Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-894/2023 13.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə Naftalan Şəhər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli 2(052)-230/2022 nömrəli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Naftalan Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən PBG16-İK0017 nömrəli kredit müqaviləsinə əsasən 3251,66 manat əsas, 895 manat faiz, 846,15 manat cərimə olmaqla, cəmi 4992,81 manat borc və ödənilmiş 70 manat dövlət rüsumu alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Naftalan Şəhər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli 2(052)-230/2022 nömrəli (hakim T.Ələkbərov) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 3251,66 manat əsas, 895 manat faiz, 50 manat cərimə borcu olmaqla, cəmi 4196,66 manat məbləğində vəsait, həmçinin 61,97 manat dövlət rüsumunun əvəzi (ödənilmiş tələblərin məbləğinə münasib olaraq) İddiaçı ASC-nin xeyrinə tutulması; İddia qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən narazı qalan İddiaçı ASC apellyasiya şikayəti verərək, qətnamənin cərimə borcunun qismən təmin olunması hissədə ləğv edilməsi və həmin hissədə iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 20 oktyabr 2016-cı il tarixli PBG16-İK0017 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 01 oktyabr 2020-ci il tarixədək ödəmək şərti ilə illik 21 faiz olmaqla (illik cərimə faizi 180) 3650 manat istehlak məqsədləri üçün kredit verilmişdir. Borcalan kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımı qaydada icra etməmişdir. Kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirmədiyi günlərin sayı 1910 gün təşkil etmişdir. Borcun ödənilməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Buna baxmayaraq 24 avqust 2022-ci il tarixə ödənilməmiş 3251,66 manat əsas, 895 manat faiz, 846,15 manat cərimə olmaqla, cəmi 4992,81 manat borc yaranmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi cərimə borcunu tam təmin etməməkdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, X1 qeyd edilir ki, kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikinə və “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə cərimə hesablanır. Cərimə faizi kreditin müddəti bitənədək və kredit müddəti bitdikdən sonra müəyyən olunur. Lakin birinci instansiya məhkəməsi cərimə məbləğini azaldarkən öhdəliyin icrasının gecikdirilməsi müddətlərini nəzərə almamışdır. 24 avqust 2022-ci il tarixə cavabdeh tərəfindən PBG16-İK0017 nömrəli kredit müqaviləsi üzrə kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirilmədiyi günlərin sayı 1910 gün olduğundan cərimə məbləğinin 50 manat məbləğində müəyyən edilməsi həmin günlərə mütənasib deyildir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 394-1.1. maddəsinə görə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir. Həmin Məcəllənin 394-1.2. maddəsinə əsasən işdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 394-1.3. maddəsinə əsasən apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 394-1.4. maddəsinə əsasən iş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Verilmiş apellyasiya şikayətindən görünür ki, qətnamə cərimə borcunun qismən təmin edilməsi hissədə mübahisələndirilmişdir. Qətnamə digər hissələrdə mübahisələndirilmir. Ona görə də kollegiya hesab edir ki, qətnamə mübahisələndirilən hissədə yoxlanılmalıdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Qətnamə mübahisələndirilən hissədə kollegiya apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: 20 oktyabr 2016-cı il traixli PBG16-İK0017 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 01 oktyabr 2020-ci il tarixdək (48 ay müddətinə) qaytarmaq şərti ilə illik 21 faiz, illk cərimə faizi 180 olmaqla 3650 manat kredit verilmişdir. Maliyyə arayışın surətindən görünür ki, Cavabdeh 20 oktyabr 2016-cı il traixli PBG16-İK0017 nömrəli kredit müqaviləsi üzrə 3251,66 manat əsas, 895 manat faiz, 846,15 manat cərimə olmaqla, cəmi 4992,81 manat borc yaranmışdır. Qətnamə mübahisələndirilən hissədə birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddələrinə istinadən hesab etmişdir ki, iddia tələbi qismən, yəni 50 manat təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2. maddəsinə görə isə, borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 460.1. maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1. maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Göründüyü kimi məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Kollegiya tələb olunan 846,15 manat cərimənin 50 manat təmin edilməsini kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri baxımından yetərli hesab edir. Apellyasiya şikayətinin dəlili qətnamənin həmin hissədə ləğvi üçün əsas deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İşdən müəyyən olunur ki, qətnamə mübahisələndirilən hissədə ddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naftalan Şəhər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli 2(052)-230/2022 nömrəli qətnaməsi mübahisələndirilən, yəni “Cavabdeh 50 manat cərimə borcunun tutulması hissədə” dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-894/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-894/2023
13.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver