Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-898/2023 28.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi, İddiaçı, Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4 və X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli 2(013)-2649/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, 4546 manat borcun və 62 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli 2(013)-2649/2022 nömrəli (hakim R.Məmmədov) qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 4000 (dörd min) manat pul vəsaiti və 62 (altmış iki) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməsi; İddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya instansiyasında icraat zamanı X4 və X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 19 sentyabr 2018-ci il tarixdə 4000 manat, bundan əlavə isə 546 manat olmaqla ümumilikdə 4546 manat ondan borc almışdır. Həmin pulun 4000 manatını notariat qaydada, qalan 546 manatı isə şahidlərin iştirakı ilə vermişdir. Dəfələrlə borcun ödənilməsini tələb etməsinə baxmayaraq, cavabdeh borcunu ödəməmişdir. Borcun ödənilməsi ilə bağlı Bərdə rayon polis şöbəsinə də müraciət etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, əmisi X7 19 mart 2018-ci il tarixdə ona zəng edərək Bərdə Regional “ASAN Xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinə çağırdığından oraya getmişdir. Əmisi bildirmişdir ki, ona məxsus evi Zərqələm Qasımoyava satmaq istəyir, lakin onun və Zərqələm Qasımovanın şəxsiyyət vəsiqələri üzərlərində olmadığından notariat hərəkətlərini o və İddiaçı adından aparılacaq. Beləliklə onunla İddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə 4000 manat əmisi X3 verilmişdir. Yəni onunla İddiaçı arasında bağlanmış kredit müqaviləsi formal olaraq bağlanmışdır. Həmçinin kredit müqaviləsi üzrə borcun tələb edilməsi üçün iddia müddəti də ötmüşdür. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, əmisi X7 zəng edərək onu notariat ofisinə çağırmışdır. Zərqələm adlı qadının ondan ev aldığını, şəxsiyyət vəsiqələri olmadığı üçün notarial hərəkətlərin iddiaçı ilə onun arasında aparılaraq müqavilə bağlanmasını bildirmişdir. O, iddiaçıdan özü üçün borc pul almamış, 4 il əvvəl evin alğı-satqısı ilə bağlı olan pulu Zərqələm əmisinə vermişdir. Məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, X4 onun tanışıdır. Zərqələm cavabdehin əmisi Elşəndən ev almış, lakin, evin sənədi olmamışdır. Zərqələmin pulunun Elşənə verilməsinin rəsmiləşdirilməsi üçün notariusa müraciət etmişlər. Notariusda Elşənin şəxsiyyət vəsiqəsi üzərində olmadığı üçün sənədləşmənin aparılması mümkün olmamış, Elşən cavabdehi çağıraraq aralarında notarial müqavilə bağlamışlar. Həmçinin Zərqələmin şəxsiyyət vəsiqəsi olmadığı üçün sənədləşmə onun adından aparılmalı olduğundan Zərqələm pulu ona, o isə Elşənə vermişdir. Aralarında borc müqaviləsi bağlanmış, lakin borc olmamış, əslində ev alğı-satqısı olmuşdur. Məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X4 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı onun tanışıdır. O, ev almaq üçün cavabdehin əmisi Elşən adlı şəxslə razılaşmışdır. Əvvəl 500 manat cavabdehin əmisi Elşənə beh vermiş, Elşən sonradan 4 mini də istəmişdir. O, ehtiyat edib pulu notarius vasitəsi ilə verilməsini istəmişdir. Onun şəxsiyyət vəsiqəsi olmadığından müqavilə Esmiranın adından bağlanmış, pulu isə Zərqələmə vermiş, sonuncuda həmin pulu onun yanında Elşənə vermişdir. Məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X7 izahatında bildirmişdir ki, o, evini satmaq üçün X4 ilə razılaşmışlar. Lakin, evin sənədi olmadığına görə alğı-satqı müqaviləsi bağlamaq mümkün olmamışdır. Əvvəl Zərqələm ona nağd 500 manat beh verilmiş, sonra notariusda 4000 manat almışdır. Notariusda onun və Zərqələmin şəxsiyyət vəsiqəsi üzərlərində olmadığı üçün müqavilə qardaşı oğlu Elşənlə iddiaçı Esmira arasında bağlanmışdır. Məhkəmə kollegiyasından ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Hüquqi məsələlər: Cavabdeh apellyasiya şikayətində qətnamənin tamamilə ləğv edilməsini xahiş etsə də, lakin şikayətin məzmunundan müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirilmişdir. Qətnamə digər hissələrdə mübahisələndirilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə mübahisələndirilən hissədə yoxlanılmalıdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Məhkəmə kollegiyası qətnamə mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: 19 sentyabr 2018-ci