Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-893/2023 30.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədova Gözəl Nəzarət qızının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-81/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh ona dəymiş 4500 manat məbləğində maddi zərərin ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında olan razılaşmaya əsasən, cavabdeh podrat müqaviləsi üzrə 2019-cu ilin sentyabr-oktyabr aylarında ona məxsus olan Gədəbəy rayonu, Dəyirmandağı kəndində yerləşən fərdi yaşayış evinin çardağını quraşdırmalı, çardağın tavanını laklamalı, tavanın baca-qapısını düzəltməli, həmçinin evin pilləkənlərini quraşdırmalı, evin qapısını düzəltməli olduğu halda qapını düzəltməmiş, o, cümlədən çardağın tavanını və otaqları laklamaq üçün 24 kq dolğu və 13 kq lak alınaraq cavabdehə verilsə də, cavabdeh bu işi icra etməmiş olduğundan lak və dolğu quruyaraq yararsız hala düşmüş, həmçinin cavabdeh çardağın profilini səhv bərkitmiş və evin borularını düzəltməmiş, evin pilləkənini və otağın naliçniklərini düzəltməmiş, metal dirəkləri qaynaq etməmişdir. Hazırda ev uçmaq qorxusu altındadır. Eləcə də, evin qapısının düzəldilməsi üçün cavabdehə 6 ədəd quru taxta, kley, petlə və qıfıl vermişdir. Həmçinin cavabdehə evinə su çəkilməsi üçün 500 manat pul verilmiş, lakin bu öhdəliyini də icra etməyərək ona əhəmiyyətli dərəcədə zərər vurmuşdur. Odur ki, Cavabdeh tərəfindən ona dəymiş 4500 manat məbləğində maddi zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-81/2022 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Marif Kazımov) iddia qismən təmin edilmiş, Cavabdeh görülməli olan işlərin qüsurlu icra edilməsi nəticəsində vurulmuş maddi zərərə görə 447 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi, ümumilikdə 477 manat məbləğində pulun tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-81/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və Cavabdeh tərəfindən ona vurulmuş 8500 manat məbləğində ziyanın tam şəkildə ona ödənilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 05 sentyabr 2019-cu ildə ona məxsus Gədəbəy rayonu, Dəyirmandağı kəndində yerləşən fərdi yaşayış evinin tikintisi və təmiri üçün Cavabdeh ilə podrat müqaviləsi ilə iş üzrə razılığa gəlmişlər. Aralarında olan razılaşmaya əsaəsn, cavabdeh 3000 manat müqavilində mülkiyyətində olan evin çardağının quraşdırılması, çardağın tavanını quraşdırılması, laklanması, tavanın bacaqapısını düzəlməsi, həmçinin evin pilləkənlərinin quraşdılması, evin qapısının düzəltməsini öz üzərinə götürmüşdür. Cavabdedhə həmin işlərin görülməsi üçün 15.000 manat dəyərində inşaat materialları alaraq, cavabdehə təhvil vermişdir. Cavabdehə 2500 manat məbləğində pulu əvvəlcədən vermiş və sonra ona məlum olmuşdur ki, çox işi görməmişdir. Bundan başqa, cavabdeh bir sıra materialları evdən oğurlamış və bu səbəbdən aralarında mübahisə yaranmış və cavabdehin oğurluq etməsinə görə, Polisə şikayət etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin olunmasını, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-81/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, o, iddiaçının mənzilində təmir-tikinti işlərini görmüşdür. Lakin aralarında olan narazılığa görə, görülməyən bir sıra işlər qalmışdır. Belə ki, yarımçıq qalan çardağının baca-qapısının düzəlib quraşdırılması üçün 20 manat, çardağın laklanması üçün 80 manat, otağın laklanması üçün 40 manat zəhmət haqqı tələb edilir ki, həmin məbləğ qanuni qüvvədə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ona qət edilən məbləğdən çıxılmışdır.Məhkəmə qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin olunmamasını, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-81/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-81/2022 nömrəli qətnaməsi dəyişdirilməli, Cavabdeh maddi zərərin əvəzi olaraq 2.096,5 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməli, ekspertiza xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-331/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı 4088 manat və ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsi, cəmi, 4108 manat alınaraq, Cavabdeh verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyun 2022-ci il tarixli, 10/3198 nömrəli ekspert rəyindən görünür ki, Gədəbəy rayonu, Dəyirmandağ kəndində Cavabdeh tərəfindən görülmüş olan işlərdə yol verilmiş qüsurlar və yarımçıq qalmış, görülməmiş işlər nəticəsində İddiaçı təqribən orta bazar qiymətlərinə uyğun olaraq 447 manat məbləğində ziyan vurulduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 noyabr 2022-ci il tarixli, 10/5676 nömrəli ekspert rəyindən görünür ki, Gədəbəy rayonu, Dəyirmandağ kəndində Cavabdeh tərəfindən aparılmış qüsurlu təmir-tikinti bərpa işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 447,0 manat, İddiaçı dediklərinə və iş materiallarında olan məlumatlarına əsasən Cavabdeh tərəfindən görülməyən işlərin görülməsi üçün aparılmalı tikinti-təmir işlərinin təqribi ümumi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 1789,5 manat məbləğində müəyyən olunmuşdur. İlkin ekspert rəyinin nəticəsində qeyd olunan qiymətdən əlavə müəyyən olunmuş qiymət fərqi qoyulmuş sualdan əlavə, məhkəmə ekspertizasının predmetinə aid olan və iş üçün əhəmiyyətli sayılan halların (təmir-tikinti üzrə görülməyən işlərin) hazırkı rəydə göstərilməsindən ibarətdir və bu məsələyə son nəticədə məhkəmə tərəfindən qiymət verilə bilər. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən aparılmış qüsurlu təmir-tikinti bərpa işlərinin ümumi dəyəri ekspert rəyinə əsasən 447 manat müəyyən edildiyindən, iddia tələbi həmin məbləğdə təmin edilməlidir. Qanuni qüvvədə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-331/2020 saylı qətnaməsi ilə hazırki mübahisə üzrə görülməyən işlərin görülməsi üçün aparılmalı tikinti-təmir işləri ilə bağlı hissəyə qiymət verildiyi üçün, ekspert rəyində göstərilən görülməyən işlərin görülməsi üçün qeyd edilmiş məbləğ hesablanmamalı və nəzərə alınmamalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə qismən razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh ilə aralarında iddiaçının yaşadığı Gədəbəy rayonu, Dəyirmandağ kəndində yerləşən fərdi yaşayış evində təmir-tikinti bərpa işlərinin aparılması barədə şifahi podrat müqaviləsi bağlamışlar. Müqavilənin şərtlərinə görə iddiaçı fərdi yaşayış evində təmir-tikinti bərpa işlərinin aparılması ilə bağlı cavabdehə razılığa gəlmiş və cavabdeh həmin fərdi yaşayış evini qüsursuz şəkildə təmir-tikinti bərpa işləri aparmağı öhdəsinə götürmüşdür. Cavabdeh həmin fərdi yaşayış evində təmir-tikinti bərpa işlərini icra etsə də, qüsurlu şəkildə icra etmiş və bir sıra işlər görülməmişdir. Belə ki, cavabdehin öz üzərinə götürdüyü öhdəliyi icra edərkən hər hansı qüsura yol verib-verməməsi, qüsura qol verilmişdirsə bunun nəticəsində iddiaçıya nə qədər ziyan dəyməsinin aydınlaşdırılması üçün məhkəmənin 07 dekabr 2021-ci il tarixli və xx.xx.2022ci il tarixli qərardadları ilə iki dəfə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyun 2022-ci il tarixli, 10/3198 nömrəli və 14 noyabr 2022-ci il tarixli, 10/5676 nömrəli ekspert rəylərinə əsasən, Gədəbəy rayonu, Dəyirmandağ kəndində Cavabdeh tərəfindən aparılmış qüsurlu təmir-tikinti bərpa işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 447 manat, görülməyən işlərin görülməsi üçün aparılmalı tikintitəmir işlərinin təqribi ümumi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 1789,5 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Maddə 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Maddə 765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Göründüyü kimi, Cavabdeh İddiaçı məxsus mənzilin təmirini razılaşdırılmış müddətdə və keyfiyyətdə yerinə yetirməmiş, mənzili qüsurlu (natamam və keyfiyyətsiz) şəkildə iddiaçıya təhvil vermiş, iddiaçının yenidən keyfiyyətli işin görülməsi ilə bağlı təklifi üzrə də qüsurları aradan qaldırmamış, aparılmış ekspertiza tədqiqati nəticəsində tədqiq olunan yaşayış evində yaranmış qüsurların və görülməyən işlərin aradan qaldırılması üçün görülməli bərpa işlərinin ümumi dəyəri 2236,5 manat, yəni, qüsurların aradan qaldırılması üçün 447 manat, görülməyən işlər üçün 1789,5 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı 4088 manat və ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsi, cəmi, 4108 manat alınaraq, Cavabdeh verilməsi barədə qanuni qüvvədə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)- 331/2020 saylı qətnaməsi iddianın görülməyən işlərin aradan qaldırılması üçün ekspert rəyi ilə müəyyən edilmiş məbləğin rədd edilməsinə hüquqi əsas vermir. Belə ki, həmin qətnamə Cavabdeh İddiaçı qarşı fərdi yaşayış evində gördüyü tikinti-təmir işlərinə görə aralarında razılaşdırılmış məbləğin İddiaçı tərəfindən ödənilməməsi ilə bağlı olmuş və həmin iş üzrə evdə görülən işlər üzrə yaranmış qüsurlar və görülməyən işlərin aradan qaldırılması üçün görülməli bərpa işlərinin məbləği araşdırılmamışdır. Bununla belə, həmin qətnamə ilə müəyyən edilir ki, Cavabdeh izahatına uyğun olaraq, yarımçıq qalan çardağının baca-qapısının düzəlib quraşdırılması üçün 20 manat, çardağın laklanması üçün 80 manat, otağın laklanması üçün 40 manat zəhmət haqqı tələb edilir ki, həmin məbləğ qanuni qüvvədə olan Gədəbəy Rayon Məhkəməsinin 31.05..2020-ci il tarixli qətnaməsi ilə ona qət edilən məbləğdən çıxılmışdır. Azərbaycan Respublikası MPM-nin 385.1.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərdiyi dəlilləri işin hallarına uyğun olmamış və məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Ona görə də, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-81/2022 nömrəli qətnaməsi dəyişdirilməli, görülməyən işlərin aradan qaldırılması üçün görülməli bərpa işlərinin ümumi dəyəri 1789,5 manatdan həmin 140 manat çıxılmalı və qalan 1649,5 manatın üzərinə qüsurlu təmir-tikinti bərpa işləri üçün müəyyən edilən 447,0 manat əlavə olunmalı və 2.096,5 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. İşdə olan ekspertiza xərclərinə dair xx.xx.2022-ci il vəxx.xx.2022-ci il tarixli bildirişlərdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə ekspertiza xərci Cavabdeh aid edilməli və ondan ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pul tutularaq, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385,392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-81/2022 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh 2.096,5 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. İş üzrə ekspertiza xərci Cavabdeh aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pul Cavabdeh tutularaq, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE******************** hesabına köçürülsün. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-893/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-893/2023
30.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver