdə cavabdeh qeyd edir ki, guya ki, ayda 1050 (min əlli) manat olmaqla əri, qızı və iddiaçının oğlu vasitəsilə qaytarmışdır. Cavabdehin deməsinə görə borcunu 2019-2020-ci illərdə qaytarmışdır. Cavabdehin qızının hazırda 15 yaşı var, cavabdeh borcunu qaytaran zaman onun qızın 9-10 yaşı olmuşdur. 9-10 yaşlı bir uşağa 1050 (min əlli) manat pul verərək kiməsə göndərilməsi ağılabatandırmı? Bu gülməli səslənmirmi? Daha sonra bəzən əri vasitəsilə verməsini bildirir. İddiaçının təqdimetdiyi diskdə cavabdehin əri ilə iddiaçının səs yazısı var ki, cavabdehin əri iddiaçıya borcun yaxın zamanda qaytaracağını bildirir. Həmin səs yazısı 2024-cü ilə təsadüf edir. Əgər cavabdehin dediyi kimi cavabdeh tərəfindən iddiaçıya pul qaytarılmış olsaydı cavabdehin əri həmin danışıqlarda heç olmasa bir dəfə deyərdi ki, o qədər pul qaytarmışıq, qalanını qaytaracaqlar. Bu səs yazısı hətta iddiaçı ilə cavabdeh arasında da var ki, cavabdeh bir dəfə olsun belə iddiaçıya nə vaxtsa pul verməsini demir. Ancaq pulun əri, qaynanası ilə birgə almasını və qaytaracaqlarını qeyd edir. Onun vəziyyətini başa düşməsini xahiş edir. Bu səs yazısını İ instansiya məhkəməsi tərəfindən nədənsə sübut kimi qəbul edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 cavabdeh və onun əri ilə danışmış, hətta cavabdeh və əri Elsəvər ona belə etiraf etmişlər ki, borcu yaxın vaxtlarda qaytaracaqlar. İ instansiya məhkəməsi də, şahiddin ifadəsinə tənqidedici yanaşaraq sübut kimi qiymət verməmişdir. İddiaçı borcun 2022-ci ildə verilməsini, cavabdeh isə borcun 2019-cu ildə alınmasını bildirir. İ instansiya məhkəməsi iddiaçının deməsi yox, cavabdehin deməsini əsas götürərək borcun 2019-cu ilə təsadüf etməsini qətnaməsində göstərir. Məhkəmə cavabdehin deməsini necə qəbul edə bilər, iddiaçının deməsini isə qəbul etməyə bilər. Cavabdeh bu halı necə sübut etmişdir ki? Əksinə səs yazısı olan diskə nəzər salınsa görünər ki, həmin səs yazısı 2024-cü ilə təsadüf edir. Bu da borcun 2022-ci ildə verilməsinə daha uyğun olması etimalına gətirib çıxardır. 2019-cu ildə olsaydı bu səs yazısı 2020, 2021, 2022-ci illərə təsadüf edərdi, yoxsa ta 2024-cü ilə yox. Yuxarıda qeyd etdiyi kimi cavabdehin qismən etirafı olduğu halda və pulun müəyyən hissəsini qaytarmasını sübut etmək cavabdehin öz üzərində olduğu halda və cavabdeh bunu sübut edə bilməməsinə baxmayaraq, İ instansiya məhkəməsi bu hala qiymət verməmiş, əksinə iddiaçının bu qədər sübutları olduğu halda iddiaçının iddiasını sübuta yetirə bilməməsini qətnaməsində sadəcə söz yığını yazmaqla qeyd etmişdir. Bundan başqa, qətnamədə qeyd edilir ki, borc 2022-ci ilə təsadüf etmir, cavabdehin deməsinə görə borc 2019-cu ildə verilmişdir. Cavabdehin deməsi əsasdırmı, cavabdeh bunu necə sübuta yetirdi ki, borc ona 2019-cu ildə verilmişdir? Göründüyü kimi, cavabdehin qismən etiraf və iddiaçının şahid, disk kimi sübutları olmasına baxmayaraq, İ instansiya məhkəməsi nədənsə iddiaçının iddiasını təmin etməmişdir. Hesab etmişlər ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-328/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi qanunsuz və əsassızdır. Ona görə həmin qətnamədən apellyasiya şikayəti vermək məcburiyyətində olmuşlar. Odur ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-328/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddiaçının iddiasının təmin olunmasını xahiş etmişdir. Sübutlar olduğu halda İ instansiya məhkəməsi sübutlara qiymət verməmişdir. İ instansiya məhkəməsində hər şey tam sübuta yetirilməsinə baxmayaraq, təəssüflər olsun ki, iddia rədd edilmişdir. Qətnamə başdan-başa işin hallarına uyğun gəlmir. Bütün sübutlar İ instansiya mıəhkəməsinə təqdim edilmiş, hətta cavabdehin qismət etirafı belə vardır.
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, uyğun məzmunlu izahat vermiş, apellyasiya şikayətininin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, cavabdeh ilə birlikdə uşaq bağçasında işləmişlər. Bir gün cavabdeh pula ehtiyacı olduğunu bildirmişdir. 2022-ci ilin noyabrında rəfiqəsindən 9100 manat alıb, cavabdehə vermişdir. Həmin ilin noyabr ayının axırında 2400 manat Vəfa adlı şəxsdən, dekabrında isə 4000 manat Tahirə adlı şəxslərdən alıb, cavabdehə vermişdir. Cavabdeh borcunu 3 aya qaytaracağını bildirmişdir. Pulu faizə verməmişdir. Əvvəllərdə cavabdehə pul vermişdir. Ancaq həmin pullar hazırki iddia tələbinə aid deyildir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, pulları Vəfa və Tahirənin yanında vermişdir. Cavabdeh ona demişdir ki, borcu qaytarmağa qardaşı köməklik edəcəkdir. Aralarında yazılı müqavilə olmamışdır. Vəfa ilə Lalənin də, münasibətləri yaxşı idi. Özü də, Vəfadan borc istəmişdir. Lakin Vəfa ona görə Laləyə borca pul vermişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkil) Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, uyğun məzmunlu izahat vermiş, apellyasiya şikayətininin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, birinci instansiya məhkəməsində cavabdeh özü də iddianı qismən etiraf etmişdir. Cavabdehin deməsinə görə borcunu 2019-2020-ci illərdə qızı vasitəsi ilə qaytarmışdır. Cavabdehin qızının hazırda 15 yaşı var, cavabdeh borcunu qaytaran zaman onun qızın 9-10 yaşı olmuşdur. 9- 10 yaşlı bir uşağa 1050 (min əlli) manat pul verərək, kiməsə göndərilməsi ağlabatan deyildir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, 2019-cu ildə 7000 manat sələmə pul almışdır. Əvəzində qızıl-komplekt qoymuşdur. İddiaçı pulu aldığı çox adam sadalamışdır. Sonuncu dəfə isə Vəfa adlı şəxsi gətirmişdir. Uşağının pensiya kartı da, iddiaçıda olmuşdur. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, ayda 1050 (min əlli) manat pul vermişdir. Pandemiya olanda çətinlik çəkmişdir. Az əmək haqqı aldığı üçün Bank ona kredit verməmişdir. 2024-cü ildə ki səs yazısı yoldaşınındır. Orada ümumi sələmi istəmişdir. O, borcu verib qurtarmışdır. Sonuncu 500 manatı isə qaynanası vermişdir. 10 ay 1050 manat vermişdir. 100 manatın ayı 15 manat faiz vermişdir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, girov qoyduğu qızıl 2250 manat dəyərində olmuşdur. İddiaçı qızılları Sədaqət adlı şəxsə satdığını bildirmişdir. 10 ay faizini verdikdən sonra əsas borcu da qaytarmışdır. Ümumiyyətlə tərəflər arasında 2022-ci ildə borc olmamışdır. 2019-cu ildə borc qaytarılıb. İddiaçı isə 2022-ci ildə verdiyi borcu tələb etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
18. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
20. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
21. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
22. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
23. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
30. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
31. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
32. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 2(125)-328/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iş materialları və tərəflərin verdiyi izahatlar ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh qonşudurlar və əvvəllər bir yerdə işləmişlər. Aralarında yaxın dostluq münasibətləri olmuşdur. Cavabdeh iddiaçıdan borca pul istəmişdir. İddiaçının cavabdehə borca pul verməsi, cavabdehin də izahatı ilə təsdiq olunur. Tərəflər arasında bir neçə dəfə borc münasibətləri qurulması iddiaçının izahatı ilə təsdiq olunur. Cavabdeh iddiaçıdan aldığı borcları qaytardığını, iddiaçı isə borcun ödənilmədiyini, cavabdehin əvvəlki borcları göstərdiyini iddia etmiş, hazırki iddia ərizəsindəki borcun cavabdeh tərəfindən ödənilməyini iddia etmişdir.
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçı cavabdehə 2022-ci ildə borca pul verməsini sübuta yetirə bilməmişdir. Əvvəlki borcların qaytarıldığını iddiaçı özü etiraf etmişdir. Lakin hazırki iddia üzrə cavabdehin iddiaçıya borcunun olması iş materialları və təqdim olunmuş sənədlər ilə sübuta yetirilmir. Belə ki, onlar arasında heç bir yazılı müqavilə bağlanmamışdır. Halbuki, qanunvericiliyin tələbinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
38. Kollegiya qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlər şəxsi xarakterli olduğundan işin həqiqi hallarını müəyyən etmək üçün onların verdikləri izahatlar digər sübutlarla qarşılıqlı əlaqəli şəkildə araşdırılmalı və qiymət verilməlidir. Qanunvericiliyin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İddiaçı verdiyi izahatlarında cavabdehin ərinin diskdə səs yazısı olduğunu və borcun orada etiraf edildiyini göstərmişdir.
39. Göründüyü ki, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin səs yazısına dair dəlili ilə bağlı qeyd edir ki, səs-yazısında borcun nə vaxt verilməsi qeyd edilməmişdir. İddiaçı səs yazısının 2024-cü ildə aparılmasını qeyd edir və şikayətini onunla əsaslandırır ki, əgər borc 2019-cu il tarixdə verilmiş olsaydı səs yazısı 2021-2022-ci illərə aid olardı. Məhkəmə kollegiyası iddiaçının həmin dəlilini əsassız hesab edir.
41. Həmçinin məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin iddianı qismən etiraf etməsi ilə bağlı qeyd edir ki, cavabdeh iddiaçıdan 2019-c il tarixdə 7000 manat aldığını və həmin borcu qaytardığını qeyd etsə də, iddiaçı 2019-cu il tarixdə cavabdehə borc vermədiyini, yalnız 2022-ci il tarixdə borc verməsində təkidlə israr etmişdir. Bu baxımdan kollegiya apellyasiya şikayətinin həmin dəlilini də, əsassız hesab edir.
42. Məhkəmə kollegiyası həmçinin iş üzrə şahid ifadələrini birinci instansiya məhkəməsinin nəzərə almamasına dair apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş şahidlər Şahid1 və Şahid2 iddiaçının cavabdehə 2022-ci ilin noyabr və dekabr aylarında borc verilməsini ifadələrində bildirməsinə baxmayaraq, həmin pul məbləğlərinin onların özlərinə məxsus olduğunu bildirməsi və bu səbəbindən onların hazırkı iddia tələbinin təmin olunmasında maraqlı olması baxımından həmin şahidlərin ifadələrini mötəbər sübut kimi qəbul etməməkdə haqlı olmuşdur.
43. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki hallarına uyğun olaraq, iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi: Gəncə Şəhər Məhkəməsinin 2(125)-328/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-328/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.