il tarixli İddiaçı ilə Cavabdeh arasında Bərdə Regional “ASAN Xidmət” mərkəzinin notariat ofisində bağlanmış kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 4000 manat borc pul vermişdir. Birinci instansiya məhkəməsi qətnamə mübahisələndirilən hissədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 739.1 və 739.2-ci maddələrinə istinadən hesab etmişdir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası qətnamə mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hüquqi müstəvidə əqdin mövcudiyyətinin əmələ gələ bilməsi üçün tələb olunan təməl şərtlər əqdin qurucu ünsürləri hesab edilir. Əqdin varlığı baxımından əsas qurucu şərt heç şübhəsiz olaraq iradə ifadəsidir. Ancaq nəzərə alınmalıdır ki, iradə ifadəsi müəyyən bir hüquqi nəticəyə yönəlmiş olmalı, həm də hüquq sistemi tərəfindən görünüşdə bu iradə ifadəsinə uyğun hüquqi nəticə bağlanmış olmalıdır. Ümumiyyətlə “iradə” mücərrəd və subyektiv bir anlayış olsa da, lakin burada mahiyyət etibarı ilə hüquqi baxımdan şəxsin müəyyən bir məsələ barəsindəki niyyət və fikrini ifadə edir. Əqdləri əmələ gətirən əsas ünsür kimi “iradə ifadəsi” anlayışı: 1 - əqd bağlamaq barəsində fikir və niyyətin (yəni iradənin) formalaşması, 2 – bu niyyəti açıqlamaq istək və iradəsinin formalaşması, 3 - əqdi bağlamaq iradəsini açıqlayan hərəkətin icra edilməsi mərhələlərinin hamısını əhatə edir. Yəni əqdi əmələ gətirən iradə ifadələri bu üç xüsusatın üçünü də özündə ehtiva etməli olan ünsürlərdir. Nəzərə almaq lazımdır ki, şəxs (şəxslər) istədiyi üçün əqdlər hüquqi nəticə doğurur. Bu baxımdan da əqd arzu olunan hüquqi nəticəni əmələ gətirən iradə ifadəsidir. Ona görə də etibarlı əqddən bəhs olunması üçün iradənin ifadə olunması (bəyan edilməsi), ifadə olunan iradənin müəyyən bir hüquqi nəticəyə yönəldilmiş olması, hüquq sisteminin də bu iradə ifadəsinə uyğun hüquqi nəticəni əmələ gətirmiş olması lazımdır. Öhdəliyin əmələ gəlməsi üçün onun tərəfləri arasında əqdin bağlanması zəruridir. Əqddən yalnız o halda bəhs etmək mümkündür ki, əqdi əmələ gətirən iradə ifadəsi, görünüş etibarı ilə hüquqi nəticəni gerçəkləşdirmək məqsədilə edilmiş olsun. İradə ifadəsi müəyyən bir hüquqi nəticəyə yönəlmiş olmalı, hansı hüquqi nəticəni əmələ gətirmək üçün edildiyi müəyyən edilə bilinmədiyi təqdirdə əqd əmələ gəlmir. Qarşılıqlı bir-birinə uyğun iradə ifadələri nəticəsində əmələ gələn əqd növünə müqavilə deyilir. Əsas etibarı ilə müqavilələr fərqli mənafe və məqsədlərlə (məsələn biri satmaq digəri isə almaq) hərəkət edən şəxslər arasında müəyyən hüquqi nəticəni əmələ gətirmək üçün bağlanır. Müqavilə ikitərəfli əqd növüdür və bu anlayışı əmələ gətirən meyar öhdəlikdir. Əgər müqavilə üzrə tərəflərdən hər birinin öhdəliyi, sırf qarşı tərəfin öhdəliyinin yaranması əvəzində əmələ gəlirsə onda bu cür müqavilələrə tam ikitərəfli müqavilədir. Nəticə etibarı ilə qüvvədə olan mülki qanunvericiliyin tələblərinə əsasən müqavilə anlayışına və müqavilələrin bağlanılmasının ümumi şərt və əsaslarını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405-424 maddələri ilə tənzimlənən ümumi sisteminə uyğun olaraq razılaşma ilə əmələ gələn bir əqd mahiyyətindədir. Məhkəmə kollegiyasını iclasında isə müəyyən olunur ki, İddiaçı Bərdə Regional “ASAN Xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisində bağlanmış 19 sentyabr 2018-ci il tarixli, 3M-856 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 4000 manat, bundan əlavə isə şahidlərin iştirakı ilə 546 manat borc verdiyini, borcun ödənilməsini tələb etməsinə baxmayaraq, borcun ödənilmədiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddia tələbini qismən təmin etmişdir. Bundan əvvəldə qeyd edildiyi kimi birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirilmişdir və məhkəmə kollegiyası həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, İddiaçı Cavabdeh 4000 manat borcun ödənilməsini Bərdə Regional “ASAN Xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisində bağlanmış 19 sentyabr 2018-ci il tarixli, 3M-856 nömrəli kredit müqaviləsi əsasında tələb edir. İşdən isə müəyyən olunur ki, İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməmişdən əvvəl Cavabdeh ilə aralarında yaranmış mübahisə ilə bağlı Bərdə rayon Polis şöbəsinə müraciət etmiş və sonuncunun müraciəti əsasında araşdırma aparılaraq 05 sentyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərardan görünür ki, İddiaçı araşdırma zamanı izahatında bişdirmişdir ki, rəfiqəsi X4 ilə Ağdam rayonu Qarapirim kəndində yaşayan X2 qardaşı oğlu Cavabdeh vasitəsilə Tərtər rayonu Şıxarx qəsəbəsində yerləşən evi almaq məqsədilə 19 mart 2018-ci il tarixdə Bərdə Regional “ASAN Xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisində Cavabdeh 4000 manat pul vermişdir. İşləri alınmadığından Cavabdeh pulunu tələb etsə də, sonuncu pulu qaytarmamışdır. İddiaçı məhkəmə kollegiyasının iclasında da həmin məzmunda izahat vermişdir. Həmçinin iş üzrə tərəflərin və 3-cü şəxslərin kollegiyanın iclasında verdikləri izahatlarından da görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə 4000 manat pulu Elşən Abdullayev almışdır. Belə ki, əslində evin faktiki olaraq alqısatqısı X5 Qasımova arasında olmuşdur. Lakin evin hüquqmüəyyənedici sənədi olmadığına görə pulun verilməsini kredit müqaviləsi ilə rəsmiləşdirmişlər. X6 və Zərqələm Qasımovanın şəxsiyyətlərini təsdiq edən sənədləri mövcud olmadığından həmin kredit müqviləsi Elşən Abdullayevin xahişi ilə onun qardaşı oğlu Cavabdeh ilə İddiaçı arasında bağlanmışdır. Göründüyü kimi İddiaçı Bərdə Regional “ASAN Xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisində bağlanmış 19 sentyabr 2018-ci il tarixli, 3M-856 nömrəli kredit müqaviləsi Cavabdeh 4000 manat pulu borc olaraq verməmiş, sonuncu da həmin pulu qaytarmaq öhdəliyi götürməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə kollegiyası qeyd edir ki, etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Nəzərə alınmalıdır ki, əqd arzu olunan hüquqi nəticələri əmələ gətirən iradə ifadəsidir və burada arzu olunan hüquqi nəticə ifadəsi həmin əqd üzrə hüquq və öhdəlikləri əmələ gətirməkdir. Buna görə də etibarsız əqd hüquqi nəticələrə səbəb olmur. Əhəmiyyətsiz əqd ifadəsi həmin əqd üzrə hüquq və öhdəlik (vəzifənin) əmələ gəlmədiyini bildirir. Əgər əqd əlavə heç bir şərt və hərəkətdən asılı olmayaraq bağlandığı andan öz-özlüyündə haqq və öhdəlik (vəzifə) əmələ gətirmirsə, o zaman həmin əqd əhəmiyyətsiz əqd sayılır. Yəni, mülki hüquqda əqdlər baxımından etibarsızlığın bir növü kimi “əhəmiyyətsizlik” sözü, bağlanmış bir əqdin hüquq və öhdəlik əmələ gətirmək qabiliyyətinin və xüsusiyyətinin olmaması halını ifadə edir. Başqa sözlə, mülki hüquqda əqdlər baxımından etibarsızlıq sözü əqdin hüquq və öhdəlik əmələ gətirmək keyfiyyətinə malik olmaması halını, etibarsızlığın bir növü kimi “əhəmiyyətsizlik” sözü isə əlavə heç bir şərt və hərəkətdən asılı olmadan əqdin belə bir halda olduğunu bildirir. Əhəmiyyətsiz əqdin hüquq və öhdəlik əmələ gətirmək keyfiyyəti və xususiyyətləri olmadığına görə yalnız əqdin tərəfləri deyil, istənilən maraqlı şəxs əqdin əhəmiyyətsizliyinə istinad edə bilər. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericilikdə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin qeyd olunan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bərdə Regional “ASAN Xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisində İddiaçı ilə Cavabdeh arasında bağlanmış 19 sentyabr 2018-ci il tarixli, 3M-856 nömrəli kredit müqaviləsi tərəflər arasında borc-öhdəlik hüquq münasibətlərinin yaranmasının əsası kimi qəbul edilə bilməz. Əslində həmin müqavilə yalan əqd olmaqla əhəmiyyətsizdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Bərdə Regional “ASAN Xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisində İddiaçı ilə Cavabdeh arasında bağlanmış 19 sentyabr 2018-ci il tarixli, 3M-856 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh borc tutulması istisna təşkil edir. İşə baxan birinci instansiya məhkəməsi isə qətnamə mübahisələndirilən hissədə qeyd olunan bu hallara düzgün hüquqi qiymət vermədən həmin hissədə iddianı təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilməmiş, müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməməlidir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1.-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İşdən müəyyən olunur ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli 2(013)-2649/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni “Cavabdeh 4000 (dörd min) manat pul vəsaiti və 62 (altmış iki) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməsi” hissədə ləğv edilsin. Həmin hissədə iddia təmin edilməsin. İş üzrə ödənilmiş 62 (altmış iki) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-898/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-898/2023
28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver